İSMAYIL QARAYEV (Ədəbi portret) - VAQİF Yusifli yazır

VAQİF YUSİFLİ
221 | 2025-03-04 16:24

(II yazı)

İsmayıl Qarayevin ədəbiyyata gəlişi 60-cı illərin əvvəllərindən başlanır və onun ilk addımı uğurlu olur. «Azərbaycan» jurnalının 1963-cü il 6-cı sayında dərc edilmiş «Anamın qatili» hekayəsi (sonralar bu hekayənin adı «Unutduqlarım», sonda isə «O və mənim anam» adı ilə – bu dəfə povest kimi təqdim olundu). Əlbəttə, əsərin sonuncu variantı ona hekayə kimi yox, povest kimi yanaşmağa imkan verir. Əmin Əfəndiyevin və Zakirə Əliyevanın «Qələmə sarılmış ömür» kitabında bu əsər haqqında geniş söz açılıb, həm də yazıçının bu povestinə ayrı-ayrı müəlliflərin təqdiredici fikirlərindən də misallar gətirilir. Biz də qısaca fikrimizi bildirək. 

Azərbaycan ədəbiyyatında müharibənin insan həyatında necə faciələr törətdiyi, arxa cəbhədə yaşayan anaların, bacıların, yaşlı insanların keçirdiyi mənəvi əzablar haqqında əsərlərimiz az deyil. Elə bircə Xalq yazıçısı İsa Hüseynovun povestlərini xatırlamaq kifayətdir. Müharibə təkcə fiziki-maddi mənada ölümlər, itkilər kimi yox, həm də mənəvi sarsıntılar, ailə, məişət fonunda tənəzzüllər, ayrılmalar kimi də faciələr törətdi. 

...Kənddən müharibəyə gedən Cavad dava bitəndən sonra geri qayıdır, ailəsinə, uşaqlarına, həyat yoldaşına qovuşur. Amma heç bir gün keçməmiş Cavadla onun həyat yoldaşı Məryəm arasında əsl ixtilaf başlanır, Cavad anasının sözünə görə arvadının ona xəyanət etdiyini, briqadir Seyfəliyə uyduğunu xəbər verir. Cavad arvadını təhqir, söyüş və fiziki təzyiqlə evdən qovur. Beləliklə, povestdə dramatiklik artır, sonu isə faciəylə bitir.
 Müəllif, əsasən dörd obrazı bizə təqdim edir – müharibədən qayıdıb gələn və elə ilk günlərdə öz arvadının «günahkar» olduğunu yəqin edən Cavadı, onun həyat yoldaşı Məryəmi, Cavadın anasını – nənəni, əxlaqsız, mənəviyyatsız Seyfəlini. Qırxıncı illərin dörd kənd adamı. Konflikt üç adamın Məryəmə qarşı haqsız iradları və təzyiqi ilə şiddətlənir. Əslində, bu povest saflığın, təmiz mənəviyyatın anlaşılmazlıqla, rəzilliklə, böhtanla, şərlə mübarizəsini əks etdirir. Məryəmin haqsız olduğu, yalnız qaynanasınn və Seyfəlinin həyasızlığının, əxlaqsızlığının qurbanı olduğu və Cavadın da bunlara qoşulub onu ittiham edib evdən qovmasının qurbanına çevrilməsi povestdə həm kənd ağsaqqallarının və uşaqların gözündən yayınmır. Amma burası kənddir və hamının fikri eyni ola bilməz. Məryəm kifayət qələr saf bir qadındır və o, Seyəlini cəzalandırır da. Qaynana isə sona qədər yalnış fikirlərindən əl çəkmir. Cavad isə sonda arvadına qarşı etdiyi haqsızlığın əzabını çəkir. Peşmandır. Amma Məryəm artıq həyatda yoxdur.

Beləliklə, biz bir ailə faciəsi ilə tanış oluruq. Amma bu ailə faciəsində günahsızlığın etiraf olunması – lap ölüm bahasına başa gəlsə də, saflığın rəzillik, şər-şeytan üzərində qələbəsi deməkdir.

Əksər yazıçılar – söhbət nasirlərdən gedirsə – nəsr yaradıcılığına kiçik janrla, hekayə ilə başlayırlar. Sonra bu janrda müəyyən uğurlar qazanandan sonra povestə müraciət edirlər, daha sonra roman yazmağa girişirlər. İsmayıl Qarayevin nəsr yaradıcılığında da biz bunu müşahidə edə bilərik. 
 Əslində, hekayə yazmaq hər bir yazıçının bədii istedadının ilkin meyarlarını aşkara çıxarır. Dünya ədəbiyyatında, eləcə də Azərbaycan ədəbiyyatında elə hekayələr var ki, onları öz bədii-sənətkarlıq xüsusiyyətlərinə, o hekayələrdəki həyat həqiqətlərinin, təsvir olunan obrazların XARAKTER səviyyəsinə yüksəlməsinə görə yalnız təqdir etmək olar ki, bu hekayələr ən parlaq romanlardan heç də arxa sırada deyillər. Elə Azərbaycan ədəbiyyatını götürək. Cəlil Məmmədquluzadənin «Poçt qutusu», «Usta Zeynal», «Qurbanəli bəy», Əbdürrəhim bəy Haqverdiyevin «Şeyx Şaban», Yusif Vəzir Çəmənzəminlinin «Cənnətin qəbzi», İsmayıl Şıxlının «Qızıl ilan», Yusif Səmədoğlunun «Bayatı Şiraz», Elçinin «Baladadaşın ilk məhəbbəti», Anarın «Dantenin yubileyi», Əkrəm Əylislinin «Ürək yaman şeydir», İsi Məlikzadənin «Qatarda», Vaqif Nəsibin «Omaroğlunun qayıtması», Seyran Səxavətin «Cəhənnəmdə» belə gözəl hekayə nümunələridir. İsmayıl Qarayevin hekayə janrına müraciəti də ilk yüaradıcılığından ömrünün sonuna qədər davam etmişdir. «O və mənim anam», «Tez böyü oğlum», «Ata həsrəti», «Eşidirsənmi?», «Son dəfə», «Yanlışlıq» kitablarında təxminən 140-a yaxın hekayəsi ilə rastlaşırıq. Təbii ki, bu hekayələrin heç də hamısını birmənalı şəkildə «çox yaxşıdır» təyini ilə qiymətləndirmək olmaz. Bu nümunələr arasında bədii sanbalı ilə seçilənlər də var, nisbətən bu səviyyəyə çatmayanlar da. Amma bütün hekayələrində İsmayıl Qarayev öz yazıçı stixiyasına sadiq qalır, istər həcmcə kiçik olsun, istərsə təfərrüatlı şəkildə diqqəti cəlb etsin, istərsə həyatın, gerçəkliyin adi məsələlərindən söz açsın, istərsə də problemli mövzulara üz tutsun-hamısında həyata, gerçəkliyə istinad edir. 

Yazıçının bir neçə hekayəsini nəzərdən keçirək. Təbii ki, mövzular müxtəlifdir, amma bu müxtəlifliyi bir çevrəyə gətirən bir əsas məsələ – insan və onun mənəvi aləmidir. Yəni müəllif öz hekayələrində nədən söz açırsa-açsın, mənəviyyatı – insana xas olan və onu bir insan kimi hamının gözündə ucaldan keyfiyyətləri ön plana çıxarır. Müəllifin «Divar» adlı bir hekayəsindən başlayaq. Bu hekayədə bir ailədə baş verən adi bir hadisədən söz açılır. Qaynana ilə gəlin arasında başlanan mübahisə, bir-birini ittiham etmək cəhdləri ona gətirib çıxarır ki, oğlu İslam yaşadıqları evin otaqları arasında taxtadan divar hördürür. İslamın arvadı Gülarə buna sevinsə də, bu taxta divar onunla qaynanası arasında münaqişəyə son qoymur. Ata və ana İslamdan inciyirlər, amma Gülarənin təkidi ilə usta Əlini çağırırlar ki, divardan olan taxtalar sökülsün, yerinə daşdan divar ucaldılsın. Yəni məqsəd odur ki, bu üzdə bir pıçıltğı eləyəndə o tərəfdə eşidilməsin. Amma usta Əli görün, nə deyir: «Elə bilirdim məni başqa işdən ötrü çağırmısan. Birinci, mən oğulla ana arasında divar çəkən deyiləm. İkincisi də ki, istəyirsən divarı lap sementdən hördür, xeyri yoxdur. Gəlinlə qaynananın arasındakı divar gərək ismətdən, abırdan, həyadan ola. O divarın daşı ağıldan, kamaldan, palçığı isə mehribançılıqdan olmalıdır. Dünyada bundan möhkəm divar tapılmaz».
 İsmayıl Qarayev insanlar arasında yaranan onları bir-birindən ayrı salan bu mənəvi (həm də maddi) divarları oxucuya nişan verir, onların yaranması və get-gedə nifaqa, ayrılığa yol açması, faciəyə çevrilməsi süjetini neçə hekayəsində əks etdirib. Məsələn, «Nankor övlad» hekayəsində vaxtilə bir rayonda hakim işləyən Muxtarova Zeynəb Alı qızından bir şikayət məktubu gəlir. Əslində, bu məktubu o yazmayıb, oğlu Rahib yazıb. O Rahib ki, institutu bitirəndən sonra bir şəhərli qızı Təyyarə ilə evlənmiş, lakin onun təkidi ilə anasına – o xəstə süpürgəçi qadına heç pul da göndərməyib, yardım etməyib, heç onu gedib yad etməyib. (Əli Kərimin «Qaytar ana borcunu» şeiri yada düşür). Nəhayət, vicdanı dilə gəlib, anasının adından məhkəməyə şikayət yazıb ki, oğlunun maaşından tutulsun. Amma «ana qeydinə rəsmi surətdə qalan oğul qış yuxusundan gec oyanmışdı». Hakim Muxtarov, Rahibi yanına çağırır və onun anasını yaxşı tanıdığını, amma indi onun qara torpağa qismət olduğunu söyləyir. Və hekayənin sonunda bütün nankor oğullara deyilməli ittiham səslənir: «Ananı ikinci dəfə tapmaq olmaz! Əgər onu bir də tapmaq mümkün olsaydı, heç kimi yetim çağırmazdılar. Zeynəb xala mənim qucağımda candan oldu. Ölü diridən heç nə istəmir. Get, bilirəm təəssüflənəcəksən, amma unutma ki, ana məhəbbətini həyat eşqinə, qadın sevgisinə təslim etmək naqislik, nankorluq, nanəciblikdir».

Bu hekayədə qara divar rolunu həm şəhərli qızı Təyyarə, həm də Rahib oynayır. İkincisi daha çox günahkardır – iradəsizliyi onu nankorluğa aparıb çıxarır. Ümumiyyətlə, İsmayıl Qarayevin bir çox hekayələrində ailə-məişət problemləri öz əksini tapır və həmin hekayələrin sonluğu moralist çıxışlarla başa çatır. Bu heç də hekayələrin bədii sanbalına xələl gətirmir.

 İsmayıl Qarayevin hekayələri öncə qeyd etdiyimiz kimi, müxtəlif mövzularda qələmə alınıb, ancaq hər bir hekayədə mövzusundan asılı olmayaraq təqdimat olunan obrazlar həyati müşahidələrdən yaranır, yəni yazıçı bu obrazları uydurmur. «Oğul mənimdir, amma…» hekayəsində Kamal, «İstək» hekayəsində Xəlil… bu obrazlar yazıçının sanki hər gün gördüyü, ünsiyyətdə olduğu insanlardır ki, həyatdan ədəbiyyata gəliblər. «Ana», «Ana məhəbbəti», «Ana xəyalı» hekayələri isə yaşanılan hisslərin-duyğuların bədii şəkildə ifadəsi deyilmi? Burada bir cəhəti qeyd etməyi vacib sayırıq. Lirika, lirik xətt onun hekayələrinin emosional çalarlarını, oxucuya təsir etmək imkanını aşkara çıxarır. Məsələn, «Ata həsrəti» hekayəsində balaca bir qız uşağının həsrəti, atası ilə bağlı intizarı o qədər təbii verilib ki, oxucu kədərlə bu intizarın necə bitəcəyini gözləyir. Qız kimisə öz atasına oxşadır və yanılır.

 Lirik xəttin aparıcı rol oynadığını «Görəcək, gələcəkmi?» və «Dilsiz məhəbbət» hekayələrində izləyirik. Bunları birmənalı şəkildə sevgi hekayələri adlandırmaq olar. İsmayıl Qarayevin istər hekayələrində, istər povestlərində, istərsə də romanlarında sevənlər-sevilənlərin, insanın ən ali hissi olan sevginin tərənnümü ilə tez-tez qarşılaşırıq. Adını çəkdiyimiz bu iki hekayədə isə təsvir edilən hadisələr bütünlüklə sevgi xətti üzərində qurulmuşdur. «Nədənsə, uşaqlıqdan vurğunu olduğu bu gözəllik indi İsrafili o qədər də məftun etmirdi. O ancaq dünənki qızı görmək haqqında düşünürdü». «Görəsən, gələcəkmi?» hekayəsində iki gəncin – çoban İsrafilin və şəhərli qız Rəmziyyənin bir-birinə səmimi münasibəti, sonra bu münasibətin get-gedə anlaşılan, duyulan hisslərə çevrilməsi diqqəti cəlb edir. İsrafilin ürəyində doğrudan da bir məhəbbət alovu şölələnir: «O istədi ki, qızı çağırsın. Axı, çağırıb nə desin? «Mənə gələrsənmi?». Yox, o bunu deyə bilməzdi. O, canını Rəmziyyə üçün fəda edə bilər, o, qayaları çiynitnə alıb bir mənzillik yola daşıyar, yuxusuz gecələr keçirər – hər şeyə, hər şeyə dözərdi. Bircə bu sözü dilinə gətirə bilməzdi». Əsl, romanik sevgidir. Bəs şəhərli qız necə, o, nə düşünür? Hiss olunur ki, onun İsrafilə münasibəti bir qədər gizlidir, hələ tam açılmayıb. Amma ümid var, qız şəhərə qayıdanda İsrafilə bir dəsmal bağışlayır: «Qismət olsa, gələn ay görüşərik, İsrafil!» deyir. «Rəmziyyə getdi. O, İsrafilin ruhunu, nəşəsini də, öz qəlbində ona qarşı gözəl, səmimi hissləri də aparıb getdi. İsrafil maşınların dalınca, dağların sinəsində qıvrılan yollara baxdı. Görəsən, Rəmziyyə bir də yaylağa gələcəkmi?».
 «Dilsiz məhəbbət» hekayəsi də (əslində, bu yazıya miniatür povest də söyləmək olar) lirik xəttin aparıcı rol oynadığı bir əsərdir və burada lirika, insan qəlbindəki hisslərin təlatümləri bir şeir dastanını xatırladır. Ali məktəbi bitirən Fəxriyyə təyinatla bir kənd məktəbində müəllim kimi fəaliyytə başlayır. Kənd onun xoşuna gəlir, sanki ən yaxın adamları burada yaşayırmış. Kirayə qaldıği evin sahibəsi Nurcahan anadır. Şəhərli qız bu kənddə inək, qoyun, keçi sağmağı öyrənir. Bir sözlə, özünü xoşbəxt sayır. Amma… günlərin birində hiss edir ki, onun X sinifdə dərs dediyi Fateh özünü çox qəribə aparır. Hamısından boylu-buxunlu, qəşəng olan bu oğlan dərs əlaçısıdır. Amma Fəxriyyənin dərslərinə hazır gəlsə də, ayağa qaldıranda danışa bilmir. Günlər keçir və bu hal-vəziyyət davam etdikcə kənddə müəyyən söz-söhbət yaranır, hətta uydurma şaiələr yayılır ki, guya müəllimə ilə onun şagirdi arasında gizli görüşlər baş verir. Müəllimə kənddən çıxıb getmək istəyir, amma özünü ələ alır. Günlərin birində isə Fatehin onu izlədiyinin şahidi olur. Fateh doğrudan da öz müəlliməsini sevir və hətta xəstələnir də. Fəxriyyə müəllimə isə təmkinini itirmir, o, yay tətili zamanı şəhərə getmir, bəlkə də ona aşiq olan bu oğlanın faciəsinə səbəb olmaq istəmir. Hekayənin sonu isə belə bitir: «O, bir göz qırpımında atın belinə qalxdı. Ürəyinimdə dilsiz məhəbbətinə beş qiymət verdiyim Fatehə kənd adəti üzrə öz ipək dəsmalımı bağışladım. Sanki bu qəlbimin yalnız Fatehə məxsus çırpıntıları yazılmış bir dastan idi». Əlbəttə, bu dastan dilsiz bir məhəbbətin duvaqqapması ilə bitə bilər. Sevginin, saf məhəbbətin qalib gəldiyi bir hekayənin də adını çəkək: «Dəhşətin sonu». Bu hekayədə iki gəncin dənizdə məhv olacağı gözlənilir, amma sevgi onları xilas edir.

Biz İsmayıl Qarayevin öz hekayələrində lirik xəttə meyl etdiyini nəzərə çarpdırdıq. Ancaq onun əksər hekayələri epik təhkiyəsi ilə diqqəti cəlb edir – yəni bu hekayələrdə («Bir ömrün səhifələri», «Nankor övlad», «Gülşanə», «Bir qış günü», «Bir gecənin qaranlığında» və s.) əsas yeri hadisələrin təsviridir, bir hadisə digərini əvəz edir, obrazların qarşılıqlı əlaqələri (rəğbət hissi və əksinə, münaqişələri) tənzimlənir. 
 İsmayıl Qarayevin hekayələrində bizi ən çox sevindirən onun bədii dilidir. Bu, özünü həm müəllifin nitqində, həm də obrazların dialoq və monoloqlarında göstərir. O, dilimizin bədii arsenalına yaxşı bələddir, sözləri, ifadələri mətn daxilində necə, hansı məqamda işlətməyi, sıralamağı bacarır.

 İsmayıl Qarayev öz hekayələrində təbiəti, onun gözəlliklərini duymağı bacaran bir yazıçı kimi də xoş təsir bağışlayır. O, ağacların, quşların, çölün-çəmənin, dənizin sözlə mənzərəsini, rəsmini yarada bilir. Budur, «Dilsiz məhəbbət» hekayəsinin qəhrəmanı Kürün sahilindədir: Yaşıllığın içində qıvrılan bu cığır o qədər ağ idi ki, elə bil təbiətə gözəllik vermək üçün onu əhənglə qəsdən ağartmışdılar. Mən bu cığırla suya gedir, sudan gəlir, boş vaxtlarımı Kürün sahilindəki yekə mamırlı daşın üstündə oturub saçlarını su yuyan söyüdlərə, hər yarpağı əl eləyib Kürü yola salan əzəmətli çinarlara, sahil boyu ağacdan-ağaca toz atıb acıqlanmış ilan kimi başını dik tutaraq irəli şütüyən tənəklərin havalanmış ucuna həsəd hissilə baxır, təbiəti seyr etməkdən doymurdum». Belə misalların sayını yenə artırmaq olar.

Bu yazıda biz İsmayıl Qarayevin müxtəlif illərdə qələmə alınmış hekayələrdən söz açdıq. Bu hekayələr yazıçının povest və romanları üçün örnək hesab oluna bilər. 

TƏQVİM / ARXİV