KAMALƏ ABİYEVA :GÜLÜŞ

KAMALƏ ABİYEVA
5392 | 2021-11-26 14:44

Toğrul illərdi günahkar kimi gəzirdi.

Toğrul illərdi içindəki övkəni, nifrini, ağrını, sevgini gizləyib gəzirdi.

Toğrul illərdi Aysunun gülüşünü görmək istəyirdi.

Aysu illərdi gülmürdü.

Ağlındakı, ürəyindəki, bədənindəki ağrılarla birgə böyüyən Aysu artıq 19 yaşlı qız idi. Həm də gözəldi Aysu. Dümdüz qaməti, hərdən hördüyü, hərdən topladığı qara saçları, ayaqları, əlləri, hətta barmaqları da gözəldi.

Bircə gülüşünün necə olduğunu bilmirdi kimsə.

Toğrul balaca Aysunun gülüşünü də unutmuşdu artıq.

Çünki illərdi Aysu gülmürdü.

Həmişə gözlərini qaçırar, Toğrulun üzünə, gözünə baxmazdı. Çox vaxt susardı Aysu. Hərdən Toğrul bu susqunluğa dözməz, Aysunu ehmalca sinəsinə sıxar, içinə sığmayan duyğularını pıçıldayardı. Qız yenə susar sadəcə bir az ona qısılardı.Toğrul əllərinə, sinəsinə düşən damlaların istisindən qovrulardı. Qıza qoşulub hönkürmək istərdi. Toğrula elə gəlirdi ki, Aysu doğma kəndidi - Qarabağın özüdü: belə yaxın və uzaq, belə əziz və yaralı...Gözəl və viranə...

Toğrul Aysunu nə vaxtdan sevdiyini də dəqiq bilmirdi. Bəlkə də Aysu dünyaya gələndən sevirdi...

***

 Kənd camaatı bir başqadı. Bir ailənin, bir nəfərin kədəri də, sevinci də hamınındı. Cahangirlə Naibənin ilki doğulanda qonum-qonşu onlarla birlikdə sevinirdi. Toğrul tez-tez anasıyla balaca qızı görməyə gedirdi. Hərdən anasının balacanı əzizləməsinə qısqanclıqla yanaşsa da, özü  gözünü beşikdəki körpəyə zilləyər,  böyüklərin söhbətə başı qarışdığını görəndə beşiyə yaxınlaşardı. Bir gün qızcığazın xalasının təbəssümlə dediyi  sözləri illər sonra tez-tez xatırlayacağından, həyatını bu sözlərə bağlayacağından xəbərsizdi.

Yenə oğrun-oğrun beşiyə yaxınlaşdı. Balaca Aysu  əllərini oynadırdı. Qızın əlindən tutmaq istədi. Aysu Toğrulun barmağından yapışdı. Oğlan gülümsədi. Birdən xalanın baxışlarını gördü. "Əlimi buraxmır” dedi qəribə utancaqlıqla. Xala yaxına gəlib Toğrulun saçlarını oxşadı: Heç buraxmasın, sən də onun əlindən bərk yapış, heç vaxt buraxma.-dedi.

Sonralar heç vaxt tapmayacaq xalanın ən gözəl təbəssüm vardı üzündə.

Naibə xalanın bacısına "Ay qız, uşaqla işin olmasın” deyə yüngülcə acıqlanması Toğrulun yadında idi.

Toğrula bu sözlər şipşirin gəlmişdi. Bu sözlərdən anasının əllərindəki istiliyi hiss eləmişdi. Sonralar qız böyüdükcə Toğrul onun əlindən tutub gəzdirərdi. Aysu Toğrulgilin bağlarını çox sevərdi. Qonşu idilər. həyətlərinin arasındakı çəpər əvəzi olan gül kollarının arasından yavaşca onların həyətinə keçərdi tez-tez.

Sonra Aysu da Toğrul kimi məktəbə getdi. Arada məktəbdən birlikdə gəlirdilər. Xalanın sözlərini xatırlamasa da, qızın əlindən bərk-bərk yapışardı...

Sonra Toğrul tələbə oldu.

Həyat onun üçün başqa rəng aldı. Ömrünün ən maraqlı illərini yaşayırdı. Asta yerişli, təmkinli Toğrul davranışı, savadı ilə sevildi, seçildi. Adama elə gəlirdi ki, Toğrul  heç vaxt, heç nəyə tələsmir. Sakit havada dənizə bənzəyirdi. Sadəcə səthi yüngülcə titrəyən, amma sonsuzluq duyğusu yaradan dənizə... Şəhərə alışmağa çalışırdı.

Sonra...

Sonra 1988-ci ildə Azərbaycanın qədim şəhəri, hal-hazırda Ermənistanın paytaxtı olan İrəvanda "Ermənistanı türklərdən təmizləyək” hərəkatı başladı. Bir qədər sonra SSRİ Dövlət Təhlükəsizlik komitəsi,  erməni kəşfiyyat orqanları və Daşnak partiyasının ekstremist qrupları Sumqayıtda iğtişaşlar törətdi. SSRİ-nin, rus imperiyasının dəstəyi ilə minlərlə azəri türkü doğma elindən-obasından, evindən-eşiyindən didərgin düşdü. Bir vaxt Rusiyanın dəstəyi ilə ermənistana qatılan torpaqlarımız ermənilərə qaldı. Amma SSRİ buna göz yumdu, iğtişaşları bəhanə edərək Azərbaycana qoşun yeritdi. 1990-cı il yanvarın 20-də əliyalın insanlarımızın üzərinə sovet tankları hücum etdi. Böyük qardaş daha bir qanlı səhifə yazdı tariximizə.

Bakıda vəziyyət gərgin, Qarabağdan gələn xəbərlər ürəkaçan deyildi. "Ermənistanı türklərdən təmizləyək” əməliyyatını Rusiyanın köməyi ilə uğurla başa vuran ermənilər ərazi iddiası ilə Dağlıq Qarabağda iğtişaşlar törətməyə başladı.

 Yerli əhali çaşbaş oldu. Zaman-zaman namərdliklərini unudaraq ermənilərə yenidən qucaq açmaları, "dost” demələri xəyanətlə üz-üzə qaldı. Hər "dost”un içindən bir vəhşi çıxdı...

Vəziyyət get-gedə ağırlaşırdı. Bir müddət əvvəl əhalidən ov tüfəngləri də yığılmışdı. Toğrul kəndə qayıtdı, könüllü dəstələrə qoşuldu. Döyüşür, yerli uşaqlarla birgə erməni və rus silahlılarının doğma kənd-kəsəyindən didərgin etdiyi yerli əhaliyə kömək edirdi. Kəndlər, rayonlar işğal olurdu. Əhali  vəhşiliklə üz-üzə idi: evlər dağıdılır, hər yerə od vurulur, insanlar güllələnir, doğranır... Uşaqlara, hamilə qadınlara, yaşlılara belə aman vermirdilər: ermənilərin amansızlığı ağlasığmaz idi. hər birinin içində bəslədiyi namərd meydana atılmışdı. Xeyirxah unutqanlıqları amansıza dönüb onlara hücum çəkirdi. 

 Əli silah tutanlar döyüşür, yolları, cığırları, meşələri, daş-kəsəyi  gəzir, azıb qalanları, yaralıları, meyitləri daşıyırdılar. Toğrul ağırlıqdan, ağrılardan güclə toparlanırdı. Hamı eyni hissləri yaşayırdı. Ölkənin müxtəlif yerlərindən gələn, bu yerləri ilk dəfə görən könüllülər üçün belə yad adam yox idi. Hamı doğmaydı.

 Neçə gün idi kəndə gedə bilmirdi. Atası, kiçik qardaşı, bütün qonum-qonşu, dost-tanış, məktəb direktoru, şagirdlər belə döyüşür, kəndi qoruyurdu. Silah çatışmırdı.

 Kəndlərinin düşmən əlinə keçdiyini öyrəndi. Ölən ölmüş, döyüşən döyüşürdü. Qalanlar yollarda, dağda, dərədə idi. Toğrulu yaşamaqla bağlayan bütün tellər qırılmışdı...

Döyüş yoldaşı Rasim və Səmədlə kəndlərinə yaxınlaşdı. Hər tərəf yanırdı, hər tərəf dağıdılmışdı. Heç kim gözə dəymirdi...

  Toğrulgil dağın ətəyindən ağacların arasından kəndə baxır, gah da gözləri kənd yolundan meşəyə aparan cığırları axtarırdı. Birdən qəribə sükut çökdü. Toğrul çayın səsini eşitdi. Ona elə gəldi ki, kimsə inildəyir. Əslində Aysu inildəmirdi, kimsəni çağırmırdı. 12 yaşlı qızcığazın səsi batmışdı.

Salamat yeri olmayan, yarıçılpaq Aysunu görəndə elə bildi ki, qız ölüb. Bir anda bədəni xəlbirə döndü və hər tərəfə qan səpildi. Qandan başqa heç nə görmürdü, qulaqları tutuldu.

Səmədin onu şillələyərək "Toğrul, Toğrul, tez ol, özünə gəl” dediyini eşidənəcən nə qədər zaman keçdiyini bilmədi.

 Toğrul saatların günlərə, günlərin aylara necə döndüyünü hiss eləmədi Zaman mahiyyətini itirmişdi. Aysuyla birlikdə sağalmağa çalışdı.

İllərsə keçdi.

Düz 7 il.

Aysunun bədənindəki yaralar sağaldı. Amma üzü gülmədi. Heç nəyə sevinmədi Aysu. Kiçik qardaşını götürüb "Naibə, mən uşaqları kənddən çıxarıram, tez ol sən də Aysunu götür, çıx evdən” deyərkən üzündəki əzabla yadında qalan dayısı Eldarı, kiçik qardaşını görəndə də  ağladı sakitcə. Dayısından 5-10 dəqiqə sonra gələn, "çıxın, çıxın” deyə anasını tələsdirən atasınımı xatırladı? Amma gecikdilər...

Tibb kollecinə qəbul olanda da sevinmədi.

Toğrul ona sevgisini açanda, evlənmək təklif edəndə də susdu. Baxışları uzaqlara getdi. Kədərləndi. İki damla yaş düşdü yanağına. Nə gördü Aysu? Kəndlərinimi? Özünü qızının üstünə atan anasının saçlarından ora – bura çırpıldığınımı? Üstünə yıxılan bədənlərimi?

Atasının baxışlarını da unutmadı. Qızının çığırtısından, iniltisindən qulaqları dağıldı atanın. Qulaqlarından axan qan sinəsini yandırdımı, dondurmu, Aysu bilmədi. Qulaqları kimi ürəyi də dağıldı Cahangirin. Kədər, əzab, nifrət dolu çarəsiz baxışları qaldı Aysunun gözlərində.
Bir də hər dəfə üstünə cumanların ayaqlarından yapışan anasının təpiklərdən dağılan üzü...
 Onlar heç vaxt o günlərdən danışmırdılar.

Aysu ümumiyyətlə "yaxşı”, "hə”, "yox”, "olar” və s. qısa kəlmələr işlədirdi.  Toğrulun evlənmək təklifinə də susdu. Toğrul Aysunun onu semədiyini düşündü. "Bəlkə heç burda yaşamaq istəmir”- fikri də keçdi ağlından. Aysunun dayısı Eldarla danışmağa qərar verdi.

Müharibədən sonra Bakının yaxın kəndlərinin birində götürdüyü torpaq sahəsində özünə yığcam səliqəli bir ev tikmişdi Toğrul. Qızın dayısı Eldarla qonşu idi. İllər öncə Eldar Aysunu aparmaq istəyəndə də Aysu qaçıb Toğrulun əlindən bərk-bərk tutmuşdu. İndi də dayı "Aysu, daha evimizə gedək, səni aparmağa gəlmişəm, bizimlə yaşamağın yaxşıdı” deyəndə Aysu Toğrulun əlindən yapışdı. Yenə iki damla yaş düşdü gözlərindən. "Getmirəm” dedi. Toğrul onun əllərinin əsdiyini hiss etdi. Dayı razılıqla mehribanca Toğrula baxdı:”Xoşbəxt olun”dedi.

Oğlu olanda da ağlamışdı Aysu. Toğrulun "İstəyirsən atanın adını verək” sözünə "Yox, Turan olsun” demişdi. Qızı olanda günlərlə bədəni əsdi Aysunun.

Toğrul o günlərin acısından nə vaxtsa qurtula biləcəklərini sanmırdı. Bədəninin bir parçasıydı artıq. Kəsib atsan da, yoxluğu ağrıdacaqdı. Unutmayacaqdın.

***

2020-ci ilin ilin iyulunda Ermənistanın ləyaqətsizliyi yeni münaqişəyə səbəb oldu. Azərbaycan ordusunun general-mayoru hamının sevimlisi Polad Həşimovun ölümü şillə kimi silkələdi hamını. Minlərlə gənc könüllü hərbi xidmətə yazıldı. Birinci kursu bitirən Turan da təhsilini dondurub könüllü həqiqi hərbi xidmətə yollandı. Toğrul onu fikrindən daşındırmağa çalışsa da Aysu susdu.

Sentyabrın 27-də savaş başlayanda Aysunun üzündəki ifadə dəyişdi. Bir qürurluq yarandı duruşunda. Oğlu döyüşdən zəng edəndə səsində kədər hiss olunmadı. Hər danışığında sakitcə inamla ”Qalib olacaqsız” deyirdi sadəcə. "Qorxma, onlardan qorxma. O alçaqlardan qorxma” deyirdi.

Kəndlər, rayonlar, şəhərlər azad olduqca Aysunun üzündə təbəssüm görünürdü.

  Qələbə xəbəri bütün ölkəni sevincə bürüdü. Ağlayan, gülən bir-birinə qarışdı.

Turan arada yüngül yaralansa da, evlərinə qayıdırdı. Bütün kənd camaatı küçə boyu düzülmüşdü. Hamı əsgərini qarşılayırdı. Toğrul da yaxınların əhatəsində küçədə idi.

Bircə Aysu həyətdə qalmışdı.

Aysu eyvanda dayanmışdı heykəl kimi. Hay-küy qopdu Aysu tərpənmədi.

Həyət darvazası taybatay açıq idi. Turan darvazada göründü. Vüqarla dayandı çinar kimi qamətli oğul. Anasına baxdı. Baxışlar görüşdü...Ağladı...30 ilin acısını yudu... Dəqiqələr ötdü. Aysu yavaş-yavaş oğluna tərəf gəldi, qarşısında dizi üstə düşdü...

Turan anasını ehmalca ayağa qaldırdı. Qollarının arasına aldı. Üz-gözündən öpüb, saçlarına sığal çəkdi.
Toğrul heyrət içindəydi. Toğrulun heyrəti sevinirdi.  Aysu yaş dolu gözlərini Toğrulun gözünə zilləmişdi. Aysu gülürdü. Yox, bu gülüş də deyildi, bu dəlicə bir qəhqəhə idi. Aysu dayanmaq bilmirdi. Bu qəhqəyə hıçqırtı qarışırdı. Ona qoşulub ağlayır, gülürdü Turan.

Bu göz yaşı ananın hər əzasında yığılıb qalan ağrı-acıydı damla-damla süzülüb gedirdi. Bu gülüş azad olunmuş hər qarışdan qayıdan haray idi.

Turan illərdi anasının saçlarında, əllərində, gözlərində yığılıb qalan ağrıları söküb atmışdı. Turan əzaba qalib gəlmişdi.

Bir an hamı susdu. Aysunun qəhqəsi eşidildi hər tərəfdən. Bu qəhqəhə Qarabağda eşidildi, Aysugilin kəndinə gedib çatdı. Toğrula elə gəldi ki, kənd camaatını görür: hamı burdaydı - ölüb, itən, sağ qalan - hamı. Hamı gülürdü-qəhqəhə çəkirdi. Bu qəhqəhə ürəklərdə dağa dönən acıları ayaqları altına alıb əzirdi...

Elə bil göylə yer birləşirdi. Torpaq silkələnirdi. Göy güruldayır, ildırım çaxırdı. Günəş doğdu birdən. Hamı günəşə qoşulub qəhqəhə çəkdi.
Turan qalib id

TƏQVİM / ARXİV