adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Köhnəlik nişanəsi və yaxud SİRLİ OTAQ - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1549 | 2023-04-06 11:00

Mənə  görə   sözü eşitmək, onu qavramaq  artıq elə onun mahiyətinə varmaqdı. Yəni qəzetin hansı gün çap olunmasından  söhbət getmir, onun oxunmasından söhbət gedir. Yəni beş il, on il bundan öncə  çap olunmuş qəzeti mən bu gün oxuyuramsa, deməli, o mənim üçün təzədi. Bax, bu  mənada hər gün səslənən söz nə qədər ətrafımda gəzib dolansa da, o, əgər  mənə ünvanlanmayıbsa mən onun ardınca getmirəm. Amma söz qapımı döyəndə ona ürəyimin qapısın açıram ...

Bax, bu mənada mənim bu yazımın da işıq üzü görməsində bir sözün qığılcım  kimi alışması kifayət etdi. Yəni iş otağıma daxil olan bir Allah bəndəsi  vurğuladı ki, bu otaq mənə keçmişi xatırladır - həm aurası ilə, həm içərisindəki  mənzərə ilə, həm də burada tez-tez səslənən retro musiqilərlə...

Doğrusu, mən  özüm də bu barədə düşünmüşdüm və hətta ən yaxın dostlarım, mənə ərki keçən  doğmalarım məni köhnəliyin qalığı kimi bir az qınasalar da, nədənsə mən köhnədən  qaldığıma heç vaxt təəssüflənməmişəm, üzülməmişəm. Hətta zaman-zaman düşünüb belə bir məntiqi nəticəyə gəlmişəm ki, baş verənlərin heç  biri təsadüf deyil. Onların hamısının mayasında bir zərurət var. O zərurət ilk  anda təsadüf formasında ortaya çıxır. Elə ki, sular axıb durulur, elə ki, hər  şey öz yerini tutur, bax, ondan sonra sakit bir tərzdə olanı, olmuşu vərəqləyəndə,saf-çürük edəndə və yaxud da düşünəndə adamın qarşısına təsadüfün mayasındakı zərurət  çıxır. Elə səhər-səhər eşitdiyim iş otağımla bağlı fikrin də arxasında sən deməbir zərurət dayanırmış. O zərurət bu yazının doğulması imiş. mən də həmin zərurəti  ürək açıqlığı ilə qəbul edib bu otaqda dünyaya gələn fikirlərin, duyğuların,misraların axarına düşürəm...

 

Özü özündən bezib,

Küsmüş adam, kimiyəm...

Əlin ümiddən üzüb -

Kəsmiş, adam kimiyəm...

 

Yıxılıb əsən yelə,

Özün axıdıb selə...

Hətta ruhunu belə -

Əzmiş , adam kimiyəm!..

 

Sevgi adlı sənəti -

Məram etdim, mən qəti!

Sevinirəm, Cənnəti -

Gəzmiş, Adəm kimiyəm!

***

Arxada bir zaman kəsiyi qaldı. Elə bir zaman kəsiyi ki, mən o zamanın içərisində təkcə özümünyox, həm də doğmalarımın, ailəmin ömrünə yazılan məqamların sevincini  yaşamışam. Bu gün də həmin o sevinc mənim və doğmalarımın həyatını bəzəyir. Deməli,insan yaşa dolduqca onu iki məqam daha çox özünə çəkir. Biri torpaq, biri də ətrafında böyüyən körpələr, yəni nəvələr. Mən torpaq həsrətinin bütün acısını, bütün  yanğısını artıq 30 ilə yaxın  çəkdim... Yəni 1991-ci il oktyabrayının 30-dan bu acının, bu nisgilin nə demək olduğunu varlığımda hiss edim  və elə o hiss etdiyim ağrının içərisində də özüm də özümüçün ikinci bir ağrıya çevrildim... Ona görə də yazanda ki, "torpaq çəkir  adamı" mənə heç kim etiraz etmir. Ən azından bu şeirə görə oxucular məni  qınamır.  İnsanı çəkən, təbiiki, yaşlı insanı çəkən ikinci məqam nəvələrdi. Mən zaman-zaman qonşuda, qohumda"dövlətdə dəvə, övladda nəvə" deyən yaşlıların fikirlərini çox dinləmişəm.Amma etiraf edim ki, onların nəvə ilə bağlı söylədikləri mənə bütünlüklə    hopmamışdı. Elə ki, mənim də boynuma baba misiyası düşdü, onda anladım ki, sən  demə yaşlı kişilər ağızlarının dadını bilirmiş. Baba sözünün şirinliyini  , təravətini qiymətləndirmək və onun işığında yaşamaq sən demə ayrı bir  dünya imiş.

 Mən bu doğmalığın, yəni bu mühitin içərisində  anladığım həmin o torpağın və nəvənin, yəni uşağın yaşlı insanı özünə çəkməsinin   nə qədər böyük bir mənanın, nə qədər tutumlu bir həyat sirrinin gücü  qarşısında, ağırlığı altında susuram. Və düşünürəm ki, bu həm də onlara qoşulub  əylənəndə məni uşaqlaşdırır, məni uşaqlığıma qaytarır. Necə deyərlər, mən də  uşaq oluram. Bax, İlahi güc, İlahi sevgi, həm də gözə görünmədən öz əhatə dairəsində  insanı yaşadan, hərəkət etdirən qüvvə məncə elə budu. Bu qüvvənin, bu gücün adı  və həm  də  dadı yəqin ki, böyük hərflərdə yazıla bilən bağlılıqdı. Qan, hiss, duyğu  və bütövlükdə sevgi bağlılığı! Ailəyə, dünəninə, bugününə və sabahına olan bubağlılıq bəlkə də elə biz dünyaya gələn andan bizimlə birgə doğulur, bizimlə  birlikdə günləri, illəri, ayları başa vurur. Mən də öncədən dediyim kimi, bax  bu sirli, həm də köhnəliyi özündə ifadə edən iş otağımdan kağıza köçürdüyüm  duyğularımı sizə anladanda bu təzə sözü də, yəni nəvələrlə bağıl fikirləri də  fadə etimş oldum. Bu fikirləri bir tala çiçəyə bənzətsək, onun üzərindəki şeh  damlalarının da yəqin ki, öz yeri olar.

 

Vəd vermişdim -vədimi

Özüm unutdum,özüm...

Su səpdiyimocağın -

Közün unutdum,közün...

 

Bəllidi neylədiyi

Yaramın göynədiyi

Ucadan söylədiyi-

Sözün unutdum,sözün...

 

Bir dəli məhəbbətin

İçmək üçün şərbətin...

Bu yazıq Əbülfətin-

Özün unutdun,özün!

 

***

Hər kəs durduğu yerdə, daha doğrusu, doğulduğu yerdə özünü güclü sayır, özünü güvəncli, arxalı,həm də bir az başqalarından səlahiyyətli hesab edir. Bu mənada götürəndə mənim  doğulduğum kəndlə paytaxt arasında çox böyük bir məsafə var. Mən o məsafəni hərgün xəyalən azı iki-üç dəfə gedib qayıdıram. Gedəndə də nəfəsim kəsilir,qayıdanda da. Gedəndə də gözlərim dolur, kirpiklərim nəmlənir, qayıdanda da  yanaqlarımdakı şırımları silmək, qurutmaq yadımdan çıxır... 

... Və yaxşı bilirəm ki, inamsız yaşamaq  qeyri-mümkündü. Ona görə içimdəki inamın ətəyini əldən buraxmıram.Əksinə, onun daha da möhkəmlənməsi, ayağının yer tutması üçün özümü hər gün təkrar-təkra  kökləyirəm. Necə deyərlər, hazırlıqlı bir duruma gətirirəm.Və   yaxşı ki, hər kəs  özünə, öz içinin havasına köklənir...

Bəli, bu gün köhnəliyi    xatırladan bir otaqda köhnəliyin nişanəsi olan bir Allah bəndəsi düşüncələrini,yaşantılarını və bir az da duyğularını araya-ərsəyə qoydu.  İndi necə  ifadə olundu, necə alındı, bu tamam başqa söhbətdi. Əsas odur ki, dünən bugünün bünövrəsidi. Köhnəlik yeniliyin alt qatıdı. Bunlarsız ayaqda durmaq,mübarizə aparmaq zənnimcə çətindir, hətta bəlkə mümkün də deyil. Çünki özülsüz,köksüz, köməksiz evi də, ağacı da külək daha tez yıxır, daha tez uçurur. Mən  daxilən, həm də inamıma görə, özülü üst qatdan daha gərəkli saymışam. 

TƏQVİM / ARXİV