" Köhnəlməyən xiffət"-in yeni çalarları - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
224 | 2025-05-01 12:21

Şeir – mənə görə hamının yaza biləcəyi söz, fikir, cümlə toplusu deyil. Yəni bir-biri ilə səsləşən, bir-biri ilə yola gedən sözlərin bir araya gəlməsi anlamını daşımır. Mənim inancıma və bildiyimə görə şeir ilahi bir hədiyyədi, paydı, sovqatdı, həm də vergidi!.. Və mənə görə şeir o vaxt yazılır ki, onun yazılma, bir az açıq ifadə etsəm, onun dünyaya gəlmə məqamı tamam olur, yetişir. Bax, onda şeir yazılır. Özü də hökm deyil ki, dəftərə, kağıza, bilgisayara yazılsın. Şeir öncə ürəyə, yaddaşa yazılır. Sonra ordan köçür onu idarə edənin, əslində isə idarə olunanın istədiyi ünvana.

Bax, bu mənada demək olar ki, mən hər gün çoxlu və hətta saysız-hesabsız sözlə, cümlə ilə qarşılaşıram. Yolum kəsişir, sözlərim baş-başa gəlir. Həmin o minlərlə sözün içində hərdən qarşıma ŞEİR də çıxır. Oxuyuram, düşünürəm, içimdə həm təkrarlayıram, həm də yaşayıram o şeiri. Özü də kimin yazmasından, kimə aid olmasından asılı olmayaraq. Çünki mənim daxilimdə ŞEİRƏ paxıllıq yoxdur. Şeirə sevgi var və bir də heyrət var. Məni heyrətləndirən şeirlərin sadəcə olaraq qarşısında baş əyirəm və az-çox sözü tanıyan adam kimi o cür ilahi şeirlər üçün özümdə güc axtarıram, təpər axtarıram. Lap açığını desəm, mən də o şeirlərin müəlliflərindən olmaq istəyirəm. Zənnimcə istək günah sayılmır. Heç paxıllıq da sayılmır və …

Bəli, işimlə, həyatımla bağlı kifayət qədər söz adamı ilə, yazı adamı ilə təmasım var. Onların arasında mənə doğma olanlar üstünlük təşkil edir. Çünki mən söz adamlarını RUH doğmaları hesab edirəm. Özüm-özümü inandırmışam ki, ruh doğmaları bacıdan, qardaşdan kənarda qalmır. Onlar qədər yaxındı mənə. Bax, bu mənada ruh doğmamım sözü ilə qarşılaşanda elə bilirəm ki, elə onun özünü gördüm, özü ilə həmsöhbət oldum!..

Bugünlərdə bir kitab hədiyyə olundu mənə. Hələ mətbəə qoxusu canında olan və ilk təmasının da mənimlə olduğunu düşündüyüm kitabın adı dərhal diqqətimi çəkdi. Çünki o addakı «xiffət» sözü mənim yaddaşıma işıq saldı. Az-az işlətdiyimiz, az-az yadımıza düşən sözdü bu mənim üçün. Xüsusilə 30 il yurdsuz-yuvasız, evsiz-eşiksiz, Vətəndə vətənsiz olduğum illərdə o xiffət məni bir an da olsun tərk etmədi. Və mən həm ocağım üçün, həm evim üçün, həm elim üçün, həm tanıdığım daş, qaya, dağ, dərə, çay, bulaq, meşə, hətta əkdiyim ağac, gül, oxuduğum məktəb, gəzdiyim biçənəklər, ziyarət etdiyim doğmaların məzarları… Bir sözlə, hər şey məni o xiffəti yaşamağa məcbur etdi, xiffət çəkdim. Sonuna gün doğacağını, işıq düşəcəyini düşünə-düşünə. Şükürlər olsun ki, o günəş doğdu, o işıq düşdü və kəndim də, elim də, işğalda olan ərazilərimiz də o işığa büründü. Bunun üçün haqqı olanların hər birinə baş əyməklə, səcdə etməklə dualarımı çatdırıram!..

Bəli, kitabın adı «Köhnəlməyən xiffət»dir. Kitabın müəllifi isə mənim ruh doğmam, dəyərli söz adamı, yaradıcı insan, ərklə Bacı!- dediyim Nəzakətdir. Elə Nəzakət xanım da kitaba yazdığı avtoqrafda beləcə qeyd edib:

- Nəzakətdən Əbülfət Mədətoğluna bacı hədiyyəsi!!

Kitabı əlimə götürəndə əvvəldə vurğuladığım o xiffəti yavaş-yavaş unutmağa başladım. Çünki yaranan ovqat həm kitabın tərtibatı ilə bağlı, həm də ön sözün müəllifi, dəyərli şair dostum Rəfael Tağızadənin fikirləri yaratdı bu auranı mənim ətrafımda. Burda ön söz müəllifinin ustalıqla işlətdiyi «təbəssümün gizlətdikləri» fikri o qədər dəqiq ifadə olunmuşdu ki, mən kitabla tanış olanda Rəfael qardaşımın bu kitaba özəl bir söz adamı istəyi ilə yanaşdığını etiraf etməyə məcburam. Bunu ona görə xüsusi vurğulayıram ki, həqiqətən kitabdakı şeirlər bir təbəssüm ilğımına bürünüb. Onun canındakı, qanındakı ağrını, acını müəllif təbəssümü sanki nazik tülə bükür, istəmir ki, oxucu həmin ağrıları bütünlüklə yaşasın, bütünlüklə özünə hopdursun.

Yəni indiki məqamda Nəzakət xanım həyatındakı ağrıları, sözə çevirdiyi kədəri daha çox öz içində, öz dünyasında yaşayır. Onu sadəcə olaraq oxucuya rəssam kimi göstərir, tanıdır, amma oxucu ilə bölüşmür. Bunu da ona görə edir ki, o, təbəssümünü bölüşür, sevincini bölüşür, ağrısını yox, acısını yox, kədərini yox.

Kitabdakı ilk şeirləri oxuyuram. Bu şeirlərdə yaşadığımız Zəfərin həm mənzərəsi, həm də havası var. Sanki insan o hava ilə, o mənzərə ilə qanadlanır. Çünki «Qarabağa bahar gəlir, ilahi!»:

 

Sevincə bax bulaqların gözündə,

Qəlbi gülür dərənin də, düzün də.

Şəhid qanı çiçəkləyir üzündə,

Qarabağa bahar gəlir, ilahi!

 

Ötən çağlar indi üzübəridi,

Gələn günlər ömrün təzə-təridi,

Otuz illik yurd həsrəti əridi,

Qarabağa bahar gəlir, ilahi!

 

Dalğalanır arzuların bayrağı,

Hər təbəssüm bir ümidin yarpağı,

Zəfər ətri bürüyübdür torpağı,

Qarabağa bahar gəlir, ilahi!

 

Qulac-qulac açılıbdır qucaqlar,

Əl eləyir sevinc dolu o çağlar,

Alov-alov gülümsəyir ocaqlar,

Qarabağa bahar gəlir, ilahi!

 

Zəmilərdə daraqlanır sünbülün,

Ocağında ruhu gülür Bülbülün,

Cıdır düzü indi xarıbülbülün,

Qarabağa bahar gəlir, ilahi!

 

Ürəklərdə ümid naxış toxuyur,

Ellər zəfər nəğməsini oxuyur,

İndi vətən Şuşa ətri qoxuyur,

Qarabağa bahar gəlir, ilahi!

 

Gəlsin bahar, gülsün bahar elimdə,

Xudayarın nəğməsi var könlümdə,

Nəzakətəm, min alqış var dilimdə,

Qarabağa bahar gəlir, ilahi!

 

Bu şeir mənə görə, Vətən üçün, torpaq üçün, bir övladın, bir vətəndaşın, indiki məqamda bir xanım yazarın duasıdı. Sevinc duası, şadlıq, şadyanalıq duası, bütövlük duası, xatırlamaq və minnətdar olmaq duasıdı!. Düşünə bilərsiniz ki, dünyanın hər yerinə, o cümlədən işğal zamanında Qarabağa da bahar gəlirdi. Amma o bizim bahar olmayıb. Biz o baharı yaşamamışıq, onun gəlişinə sevinməmişik. Nəzakət xanımın vurğuladığı bahardı, bizim bahar. Onu şəhidlərimiz, onu əsgərlərimiz, onu, o savaşı Zəfərə çevirən insanlarımız bizim üçün gətirib!

Məhz həmin gözlədiyimiz bahardı Qarabağa gələn və bizi sevindirən! Bu yerdə mən «xiffət» məqamına da qayıdıram. Bu sevinc bizim çəkdiyimiz xiffəti gözümüzün önündən çəkib uzaqlara aparır. Deməli, köhnəlməyən xiffətin izi burada da görünür.

Oxuduğum kitabda diqqətimi çəkən bir məqamı xüsusi qeyd etməliyəm. O da Nəzakət xanımın ordumuza, həm də ordumuzun timsalına, onun zabitlərindən biri olan, savaş meydanında sözünü deyən oğlu Ramil bəyə üz tutaraq yazdığı şeirlərdir. Ordumuzun zabiti olan Ramil bəyin timsalında müəllif bütün əsgər və zabitlərimizə öz sevgisini, öz duasını yönəldir, onları haqq etdikləri uca mərtəbədə hər zaman var olmağı Allahdan diləyir. Məsələn, şeirlərinin birində müəllif yazır:

 

Açıb qucağını sənə Qarabağ,

Öpür qədəmini hər dərə, hər dağ.

Qələbə ətrinə bələnib torpaq,

Zəfərin mübarək, komandir oğlum!

 

və yaxud :

Qeyrət ətirlidir adın, ünvanın,

«Cəngi»yə köklənib damarda qanın.

Əmrindən güc aldın Baş Komandanın,

Zəfərin mübarək, komandir oğlum!

 

Yəqin ki, müəyyən hissələrini siz də oxuduğunuz bu şeirdəki əhval-ruhiyyə, ovqat, inam və güvən sizə də öz təsirini göstərdi. Birmənalı olaraq hamımız bildik ki, bu ordunun sıravisindən zabitinə qədər, əsgərindən Ali Baş Komandanına qədər hər kəs qəhrəmandır, hər kəs Qarabağda və torpaqlarımızın işğaldan azad edilməsində halal haqqı olan ƏRƏNDİR! Onları yalnız vəsf etmək və bir də haqlarına sayqı ilə yanaşmaq isə bizim borcumuzdur. Bu cür oğullarla bütün dərdlərə, bütün problemlərə sinə gərmək və qalib çıxmaq mümkündür.

Mən dərd məsələsini ona görə təkrar diqqətə çəkirəm ki, kitabda müəllifin özəl həyatı ilə, yaşadığı itkilərlə, qarşılaşdığı problemlərlə, üzləşdiyi ağrı-acılarla bağlı xeyli şeirlər var. Həmin şeirlərdə anaya, ataya, sevdiklərinə, doğmalarına aid olan hissləri Nəzakət xanım öz şair qələmi ilə fərdilikdən çıxarıb, onun hamımızın, yaşadıqlarımızın bir hissəsinə çeviribdir. Ona görə də o atasına, anasına üz tutub pıçıldadıqlarını mən də öz pıçıltılarım kimi eşidirəm:

 

Qürurum. Vüqarım, həm güvənc yerim,

Əlçatmaz zirvəsən, bir qarlı dağsan.

Sən mənim ən ali həyat məktəbim,

Ata, ölməmisən, qəlbimdə sağsan.

 

Qulaqda sırğadı, ürəkdə səsdi,

Sözlərin yaddaşa hördüklərimdən.

Bu ömür yolunda sənsən bələdçim,

Yükümü tutmuşam gördüklərimdən.

 

Və ya:

 

İsti nəfəsinmiş həyatım, anam,

Sənsiz keçən illər boşdur, hədərdir.

Bəxtəvər olmuşam səninlə, anam,

Yoxluğun əzabdı, bitməz kədərdir.

 

Gör neçə vaxtdı ki, həsrət qoymusan,

Səsinə, sözünə, özünə anam.

Torpağın qoymayır bircə yol baxam,

Ay kimi nurlanan üzünə, anam.

 

Bəli, bu şeirlərin hər biri müəllifin özəl duyğularıdı. Amma hisslər o qədər doğmadı ki, oxucu onun özünün qanına, canına, ruhuna hopdurur. Çünki biz də kiminsə övladıyıq, kiminsə bir parçasıyıq. Demək ata, ana, qardaş, bacı, doğmalar anılanda o hisslər paylaşılır. Sadəcə müəllif peşəkarlığı yazının əvvəlində vurğuladığım məqamı önə çəkir. Kitabın redaktoru Rəfael Tağızadənin dediyi kimi, bu xiffətlər təbəssümə bürünüb.

Kitabdakı müxtəlif mövzulu şeirlərin ana xətti səmimiyyət və bir də gerçək duyğulardı. O duyğular ki, müəllif onu ruhunun köynəyindən keçirib və hətta bunu şeirlərində də oxucuya çatdırıb. Necə deyərlər, ismarıc edib. İstər təbiətdən, istər sevgidən, istərsə də dostlardan, yəni ünvanlı şeirlərdən fərq etməz. Bir mənalı olaraq bütün mövzuların oxucunu özünə çəkən, səsləyən çağırışı, işığı və hətta həniri belə səmimiyyət və yaşamdı. Bax, elə onun dördlüklərində də bunu görmək mümkündü. Söylədiklərimin gerçək olduğunu bu misralar özü sizə pıçıldaya bilər:

 

Bu dünya bir imtahandı, sınaqdı,

Çoxu bilmir nə doğru, nə nahaqdı.

Bir inamla yaşayıram dünyada,

Bir inam var – O doğrudur. O haqdı…

 

Bəli, mən Nəzakət xanımın kitabı barəsində qələmə aldığım bu kiçik yazıda onunla sevincimi bölmək və həm də onun öz təbəssümünü bizimlə kədər arasında necə pərdə etdiyini dilə gətirmək istədim. Çünki bunu hər yazar bacarmır. Uğurlar olsun özünüzə də, kitabınıza da Nəzakət xanım!

  • May:
  • 2

TƏQVİM / ARXİV