adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Kredit təhsil - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
15372 | 2021-12-09 16:53

Üzünüzə yazmaq olmasın, içərinizdə bəlkə mənim kimisi, krediti olmayan çox az olar. Kreditdən qorxduğum qədər heç koronadan qorxmuram. Bilirəm ki, korona tutsam ən pis halda canımı qurtaracam bu yüklü həyatdan. Amma kreditə girsəm məni süründürəcək. Nə yaxamı buraxacaq nə də ki, canımı alacaq. Krediti bağlamamış dünyamı dəyişsəm sonra da zaminlərimi sürüdəcək. Day o vaxtacan ki, istədiyini alıb qurtarsın. Əsl pandemiya kreditdir. O üzdən kreditdən qorxuram.

 

Yan yörəm də o qədər mənə həsəd aparan var ki. Deyirlər ki, sən nə xoşbəxt adamsan ki, kreditin yoxdu. Amma deyim ki, mənim də vaxtilə kreditim olub. Dövlət işində işləyəndə məvacibim yaxşı idi. Risk edib iki dəfə götürdüm. Sonra gördüm ki, krediti ödəmək zülüm işdi. Hələ götürdüyüm kreditə görə ödədiyim faizlərin hər ay mənə yaşatdıqların demirəm. O üzdən özümə söz vermişəm ki, ac da qalsam, evsiz də qalsam, maşınsız da qalsam, telefonsuz da qalsam kreditə girməyəcəm. Hələki sözümün üstündə dayana bilirəm.

 

Amma bu o demək deyil ki, kredit götürənləri qınayıram. Əsla. Kreditsiz yaşamaq çətin məsələdi. Neynəməlisiniz ki?! Cammat bahalı telefon işlədir sən niyə kreditə girib o telefondan işlətməyəsən ki?! Nəysə. Telefonu qoyuram bir tərəfə. Konturunuz bitməsin. Mən bu kreditlə dolu olan dünyamızın içinə yenicə atılmış -təhsil tələbə kreditindən yazmaq istəyirəm..

 

Ölmədik bu günü də gördük təhsil haqlarımızı ödəmək üçün tələbələrə belə bir şans verildi. Yazılanlara görə bunun üçün 80 milyon manat da nəzərdə tutulub. Buracan əla. Sonra məlum olur ki, təhsil kreditində faiz dərəcəsi olacaq. Deyirlər ki, az olacaq. Amma olacaq.

 

Bax burda adam qalır məəttəl. Biz təhsildən, tələbədən niyə faiz tutmalıyıq ki? Olmazmı ki, bu vəsaiti tələbələrə faizsiz verək? Ola biməzmi ki, təhsilimiz qazansın, vətəndaşımız qazansın? Tələbədə faiz verərmi? Tələbədən faizmi alarlar? Nuh nəbidən tələbənin cibinə “tələbə adamsan” deyib pul qoyublar ki, pul problemi olmasın fikrin ancaq təhsilin də olsun indi biz onu faizə itələyirik?! Bu tələbə oxuyub dövlət, cəmiyyət üçün yetişirsə elə bunun özü dövlət üçün bir qazancdır da. Bundan böyük faiz var?

 

Yaxşı, tutalım ki, tələbəyə faizlə kredit verdik. Özü də 20 il müddət qoyuruq ki, yavaş-yavaş ödəyərsən. Onda gəlin kredit götürən tələbələrimizin də təyinat məsələsini həll edək. Adını da qoyaq təhsil tələbə təyinatı. Ali təhsillərini bitirən kimi onları işlə təmin edək. Tələbə bilsin ki, bu çətinlik müvəqqətidir. Təhsilini bitirib işləyib kreditini qaytaracaq.

 

İndi bəzi ağzıgöyçəklər başlayacaq ki, o təhsil haqqını 20 ilə böləndə elə də böyük məbləğ eləmir. Yaxşı böyük məbləğ eləmirsə onda faiz niyə tətbiq edirsən?! Tələbə faiz verməsə büdcə dolmaz?

 

20 ildə təhsil krediti olar? Sonra bir 30 illikdə mənzil krediti götürüb ömürü bitirirsən gedir.

 

Məncə pul qazanmaqdan, faiz yığmaqdan ən vacibi elm, savad qazanmaqdır. Faizsiz edin bu krediti. Qoy gənclərimizin yükü azalsın. Özlərini tam elmə həsr etsinlər. Axı onlar bizim gələcəyimizdir.

 

TƏQVİM / ARXİV