MAĞARADAN DÜŞƏN İŞIQ

FƏRİDƏ RƏHİMLİ
24899 | 2019-03-01 16:17

Mağara deyəndə ilk ağıla gələn insanlığın əvvəli, qayalı dağların altında nəhəng koğuş, dinozavrlardan, mamontlardan, aslanlardan qorunaraq mağaraya sığınan qədim-yarımvəhşi, yarıçılpaq, paltarı bədənlərinin bəzi yerlərinə soyuqdan qorunmaq üçün geyinən insanlar - birgə yaşayışın ən ilkini... olur.

Mağara mənə həmişə sirli-sehirli, sinəsində tarix, əbədiyyət yatan, məchulluq, gizəm daşıyan bir xəzinə təsiri bağışlayıb. Bir tarixi abidəni ziyarət edəndə tək olmaq istəyirəm, yaxud mənimlə gedən insanın susmasını. Çünki o abidənin hər daşı, hər qarışı məni keçmişə götürür. Yanımdakı insan danışarsa, o tilsim pozulur, "səyahət” yarımçıq qalır. Əllərimi divarına sürtdükdə əsrlər öncə burada birinin eynilə mənim kimi əllərini bu daşlara sürtdüyünü və əllərimizin əsrlər sonra görüşdüyünü təsəvvür edirəm. Xəyalların qanadında onun yarandığı, tikildiyi çağlara, içində yaşayan insanların, güzəranı, sevinci, xoşbəxtliyi, bədbəxtliyi, sevgiləri, həsrətləri, gündəlik həyatı, maraq dünyaları... haqqında düşüncələr məni qoynuna alaraq olduğum yerlərdən əsrlərlə uzaqlara aparır. Xəyalımda yaratdığım insanların geyimi, həyat tərzi, yeməkləri, toy-düyündə iştirakı o qədər maraqlı gəlir ki mənə, ayılanda saatlarca eyni yerdə dayanıb, eyni nöqtəyə gözümü zilləyərək durduğumu görürəm. Bu, "ağıllı insan”ın (homo sapiens) formalaşmasından sonrakı yaşayış abidələrindən nümunələri seyr edərkən olur. Mağaralar isə başqa bir sehrə salır məni. Ona görə də getdiyim hər yerdə mütləq qalalara, mağaralara baş çəkirəm, daha doğrusu onlar məni özünə çəkir.

Türkiyədə ilginc təəssüratlarla ayrıldığım qalalar çoxdu. Məşhur Karaca mağarası bir yeraltı möcüzədir. Kənardan baxanda yalnız nəhəng bir dağ görünür. İçinə girdikdə isə sanki bir tilsimə, möcüzə aləminə düşürsən. Pambıq kimi ağappaq maddəni əvvəl duza, buza, mərmərə bənzətdim. Əllə toxunmaq qadağan olsa da, baxdım bərk maddə idi, amma düşündüyümün heç biri deyildi. Kənardan görünən o dağın altında nəhəng bir yaşayış məskəni yerləşib. Zamanında orda olan insan həyatını hər addımda təsəvvür etmək mümkündü. Sərin olan tərəfi də var, isti tərəfi də, içməli suyu da. Bu, qədim insanın öz rahatlığı üçün qurduğu yuva əsrlər keçsə də möcüzə olaraq qalacaq.

Giresun qalasının qalıqları, Rizə qalası, Sümela Monastrı, Ayasofya (Trabzonda İstanbuldakının bənzəridi), Sinop qalası, Torul qalası və nəhayət son ziyarət etdiyim Çal mağarası hərəsi özlüyündə bir tarixdi.

Dənizin, dağların, meşələrin, çayların, şəlalələrin birlikdə yaratdığı təbiət mənzərəsi ilə Qaradəniz bölgəsi əvəzolunmazdı. İnsan bu gözəllik içində ölüb qalmaq istər...

Çal mağarası Çal köyünün ərazisindədi. İlk dəfə qış vaxtı getdim oraya. Hər tərəf qardan ağappaq örpəyə bürünmüşdü. Bizdə küləyin təsirindən görə bilmədiyimiz - ağacların budaqlarının şəklini almış qar mənzərəsi əsrarəngizdi. Şaxtadan donub sırsıra bağlamış şəlalələr heykəltaraş işinə bənzəyirdi. Bütün bunlar bizim Çal mağarası ziyarətimizə mane ola bilmədi. Sürüşə-sürüşə olsa da getməyə davam etdik.

Mağaranı insanların – turistlərin rahat ziyarət etmələri üçün hər şərait yaradılıb. Bayırdakı şaxtadan, buzdan, sırsıradan içəridə əsər-əlamət yoxdu. Gəzinti üçün düzəldilmiş dəmir şəbəkənin altıyla şırhaşırla axan çay lap möcüzədi. Bir az zəif işıqla mağara doğallığı pozulmadan işıqlandırılıb. Mağaranın içərisində yüksəklikdən tökülən şəlalənin səsi mağarada əks-səda versə də, bir az uzaqlaşdıqda müxtəlif tərəflərə haçalanmış yollar, mağaranın hücrələri şəlalənin səsini udaraq yox edir. Burada bir az vahimə də basır insanı.

Osmanlı tarixində bu mağara dəyərli su anbarı rolunu oynayıb. Amma düşünürəm və tam əminliklə deyə bilərəm ki, bu su ehtiyatı üçün deyil, qədim insanın sığınacaq yeri olaraq yaranıb.

Mağaradan çıxanda min illər əvvəldən dönüb, müasir həyata düşdüm sanki – bayırda yenə ağappaq qar, mağaranın qapısı üzərindən sallanan nəhəng buz parçaları, sırsıralarla XXI əsrə dönmək məcburiyyətində qaldıq.

Mağaranın üstündə qaya koğuşunda yerləşən, üzərinə "Çay, gözləmə” yazılmış göy qapıya tərəf addımlayırıq. Buz bağlamış sürüşkən pillələrlə yuxarı qalxırıq. Dar qaya koğuşundan içəri girən kimi bir qədim həyat təsviri insanı qoynuna alır. Qədim əşyalar – çıraq, zınqırov, mis samovar, qotazlar, şamdanlar, üzərlik üçün qablar, qazan, çömçə, sinilər, ağac kötüklərindən düzəldilmiş və üstü xurcun xalçalarla örtülmüş masalar, kətillər və ... daşdan yonulmuş taxçada qiymətli kitabları görüncə buranın sahibinin maraqlı insan olduğu diqqətimi çəkdi.

Qayaların arasından süzülən şəlalə bu məkanın balkon kimi açıq hissəsinin üstündən aşağı atlanaraq təbii pərdə görünüşü yaradırdı.

Məkanın sahibi ilə tanış oluruq. Azərbaycandan gəldiyimizi bildikdə üzündə səmimi bir təbəssüm yaranır. Mağara haqda, qədimliyi qoruyan bu məkan haqqında, ən əsası bu dağ başındakı hücrədəki kitablar haqqında suallarımıza bizə çay dəmləyərək, gözləmə hazırlayaraq cavab verir.

Çox maraqlı insandı Nədim Dəmir. Ziyalı, elmli, intellektual səviyyəli biri olduğu ilk baxışdan bəlli olur. - Bu dağları, bu cənnəti, gözəllikləri tərk edib gedən yurddaşlarımızı gördükcə dərd edirdim özümə, hey düşünürdüm necə edim ki, burdan gedənlər geri dönsün, hətta başqaları da buraya axışsınlar, - deyir. - Dövlət işindən əməkli olduqdan sonra bu mağaranı işlək hala gətirib, turizm üçün sərfəli vəziyyətə salmaq üçün qollarımı çırmalayıb var gücümlə işə başladım. Əvvəl mağaranın gördüyünüz giriş hissəsini taxta materiallarla düzəldib, kənarlarına məhəccər vurmaqla gələnləri mağaranın içinə cəlb etdim. Bu dağları ziyarətə gələnlər maraqlanıb içəri girdilər. Sonradan turistlərin də nəzərini cəlb etdi mağara və bələdiyyə bu işə cəlb olundu. Mənim başladığım işi dövlət dəstəyi ilə davam etdirməyə başladılar. Uzaqdan gələnləri yörəsəl yeməklərə, çaya dəvət etmək üçün də buranı kirayə götürərək istifadə etməyə başladım. Çox şükür, indi nəinki yerli əhali buraları tərk etmirlər, hətta turist gəlişindən burda maddi vəziyyət də nisbətən yaxşılaşıb. Buraya yaxın yerdə çoxlu evlər tikilməyə başladı, turistlərlə bərabər kənardakı vətəndaşlarımızın buraya axını başladı.

Ucqar bir mağarada dünyanın ən məşhur yazıçılarından, filosoflarından, şairlərindən, rəssamlarından sitat gətirərək söhbət edən və əlində gözləmə (bir növ bizim qutab kimi, ancaq içinə göyərti deyil, pendir qoyulur) bişirən bir insanı göz önünə gətirin! Bu təəssübkeş türk kişisinin söhbətləri o qədər marağımıza səbəb oldu ki, zamanın nə vaxt keçdiyini anlamadıq. Bütün səmavi kitabları orijinaldan oxuyan və Quranla müqayisə edən, sözə tarixdən başlayıb, fəlsəfədə bitirən Nədim bəyin söhbətləri və arada qonaq elədiyi məşhur Qaradəniz çayı elə ləzzət elədi ki, yerimdən tərpənmək istəmirdim.

Nədim bəyin, millət ayrımçılığı fikri olmasa da türk birliyinin tərəfdarıdı - əzilməmək üçün, heçə sayılmamaq üçün. Amma Turan ifadəsini sevmir, sadəcə türk birliyinin baş tutmasını istəyir. Buna isə ümidinin az olduğunu sezdim, çünki Nədim abi dedi ki, "Türkün birləşməsi üçün Atatürk kimi biri gəlməlidi yer üzünə!”.

Nədim Dəmirin türk tarixindən, türk birliyindən, tarixi, fəlsəfəni oxumağın insanın özünü, yaradanını, sonra da başqalarını anlamağa təsiri, həyatında bu elmlərin əvəzsizliyi haqda olan söhbətlərini dinləmək bir məktəb keçməyə bərabərdi. Evində böyük kitabxanası olduğunu, min beş yüzdən

çox qiymətli kitablarını necə qoruduğunu həvəslə danışırdı. O min beş yüz kitabdan kiminsə yararlana bilib-bilmədiyini soruşuram. - Əlbəttə, - deyir, - düzdü hər kəsin fərqli anlayışı, düşüncəsi olduğu üçün hərəyə öz dünyagörüşünə, anlayışına uyğun kitab verirəm, bəzən oxuması üçün məcbur edirəm. Heç olmasa iki səhifə gecələr oxu, yuxun gəlsin, deyirəm. Bilirəm ki, iki-üç səhifə oxusa maraq artacaq, bitirməyə çalışacaq. Beləliklə çox insanları mütaliəyə gətirmişəm. Amma bu işdə məni incidən tək şey o kitabların bəzən geri qayıtmaması, bəzən də yararsız halda qayıtması olur. Təskinliyim isə o olur ki, təki insanlar oxusun, cahilliyin daşını atsın, bu da mənim savabım olsun. Bu Vətəni, torpağı, bu təbiəti, örf-adətləri sevsin, qoy mənim bu yöndə bir qədər maddiyyat itkim olsun, əvəzində bu torpağa sevgiylə inkişaf edən, gələcəkdə kimlərinsə bu yolla getməsinə səbəb olacaq insanlar yetişsin.

Bu sevgi, bu söhbətlər o qədər içdən idi ki... Kaş ki hər kəsdə Vətənə sevgi, o sevgini təbliğ etmək istəyi Nədim abidəki kimi olaydı!

O mağaradan başlayan ziya, işıq, nur bütün Çal köyünə, ordan Trabzona – bütün Qaradənizə yayılmaqla o işığın mənbəyi - zəif görünüşlü bir insanı gözümdə Vətən kəlməsiylə bərabər səslənə biləcək yüksəkliyə qaldırdı.

Məncə, mağaradan düşən o "zəif işıq” bütün Qaradəniz bölgəsini işıqlandırmağa yetəcək gücdədir. İşığı, nuru bol olsun! Tanrı Türkü qorusun!


TƏQVİM / ARXİV