adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

«Mən haqqa güvənmişəm» - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
502 | 2023-01-27 13:00

İmzası Azərbaycan oxucusuna yaxşı tanış olan şair Süleyman Əlisa ötən ilin sonlarında işıq üzü görmüş kitabına məhz belə bir ad seçib. Diqqətlə gözdən keçirdiyim və  6 fəsildən ibarət olan  həmkarımın   bu kitabında onun müxtəlif dövrlərdə və müxtəlif mövzularda yazılmış şeirləri toplanıbdır.

Mən Süleyman Əlisanın yaradıcılığına bələd  olduğum üçün onun şeirlərindəki Vətənə vurğunluq, dosta sədaqət, dəyərlərə diqqət və bir də pak sevgiyə sayqı hisslərini zaman-zaman görmüşəm, izləmişəm. Bunlar bir şair olaraq Süleyman Əlisanın yaradıcılığında əsas xətlərdir desəm, səhv etmərəm. Elə onun doğulduğu cənub bölgəsinin mənzərələri obrazlı şəkildə ifadə edən şeirlərinə diqqət yetirsək, yanılmadığımıza əmin ola bilərik.

 

Çəkibdir hər nazımı

Çalıb könül sazımı.

Sındırmayıb sözümü

Bu kənd nə gözəl kənddir.

 

Bu meşəsi, bu bağı

Bu dənizi, o dağı.

Səfalıdır qucağı –

Bu kənd nə gözəl kənddir.

 

Təbii ki, doğulduğun kəndə, el-obaya, sevginin ifadəsi olan bu misralar şair könlünün səsidir. Özü də sevgi ilə döyünən könlünün! Ona görə də o, öz doğmalarına üz tutanda da bu sevgini gizlədə bilmir. Əksinə, onu daha böyük coşğu ilə şeirə çevirir və yazır ki:

 

Dünyada nazımı çəkən də tapılar

Dünyada dərdimdən ölən də tapılar.

Dünyada yaxşı da, yaman da tapılar

İtirsəm, tək səni tapmaram, ana!

 

Qələm dostumun mənə hədiyyə etdiyi «Mən haqqa güvənmişəm» şeirlər kitabı barəsində atüstü qələmə aldığım bir fikirləri onun bir növü özünə, şeirlərinə ünvanladığı misraları ilə tamamlayıram. Düşünürəm ki, bu yaxşı bir sonluqdur.

 

Ürəyimdə bəslədim,

Ürəyimdə böyütdüm.

Quş olub

Payızda köçən durnalara qoşulub

uçdular hara?

Sığışmadılar ürəyimə,

Sığınmadılar ürəyimə,

diyarbadiyar oldular.

Qanadlarını gün döyür

Yuvasına dolu tökür

şeirlərimin...

TƏQVİM / ARXİV