Əzizim Aqil Abbas! Vəziyyət biz düşündüyümüzdən də mürəkkəbdir. Üstəlik mənəvi-əxlaqi üstünlüklərin nəzərə alınmamasına, heç başqa səbəbləri demirəm, fiziki gərginlik də əlavə olunur gün-gündən. Mövcud vəziyyət bunları bir yerə cəmləşdirməyə imkan yaratmır. Cəfakeşlik, fədakarlıq, sanki bir "son döyüş" ovqatına köklənmək də o ağayana vaxtların bircə aylıq effektini vermir.
Bir zamanlar, mən hətta az qala maşında yaşayırdım. Qəzetin nüfuzuna, işimizin normallıq xətrinə... Səmimi əlaqələrimiz, aktual və maraq doğuran yazılarımız oxucularımızı və dostlarımızı sevindirirdi. İndi də belədir, "Ədalət" zövqlə oxunur.
Biz 30 ildir ki, bəzi eniş-yoxuş istisnası ilə eyni məsləkə, eyni ideyaya xidmət edirik - Vətənə! Biz dostların və oxucuların simasında vətənimizə, xalqımıza, ali rəhbərliyə layiq çalışdığımızı sübut edərək bu istiqamətdə daha böyük uğurlar qazanmaq arzusundayıq. Bəzən zəif, günün tələblərinə cavab verə bilməyən yazılarımız da olub. Ancaq ümumən "Ədalət"imiz həmişə sevilib və maraqla qarşılanıb. Mən bunu regionlar üzrə baş redaktor müavini çalışdığım müddətdə daha yaxından görüb izləməkdəyəm.
Biz fəaliyyətimiz dövründə heç kimə borclu qalmamaşıq. Bütün sahələri əhatə edən qəzet saylarımız arxivimizdə və elektron variantlarda tarixi faktlar olaraq yaşayır. Biz uzun illərdən bəri bütün mövzularla yanaşı, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasını yüksək peşəkarlıqla təbliğ edib işıqlandırmaqdayıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmizin bütün istiqamətlər üzrə inkişafını müntəzəmliklə oxuculara çatdırırıq.
Əlbəttə, bu bir iş prosesidir. Üzərimizə düşən vəzifələri yerinə yetiririk. Ancaq indiki halda məsələnin başqa tərəfləri də varmış. Sən demə, dövlətçiliyə, xalqa və mətbuata xidmətlərimiz üçün bizə qeyri-rəsmi olsa da yuxarılardan tapşırılmaq lazım imiş (???). Qoy bizə tapşırsınlar, bütün təbliğatımızı "Ədalət" üzərində qurarıq, ən sevimli qəzetimizdir formasında. Bəzi dost-tanış və qohum-qonşu istisnası ilə qəribə situasiya yaranıbdır. Ad günü, yubiley-filan da yadımdan çıxıb. Bu münasibətlə heç bir stəkan da çay içməmişəm.
Qəribədir. Necə ola bilər ki, həm seviləsən, həm də bu sevgi üçün icazə (?) istəyəsən? Hələ evimizin divarları kimi çat verən bəzi dostların adamı utandıran qəribə münasibətləri də bir yandan. Bəlkə də elə deyil, gərgin vəziyyətdə olmağımın tərəddüdləridir.
Əzizim Aqil! Bax mən neçə illərdən bəri belə bir "yol xəritəsində" ilişib qalmışam. Mənəvi tərəfləri labirintdən də betərdir. Çaşıb qalmışam: yola davam edimmi? Hansı istiqamətə üz tutum? Mən işimi davam etdirmək, vəzifəmi yerinə yetirmək arzusundayam. İstər yaradıcılıq istiqamətində, istərsə də təşkilatçı, müavin, məmur... görəvində. Biz bu məsələlərdə həmişə səmimi, dürüst və ədalətli olmuşuq. Onda bəs bu qəribə davranış, müəmmalı münasibətlər haradan peyda oldu? Mən bütün bunları tam çılpaqlığı ilə yazmaq istəmirəm də. Heç kimə minnət də qoymaq istəmirəm. Ancaq belə dostluq olurmu?
Belə sevgi olurmu?
Olurmu heç???
TELEQRAMA ZƏRURİ ƏLAVƏ: BAKI-QAZAX MAGİSTRALI, MİNGƏÇEVİR ŞƏHƏRİNƏ KEÇİD MƏNTƏQƏSİ


Bakı -°C
