adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

 Nazim Əhmədli «Sənsiz» - dedi… Mən isə… - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
285 | 2022-07-04 10:54

İnsan o zaman özünü ifadə edir ki, onun genetik kodu, yəni özünün kimliyi bir foto kimi, rəsm kimi hər zaman gözünün önündə olur. Özünü özünə köçürtməklə yanaşı, özünü özündə təqdim etməyi də bacarır. Bu mənada genetik kod həm də qeyri-rəsmi kimlikdi. Sən bununla həm çevrəndə, həm maddi, həm də mənəvi dünyanda özünü göstərir, tanıdır, ya sevdirir, ya da unutdurursan. Bax, bu anlamda iç dünyası ən munis duyğularla cilalanmış insan daha həssas olur. Onun bu həssaslığı da bəzən üzüntünü, sarsıntını, ağrı-acını daha çox çəkir və yaşamaq zorunda qalır. Mən bunu Allahın sevdiyi bəndəsinə özəl münasibəti hesab edirəm. Əgər mən sevginin ağrı-acısını, həsrətini, vüsalını, yuxusuz gecəsini, xəyalını, hətta göz yaşını yaşaya bilirəmsə, bu, bir Allah mükafatıdır. Deməli sevgi için – özəl dünyanın sahibidi. Və…

Təbii ki, şair olan həm də bir ilham pərisinin sevdalısıdı. O ilham pərisi bütün məqamlarda şairin, ruh adamının ürəyi ilə yanaşı, həm də çiynində əyləşmiş bir mələkdi. Hara boylansa onu görəcəkdi. Kimsə bunu yoza da bilər. Amma fərq etmir. Ona görə ki, ilham pərisi həm də həyatdakı, gerçəklikdəki sevginin bənzəridi, oxşarıdı. Şairlər sevgilərini həmin ilham pərisinin, yəni ikinci adamın dili ilə oxucuya çatdırır. Deməli, «inanma şair sözü yalandı» epiteti də əslində məhz həmin o ilham pərisinə hesablanıbdır. Deməli, bu məqamda Nazim Əhmədlinin sevgi duyğuları oxucuya birbaşa yox, dolayısı ilə ilham pərisinin vasitəsilə çatdırır. Nazim Əhmədli vurğulayır ki:

 

Getdin, intizarda qoyduğun könül,

qəfəsdə çırpınan quş idi sənsiz.

həsrətin ələndi soyuq qar kimi,

ürəyim köksümdə üşüdü sənsiz;

 

Təbii, həm də insanın könlünü ovudacaq qədər səmimi bir üslubda ifadə olunmuş bir sevgi gerçəkliyi həqiqətən ruha xoş gəlir. Çünki qəfəsdə çırpınan quşun oxşarı, bənzəri kimi ortaya gəlmiş ürək əsl həqiqətdə sevgi anını məhz belə yaşayır. Bu anın bir oxucu, bir izləyici kimi məndə yaratdığı assosasiya hardasa elə Nazimin günündə olmağımdı. Ona görə mən də Nazimsayağı deyirəm:

 

atıb getdin, nə deyim,

seçim sənin, söz sənin.

Alt-üst etdin, nə deyim,

Ocaq sənin, köz sənin.

 

Bu müraciətin arxasında həm də aşiqin, yəni indiki məqamda şairin gerçəklik önündə susqunluğu ilə yanaşı, həm də bir çaşqınlığı da var. Çünki gözləmədiyi anda, gözləmədiyi məqamda atılmaq, tərk edilmək təkcə vurulan zərbə deyil, o həm də bir anlıq hər şeyi alt-üst etmək, həm də özünü də yaddan çıxartmaqdı. Bir anda ki, sən özünü yaddan çıxardırsan, demək həmin an sənin deməyə sözün də olmayacaq. Bax, bu yerdə köhnə kişilər demiş Kərəmi ağlamaq tutur. Bu bir an çəkir. Həmin o bir anda artıq toparlanırsan. Nə deyəcəyini və necə ifadə edəcəyini qərarlaşdırırsan və köməyinə Nazim Əhmədli gəlir:

 

dərdim intizarda, dərdim səbirsiz,

boşalıb dağılan yurdum səbirsiz,

dünya mənə görə səssiz, səmirsiz

dünya mənə görə boş idi sənsiz;

 

 

Bu misralar, bu bənddəki məntiq təkcə içində olduğum anın ifadəsi, rəsmi, mənzərəsi deyil, o həm də yalnız özünün gördüyü, özünün çəkdiyi yükün, ağrının ifadəsidi. Bu özünüifadə müəyyən qədər daxili təsəlli olsa da, amma həm də sənsizliyin ilk fəsadlarının etirafıdı, dilə gətirilməsidi. İstər oxucu, istər elə bu şeirin ünvanladığı ilham pərisidi, bir az da çılpaq desəm, həmin o ünvan sahibi azacıq da olsa, nələr baş verdiyini hiss edir. Lap ola bilsin ki, bu onu öz varlığına da köçür, axı söhbət sevgidən gedir, onun yaşantılarından bəhs olunur. Deməli, azacıq, necə deyərlər iynə ucu boyda hissiyyatı olan aşiq və yaxud məşuq büruzə verməsə də, içində bir ahın qurbanı olacaq. Bu ah isə itirilən, öldürülən sevginin bəlkə də son nəfəsidi, son hıçqırtısıdı... Hə, bax reallığın, yəni sevgi yaşamının şəkli budur. Bu həm də o deməkdi ki:

 

Mən nəfəsdən od alan,

Baxışından odlanan…

Bu küçələr, o dalan –

Cığır sənin, iz sənin!..

 

Deməli, hər şey sənə aiddi, küçə də, yol da, nəfəs də, baxış da… Sənə aid olanları aparmaq gücü isə səndə yoxdu. Ona görə ki, sevgini verən sevginin dünyaya gəlişinə «OL» deyən onu bütöv yaradıb. İki qütbün, iki tərəfin, iki ürəyin istəyi, bütövlüyü üçün. Deməli, birinin çəkilməsi, getməsi yalnız ağrı, sızıltı, tənhalıq, bir az da obrazlı desəm şikəstlik yaradır. Bax, ona görə deyirəm ki, sən artıq ikimizə aid olanı öz payın kimi götürüb getmək gücündə deyilsən və ikimizin olan sevgi birimizin çəkilməsi ilə sadəcə yarımcan olur. Bu yarımcanlıq da Nazim Əhmədlinin məntiqinə söykənsək belə ifadə olunur:

 

 

yol çəkən gözlərim qalıb mürgülü,

qəlbimə min yarpaq həsrət bükülü,

soruş, təkbaşına hicran yükünü

ürəyim bəs necə daşıdı; sənsiz?..

 

Gördünüzmü,  Nazim də mən deyəni dedi. O da vurğuladı ki, sən heç nəyi aparmaq gücündə olmadın. Əgər aparmısansa bəs onda mənim daşıdığım – yaşadığım nədi? Və bir də əgər daşıyıb, yaşayıramsa onda bu sənsizlikdirmi?!..

Bax, yaranan bu suallar elə Nazimin elə əvvəldən dediklərinin sözlə çəkilən rəsmi idi. O rəsmin müəllifi ilk baxışdan Nazim olsa da o fırçanın rəngləri ilham pərisindən gəlirdi. Deməli, iki ürək bir şəkili çəkirdi. Mən də bu mənzərəni seyr edə-edə öz dünyamın rəngləri içərisində öz sevgimin, öz yaşamımın rənglərini axtarıram. Lap konkret desəm, Səni görmək istəyirəm! O istək Nazimin istəyini öncə dediyim kimi, məndə yaratdığı assosasiyasıdı!  Axı mən də sənsizəm. O sənsizliyin açarını, «simsimin»i tapa bilmirəm. Ona görə də sənin olan hər şeydə özümü görürəm, özümü gördüyüm yerdə də elə sən varsan. Deməli:

 

Dünya gerçək və yalan,

Bir xəzan var, bir talan…

Köçüb gözümdə qalan –

Baxış sənin, göz sənin.

 

Hə, Nazim Əhmədlinin bir kövrək şeirinin işığında tərəddüd etmədən gözümü yumub getdiyim yolun hər iki tərəfində hiss etdiyim, gördüyüm bir reallıq vardı. Bu çiçəklərin arasından keçib sənsizlikdən sənli günlərə gedən yol idi. Bütün yollar kəsişdiyi kimi görüşdürə də bilir. Elə bu ümidlə Nazim Əhmədliyə, həm də özümə «yolumuz açıq olsun!» deyirəm.

TƏQVİM / ARXİV