adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

NƏVƏM NİYƏ MƏNİM İSTƏDİYİM RƏSMLƏRİ ÇƏKMƏK İSTƏMƏDİ? - Aqil ABBAS yazır

AQİL ABBAS
830 | 2023-03-18 18:00

Dostlar bilir, mənim rəssamlıq qabiliyyətim var, yəni xobbimdi. Hərdən bəyəndiyim şeirlərə illüstrasiyalar çəkirəm, sonra elə müəlliflərin özlərinə bağışlayıram. Xüsusilə orta məktəbdə oxuyanda daha çox çəkirdim. Çəkdiyim rəsmlər də Ağdam Pionerlər Evinin dəhlizini bəzəyərdi, eləcə də məktəbin. Onda sürrealizmdən xəbərim yox idi. Universitetdə oxuyanda dünyanın məşhur rəssamlarının albomlarını bukinistdən alırdım. Və bir dəfə Salvador Dalinin bir albomu keçdi əlimə və Dali məni dəli elədi. Gördüm ki, mənim çəkdiyim rəsmlər də bu qola yaxındır. Amma təbii ki, ibtidai.

Orta məktəbdə əlaçı idim. Yalnız nəğmə dərsindən həmişə «2» alırdım. Çünki heç bir musiqi istedadım yox idi, hətta atamın 500 manat rüşvət verib məni Uşaq Musiqi Məktəbinin tar sinfinə qoysa da, təxminən 20 gündən sonra məktəbin direktoru rəhmətlik Cəlal müəllim «Böyük Cəlal» atamın pulunu qaytardı və məni məktəbdən qovdu. Və atama dedi ki, Məhəmməd incimə, bu uşaqda musiqi duyumu yoxdu. O «sluxu» yoxdu dedi.

Amma tar çalmaqdan ötrü ölürdüm. Getdim Müəllimlər Evinə, qonşumuz Sabir müəllimdən xahiş etdim ki, məni tar dərnəyinə qəbul eləsin, sözümü yerə salmadı. Amma müəllimlər nə qədər elədi tarı sinəmə qaldırda bilmədilər, həmişə dizimin üstündə çalırdım. Məni ordan da qovdular. Daha doğrusu, müəllimlər qoltuğuma kibrit qutusu qoyurdular ki, elə elə bu düşməsin. Amma kibrit qutusu düşürdü, uşaqlar da gülürdü, ona görə də özüm utandım və bir daha getmədim.

İndi evimdə gözəl tarım da var, sazım da var, hətta Rəmişin gitarasından da varımdı, Rəşad Məcid ad günümdə bağışlayıb. Amma heç birini çala bilmirəm.

Deyirlər, Füzuli sifətdən o qədər eybəcər olub ki, qadınlar onu sevmirmiş. O da hirsini-hikkəsini, hamısını töküb şeirlərinə. Dünyanın ən gözəl sevgi şeirlərini yazıb. İndi mən də musiqini Füzuli xanımları necə sevirmişsə, elə sevirəm.

Hə, harda qaldıq? Deməli, nəğməm müəlliməm Ramella həmşə mənə «2» yazır. Axırda məktəbimizin direktoru Əli Eyvazov Ramellanı çağırdı kabinetinə, danladı:

- Ay itin qızı, bu uşaqdan nə istəyirsən, onu Rəmiş eləyəssən, yoxsa Qədir eləyəssən? Yoxdu da musiqi qabiliyyəti, bunu birdəfəlik qan. Bir də buna iki yazsan səni bu məktəbdən qovacam.

Ramella doğurdan itin qızı idi, erməni idi.

Mən də heyfimi ondan başqa cür aldım. Ramellanın bir şəklini çəkdim, vurdum məktəbin dəhlizinə. Şəkildə də Ramellanın başının yerinə onun dalını, dalının yerinə isə başını çəkmişdim. Maraqlı bir şəkil idi.

Bu şəkilə görə də Əli müəllim atamı məktəbə çağırdı. Axşam atam məni danladı ki, o nə şəkildi çəkmisən, ayıb deyil? Mən də dedim ki, ata, Allah haqqı, o başı ilə fikirləşmir, dalı ilə fikirləşir.

Bu hadisəni povestlərimin birində daha ətraflı yazmışam.

Ən xoşuma gələn illüstrasiyanı isə rəhmətlik şair Cavanşir Eloğlunun (Dərviş Cavanşir) aşağıdakı misralarına çəkmişdim.

Qurban olum torpağına, daşına,

Qaldır məni Əlincənin qaşına.

Qoy dolanım, Vətən, sənin başına

Deməsinlər pərvanəsi çatışmır.

Şəkildə başında tac bir gözəl qız təsvir olunmuşdu, amma bir az da diqqətlə baxanda görürdün ki, bir aşıq harayla saz çalır, barmaqları da girir sazın çanağına, sazdan qan tökülür. Qurtarmadı. Bir az da başqa səmtdən baxanda görürdün ki, bir igid qalanın önündə şəhid olub, atı da onun sinəsinə sancılmış nizədən axan qanını yalayır. Və şəkili bağışlamışdım Cavanşir Eloğluna, yaxın dostuma. Məmməd Araza da qohumluğu çatırdı. Çox cavan öldü. Bilmirəm, ailəsi həmin şəkli saxlayır, yoxsa yox. Təsadüfən oxuyarlarsa və şəkili mənə göndərərlərsə surətini çıxarıb yenidən özlərinə qaytararam.

İndi gələk mətləb üstünə. Mənim həmin rəssamlıq qabiliyyətim irsən nəvəm Aylinə keçib. Hələ uşaqdı, 6-cı sinifdə oxuyur, amma maraqlı nələrsə çəkməyə çalışır.

«Çay qırağında bitib, susuz qalan ağacların sağlığına» povestimi kitab halında çap etdirəndə xahiş elədim ki, mənim istədiyim şəkilləri çəksin. Yəni çay qırağında bitib, qurumuş ağacları, ümumiyyətlə, ölmüş təbiəti çəksin. Və çəkib gətirdi. Amma gördüm tam tərsini çəkib. Ağaclar hamısı çiçək açıb, çay qırağındakı ağac da çiçəkləyib. Dedim ki, bəs, baba belə istəməyib axı. Mən sənə dedim ki, qurumuş ağacları çək.

O isə qayıtdı ki:

- Baba, mən ağacları həmişə belə görmək istəyirəm.

Uşağın sözləri və arzusu xoşuma gəldi. Və elə həmin rəsmlərini də verdim kitaba. Kitabın üz qabığındakı rəsm də çay qırağında bitib qurumuş ağac deyil, çiçəklənmiş ağacdı.

Necə ki indi Qarabağda qurumuş ağaclar çiçəkləyir.

TƏQVİM / ARXİV