«Oxu əllərimi» yazan Şövkət Zərinə… - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
84 | 2025-02-03 12:34

Ədəbiyyatımızın yaradıcı mənzərəsini göz önünə gətirəndə bütün zamanlar üçün dəyişməyən bir həqiqətə şahid oluruq. O da söz sahiblərinin hər iki cinsə aid olmasıdır. Yəni istər kişi cinsindən olan yazarlarımız, istərsə də xanımlar çiyinlərini sözün altına çox böyük istəklə, cəsarətlə veriblər. Ona görə də ədəbi mühiti bir anlıq göz önünə gətirəndə orda  Nətavanın, Aşıq Pərinin,    Nigar Rəfibəylinin, Mirvarid  Dilbazinin,  Əzizə Cəfərzadənin, Nurəngiz Günün,  İradə Tuncayın , Afaq Məsudun, Aida Adıgözəlin, Adilə Nəzərin, Flora Xəlilzadənin, Kəmalə Abiyevanın və digərlərinin də yaradıcılıq nümunələri ilə qarşılaşırıq. Bu da o deməkdir ki, yazmaq, yaratmaq qabiliyyəti, istedadı Allah tərəfindən bütün bəndələrə, bu və ya digər formada pay verilib və bu bölgüdə qadın, kişi fərqi olmayıb. Deməli, əsas məqam, əsas cəhət odur ki, yazılan, yaradılan söz həm oxucu üçün, həm də onu təqdim edən üçün dəyərli və gərəkli olsun.

Bu gün Azərbaycan oxucusunun diqqət mərkəzində olan imza sahiblərindən biri də Şövkət Zərin Horovludur. Mən Şövkət xanımın yaradıcılığı ilə uzun illərdir ki, tanışam və onun dövrü mətbuatda işıq üzü görmüş əksər yazılarını oxumuşam. Xüsusilə onun şeirləri məndə müəyyən bir assosiasiya yaradıb. Bunun səbəbini mən 1990-cı illərdə anladım. Çünki ikimizin də yaşadığımız dərdin adı Qarabağ idi. Ona görə də Şövkət xanımın şeirlərində Vətən, yurd nisgili mənim ruhumla səsləşirdi, mənim ağrılarımla qoşalaşırdı və mən də bu qoşalaşan ağrıların içərisində həmişə bir ümid işığı görürdüm. Hardasa içimdə bir əminlik var idi ki, bu ağrılar bir gün öz dərmanını tapacaq. İndi artıq tam əminliklə deyə bilərəm ki, həmin ümid işığının bir ucu da Şövkət xanımın poeziyasından bəhrələnmişdi. Ona görə də mən o işığın sahibi olan, daha doğrusu, mənə ötürücüsü olan poeziyanın gücünü, önəmini bu gün daha yaxşı sinirirəm. Yəni özümünküləşdirirəm.

Şövkət xanım öz oxucusu ilə o qədər səmimi və sadə bir şəkildə ünsiyyət qurur ki, şeirləri oxuyanda hiss edirsən ki, bu misralar təkcə söz deyil, həm də bir ruhun diktəsidi. O diktə də sənin, yəni indiki məqamda mənim ruhumla eyni bir müstəvi üzərində, eyni bir məkanda üz-üzə dayanır və deyir ki:

 

Ömür, biz səninlə yaşamadıq ki!

Xoş anlarımızı,

Çiçək zamanlarımızı

Qədərincə anlamadıq ki!

Hər kəsə, hər nəyə yandıq,

Özgələrin ağrısını

Özümüzünkü sandıq.

Bir quşun qırıq qanadına,

Bir yarpağın budaqdan ayrılmağına,

Bir körpənin anasızlığına

Üzüldükcə, üzüldük səninlə,

Ömrü yelə verdik bilə-bilə.

 Ürəyimiz nə boydadır ki? –

Yumruq böyüklüyündə,

Həm də nazik yuxa kimi,

Ömrümüz də bir göz qırpımlıq

Yuxu kimi.

Qəm yemə,

Batmayıb haqqımız,

İtirdiyimizdən

Çox olub qazancımız.

Bilsən, nə gözəldi

Kiməsə yanmaq,

Qolundan tutub qaldırmaq…

Bilsən, necə gözəldi

Qərib bir nəğmədən

Gözləri dolmaq…

İnsanları duya-duya

Sevə-sevə yaşamaq…

Bir ümid göyərtmək

Kiminsə ümidsizliyində!..

Bu, həyatdı əslində.

 

Bəli, Şövkət xanım deyir ki, bütün yaşananlar, bütün bu görünənlər əslində həyatdı və ondan kənara çəkilmək mümkün deyil. Varıqsa, deməli bu həyatın içindəyik. Onun yaşatdıqlarını yaşamağa məhkumuq. Burda bir nüansı da diqqətə çatdırmaq istəyirəm. Doğrudu, əvvəldə xatırlatdım, amma indi yenə o məqama qayıdıram ki, Şövkət xanım Qarabağ ağrımızı, şəhidliyi, qaçqınlığı özünəməxsus şəkildə yaşayıb və şeirə çeviribdir. Onun bu mövzuda olan şeirlərində şahid axtarmaq, kimdənsə soruşmaq kimi fikirlərə yer qalmır. Ona görə ki, həmin şeirlərin əslində o həm də qəhrəmanıdır. Bu da müəllifin qələmə aldığı mövzuya ürəyini, ruhunu hopdurmasının bəhrəsidi. Yəni demək istəyirəm ki, Şövkət xanımın yazdığı ağrılı mövzularımızın barı olan şeirlər oxucunun iç dünyasında bir titrəyiş yaradır. Oxucu hiss edir ki, o təkcə şeir oxumur, həm də müəllifin səsini eşidir, onun ürəyi, ruhu ayağa qaldıran fəryadına, etirazına, üsyanına şahidlik edir. Və həm də hardasa o özü də, vurğuladığım hislərin daşıyıcısı kimi özünü hiss edir. Məsələn:

 

Bu gecə yuxum yenə

gözümdən düşdü,

Qan rəngli ağrılarım

yanağımdan sürüşdü.

Bu bahara qəfil qar yağdı

Adam-adam üşüdü ümidlər,

Səbrimi qanatdı Lələtəpədən gələn

qanqırmızı xəbərlər.

Baharın yaşıl çağında

Buz bağladı sanki yollar, irizlər.

Qərənfil-qərənfil qızardı

dərələr, düzlər,

Üşüdü gecələr-gündüzlər.

Oğullar ürəklərində

Vətən sevgisi,

Dillərində zəfər türküsü

Çiçək-çiçək,

Qönçə-qönçə

Ləçək-ləçək

Töküldülər Lələtəpədə,

Qeyrət-qeyrət əkildilər

Lələtəpədə.

Üçrəngli bayraq əllərində

Dincəldilər Şəhidlik zirvəsində.

 

Məncə «Şəhidlik zirvəsində» adlanan bu şeirdəki gerçək həyatı, gerçək yaşamı oxucunun təsəvvür etməsində heç bir çətinlik yoxdur. Çünki müəllif özü o mənzərəni rəssam kimi sözlə çəkib və asıb hər birimizin gözünün qarşısından və biz də o şəkilə baxa-baxa təkcə düşünmürük. Həm də o şəhidlərin sırasında öz yerimizi tuturuq. Ruhən qoşulduğumuz həmin şəhidlərin hər biri onlara dəyər verən bizləri də öz zirvələrinə qaldırırlar. Əllərimizdə də üçrəngli bayrağımız olmaqla.

Bu, bir həqiqətdir ki, ruh adamları daha kövrək, daha həssas olurlar. Və bu kövrəklik də onlara duymaq, hiss etmək baxımından bir az fərqli olan, amma görünməyən bir məqam bağışlayır. O məqam da , mənə görə həmin o kövrəkliyin daşıyıcısı olan insanın obrazlı desəm, nəm çəkməsidi. Yəni ağrı da, acı da, sevinc də, ümumiyyətlə, psixoloji mühit bu adamlar tərəfindən çəkilir. Sanki maqnitdilər, sanki nəm çəkirlər. Bax, ona görə də onların yaradıcılıq nümunələrində kövrəklik, həssaslıq, bir az qabarıq şəkildə özünü büruzə verir. Mən düşünmürəm ki, bu, həm də onların qadın olmalarından da  irəli gəlir. Bəlkə də, bu da var! Ancaq mənim daha çox inandığım ruh adamlarının özəlliyidi - yəni həssaslığıdı. Bu, onlara Allah tərəfindən edilmiş jestdi.

Elə Şövkət xanımın şeirlərində də həmin o kövrəkliyi görməmək mümkün deyil. Özü də birmənalı olaraq bu kövrəklik onun şeirlərinin böyük əksəriyyətində özünü göstərir. Mən müəllifin «Oxu əllərimi» kitabında bunun canlı şahidi oldum. Və kitabdakı şeirləri oxuduqca, elə buradaca qeyd edim ki, hətta intiqam ruhlu, qisas ruhlu şeirlərində də həmin kövrək notlar diqqətimdən yayınmadı. Ümumiyyətlə, Şövkət xanımın ünvanlı, ünvansız şeirlərinin bir damarında da obrazlılıq özünü göstərir. O, öz şeirlərinin qəhrəmanları ilə sanki söhbət edir. Həmin şeirlər adama təkcə səs kimi, söz kimi yox, həm də rəng kimi təsir bağışlayır və görürsən ki, müəllif öz duyğularını həm söz kimi, həm rəng kimi təqdim etməklə oxucunu şeirin sonuna qədər bir az səbirsizliklə gözləməyə məcbur edir. Bu səbirsizliyin də qaynaqlandığı bir nöqtə var. O da şeirin necə bitəcəyidir.

Bax, həmin o sonda artıq oxucu rahatlanır  , çünki müəllif başladığı mövzunu məhz oxucunun istədiyi, gözlədiyi bir səviyyədə, bir yerdə bitirir. Bu da o deməkdir ki, təkcə ədəbiyyat adamı kimi yox, həm də dünyanın müəyyən nöqtələrini, adamlarını görmüş müəllifin həyat təcrübəsi yaradıcılıq təcrübəsi ilə birləşib biz oxucuların istədiyini, gözlədiyini ortaya qoyur. Zənnimcə, Şövkət xanımın yaradıcılığında bu, xüsusi bir çizgidi. Və mən də onun şeirinin həm də rəngli olduğuna inanıram. Elə o inamla da indi sizə bu şeiri təqdim edirəm:

 

Bu gecə düşmüşdüm səsin selinə,

Gördüm qıjovunda axıdır məni.

Toxunub könlümün titrək telinə,

Pərdə-pərdə gəzib, oxudur məni.

 

Bu səs çay səsidi, dağ nərəsidi,

Arxasınca çəkib apardı məni.

Bu səs əsir qalan yurd  naləsidi,

Yerdən-göydən alıb qopardı məni.

 

Bəlkə də anamdı, uyuyum deyə,

Gəlib layla çalır başımın üstdə?

Bəlkə, göz yaşımdı, çəkilib göyə,

Yağır yurd yerinin daşının üstə.

 

O necə səsdi ki, yuxumu alıb,

Ömrümün-günümün qürüb çağında?

Bəlkə, qoca palıd orda tək qalıb,

Bir ağı odlayır dodaqlarında?

 

Bu səsdən qaya da, dağ da dillənir,

Sanki igidlərin burda cəngi var.

Yəqin dərd daşımdı, səslə güllənir,

Səsin neçə sirri, neçə rəngi var?

 

Bu şeiri oxuyanda sizin hansı hislər keçirdiyinizi tam ifadə edə bilməsəm də, amma əminəm ki, siz də hardasa mənim gördüyüm rəngi gözünüzün önünə gətirmisiniz. Bu səs göy qurşağı rəngində idi. Mən belə gördüm. Elə bu göy qurşağı rəngində də olan səslərin içərisindən axtarıb tapdığım bir fikri bu yazımın sonunda vurğulamaq istəyirəm.

Düşünürəm ki, hər kəsin öz səsi, öz sözü olduğu kimi, hər səsin də, hər sözün də öz rəngi var. Sadəcə, onu görmək lazımdı və yaxud da onu görmək istəyini özündə formalaşdırmaq lazımdı. Bax, onda sözün özü kimi səsin də rəngini  görüb   seçə biləcəksiniz.

…Və nəhayət «Oxu əllərimi» kitabı barəsində bu kiçik qeydlərimlə mən müəyyən mənada həm də Şövkət xanıma eyni dərdi bölüşdüyümüz zaman kəsiyi üçün «Keçmiş olsun!» demək istədim. İstədim ki, o dərdlərin şəhidləri və şahidləri bir-birini tuta bilsinlər.

TƏQVİM / ARXİV