Həyat adamlarla maraqlıdır, gözəldir, diqqət çəkəndir. Doğrudur, təbiətin də yeri danılmazdır, amma o təbiətin gözəlliyini də insanın canına, qanına hopduran, ona doğmalaşdıran həmin o böyük mənada ADAM-lardır. O adamları gözün axtarır, könlün soraqlayır, onların səsini, səmirini axtarırsan xəyalında. Deməli, harda, necə yaşamağından asılı olmayaraq, birmənalı şəkildə həmin adamlara köklənirsən, onlara söykənib, onlardan dəstək alıb, öyrənib, vurğuladığım təbiətin də gözəlliyini onunla həmahəng edib yaşamağın dadını çıxarırsan. Hətta arada onların varlığı üçün, onları yaratdığı üçün Allaha əl açıb təşəkkür də edirsən.
Mən ağlım kəsəndən qarşıma çıxan, həyatıma daxil olan, ayrı-ayrı adamların yerini həmişə görürəm, dəyərləndirirəm və onları unutmuram, əksinə, onların mənim həyatımda olmalarından qürur duyuram, məmnunluq hiss edirəm. Baxmayaraq ki, həmin adamlar bəlkə də kimlər üçünsə mənim qəbul etdiyim, dərk etdiyim, anladığım səviyyədə deyillər. Çünki hər kəsin baxış bucağı var, hər kəsin mizam- tərəzisi var. Ona görə də kimsəni qınamaq olmaz. Lakin bir danılmaz gerçəklik də var ki, hamıya yaxşı olmaq mümkün olmayan bu dünyada yaxşıların sırasında olmaq gözəldi, maraqlıdı. Bax, indi mən az qala gözüyumulu, əzbərdən deyə bilərəm həyatımda olan adamların adlarını, soyadlarını. Çünki onlar dünən də, bu gün də mənimlədilər, dünyasını dəyişənlər də, yaşayanlar da. Mən də zaman-zaman onların qapısını döyürəm, ruhlarını salamlayıb səslərini eşidirəm. Bu gün isə…
Bizim yolumuz Söz körpüsündə kəsişdi, Söz körpüsündə qarşılaşdıq, tanış olduq və həmin o SÖZ körpüsündən başladı doğmalığın, dostluğun əvvəli. Deməli, Azərbaycanda «Xalq Ordusu» adlı bir qəzet çap olunurdu. İndi də var.Sadəcə adı “Azərbaycan Ordusu “ olub. O qəzetin ilk redaktoru dəyərli dostumuz, ehtiyatda olan hərbiçi-polkovnik Üzeyir Cəfərov idi. Mən də o qəzetin ilk əməkdaşlarından biri oldum və redaksiyaya ilk gəlişimdə kollektivlə isti bir təmas yarandı. Təsəvvür edin ki, bu kollektivdə polkovnik Mehman Hüseynov (onlar eyni ad və soyadda iki nəfər idilər), İntiqam müəllim, Knyaz Aslan, Bədirxan müəllim, rəhmətlik Söhbət Səfərli, İbrahim Rüstəmli, Rəşid Faxralı , Vaqif İsaqoğlu və digər vətən sevdalı qələm adamları bir araya gəlmişdilər. Milli ordumuzun ilk qəzetinin əməkdaşları idi adlarını çəkdiyim bu dəyərli insanlar. Hər birinin də özəlliyi ilə yanaşı, həm də onların hamısını birləşdirən Vətən sevdası var idi. Mən qəzetin redaksiyasında o adamlarla tanış olanda anladım ki, gerçəkdən yaradıcı bir kollektivə gəlmişəm. Birlikdə işləməyə başladıq. Döyüş bölgələrinə getdik. Həmin döyüş bölgələrinə səfərimiz zamanı Rəşid Faxralının, Söhbət Səfərlinin əsgərlərimizlə olan söhbətləri, onlardan aldıqları müsahibələr, hazırladıqları yazılar vərəqələr şəklində yayılırdı hərbi hissələrdə. Bu, hərbi jurnalistikamızın ilk təcrübəsi və səngərdən oxucuya doğru uçan ilk qaranquşlar idi. Canlı şahid kimi mən o vərəqələrin necə oxunduğunu indi də xatırlayıram…
Hərdən deyirlər ki, insanı harda tanımaq, kimliyinə, iç dünyasına harda bələd olmaq mümkündü. Doğrudu, atalar sözümüz var, orda da vurğulanır ki, «qardaşın necə adamdır? - Cavabında: - yol yoldaşı olmamışam! – deyiblər». İndi həmin o müdrik kəlama söykənərək bugünkü yazının mövzusuna qayıdıram. Mən onunla yol-yoldaşı da olmuşam. Kədər, sevinc yoldaşı da məclislərin badə yoldaşıda və bütün məqamlarda ondakı səmimiyyətə, olduğu kimi göründüyünə şahidlik etmişəm. Təbii ki, bu anda Söhbət Rəşid Faxralıdan gedir.
Rəşidlə ilk görüşümdən bugünə qədər özüm də bilmədən içimdə ona bir güvən olubdu, ona bir ərk olubdu. Yəqin ki, bu da onun həm də şairliyindən bəhrələnib. Çünki o, təkcə publisist kimi yox, həm də şair kimi sözün içində olan adamdı. Publisistikasında nə qədər səmimidirsə, poeziyasında da bir o qədər odlu və çılğındı. Onun şeirləri sevgi havalıdı, oxuyanda elə düşünürsən ki, 18 yaşlı eşq havalı bir gənclə həmsöhbətsən və maraqlı olan məqamlardan biri də budur ki, Rəşid Faxralı birmənalı şəkildə bəyan edib ki:
Əqidəmin quluyam,
Haqqam, haqqın yoluyam,
Türkəm!
Mən türk oğluyam,
Qisasdı andım mənim!
Bu bir bəndlik şeir Rəşidi tanımayanlara müəllif təqdimatıdı. Şeiri oxuyanda bilirsən ki, bu imzanın sahibi kimdir, nəçidir və məramı nədir. Yeri gəlmişkən onu da vurğulayım ki, Rəşid Faxralı yazdığı şeirlərdə, poemalarda Azərbaycan əsgərinin obrazını həmişə qabardıb, onların qəhrəmanlığını həmişə təqdim və təqdir edibdir, göstəribdir. Özü də bunu o qədər sevgi ilə, yanğı ilə edib ki, şeiri oxuyanda həmin o qəhrəman əsgərin və yaxud şəhidin özü ilə üz-üzə qalırsan, özünü görürsən.
Doğrudur, bu, hər bir yaradıcı adamın daxili tələbatı olmaqla yanaşı, həm də vətəndaşlıq borcu olmalıdır. Necə deyərlər, təbii olanı təqdim etmək isə artıq ürək işidir. Yəni insanın iç dünyası o qədər pak və işıqlı olmalıdır ki, onun şeir adlı pıçıltıları da əks-səda doğura bilsin, alqışlar qazana bilsin. Heç də təsadüfi deyil ki, Rəşid Faxralının özü vurğulayır ki, «Sevginin közü sözdü». Bu, həqiqətən belədir. Sevən insanın duyğularını, dilini, dodağını yandıran, ürəyini pörşələyən söz, əslində elə közdü!!!
Çünki, o sözlə sən həm etiraf, həm də təqdimat edirsən. Elə Rəşid Faxralı da bütün yaradıcılığında öz yanğısını məhz sözlə, özünün dediyi kimi közlə çatdırır bizə:
Tanrım verən ömür sənindi, Vətən,
Sinənə daş dəysə dağ-dağ olaram!
İrili-xırdalı yaralarına
Sarğı əvəzinə yarpaq olaram!
Bayrağın bir daha göylərdən enməz,
Türk uğur üstədi, yolundan dönməz!
Kölgəndə yağılar kölgələnəmməz,
Sərhəd dirəyinə bayraq olaram!
Sənin yaran boyda dərdi-sərim var,
Yaran gizildəyir…
Qəm-qəhərim var…
Səndə qəbrim boyda torpaq yerim var,
Qanlı torpağına torpaq olaram!
Bu şeir şairin həm də monoloqudu. Onun istək və arzusunun Vətən qarşısında vətəndaşlıq missiyasının göstəricisidir. Özü də bir poemadan götürülmüş bu parça həmin o böyük vətəndaşlığın yalnız bir anıdı. Bunu mən bilərəkdən qısa şəkildə təqdim etdim ki, oxucu Rəşid Faxralı dünyasına nəzər sala bilsin. Həyatda görüb qarşılaşdığı, sadədən-sadə görkəmi ilə hər kəsə ürək dolusu münasibət ifadə edən bir ehtiyatda olan zabitin silahı olan qələminin kəsərini də hiss etsin.
Onunla hər görüşümdə, hər söhbətimdə mən birmənalı şəkildə 1990-cı ilə qayıdıram. O ildən bu günə Rəşidlə birlikdə gəlirəm. İstər «Xalq ordusu» qəzetində, istər «Ədalət» qəzetində, istər hərbi nəşriyyatda və ümumiyyətlə, olduğu hər yerdə Rəşid mənim üçün ADAM KİMİ ADAM olaraq görünür və görünəcəkdir. Sonuncu sözümə isə heç bir şübhəm yoxdur. Çünki bugünə qədər dəyişməyən, kobud desəm erroziyaya uğramayan Rəşid Faxralı 70 yaşından sonra da dəyişməyəcəkdir. Amma…
Bəli, bu ammanı mütləq yazmalıyam. Ona görə ki, Rəşidin sevgi dolu, eşq dolu ürəyi aşiqliyə təşnədi. O özünün mütləq sevgisindən dünən yazdığından bu gün daha çox yazır və yazacaqdır. Yəni onun tükənməyən sevgisi gözəlliyi predmet kimi görüb, dəyərləndirir, dəyişən gözəllik predmeti isə təkcə zərif cins deyil, həm də bütün çevrəmizdir. Bax, bu mənada onun sevgi şeirlərindəki dünyanı olduğu kimi görmək də hünər istəyir - oxucu hünəri!
Mənim dəyərli ürəkdaşım Rəşid Faxralının 70 yaşına kiçicik bir hədiyyə kimi qələmə aldığım bu beş-altı cümlə ona ünvanlanan təbrikimdir. Yazımda xatirələrə yer ayırmadım. Çünki o xatirələr yalnız ikimizə aiddir və bir də ikimizə aid olan özəl söz dünyamız var! . Biz o dünyada bir yerdəyik. Belə də olacaq və qalacaq. 70 yaşın mübarək, Rəşid Faxralı! Həm də cənab Mayor!