adalet.az header logo
  • Bakı 13°C

Polis bizim hər birimiz deməkdir... - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
90757 | 2022-07-02 17:56

... Aha, indi saxlayacaqlar, dayandırıram maşını. Gülümsünürük bir-birimizə. Onun təbəssümü məcburi kimi görünür. Heç mən də sevinmiş deyiləm (məlum, hamı artıq yorulub bu məhkumluqdan). Yoxlayır icazəmi və "gedin, xanım" deyir... Bilmirəm, niyə Javer düşür yadıma. Qanunun sədaqətli xidmətçisi Javer. Qanunu pozanda intihar edən Javer. Görən, günün altında xidmət edən bu cavanların nə qədəri Javeri tanıyır??? Gör nə fikirləşirəm... Heç indi klaviaturanı dınqıldadıb özünə yazan-pozan deyənlərin çoxu oxumayıb "Səfillər"i...

Yenə romantikaya qapıldım deyəsən. Polis xidməti vəzifəsini yerinə yetirir, mən də işə gedirəm - vəzifəmi yerinə yetirməyə.

***

Yaradan insanı xəlq eləyib yer üzünə göndərəndən saleh əməllərlə birgə bəd əməllər də onunla yanaşı gedir. Və bəşəriyyətin inkişaf edib dövlətlər qurma tarixində cinayət-cəza mexanizmi hər zaman işləyib. Antik dövrlərdən üzü bəri.

Dövlətin var olub da formalaşmasına nə qədər vaxt lazımdı? Bir xeyli deyək. Və dövlətin var oluşunu təmin edəcək təşkilatların da bir o qədər deyək.

Cinayət varsa, cəza da olmalıdır. Cəza varsa, bunu tənzimləyən qanunlar da olmalıdır. Qanun varsa, hakim də var, istintaqı aparan da var, cəllad da var... Var...

Əslində insan övladının hər zaman yaşadığı mühitdə əmin-amanlıq, asayiş içində yaşamaq haqqı var. Və hər zaman bu haqqı pozanlar da tapılır... Buna görə də polis orqanlarının tarixi insanlıq tarixi ilə bərabər gəlir. Qədim yunan sözüdü (çox terminlər kimi) - politeia- idarəçilik. Məncə, "qorumaq" sözü daha uyğundu bu anlayışa - əhalinin asayişinin, əmin-amanlığının, dövlətin və ictimai quruluşun qorunması... Afinada bu məqsədlərlə 300 nəfərlik oxçu dəstəsi fəaliyyət göstərirmiş. Qədim Misir və antik Romada da eyni prinsiplə işləyən dəstələr mövcud olub. İnsanların qələbəlik olduğu yerlərə nəzarət, idman yarışlarının keçirildiyi ərazilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə... Və təbii ki, rejimlər, ölkələr dəyişsə də, polisə hər zaman, hər yerdə ehtiyac olub. Cinayət varsa, cəza olmalıdı. Cinayət isə hər zaman və hər yerdə var... İlk dəfə "polisiya" sözünü Saksoniya kurfyustunun kansleri işlədib. İctimai asayiş mənasında. Amma ta qədim dövrlərdən bu asayişi təmin edən adamlar mövcud olublar. Bunlar uzun söhbətlərdi, ancaq yeni tipli, müasir polis sistemini 1829 -cu ildə Londonda Robert Pil tətbiq edib. Və görünür yaxşı tətbiq edə bilib ki, indiyə qədər də Britaniya polisinə Bobbi (yəni Robert isminin qısaldılmışı) deyirlər. Və indiyə qədər də "Pilin doqquz prinsipi"ndən istifadə olunur. Yeddinci prinsipdə deyilir - Ənənələrə dayanaraq əhali ilə sıx münasibətdə olmaq vacibdir. Polis cəmiyyət, cəmiyyət isə polis deməkdi. Çünki polis də cəmiyyətin içindən gəlir və cəmiyyətin rifahı həm də polisin rifahı deməkdir.

Dəqiq və bütün zamanlar üçün deyilmiş kəlamdır. Xalq zəngindirsə, polisin də işi asanlaşır, xalq zəngindirsə, içində qəzəb olmur. Bu dövlətin öz təməl prinsiplərinə hörmətidir. Yəni dövlət güclüdürsə bu, polisin işində özünü göstərəcək...

 

***

 

Dövləti sevirsənsə, onun atributlarını da sevirsən. Bayrağın altında rahat yaşayırsansa, o bayrağı sevəcəksən. Müstəmləkə ölkələrində isə...

Qurbanəli bəyin naçalniki qarşılama səhnəsini xatırlayırsınızmı?

"Bir az keçdi genə qaçaqaç düşdü; dedilər "naçalnik gəlir". Qlavaların biri at üstə çaparaq gəlib özünü saldı yerə və həyətə soxulub qaçdı xanımın qabağına və çığırdı:

- Naçalnik idyot.

Xanım bir girdi içəri, bir çıxdı balkona. Qonaqlar da çıxdılar həyətə və qaçdılar qapıya. Tappıltı, şaqqıltı və çığır-bağır, qoyma, dinmə, çəkil, gəl, get... axırda bir yoğun çinovnik girdi həyətə, yeridi xanıma tərəf, sol əli ilə börkünü çıxardıb sağ əlini uzatdı xanıma və xanımın əlini öpüb qonaqlarla bir-bir əl-ələ verib qalxdı balkona və girdi otağa.

Naçalnikdən sonra genə bir neçə qonaq gəldi. Bunların da bır neçəsi arvadları ilə gəlmişdilər." Kiçik bir epizoddu, amma nə qədər mətləblər var. Ümumiyyətlə, bu hekayə bizim dövlət, xidmət ,"naçalnik" anlayışımzı çox dərindən açır. Əbdürrəhim bəy Haqverdiyevin əsərləri də eləcə. Yadelli hakimləri xalq sevə bilməzdi, ona görə də bəzək-düzəkli adlar da qoyurdu onlara. Həm qorxurdu, həm də sancırdı. Bu münasibət neçə yüz ildi yaşayır genetik yaddaşda. Və qorxunun içində öz övladını da həmin yerdə görmək arzuları da var. Oğlunu poqonlu, tapançalı görmək arzuları... Qanun daşıyan biri kimi yox, məhz güc təmsilçisi kimi görmək...

Sonra sovet hakimiyyəti yerlərdə öz nümayəndələrini yetişdirməyə başladı. Dövləti qəbul etmək üçün onun gücünə yaxınlaşdırma prosesi başladı - öz tapançalılarımız, öz poqonlularımız... Və təbliğat maşını işə düşdü - ədəbiyyat , kino... İndiyə qədər hamı xatırlayır qanunun gücünü anlatmaq üçün "Mehman" "Brilyant məsələsi","Qara volqa" ,"Cəbhədən cəbhəyə" əsərləri yarandı... Adamlar bu əsərləri su kimi içirdi... Filmlər də eləcə... Və o vaxt milisə kimsə kəm gözlə baxa bilməzdi... Dövlət, qanun milisin obrazında təcəlla edirdi.

Deməli, bunun yolu var və biz bu yolu keçmişik... Yenə mümkündü... Və o qədər maraqlı mövzular da var ki... Lap keçmişdən olsun. Yeni nəsil hardan bilsin, çox uzaq olmayan tarixdə respublikanın Daxili İşlər Nazirini öz kabinetində güllələyiblər...

 

***

 

Söz vaxtına çəkər, iyunun sonu idi, sadəcə,1978-ci il. Atamın bir dostu bağına qonaq dəvət etmişdi. Axşamüstü idi və böyüklərin söhbətindən belə anladım ki, nəsə fövqəladə hadisə baş verib. Diqqətlə qulaq asdım, dedilər ki, Daxili İşlər Naziri öz kabinetində güllələnib... Dünyaya sabit və sakit kimi görünən böyük sovetlər ölkəsində belə hadisə?..

1978-ci il iyunun 30-da respublikanın bütün qəzetlərində dərc edilən bu məlumat bütün ölkədə heyrətlə qarşılanmışdı. "Azərbaycan SSR Ali Sovetinin deputatı, respublika daxili işlər naziri, general-leytenant Arif Nəzər oğlu Heydərov xidməti vəzifəsini yerinə yetirərkən faciəli surətdə həlak olmuşdur!". Arif Heydərovla birgə kabinetdə olan müavini, general Səlahəddin Kazımov və köməkçisi - podpolkovnik Əziz Səfixanov da qətlə yetirilmişdi. Sonda cinayətkar özünə də atəş açaraq hadisə yerində keçinmişdi. Bu nə terror idi, nə də dövlət çevrilişinə cəhd.

İstintaqın gedişində məlum olub ki, Şuşa həbsxanasının zabiti Ziya Muradovun şəxsi evi olmadığından ailəsi ilə qala bilməyib. İş yerini dəyişmək istəməsi ilə bağlı dəfələrlə verdiyi ərizələr cavabsız qalıb. İki dəfə nazirin qəbulunda olub. Nazirin çıxardığı qərarların heç biri icra edilməyib. Qətl günü nazirliyin idarəsindən kağız parçası tapılmışdı. Kağızda belə yazılmışdı:

"Nazir müavini S.Hüseynova, kadrlar şöbəsinin rəisi polkovnik Ş. Məmmədquluyevə, kadrlar üzrə inspektor F. Əfəndiyevə: siz rüşvətxor, süründürməçiləri də ölüm gözləyir".

Sonra hərə qulaq asdıqları xarici radiostansiyalardan eşitdiyi məlumatları bölüşürdü. Desəm ki, məni çox maraqlandırırdı, düz olmayacaq. Amma hadisənin miqyası böyük idi. Öldürülən şəxs də maraq doğuran biri idi. Sonradan oxuduqlarıma əsasən deyim ki, DTK-nın önəmli kəşfiyyatçılarından biri, diplomatik sahədə fəaliyyəti olan , deputat və ölkənin birinci şəxsinin dostu idi. Onun haqqında xatirələrini də bölüşmüşdü Ulu Öndər:

"Arif Heydərov o vaxt Türkiyədə idi. Ümumiyyətlə, o, dövlət təhlükəsizliyi orqanlarında işləyərkən çox vaxt kəşfiyyat sahəsində çalışırdı. Bundan əvvəl də xarici ölkələrdə işləmişdi və o vaxt Türkiyədə idi. Mən onu Türkiyədən dəvət etdim və ona Daxili işlər naziri vəzifəsini təklif etdim. Doğrudur, o bu işə o qədər də həvəslə girişmədi. Çünki bilirdi ki, bir tərəfdən bu çətin, ağır işdir, digər tərəfdən də o, xaricdəki işindən ayrılmaq istəmirdi. Ancaq o, hiss edəndə ki, mənə burada kömək lazımdır və bu sahə çox mühüm sahədir, söhbət ayrı-ayrı adamların vəzifəsindən yox, ümumxalq prinsiplərindən, mənafeyindən gedir, bu vəzifəni öz üzərinə götürməyə razı oldu. Ondan sonra da həyatının son dəqiqəsinə qədər bu vəzifədə sədaqətlə xidmət etdi".

Sonradan nazir haqqında yazılanlardan belə qənaətə gəlmişdim ki,o təmiz, saf, işini sevən bir insanmış. Lakin sistemdə tüğyan edən çirkab onun da həyatına son vermişdi... Həmin vaxt ölkədə milis sistemində baş verən pozuntular sakit bir adamı da qaçağa çevirib, qəhrəman halına gətirmişdi. Qaçaq Hüseyn üç milis rəisini öldürüb təxminən 3 il dağlarda məskunlaşmışdı. Təsəvvür edin, 30-cu illərdən sonra belə hadisə... Deməli, nə kəskin olmaq, nə miskin olmaq... Qanuna xidmət!!!

Balkondan mahnı oxumaq da lazım deyil, insanları əzib keçmək də...

 

***

 

Cinayətin spektri genişlənib, amma ona cavab verəcək sahələrin də qüdrəti artıb. Əgər dövlət gəncdirsə, bu o demək deyil ki, hər şeyi əlifbadan başlamaq lazımdır. Bizim məmləkətdə də kriminalla mübarizənin müəyyən bir tarixi var. Biz də müharibədən çıxmışıq, burda da müxtəlif ölkələrin sabitliyi pozmaq maraqları var... Dövlətçiliyimizi yaratdığımız gündən bu günə Daxili İşlər Nazirliyi də mövcuddur və bu günə qədər səhv eləmirəmsə, 27 nazir bu vəzifəni icra edib. İlk nazirimiz Fətəli xan Xoyski olub. Parlaq simalar işləyiblər bu vəzifədə. Polis xalqla yaxın təmasda olan bir təşkilatdır və təbii ki, bundan qaynaqlanan çox nüanslar var. Qonşu toyuğunu oğurlayırsa, polisə ərizə yazırsansa, toyuq tapılmırsa, vətəndaş polisdən narazıdı. Ər arvadını döyürsə, arvad qaçıb bölməyə şikayətə gəlirsə, əri bölməyə çağırırlarsa, sabah da barışandan sonra yenə polisdən narazılıq edirlər. Və bu xırdalıqlar müxtəlif fikirlər yaradır... Təbii ki, əsaslı narazılıqlar üçün də zəmin var... İnkar eləmək olmaz. Amma, amma, amma... hər ölkənin öz yaşam gerçəkləri var, bizim ölkədə çox ağırlıqlar polisin çiynindədi. Bunu yaxından hiss edən biri kimi deyirəm. Polis günündə fikirlərimi yazmaq istədim, amma yazmadıqlarım daha çox oldu. Mən də hər doğrunun deyilə bilməyəcəyini dərindən anlayan bir kimsəyəm. Ağırlıq daşıyırsansa, şərəf olduğunu da anlayan hər adam üçün deyil bu ağırlıq... İndi demirəm, indidən keçib... Gələcəyə inanırlarsa (Kİ öz xeyirlərinədi inanmaq), başbilənlər güc strukturlarının yuxarı heyətində mədəni-maarifçilik işinə diqqət versinlər. Sovetdə bu var idi (düşmən saysanız da), yadımdadı, atam başqa şairlərlə bərabər ölkənin müxtəlif bölgələrində, müxtəlif sahə adamlarıyla görüşlər keçirirdilər. Müxtəlif söhbətlər edirdilər. Və mütləq təsiri vardı. Buna təbliğat-təşviqat işi deyirdilər. Və ona görə də o vaxtın böyük vəzifə tutan adamlarını xatırlayanlar bilir - fərqliydi o adamlar... Ən azından kimlə, necə rəftar eləməyi bilirdilər.

Ən azından hara, hansı informasiyanı göndərməyi də bilərdilər. Savadları çatardı...

Bu, dövlətçilik , dövlətçiliyə inam yaratmaq üçün çox vacibdi.

Bu gün çox təkrar olunan sözləri eşidirəm elə bil yaza-yaza... O adamlara cinayətkarı tutmaq öyrədiblər... Ən azından başında duran bir neçə nəfər ola bilərdi ki, fərqli durumlarda necə olacaqlarını desin onlara...

Bu hadisələr başlanandan dəfələrlə olub yolda karantin rejimini yoxlayan polis nəfərləri ilə rastlaşmışam. Özlərinə görə mədəni davranıblar. Amma bir az söhbət edən kimi bəzilərinin nə qədər piyada olduqların hiss etmişəm. Bu onların günahı deyil. Qəzet oxumurlar, TV seyr etmirlər (etsələr də reality şoulara baxırlar) ...

Total savadsızlıq burda da özünü qabarıq göstərir...

Müraciət qaydalarını bilmirlər əksəriyyəti. Bəlkə maarifçi kurslar təşkil olunsun? İşləri çox ağırdı bilirəm, amma belə də buraxmaq olmaz axı. Polis bizim hər birimiz deməkdi...

 

***

 

İşdən qayıdıram. Yenə yolumun üstündə onlarla rastlaşıram. Gülümsünürəm yenə. Onlar da yorğun təbəssümlə cavab verirlər...

Gününüz mübarək, əziz Azərbaycan Polisi!!!

 

 

 

Yazarın arxivindən

TƏQVİM / ARXİV