adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

923 | 2024-04-26 15:33

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Adalet.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən biri Müşfiq Atakişiyevin son söz deməsi gözlənilsə də, o, son söz üçün yenidən məhkəmədən vaxt istəyib.

Məhkəmə mayın 10-dək təxirə salınıb.

Xatırladaq ki, ötən prosesdə Dəyanət Quliyev və Samir Quliyev son söz deyiblər, Müşfiq Atakişiyev son söz üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, dövlət ittihamçısı Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Baş Prokurorluğun yaydığı məlumata görə, “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb, həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa ediliblər.

İbtidai istintaq zamanı məlum olub ki, həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyev Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verib. D.Quliyev isə bunu Samir Quliyevə tapşırıb.

Toplanmış sübutlara əsasən, rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərti ilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.

Müşviq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adamöldürmədə təşkilatçı), Samir Quliyev (icraçı) isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adamöldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev “Təfəkkür” Universitetinin rektoru olub. “Təfəkkür” Universiteti 2017-ci ildə ləğv edilib./apa

  • May:
  • 3

TƏQVİM / ARXİV