və yaxud Anasızlığımın başlanğıcı...
"Hər dəfə onunla diz-dizə oturanda gözlərimi gizlətməyə çalışıram, baxa bilmirəm gözlərinə. Çünki əsən əlləri, qırışlardan bütün gözəlliyini itirmiş sifəti mənim ürəyimi parçalayır. Saçlarında bir dənə də olsun qara tük yoxdu. Mən heç xatırlamıram artıq onun saçlarının qara olduğunu. Elə bil ki, bu dünyaya üzündəki saysız qırışlarla, əsən əlləriylə, bəmbəyaz saçlarıyla gəlib anam. Mənim səsi məlhəm, əlləri ipək, saçları göyçək anamın izi-tozu qalmayıb bu dünyada. Onlar qeybə çəkilib. Çünki mən günahkaram...
Çünki mən onun 1988-ci ildən o yanda qalan illərini qoruya bilməmişəm... Buna görə də baxa bilmirəm gözlərinin içinə. Amma o...
Əllərimi alıb əllərinin içinə... İkimizin əli birlikdə əsir... ikimizin nəfəsi birlikdə titrəyir... və eşidirəm onun səsini:
- Ay oğul, başının tükü nə yaman ağarıb? Niyə bu hala düşmüsən?
Heç nə deyə bilmirəm ona. Nə deyim axı?! Günahlarımı necə etiraf edim?! Bir oğul ki, anasını dişiylə, dırnağıyla yuva etdiyi evdə saxlaya bilmirsə, nəfəsiylə isitdiyi divarların arasında yaşada bilmirsə və bir də bütün gəncliyini, gözəlliyini, dizinin taqətini, gözünün nurunu bələdiyi evdə bu yaşına gətirib çıxara bilmirsə, onda niyə ağarmasın saçları? Onda niyə düşməsin bu hala?!
“Soruşma, ana, məndən heç nə soruşma. Mən sənə cavab vermək gücündə deyiləm...."
Oxuduğunuz bu cümlələr anama bu ilin 8 mart Qadınlar bayramında yazdığım məktubdandır... Onda, yəni bu məktubu yazanda ağlıma da gəlməzdi və heç gətirməzdim ki, cəmi 46 gündən sonra, yəni 24.04.2024-cü ildə anam bir mələk kimi yığışıb köçüb gedəcək gəldiyi Tanrı dərgahına!.. Mən bu bəlli tarixi yazıb sanki yuxudan oyanmış kimi rəqəmlərin düzülüşünə baxdım... eyni rəqəmlər sadəcə sırada yerlərini dəyişmişdi!.. Məncə bu heç də təsadüf deyil... bu, həqiqətən anamın bir mələk olduğunun təsdiqidir!.. Axı, mələklər də göy üzündə - Tanrı dərgahında yaşayırlar və övladlarını, sevdiklərini oradan izləyirlər...
24.04.2024... gecə... saat 03.44... Artıq son beş gündür ki, anam su da içmir... sadəcə gözləri yumulu vəziyyətdə ağır-ağır nəfəs alır... yanaqları solub... dodaqları çatlayıb... tez-tez nəm pambıqla dodaqlarını silirik... həmin nəm pambıqdan daman su da onu sanki boğur... çeçədir... öskürdür... Bütün ailə yığışıb onun ətrafına... Danışdırmaq, səsini eşitmək istəyirik... O isə susur... Elə bil ki, bütün varlığı ilə balalarını dinləyir... bəlkə də...
Oturmuşam çarpayısının yanında... Və düşünürəm... düşündüklərimi özüm üçün qeyri-ixtiyari pıçıldayıram: - Həyatda ən dəhşətli an - ovcunun içində ana əli, gözünün sancıldığı ana gözləri... və sən bir oğul kimi onu əbədi ayrılığın əlindən almaqda çox gücsüzsən... bağışla, Ana... bağışla...
Həmin gecə çox qəribə bir hadisə baş verdi... indi də xatırlayanda Ana qüdrətinə, Ana gücünə və Ana fəlsəfəsinə mat qalıram... İlahi, anam bizlə necə vidalaşdı!!! Təsəvvür edin ki , həmin xatırlatdığım anlarda anamın gözlərinin yuvasında iki damla yaş... və o, son gücü ilə göz qapaqlarını qaldırıb mənə... hamımıza baxdı... və... köçdü!!!! Əbədi evinə... Tanrı dərgahına getdi... bu cür VİDALAŞMANI yalnız analar bacarar... yalnız onlar belə köçə bilər...
Sanki qurumuşam, sanki donmuşam
Allah göz yaşı da vermir, ağlayım...
Gözləri gözümə köç etdi indi -
Anamın gözünü necə bağlayım?!.
Sönüb varlığımda həyat izləri
İçimin tüstüsü qara buluddu...
Bu hansı günahım, hansı ahımdı -
Yanımdan sürüşüb anamı tutdu?!
Söz tapa bilmirəm -dilim də dönmür
İçimdən keçəni mən açıb tökəm...
Bilirəm, analar köç edir, - ölmür -
İndi gücüm yoxdu, önündə çökəm!..
Ana, göz yummaram tay bundan sonra
Sənin gözlərini güldürmək üçün!..
Hər gün axtaracam, gəzəcəm çarə -
Ana ölümünü öldürmək üçün!
***
...Kimsə anamın üzünü örtdü... Həyatımda ilk dəfə acı-acı hıçqırtı ilə ağladım... sonra bu hıçqırtı dəhşətli hönkürtüyə çevrildi...
Ürəyim saplağından üzülmüş kimi idi... Məni sakitləşdirmək istəsələr də toparlana bilmirdim... əyilib anamın üzündən öpdüm...
Solğun yanaqları bir anın içində buz kimi olmuşdu... İlk ağlıma gələn bu oldu ki, bəlkə anama soyuqdu... bəlkə anam üşüyür??? Təkrar əlimi üzünə, ağappaq saçlarına çəkdim... yox... yanılmışam... mən onu öpəndən sonra onun Ana hərarəti qayıtmışdı... məni ovundurmaq üçün...
Təsəlli verən hər kəsə -
"Sağ ol!" - söyləyib susuram...
Tapmayıb başqa bir nəsə -
İçimdə sözdən küsürəm!..
Bu anım ahın tüstüsü
Canımı ütür istisi!..
Pozulub ömrün ütüsü -
Mən tay ümidi kəsirəm!
Dolaşır ayağım, dilim
Uzanır saqqız tək ilim...
Anamı aparan ölüm -
Başı aşağı gəzirəm!..
Lap ilkdən belədi axın -
Deyən, ay uzaq, ay yaxın!
Məndə oğulluğa baxın -
Bir həftədir ki, dözürəm!..
Deyirlər torpağın üzü soyuqdu... unutdurur... ya da inandırır cismani yoxluğa... Bəlkə də belədi... amma şəxsən mən bu deyimlə razılaşmıram... Ananı necə unutmaq olar? Bax elə bu yaşımda da ağrı mənə güc gələndə "Ay Ana"- deyib ufuldayıram... Yaşımızdan asılı olmayaraq hamımız beləyik... Sadəcə bu ayrılıq bizi ana nəfəsinə, ana qucağına, başımızı qoyub mürgülədiyimiz ana dizinə həsrət qoyur... bu cismani təmasları əlimizdən alır!!!
Beyləqandakı məşhur məzarlıqda - Cərgis peyğəmbər ziyarətgahı ərazisində - atamın məzarı yanında torpağa tapşırdım ANAmı... Dəfndən öncə məzara diqqətlə baxdım... hətta məzarqazanlardan soruşdum ki, necədi? Rahatdırmı yeri anamın?
Təəccüblə üzümə baxan məzarçı "Narahat olma, rahatdı" - dedi... Baxışlarından və sözü deməyindən hiss etdim ki, məndən ağlı bir şey kəsmədi... ona görə də "yola verdi" məni... Onu da qınamıram... Axı o mənim ağrımı mənim kimi duya bilməz? Ona görə qazılmış məzarın ayaq tərəfinə keçib susdum... anamı dəfn etdik... Onun əbədi evinin qapısı bağlandı... Və mən yenə də özümü tuta bilmədim... Göz yaşlarım Anamın məzarına damdı...
Nə zəng gözləyirəm, nə də ismarıc
Artıq son ümid də döndü ilğıma...
Bu da məzar yeri - on-onbeş qarış -
Gəlməzdi bu mənim heç vaxt ağlıma!..
Diz çöküb son dəfə öpdüm üzündən,
Göz yaşım oyada bilmədi onu...
Dünyanın ən acı selin gözümdən -
Tərpənib, ovcuyla silmədi onu...
Özümü sıxmağım uğursuz oldu,
Hönkürtü içimdə üsyan elədi...
Bu necə qədərdi, bu necə yoldu -
Heç kim "Yolun açıq olsun!" - demədi.
Bəlkə fikirlərim yersiz, mənasız
Ya da kimlərəsə gülünc görünür...
Mənsə barışmıram, çünki anamın -
Əbədi deyilən evi hörülür...
... Bu yazdıqlarım anamla keçirtdiyim son anın mənzərəsidi... amma hamısı deyil... İndi hamısını yazmaq gücüm yoxdu... Və bir də həmin "Əbədi evin" kandarından da "Analı günlərim" başladı... Bundan sonra yaşayacağım günlərim... "Əbədi evində" nur içində yat , ANA!..