Amil Xəlil «Space» kanalında çox maraqlı bir proqram hazırlayıb: «Gəl, danış». Axtarır, arayır, unudulmuş sənətkarları, özü də o sənətkarları ki Azərbaycan musiqisində, mədəniyyətində izlər buraxıblar, tapır və xalqa təqdim edir. Özü də tam səmimi və dopdolu.
Bu proqramı maraqla izləyirəm.
Sonuncu proqramını da «Qarabağ bülbülləri»nin, vaxtilə dünyaya səs salan «bülbüllərinin» unudulmaqda olan xanəndələrinə həsr eləmişdi.
Çox qəribədir, demək olar ki, bütün proqram «Qarabağ bülbülləri»nin yaradıcısı Murad Rzayevin tənqidinə köklənmişdi. Söhbətdən belə çıxırdı ki, bu ansamblı 1963-cü ildə o vaxt Pionerlər Evinin direktoru Kamal Bağırov yaradıb. Pionerlər Evi uşaqlar üçün bir yaradıcılıq dərnəyi idi, özü də mədəniyyətin bütün sahələrində. Mən də təzəcə Ağdama köçəndə tar çalmağı öyrənmək üçün getdim Pionerlər Evinə, qabiliyyətim olmadığına görə öyrənə bilmədim. Yəni Pionerlər Evi məktəb idi. Kamal Bağırov işdən çıxandan sonra həmin vəzifəyə bəstəkar, mahir tar çalan və yüksək təşkilatçılıq qabiliyyəti olan Murad Rzayevi təyin etdilər. O da dərhal Ağdamın şəhər və kəndlərini gəzib ən istedadlı uşaqları tapıb üzə çıxartdı və bir ansambl yaratdı, adını da qoydu «Qarabağ bülbülləri». Və qısa bir zamanda bu bülbüllər ölkədə hamını valeh etdi və şöhrəti respublikadan kənara çıxdı. Kremlin Qurultaylar sarayında elə bir konsert verdilər ki, Brejnev də valeh oldu. Ansamblın şöhrəti SSRİ-nin də sərhədlərini aşdı.
Bu gün Azərbaycanın neçə-neçə xalq artisti Murad Rzayevin rəhbərlik etdiyi «Qarabağ bülbülləri»nin yetişdirməsidir. Hərçənd ki çıxışlarında Murad müəllimin adını çəkmirlər.
Müharibə başlayanda Ağdam darmadağın olan kimi bu ansambl da dağıldı. Ansambl üzvlərinin çoxu «Gəl, danış» proqramında Kremldə hamını heyrətə salan bülbüllərdən biri Nazim müəllimin dediyi kimi, ailəni dolandırmaq üçün bu sənətdən əl çəkdi.
Yeri gəlmişkən, «Qarabağ bülbülləri» haqqında ən gözəl filmi Xamis Muradov və rəhmətlik Aydın Dadaşov çəkmişdi və bu film də Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdü. Bilmirəm, «Youtube»da var, ya yox, varsa açın baxın. Bu film «Qarabağ bülbülləri»nin sonrakı həyatlarından bəhs edir.
Aradan müəyyən illər keçəndən sonra Murad Rzayev Bakıda yaşayan ağdamlı «pionerləri» arayıb-axtarıb ansamblı yenidən təşkil elədi. Və bir dəfə də məni çağırdı ki, gəl, məşqimizə qulaq as. Getdim gördüm ki, məşqi Nərimanov rayonunda bir zirzəmidə keçirlər. Evləri-eşikləri dağılmış, yurd-yuvalarından perikmiş bu «pionerlərə» normal bir məşq yeri ayırmamışdılar.
Ayrılanda Murad müəllimə dedim:
- Dostum, bu zirzəmidən Qarabağ bülbülləri deyil, Qarabağ cüllütləri çıxar.
Sözün düzü, Murad Rzayevin səhvləri vardı. O, qaçqın düşdüyü İsmayıllıdan Ağdama qayıtmalı idi, daha doğrusu, Quzanlıya, rayon icra hakimiyyəti də ona hər şərait yaradardı, qəsəbələrin birində evlə təmin edərdi. Və o da yenidən işğal altda olmayan kəndlərimizdən istedadlı «pionerləri» axtarıb tapıb ansamblı təşkil edə bilərdi.
Hələ gec deyil, Murad müəllimin yaşı keçsə də həvəsi də yerindədi, qabiliyyəti də, təşkilatçılığı da.
Və yeri gəlmişkən, gözəl xanəndə Nazim müəllimə də «Günaydın» proqramında Murad Rzayev haqqında dediyi xoş sözlərə və haqqını itirmədiyinə görə təşəkkür edirəm.
«Qarabağ bülbülləri»nin məndə də xoş və nisgilli bir xatirəsi var. Oxucunu yormamaq üçün yazmıram, gün gələr, yazaram.