
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
ADY-dən Adalet.az-a bildirilib ki, hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub, bütün ərazilərə nəzarət edilir, hər hansı hadisə baş verdikdə operativ reaksiya verilir.
Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik.
****
Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunur.
Adalet.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Buna səbəb güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, ağacın kontakt şəbəkənin üstünə aşması və elektrik enerjisinin kəsintisi kimi halların qeydə alınmasıdır.
Qeyd olunub ki, ADY ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz də çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Baş verən bütün hallara qarşı öncədən hazırlıqlar görülüb və operativ reaksiya verilir. Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”.