Sağ sözün sahibi - Əbülfət Mədətoğlu yazır 

ƏBÜLFƏT MƏDƏTOĞLU
141 | 2025-02-19 09:48

Sanki  Allah onu   hamı üçün doğma yaratmışdı. O qədər doğma idi ki, onunla ilk tanışlıqdan hər kəs özünü ya onun bacısı, ya da qardaşı sayırdı. Davranışı, səmimiyyəti, diqqəti və qayğıkeşliyi fərqləndirirdi onu. Mən tanıdığım müddətdə bir dəfə də olsun onun səsinin azacıq da olsa yüksəldiyini eşitmədim, hiss etmədim. Telefon söhbətlərimizdə ilk kəlməsi «Salam, qardaş» olardı və mən də bu səsin sahibinə bacı deyirdim. Özümə  bacı bildiyim  Fərqanəyə aid olan  səsə elə öyrəşmişdim ki, bəzən heç dəxli olmadan da zəng vurub hal-əhval tuturdum. Ömrünün son illərində daha çox telefonla danışırdıq. Namərd xəstəlik onun təbəssümünü oğurlamışdı, onun sevincinə qənim kəsilmişdi. Amma buna baxmayaraq o, özünü ayaqda tuta bilirdi. Hətta kimlərinsə halına da yanırdı, onlara diqqət də göstərirdi. Dəfələrlə gənc yazarlardan kimisə göndərirdi yanıma və zəng edirdi ki, qardaş, bu istedaddır, onun yazılarının çapına kömək et.! Bax belə bir ürəyin sahibi idi Fərqanə Mehdiyeva!

Elə bugünlərdə – yəni ötən istirahət günü dəyərli dostumuz, yazıçı-publisist Aləm Kəngərli bizi bir araya yığdı, oturduq ədəbiyyatdan, sənətdən, özümüzdən danışdıq, Fərqanəni də xatırladıq və həmin görüşdə Aləm Kəngərli redaktor olduğu və mənim barəsində yalnız məlumat bildiyim bir kitabı bağışladı mənə. Bu Fərqanənin ölümündən sonra işıq üzü görən «Gedirəm torpağı qucaqlamağa» adlı  şeirlər kitabı idi…

Düzünü deyim ki, kitabın adı bir anlıq məni gücsüz, təpərsiz, hətta nəfəzsiz etdi. Bilmirəm, kim tapmışdı o adı. Amma qəribə idi. Üz qabığındakı şəkil o adla bir-birini elə tamamlamışdı ki, sanki Fərqanə indicə torpağı qucaqlayacaq. Mən  yaşadığım  həmin  anın içərisində Fərqanənin səsini eşitdim. O hər söhbətimizdə torpaqdan, qovuşmaq istədiyi anasından, ümumiyyətlə, olumdan, ölümdən bəhs edərdi mənə. İndi kitabın adını oxuyanda həmin o söhbətlər onun öz səsində, yaddaşımda təzələndi və elə ona görə də həmin tədbirdən sonra bir xeyli düşündüm. Kitab rəfimdəki kitabları vərəqlədim. Yazıdığı avtoqrafları təkrar oxudum və qayıtdım Aləm  Kəngərlinin mənə verdiyi kitaba…

«Ulduz» jurnalının AYB ilə  birgə layihəsi əsasında işıq üzü görmüş bu kitab Fərqanənin şeirlərinin təkcə mənzərəsini yox, həm də səsini, rəngini də özündə ehtiva edib. Kitabın tərtibçiləri, redaktoru, elə bil ki, xüsusi bir diqqətlə, qayğı ilə sıralayıblar bu şeirləri. Oxuduqca haldan-hala düşürsən, xatirələr təzələnir və ən vacibi vaxtsız itirdiyimiz bir şairin kövrək, həzin misraları həm də onun həyatının şəkili kimi durur qarşımızda. Fərqanə yazır ki:

 

Bilirsən, dərd dolu körpü özümdən,

Hayandan gəlirəm, hara gedirəm.

Kəndiri özümdən, ipi özümdən,

Neyləyim, çəkilib dara, gedirəm.

 

Keçmə qabağıma, kəsmə yolumu,

Bu gün dostlarımın hayı olacaq.

Bəlkə də, düşürsən savabına sən,

Sonbeşik şeirimin toyu olacaq.

 

Qıyma gözlərinin yaşına dönüm,

Bu da qismət imiş qınaq olmağa.

Kəsmə qabağımı, başına dönüm,

Gedirəm Tanrıya qonaq olmağa.

 

Bu ayıq könlümü çətin yatdırım,

Qələmim gecələr sınar, yorular.

Bəlkə söz-sovum var, denən, çatdırım,

Şairlər Allaha yaxın olurlar.

 

Bu da bir tilsimdir, çıxa bilmirəm,

Beləcə qaçıram ölümə sarı.

Hünərin çatırsa, bağla yolumu,

Mən də sənin kimi yaşayım barı,

Mən də adam kimi yaşayım barı.

 

Bu şeiri oxuduqca təkcə bir ailənin, bir evin yaşamı deyil, həm də bir şairin bütün oxucularına duyğularını, hislərini ünvanlamasına şahid olursan. Burda həm də ömür-gün yoldaşı ilə bir halallaşma, vidalaşma, hardasa baş verənlərlə bağlı  həqiqətən üzücü olan etirafı da görmək mümkündür. Ona görə də şeir adamı tutur, adamın canına, qanına hopur. Şəxsən mən bu məqamda heç nə edə bilmədiyim üçün susmaqdan başqa bir çıxış yolu tapa bilmirəm. Ona görə də yenə üzümü tuturam həmin kitaba. Həmin kitabda isə Fərqanə anasına üz tutur, ona yazır:

 

Göz aça bilmirəm iş-güc əlindən,

Əllərim qoynumda bükülüb qalıb.

Dağı aşırıram, işə nə var ki,

Ana, şeirlərim tökülüb qalıb.

 

Kimi bazar tikir, kimi ev-eşik,

Hamı da fırlanır bu Yerin üstə.

Yarandığım gündən evim tikilib,

Mən sətir qoyuram sətirin üstə.

 

Sağ olsun, sağ olsun yenə də dostlar,

Başımın üstünü kəsib dururlar.

Mənim kimim var ki, bu dar şəhərlə,

Könlümü şeirlə ovundururlar.

 

Dönüb gələcəyəm Kür tərəflərə,

Bir həsrət könlümü yenə də sıxır.

Guya məktub idi sənə yazdığım,

Nəyə əl atıram şeirlə çıxır…

 

Burda bir məqamı da vurğulayım ki, Fərqanə xanım ana itkisindən sonra ANA-ya  daha çox üz tutan, ona daha çox kövrək misralar həsr edən şairlərimizdən biri idi və şəxsi söhbətlərimizə mən bu mövzu ilə bağlı soruşanda kövrəlib vurğulamışdı ki, biz təkcə ana-bala deyildik, həm də bacı idik, rəfiqə idik. Bu söz mənim üçün içimdəki sualın birmənalı cavabı olmuşdu. Ona görə də Fərqanə xanımın ana mövzusunda şeirlərini oxuduqca həmişə dediyi sözü özümdən asılı olmadan xatırlayıram. Və bir də Fərqanə xanım dünyasını dəyişən qələm dostlarına da, vaxtsız itirdiyimiz söz adamları ilə bağlı  das həmişə bir sarsıntı yaşayırdı. Onların yoxluğu ilə barışa bilmirdi. Bir də görürdün ki, həmin o kədər onun mövzusuna çevrilib. O yoxluq onun qələmində misralanıb. Yəqin bu da onun iç dünyasındakı çoxlarımızda olmayan itki ilə barışmamaq hissindən boy verirdi, özünü göstərirdi. Təbii ki, barışmazlıq Allahın iradəsinə qarşı çıxmaq deyildi, asilik deyildi. Amma burda bir az özü, öz duyğularını dilə gətirmək gerçəkliyi var idi. Bunu da Fərqanə Mehdiyeva edirdi, gizlətmirdi sızıltısını, hətta anasına üz tutub deyirdi ki, «Apar məni yanına».

Mən Fərqanənin özündən sonra özünü mənə olduğu kimi xatırladan bu kitabını oxuduqca fikirlərimi necə bitirəcəyimi, düşüncələrimi necə kağıza köçürəcəyimi təxmin edə bilmədim. Elə ona görə də kitabdakı şeirlərdən birinin işığında onun məşhur «Təndir» şeirinin təsiri altında özüm də bilmədən indi sizə təqdim etdiyim şeiri oxumağa başladım:

 

Deyirlər, üzü bərisən,

Bir az qəlbinə dağ götür.

Birdən yadına düşərəm,

Yoluna ağ varaq götür.

 

Görən bilməz dilimi lal,

Yığ yolların gülünü al,

Şər qarışsa, könlümü al,

Əllərinə çıraq götür.

 

Deyəsən, bəxtim gətirir,

Qarşıma çıx sətir-sətir.

Öləni hamı götürür,

Barı sən məni sağ götür.

 

Bəli, bu şeir mənə çox məqamları xatırlatdı, çox dərin bir mənanı sərgilədi. Ən azından bir daha əmin oldum ki, həyat gəlimli-gedimli olduğu kimi, olumlu-ölümlü mənasını da gizlətmir, arxa plana çəkmir və insana, xüsusilə, söz adamına hiss, duyğu sahibinə pıçıldayır ki, heç kim ortada qalmır. Kimsə kimisə yerdən götürür, amma ölü kimi götürməkdənsə sağ kimi götürmək daha vacibdir, daha qiymətlidir. Deməli, Fərqanə bacımın özü bəlkə də hiss edib və yaxud hiss etmədən bizə pıçıldayıb bunu, deyib ki, məni sağ götürün. Biz sağ olduqca, söz var olduqca xatırlanacaqdı. Biz onu söz olan hər yerə özümüzlə götürəcəyik, sağ sözün sahibi kimi.

TƏQVİM / ARXİV