adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Şairin içindəki MƏN - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
440 | 2022-09-15 16:26

Və yaxud oxucudan gələn XAL

 

Tanıdığım, yaradıcılığına bələd olduğum söz adamları ilə bir araya gəlmək, bir mövzu ətrafında fikir bölüşmək təbii ki, xoşdu. Ən azından ona görə ki, kiminlə danışdığını, kiminlə fikir bölüşdüyünü bilir və bu müstəvidə özünü rahat hiss edirsən. Bax, bu mənada indi «Bir şairin bir şeiri» layihəmdə həmsöhbət olmağa qərar verdiyim söz adamı, Azərbaycan ədəbi ictimaiyyətinin yaxşı tanıdığı və kifayət qədər də titulları olan Rəşad Məciddi. Mən onu «Roman (sevgi şeirləri)» kitabının elə onun dediyi notlar üzərində, yəni qəlbimə bir sevgi arzusu ilə bir neçə dəfə oxumuşam və bu gün yenə həmin o, ilahidən etdiyim dilək məni  bu   kitaba qaytarıbdı - Rəşad Məcidin   kitabına!

Öncədən deyim ki, mən şair dostlarımın, ustadlarımın, klassiklərimizin yaradıcılığında bir məqama həmişə diqqət yetirmişəm. Həmin məqam mənə görə daha səmimi, daha orijinal və həm də diqqət çəkəndi. Bu məqam şeirdəki Mən, yəni müəllifin öz Mənini oxucuya təqdim etməsidi. Ona görə də həmişə Mənlə bağlı olan şeirlərə xüsusi yanaşıram və düşünürəm ki, oxuduğum hər şeirdə müəllif öz Məni ilə məni görüşdürür, şəmsöhbət edir. Bax, indi məni  elə Rəşad Məcidin «Məni» də bu ovqata kökləyib. Şeiri oxuduqca gözümün önündə yaranan mənzərəyə şairin Mənindən baxıram. Onun baxış bucağı altında görürəm həmin gözəlliyi. Rəşad Məcid yazıb ki:

 

Salıb tellərinin cazibəsinə

Qoymayır bir addım qırağa məni.

Qaynayan gözləri işıq paylayır,

Pərvanə eləyib çırağa məni.

 

Təbii ki, şeirin ümumi nəfəsi, mənzərəsi diqqətçəkən olduğu kimi, onun hərəkətdə, necə deyərlər dipdiri bir vəziyyətdə olması da artıq oxucunun dayandığı yerdə durmağa və həmin mənzərənin bütün özəlliklərini seyr etməyə yönəldir. Oxucu ilk andan bir cazibə məkanına düşür. Ona görə də gördüyündən gözlərini çəkə bilmir. Mən də həmin oxuculardan biri kimi seyr etdiyimin fonunda öz-özümə pıçıldayıram:

 

Bitib hər gün yolu üstə,

Dedim doğra, buda məni.

Götürüb al qolun üstə,

Bil özünə buta məni.

 

Bu bənddə isə Mən öz oxucularıma özümü nişan verirəm. Harda dayanıb nə etdiyini, ürəyimdən nə keçirtdiyimi dilə gətirirəm. Bu da hardasa Rəşad Məcidin o hərəkətdə olan Məni   ilə   paralel yoluna çıxmaq kimi bir mənzərənin cizgiləridi. Yəni hər iki müstəvidə baş verənlər elə hər iki Mənin də sevgiyə, sevdiyinə öz iç dünyasından nüfuzu, təsiri, həm də onların, yəni təsir gücünün əks-sədasıdı. O əks-səda da Rəşad Məcidin Məni vasitəsilə bu cür səslənir:

 

Sözü, kəlmələri bir-bir seçirəm,

Yanından astaca, sakit keçirəm.

Gündüz səpdiyini gecə biçirəm,

Yaxşı nökər edib varağa məni.

 

Az-çox duyğusallığı, ruhu, sevgi anlayışı olan hər kəs sevgi nökəri olmağın xoşbəxtliyini dəyərləndirə bilər. Üstəlik bu xoşbəxtliyin yaxınlığını da, yəni məsafə ölçüsünün qısalığını da uğur sayar. Çünki yanından adlayıb keçmək, sözləri seçmək,  gözaltı süzmək, bir sözlə, onun yerişini, duruşunu, baxışını, bütünlüyünü gözünə, könlünə köçürtmək bu, artıq sevənin də, indiki məqamda isə şair Məninin təkcə poetik uğuru yox, həm də ruh rahatlığı hesab oluna bilər. Təbii ki, bu mənim qənaətimdi. Ona görə də həmin prizmadan yanaşaraq mən də öz pıçıltımın ardını oxucuya çatdırıram:

 

Topa tutub nifrətimi,

Tərsə yozma ülfətimi.

Nəzərə al külfətimi,

Kahin bil, ya Budda məni.

 

Dinimdən, ictimai, sosial  vəziyyətimdən asılı olmayaraq öz Mənini onun önünə çıxarmaq və hətta onun istədiyi dinə ibadət etməyə hazır olmaq  yəqin ki, anlaşılandır. Burda söhbət pak və birmənalı sevgidən gedir. O sevgini də qazanmaq yolunda oddan, alovdan keçmək Məcnun, Qərib, Sənan olmaq, bu, bütün zamanlarda yaşanmış reallıqdır və deməli bunun üçün də sevən hər şeyə qatlaşır. O cümlədən də Rəşad Məcidin Məni istənilən tələbi, arzunu yerinə yetirməyə hazırdır. Ona görə ki, onun özünün də daxilində baş qaldıran arzular qarşı tərəfin yanında olmaq naminə atılan, dünyaya gələn arzudur, istəkdir. Və həmin arzunu da şair bu cür ifadə edir:

 

İlahi, sən məndə arzulara bax –

Gizlənpaç oynamaq, top-top oynamaq.

Bu höcət, ərköyün, balaca uşaq

Gör necə döndərib uşağa məni.

 

Gəlin etiraf edək ki, həqiqi, halal sevgidən yaş da, ictimai durum da çox vaxt heç bir önəm kəsb etmir, nəzərə alınmır. Necə deyərlər, yaşın sevgiyə dəxli olmur. Deməli, bütün hallarda diktə edən ürək və ruhdur. Bunu da Rəşad Məcidin Məni oxucularına çatdırdı. Onun bu yolda paraleli olan mənə məxsus Məndə geri qalmamağa çalışaraq öz oxucusuna üz tutur. Və o da birmənalı şəkildə ürəyini açıb tökür ortalığa. Az qala hamının eşidəcəyi bir səslə deyir:

 

Ömrüm-günüm nağıllandı

Dəli könlüm ağıllandı.

Neyləyim ki, axır vaxtı

Bəyənmədi bu da məni!

 

Hə, indi bu iki şeirin, daha doğrusu iki Məni həmsöhbət olduğu zaman kəsiyində mən həm də bir oxucu olaraq yaşadığım mənzərənin, ovqatın içində təkcə rahatlanmadım, həm də sevginin yeni, bir az da təravətli nəfəsini duydum. Bu da Rəşad Məcid qələmindən sıçradı mənim ürəyimə. Deməli, yol yoldaşı olmaq şeirlərimizə bir xal da qazandırdı. O da diqqət və sevgi xalıdı -  oxucudan gəldi!

 

TƏQVİM / ARXİV