
Televiziya kanallarında Şəkidəki Atçılıq İdman Mərkəzindəki atlarla bağlı süjetlər yayımlandı. İndiyə qədər bu mərkəzdəki atların 17-si ölüb, yerdə qalanları isə elə ölmüş kimi bir şeydilər. Məlum olub ki, neçə aydır atlara sahib çıxan bir qurum olmadığından yemlə təmin olunmurlar.
Özü də bu atın hər birinin qiyməti bir maşın qiymətinədi. Mərkəzin direktoru, eləcə də rayon icra hakimiyyəti doğrudanmı atları yemlə təmin edə bilməzdi? Bilərdilər. Amma etməyiblər. Müvafiq qurumlar da bir-birinin üstünə atıb.
Televiziya kanallarında süjet nümayiş olunandan sonra yerli camaat özünün otundan-ələfindən gətiriblər mərkəzə. Sağ olsunlar, amma idman atları, ümumiyyətlə, atlar təkcə ot-ələflə yemlənmirlər.
Əvvəla, belə bir acınacaqlı vəziyyətə düşəndə həmin atları Ağdam Atçılıq Zavoduna təhvil verə bilərdilər. Hazırda Ağcabədidə yerləşən bu zavodda hər cürə şərait var. Hətta karonaya tutulmuş atları da bu zavoda göndərsəniz müəssisənin mütəxəssisləri o atları sağalda bilərlər.
İndi oxuyuram ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva həmin mərkəzi nəzarətə götürüb. Alqışlanası hadisədi. Yəqin ki, tezliklə mərkəzdə işlər qaydasına düşəcək, yerdə qalan atlar ölümdən qurtulacaq.
Mən məsələyə başqa tərəfdən yanaşıram. Niyə məsələlərə Möhtərəm Prezident İlham Əliyev, 1-ci vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva qarışmalı və öz nəzarətlərinə götürməlidirlər? Bu məsələləri həll edəcək qurumlar nədən ötrü yaranıb? Həmin qurumların rəhbərləri nəylə məşğuldarlar ki, bəzən adi bir problemə də prezident və ya vitse-prezident qarışsın.