adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Səmimiyyət və inamın poetik dilə hopması - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
535 | 2022-04-27 12:35

Məlum olduğu kimi yaradıcı insanın görmə, müdaxilə etmə, həmçinin görüb müdaxilə etdiyini poetik sözə çevirmək imkanı fərqli olur. Yəni bəzən həmin o yaradıcı insan təbiəti, cəmiyyəti daha çox görür və dəyərləndirir. Həmçinin başqa bir nüasn da var ki, bu da ictimai-siyasi aspektdir... Burada da yaradıcı insan öz görmə və müdaxiləetmə imkanlarını həm dövrün, həm zamanın, həm də siyasi arenanın izləyicisi kimi dəyərləndirir. Hətta bəzən onun bir hissəsi olaraq fikri ortaya qoyur. Bu mənada yaradıcılıq imkanları fərqli olan söz adamlarının durumu, eləcə də oxucuya təqdim etdiyi fikirləri mənim üçün təbii sayılır və düşünürəm ki, hər kəs öz prizmasından, öz baxış bucağı altından dəyərləndirib fikir söyləməsi və həmin dəyərli fikirləri də oxucuya birbaşa təqdim etməsi normaldır. Üstəlik də, bu normal olanı oturuşmuş sözü və özü bir-birini tamamlayan müəllifin təqdim etməsi sevindirici olduğu qədər də təqdirəlayiqdir, təbliğ olunmalıdır. Ən azından ona görə ki, bu müəllif həm hadisələrin içindədir, həm hadisələri inkişaf etdirənlərdəndi, həm də içərisində olduğunu öz canından, qanından keçirib sözə çevirəndir. Deməli, mənttqə görə burada nəticə reallıqdır. Bax, həmin o reallığın bir nümunəsi də «Xilaskar atanın xilaskar oğlu» kitabıdır.

 

Bu kitabla bağlı düşüncələrimi qələmə almazdan öncə xeyli düşündüm. Ona görə ki, həm kitabın müəllifini çox yaxından tanıyıram, həm də bu kitabdakı eyniadlı poemanın müəyyən hissəsini öncədən oxumuşdum. Hətta müəlliflə bu barədə fikir mübadiləmdə olmuşdu. Bax, bu aspektdə artıq mənə tanış olan bir kitab barəsində oxucu qarşısında fikir söyləmək nisbətən asandır, çətin olan budur ki, söhbət burada xalqın xilaskarından, xalqın prezidentindən, Ali Baş Komandanından gedir. Əgər mövzu təbiətimiz, gözəlliklərimiz, məişətimiz, sevgimiz olsaydı, burada bir oxucu olaraq daha rahat fikir söyləyə bilərdim. Amma indi məsuliyyət birə beş artıbdır. Odur ki, bu kitabın müəllifi oxucuların yaxşı tanıdığı və Sovet dönəmindən başlayaraq şeirlərini, kitablarını maraqla oxuduğu Tahir Rza ədəbi məkanda daha çox klassik poeziyamızın təmsilçilərindən biri kimi özünü təsdiq edib. Bu kitabda isə o, bir ağsaqqal qələm adamı kimi ictimai-siyasi mövzuya üz tutub. Elə özü də kitabının girişində «Müəllifdən» yazdığı qeydlərində vurğulayıb ki, «8 noyabr 2020-ci il Zəfər günü, tarixi ədalətin bərpa edildiyi, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti, mətin iradəsi, qüdrəti ilə düşmənin başının əzildiyi, torpaqlarımızın işğaldan azad olunduğu gün bütün xalqımız, Türk dünyası, tərəqqipərvər, sülhsevər insanlar üçün əziz və unudulmazdır. Bu gün Azərbaycanın tarixinə qızıl hərflərlə, əbədi yazılan bir gündür. Çünki cənab İlham Əliyev xilaskar atasının – Ulu Öndərimiz Heydər Əliyevin unudulmaz, ali missiyasını daha böyük fədakarlıqla, qəhrəmanlıqla yerinə yetirdi və xalqımızın, torpaqlarımızın xilaskarı kimi yeni bir tarix yazdı, yaratdı.

 

«Xilaskar atanın xilaskar oğlu» poeması da məhz bu istəkdən yarandı. Bu sətirləri yazmağı özümə bir borc hesab etdim».

 

Bəli, artıq oxucuya da məlumdur ki, bu poema hardan, nədən və kimdən söhbət açır, qaynağı, mənbəyi nədir və kimdir! Bu gerçək bəlli olduğu üçün kitaba Ön söz yazmış şair Əkbər Qoşalı da vurğulayıb ki, poema «İqtisadiyyatdan ordu quruculuğuna, ordu quruculuğundan Zəfərə, Azadlıqdan abadlığa – işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə götürən sürəcin poetik ifadəsidir».

 

Bax, belə bir təəssüratla poemanı oxumağa başladım. Misralar, bəndlər bir-birini əvəz etdikcə, xalqın xilaskarı, ümummilli lideri və onun ikinci dəfə hakimiyyət kürsüsündən başlayan yolu anbaan xəyalımda, gözümün önündə canlandı. Və müəllifin həmin o canlanmanı təqdim etmək məharəti, ustalığı ruhumu oxşadı. Çünki xilaskar atanın şəninə deyilən bu fikir öz dəqiq ünvanına çatmaqda səmimiyyətin, həssaslığın imkanlarından yararlanır. Tahir müəllim yazıb ki:

 

 

Yaratmağa, yazmağa sevən ürək gərəkdir,

 

Yanmasan, düşünməsən, duymasan, yaratmazsan.

 

Yaşadıb ucaltmağa arzu, istək gərəkdir,

 

Ürəyini Vətənçün qoymasan, yaratmazsan.

 

 

Tam səmimi və gerçək olan bu fikir poemanın özünün yaranmasnın da mənəvi çalarlarını, tələbatını ifadə edir. Göstərir ki, şair yazmaq xatirinə yox, yaşadığını ifadə etmək üçün , sevincini, sevgisini, düşüncələrini bölüşmək üçün qələmə sarılıb. Ona görə də misraların düzümü bir bulaq qaynarlığı ilə, bir dağ çayının zümzüməsi ilə həmahəng görünür. Həm sadə, həm dolğun, həm də adi görünən sözlərin böyük tutumunda ortaya həqiqətin ifadəçisi olan fikirlər qoyulur. Şair yazır ki:

 

 

Ədalətə, hikmətə güvənən unudulmaz,

 

Torpağını sevənlər ad alıb, ucalırlar.

 

Haqsız tökülən qanlar heç zaman yerdə qalmaz,

 

Bir gün bağlanan yolun bir gün açılmağı var.

 

 

Əgər diqqət yetirdinizsə, təkcə bu kiçik parçada xalqdan, onun folklorundan qaynaqlanan və hər birimizin də bu və ya digər şəkildə yararlandığımız deyimlər poetikləşdirilib. Axı müdriklərimiz deyib ki, «Bir gün bağlanan qapı bir gün açılar», «Nahaq qan yerdə qalmaz». Bax, həmin o iki deyimin mayasına şairin əlavə etdiyi «Ədalətə, hikmətə güvənən unudulmaz,Torpağını sevənlər ad alıb, ucalırlar» fikirləri bütövləşir, daha möhtəşəm görünür. Bax, şairin ustalığı, peşəkarlığı, qulpundan tutduğu mövzuya ürək qoyduğu burda öz təsdiqini tapır.

 

Poemanı oxuduqca bir zamanın içərisində neçə zamanla baş-başa qalırsan. Bu zamanın yaşı 30 ili ötür. Və oxucu artıq həmin 30 ilin poemanı oxuduğu zaman içərisində söz-söz əridir, özü də yaşaya-yaşaya. Bu yaşam da şairin ona bəxş etdiyi yaddaş kartının təzələnməsindən ibarətdi. Həmin kartda oxucu 30 il yaşadığı yurdsuzluğu, vətənsizliyi, siyasi gəlişmələri, ATƏT-i, Minsk qrupu, erməni təxribatları... daha nələri, nələri, həm xatırlayır, həm də bütün bunları böyük ustalıqla Ali Baş Komandan tərəfindən necə səbirlə dəyərləndirib Zəfərə qovuşdurulduğunun şahidinə çevrilir.

 

 

Düşünür, düşünür yenə də rəhbər

 

Bir gözündə ümid, birində kədər...

 

Ordudan, xalqından o arxayındır,

 

Ancaq müharibə... – ölümdür, qandır.

 

 

Bu parçada da 30 il xalqını, ordusunu, yəni güvəndiyini müharibə hazırlayan, qələbəyə kökləyən bir rəhbərin düşüncələrinin görünən tərəfi ilə yanaşı, həm də alt qatı ortaya çıxır. Axı, bütün müharibələr həm də şəhid deməkdir, ölüm deməkdir, göz yaşı deməkdir... Bu qərarı vermək yalnız o zaman sevincə çevrilir ki, qərarı xalq alqışlayır, ordu icra edir və ... Həmin şəhidlər də ucaldıqları zirvədə bir ruh rahatlığı tapır. Çünki Zəfər var ortada, Qələbə var ortada. Elə şairin də tərənnüm etdiyi və hardasa oxucuya təlqin etdiyi gerçəklik də budur.

 

30 illik zamanı əhatə edən bu poema əslində Azərbaycanın yeni tarixinin həm də 30 ilinin poetik ifadəsidir. Onun 17 ilini Xilaskar Oğul yuxusuz gecələrlə, böyük siyasi iradə ilə ölkəni Şuşaya, Qarabağa qovuşdurdu. Və sübut etdi ki, bəli, Qarabağ Azərbaycandır!

 

Mən Tahir Rzayevin bu kitabı, bu poeması barəsində fikirlərimi bilgisayara diqtə etdikcə, bir oxucu olaraq gəldiyim nəticə bundan ibarət idi ki, müəllif istəyinə çatıb. Qarşısına qoyduğu məqsədi reallaşdırıb. Yəni onun qələmə aldığı poema həqiqətən xalqımızın Ulu Öndərinin və Prezidentinin şəninə yazılmış ən gözəl əsərlərdən biridir. Bu poemada dilimizin ən zərif sözlərindən, düşüncəmizin ən mükəmməl fikirlərindən çıxış edərək oxucunun sona qədər müəlliflə üz-üzə oturmağa həvəsləndirən bir gerçəklik var. Təbii ki, bu Tahir Rzayevin həm şair kimi, həm ictimai-siyasi xadim kimi böyük əməyinin və ilhamının bəhrəsidir. Məndə bir oxucu kimi fikirlərimi şərh edərkən onu da nəzərə alıram ki, bu poema haqqında ən mükəmməl sözü ədəbiyyatşünaslarımız , ədəbi tənqidin önündə gedənlər deyəcəklər. Sadəcə mənim oxucu düşüncələrim, sözün gerçək mənasında bir ürək çırpıntısı, yaxşı, mükəmməl bir əsərə olan diqqətimin ifadəsidir. Yəqin ki, bu yazdıqlarım müəyyən zamandan sonra yenidən məni «Xilaskar atanın xilaskar oğlu»na qaytaracaqdır. Və onda yəqin ki, yeni oxucunun yeni fikirlərinin də şahidi olacaqsınız.

 

 

TƏQVİM / ARXİV