adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

 Səni  məndə, Məni səndə yaşadan XATİRƏLƏR - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
470 | 2022-08-26 15:56

Bələdçim xalq şairi Məmməd Arazın «Xatirələr»i idi

 

Hər gün öz-özümə düşünürəm ki, mənim keçmişdə qalmağım, «keçmişin adamı» olmağım heç də təsadüfi deyil. Bunu indi anladığım bir səbəbi var. O da xatirələrə bağlılığım. Yəni mən xatirələrdən qopub ayrıla bilmirəm. Özdə onların nə ovqatına, nə ifadə etdiyi mərama, hətta kiminlə hansı şəraitdə yaddaşıma köçməsindən asılı olmayaraq, xatirələr mənim üçün təkcə yaşanmış ömür deyil, həm də indi yaşadığım gündü, aydı. Bu məqamda hər xatirə mənim üçün həm də ömrümdən qopan zaman kəsiyi olmaqla yanaşı, həm də həyata bağlayan bir teldi. Mən ondan yapışıb dünənimi özümlə sabahıma daşıyıram...

Söz adamları öz yaradıcılıqlarında xatirələrlə, keçmişlə, dünənlə bağlı kifayət qədər əsərlər, yazılı nümunələr ortaya qoyublar. Onların da hərəsi bir ovqatın, bir yaşamın diktəsi, təəssüratıdı. Bu mənada xalq şairi, unudulmaz Məmməd Arazın «Xatirələr»i mənim üçün bu gün başqa bir çalarda, başqa bir rəngdə, başqa bir havada özünü ifadə edir. Yəni yaşadığım ovqat Məmməd Araz şeirini mənə bu gün bir içim su kimi, bir udum hava kimi və həm də əlimdə tutalqa edib ayaqda duracağım ümid kimidir. Ona görə də mən öz ovqatımdan o xatirələri fərqli görürəm. Mənim baxış bucağım indi o xatirələri vərəqləyir. Həmin xatirələr də mənimlə elə şirin-şirin söhbət edir ki, sanki bu an mən Səninlə birlikdəyəm. Amma səs Məmməd Arazın səsidi:

 

Axır yetişəcək ayrılıq çağı,

Mən səndə, sən məndə alışasıyıq,

Hələ bu görüşü bir-iki yaxın

Dosta da arabir danışasıyıq.

 

Görürsənmi, necə də səmimi, necə də duyğusaldı ilk görüş, ilk tanışlıq, ilk anlaşma və onu bizim içimizdə yandırdığı qığılcım. Həmin o qığılcım oda çevrilənə qədər səbrimiz çatmayacaq. Sən rəfiqənə, mən dostuma bu görüşdən danışacam. Səni necə gördüyümü, necə sevməyə başladığımı söyləyəcəm. İçimdə çözələn o qığılcımın məni necə yandırmağa başladığı anladacam... Bax, bunları düşünə-düşünə lap sonralar yazdığım misralar bəlkə də onda doğulacaqdı. Və o misralar indi bir qaçaraq yazı kimi gözümün önündən gəlib keçir. Onda doğulan misralar indi bu cür səslənir:

 

Daha dağdan enirəm

Yavaş-yavaş sönürəm...

Dünənimə dönürəm -

Salam, xatirələrim...

Balam – xatirələrim!..

 

Hə, sizi deyə bilmərəm, mən o xatirələrimi dünyaya gələn övladım kimi qarşıladım. Anladım ki, sevgimlə bərabər dünyaya xatirələrim də gəlib. Və mən onların hər ikisini ürəyimdə, yaddaşımda, ruhumda özümlə daşımaqdan bir xoşbəxtlik, bir məmnunluq hiss etdim. Təbii ki, bu da elə böyük Məmməd Arazın sözünün işığında özünü daha parlaq, daha gözəl göstərirdi. Həmin o gözəlliyi bu misralar yəqin sizə də təqdim etmiş olar:

 

Xeyli susmayacaq yaddaşın səsi,

Sözün olmayacaq əvvəli, ardı:

«Sinəmdə bu odda kişi nəfəsi...»

«Qəlbimdə bu adda qadın yaşardı...»

 

Həqiqətən yaddaşa, qəlbə yazılan südlə gələn bir şirin «bəladır», bir «gözəl» xəstəlikdir. O yalnız sümüklə, son nəfəslə çıxır adamın canından, qanından. Bunu belə deyirlər. Mən bu deyimlə razılaşmıram. İçimdəki səs mənə deyir ki, sevgi sümüklə də çıxmır, son nəfəslə də çıxmır və sadəcə olaraq Tanrıya qovuşan ruhun özünə çökür və deməli, yaşayan ruhla birlikdə o sevgi də yaşayır. Söhbət qısa və bölünməyən, kiçilməyən, xırdalanmayan məhəbbətdən gedir. Mən də bu inancla yaşayıram və o inancın işığında da həmin o sevginin ayağına baş qoyuram. Və:

 

O ləzzətlə, o, tamla –

Əlin dolu bir camla...

Gəldim yenə, bir damla –

Alam, xatirələrim...

Salam – xatirələrim!..

 

Yəqin ki, bu düşüncələrim, bu mülahizələrim kimlərinsə qınağına və yaxud etirazına səbəb ola bilər, ya da kimsə təqdir edə, həmfikirliyini bildirər, bütün hallarda isə mənim içimdən gələn səs özümün öz məntiqimdə, öz nöqtəmdə doğru olduğuma haqq qazandırır, üstəlik burada mənə Məmməd Arazın misraları da az qala hökm şəklində ifadə etdiyi fikirləri də yardımçı olur, dəstək verir. Söhbət unutmamaqdan, ayrılmamaqdan gedir. Xalq şairi yazır ki:

 

Hələ deyəcəyik: «dönə o günlər,

Onu istəyimcə görə bilmədim.

O mənim qəlbimə girdiyi qədər

Mən onun qəlbinə girə bilmədim...»

 

Sonra bu ülfətin, gülüşün, sözün

Odu yavaş-yavaş soyuyacaqdır,

Bu səslər, bu sözlər ürəyimizin

Gizli bir küncündə uyuyacaqdır.

 

Mən bu misraların qollarını necə açdığını, mənim öz aurasına necə aldığını ifadə etməkdə çətinlik çəkirəm. Ona görə ki, bu misralar bir rəssam işidir, bir canlı tablodu, bir sənət əsəridi, bir kino lentidi...təkcə oxumursan, həm də görürsən, izləyirsən, yaşayırsan, izləyirsən. Hətta özünü o tablonun içərisində, o həyatın özündə görürsən. Elə bilirsən ki, yazan da, danışan da sənin özünsən. Təbii ki, bu, Məmməd Araz qüdrətidi, Məmməd Araz istedadının al-əlvanlığıdır...

Bu möhtəşəm səhnədə yaşananlar yalnız həqiqi sevginin daşıyıcıları üçün özəl və gözəldir. Bax, elə o özəl və gözəl olan da mənim əlimi buraxmır, özü ilə gəzdirir hər yeri. Mən də gəzə-gəzə səni görür, səni duyur, səninlə bərabər addımlayır və sənə deyirəm:

 

Bir də bu yol salınmaz

Bir də o ney çalınmaz...

Bircə sənsən, alınmaz –

Qalam, xatirələrim...

Salam – xatirələrim!..

 

Ayrılmaq istəmədiyim, qopmağı belə düşünmədiyim həyat gerçəkliyi. Böyük mənada mənim YAŞAMIM! Sən bu anın içərisində hər şeyə qadir və sahibsən. Ona görə də mən də özümü hamıdan güclü və hər şeyə qadir sayıram...Ona görə ki, sən həm ürəyimdəsən, həm də əlin ürəyimin üstündədi. Bu da o deməkdir ki, olan, baş verən hər bir hadisə, hərəkət qədərin, bəxtin yazısıdı. Onu da qədər kimi, bəxt yazısı kimi hopdurmaq lazımdı varlığımıza. Çünki biz bunu etsək də, etməsək də o, bizimlə qalacaq. Bunu təkcə mən demirəm. Elə Məmməd Araz da deyir:

 

Qalacaq bir uzaq, bir şirin nağıl,

Yolu yormayacaq nə məktub, nə zəng.

Ya məndən bir təbrik – bayramqabağı –

Ya səndən bir barmaq kağız gələcək.

 

Bir barmaq kağız da, bu bir gül ləçəyi də, bu bir kəlmə söz də - duyumu olan, duyğusallığı olan, böyük və pak hislərin daşıyıcısı kimi yorulmadan ən ali hissə qollarını açan insan üçün, indiki məqamda isə aşiq üçün tanrı mükafatıdı, Allahın hədiyyəsidi. Ona görə də o, həm xatirəyə çevrilir, həm də sənin xatirə dəftərin arasındakı gül ləçəyinə, ya da bir barmaq vərəqə, hansı ki, o, sənin adına yazılıb. Sən o gül ləçəyini də, o xatirəni də, o vərəqi də hamıdan gizlin bir guşədə, lap elə yatağında qoxulayıb xəyala dalacaqsan, kipriyinin ucundakı bir damlanın yastığına necə damdığını hiss etməyəcəksən. Ona görə ki, o sevgi sənin də ruhuna sahibdi, sənin də ürəyinə hakimdi:

 

İçdin ruhumun yağın

Öpdün gözümün ağın...

Mənə hamıdan yaxın –

Balam, xatirələrim...

Salam – xatirələrim!..

 

Bəli, vaxt... vədə...zaman...bütün bunlar bir mənanı ifadə etsə də, amma hər birinin öz yozumu var. Çünki mən «vaxt» deyəndə, «vədə» düşünəndə, bu zamandan qopub gedirəm üzü sənə tərəf... üzü həmin o görüş yerinə...üzü həmin günə tərəf...Ona görə də vaxtı, vədəni elə bu zamanın özünə daşıyıram. Bu zamanı da o vaxta, o vədəyə. Bu bir-birinə qarışan vaxt, vədə içərisində sənin də, mənim də yaxamdan eyni xatirə tutur. Onu xalq şairi Məmməd Araz da özünəməxsus şəkildə sənə də, mənə də xatırladır:

 

Bir gün fikrimizə bir iti caynaq,

Girib bunları da didişdirəcək,

Ən məhzun, kədərli anlarda ancaq

Bizi xatirələr görüşdürəcək.

 

Doğurdan da, mən zaman-zaman bir gerçəyin canlı şahidinə çevrilmişəm. O da məni iç dünyamın adamları ilə sorğusuz- sualsız, izinsiz-filansız görüşdürən xatirələrim və yuxularımdır. Onlara qadağa yoxdur. Onlar istədikləri vaxt yaddaşımın, ürəyimin qapısını açıb məni iç dünyamdakı dünənimlə qarşılaşdırırlar. Bax, onda bir daha əmin oluram ki, hansı ovqatda olmadığımdan asılı olmayaraq mən həmin o iç dünyamın adamları ilə, ən başda isə həm də ruhumda olan səninlə bir yerdəyəm. Göz-gözə dayanıb özümüzdən, arzularımızdan, xəyallarımızdan danışırıq. Baxmayaraq ki, bu bir an məsələsidi. Olsun! Bu bir an üçün də yaşamağa və ölməyə dəyər. Çox da ki:

 

Haqdan mənə «çök!» - gəlib

Karvan yorğun – lök gəlib!

Öz ömrümə köklənib...

Lalam, xatirələrim...

Salam – xatirələrim!..

 

Bütün gerçəkliklərin ən gerçəyi olan dünən...Sən mənim üçün xatirə dolu bu günsən. Ona görə də bugünüm olan dünənim, sən də məndəsən. Sənə yalnız elə gördüyüm, sevdiyim, bildiyim kimi olmağı arzu edirəm. Başqa nəsə deməyə indi söz tapmıram. Amma Məmməd Araz deyir ki:

 

Ta heç nə demirəm, heç nə demirəm,

Alışır sinəmdə söz aram-aram.

Mən sənə bir kövrək, yaddaşı möhkəm

Vəfalı xatirə bağışlayıram.

 

P.S. Bəli, bu yazının sonuna da ustadımız, ölməz Məmməd Araz ilə, daha doğrusu, onun «Xatirələr»i gəlib çatdım. Yol boyu sən də mənimlə birlikdə idin. Yəqin ki, bunu özün də hiss etdin.

TƏQVİM / ARXİV