“Söz yaddaşı” almanaxı - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
195 | 2025-01-07 12:09

Azərbaycanın bütün bölgələrində ədəbiyyat, mədəniyyət təmsilçiləri sözə, saza, musiqiyə verdikləri həyatı rahat yaşayır, yazıb-yaradırlar. Bu da təkcə söz azadlığının, yaradıcı mühitin olmasından qaynaqlanmır. Bu, həm də həmin insanların təbiətən sözə, saza bağlılıqlarından irəli gəlir. Yəni qəlbində, qanında, ruhunda istedad və bir də yaradıcılıq cücərtiləri olan adamlar harda yaşamalarından asılı olmayaraq Allahın onlara verdiyi yaratmaq imkanından bacardıqları kimi istifadə edirlər.

Bu gün Azərbaycanın söz məkanı çox rəngarəng və zəngindir. Bu zənginliyin içərisində söz adamlarını bir araya gətirən, onların təmaslarını təşkil edən qurumların varlığı da, böyük bir işin vacib tərəfidir. Yəni həmin qurumlar yaradıcı insanları öz çevrəsinə yığıb həm onları qarşılıqlı şəkildə bir-birini oxuyub öyrənməyə, həm də birlikdə sözə xidmət etməyə yönəldir. Bu gün həmin missiyanı ölkənin paytaxtında Azərbaycan Yazıçılar Birliyi yerinə yetirir. Buna paralel olaraq AYB-nin müxtəlif bölgələrdə təmsilçiləri də mövcuddur. Onların arasında AYB-nin Sumqayıt, Lənkəran, Quba, Mingəçevir, Gəncə, Qarabağ və digər bölgələrində fəaliyyət göstərən bölmələr də var ki, bu bölmələrdə həmin ərazidə məskunlaşan söz adamlarının bir növ ümid yeri, toplaşdıqları həmsöhbət, həmfikir olduqları ünvandı.

Ötən ilin sonlarında AYB-nin Mingəçevir bölməsinin 25 yaşı tamam oldu. Həm Mingəçevirdə, həm də paytaxtda qeyd olunan bu mötəbər tədbirdə çıxış edənlər tanınmış yazıçımız, şairimiz İsmayıl İmanzadənin rəhbərlik etdiyi Mingəçevir bölməsinin gördüyü böyük və həm də təqdirəlayiq işləri xüsusi qeyd etdilər. Təbii ki, «Ədalət»in oxucuları da bu bölmənin fəaliyyətindən kifayət qədər məlumatlıdı.

Dəfələrlə bölmənin çap etdiyi almanaxlar,  dərgilər, həmçinin bölmə üzvlərinin yeni kitabları barəsində həm «Ədalət» qəzetində, həm «Ədalət.az», həm də «Yenises.az» saytlarında oxucularımıza geniş məlumat vermişik.  Elə 25 illik yubileyini qeyd edən Mingəçevir bölməsi bu tarixi hadisəni yaradıcılıq nümunələri ilə təsdiqləyərək oxucularını sevindiribdir. Həmin nümunələrdən biri də «Söz yaddaşı» almanaxıdı

Almanax bölmənin üzvü olan şair və yazıçıların əsərlərindən ibarətdir. Bu kitabın giriş sözünün müəllifi olan «Bənövşə» ədəbi dərgisinin baş redaktoru şair-publisist, həm də bölmənin rəhbəri İsmayıl Mərcanlı vurğulayır ki, «Hər deyilən söz dillər əzbəri olmadığı kimi hər yazılan əsər və ya nəşr edilən kitab da oxucular tərəfindən razılıq hissi ilə qarşılanmır. Yalnız ruha dad verib, könüllər oxşayan və zamanın sınaqlarına tab gətirən əsl sənət nümunələri ölümsüz olur!».  Zənnimcə bu iqtibas artıq bölmə rəhbərinin oxucuya bir gerçək mesajıdı.

Yəni hər kəsə aydın olan, amma həm də təkrar vurğulanan bir gerçəkdir. Yenidən yaddaşda təkrarlanır, təzələnir. Ölkənin hansı guşəsində yaşamasından asılı olmayaraq oxucu qarşısına çıxan sözün, kitabın hamısı müqəddəs kitabımız qədər önəmli ola bilməz. Çünki söz həm də zamanın süzgəsindən keçməlidir. O süzgəcdən keçib yaddaşa köçən söz əbədiyaşarlıq qazanır.

Bax elə bu almanaxdakı şeir və hekayələrin də hər birini həmin tale gözləyir. Bu kitabda bölmə  təmsilçilərinin  müəyyən  hissəsi    təqdim olunubdu.. Onların arasında dünyasını dəyişib haqqa qovuşanlar da var. Amma yaşlı nəsillə yanaşı, gənclərin də bu almanaxda öz sözünü demək haqqını əldə etməsi təbii ki, sevindiricidir. Məncə bu, həm də söz sənətinin inkişafını göstərən bir amildir.

Mən almanaxla  gözdən keçirəndə artıq imzası kifayət qədər tanınmış müəlliflərlə yanaşı yeni imzaları da burada gördüm və onları da oxuyanda hiss etdim ki, bu almanax bölmənin yubleyinə, yəni əsrin dörddə biri sayılacaq yaşına çox gözəl hədiyyədir. Və bu, həm də ona görə təqdirəlayiqdir ki, müəlliflərin qələmə aldıqları mövzuların içərisində Böyük  Zəfərimiz və Böyük  Qayıdış da nəzmə çəkilib. Deməli, Mingəçevirdə yazıb-yaradan söz adamları  da bütün Azərbaycanın mövzusu olan Qələbəni,  Qayıdışı gözdən qaçırmayıblar.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş və maraqlı ədəbi nümunələrlə süslənən bu almanaxın ədəbiyyatımıza, ədəbi sözümüzə layiqli bir hədiyyə olduğuna inanır və qələm dostlarına yeni yaradıcılıq uğurları arzu edirəm.

TƏQVİM / ARXİV