
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri davam edir.
Adalet.az xəbər verir ki, iyulun 23-də tədbirlər çərçivəsində Şuşa şəhərində yerləşən Natəvanın evinin qarşısındakı meydanda Xalq yazıçısı, AYB sədri Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” kitabının təqdimatı keçirilib.
Tədbir yazıçı Varis Yolçuyevin aparıcılığı ilə baş tutub. Təqdimatda "Qobustan" jurnalının baş redaktoru, yazıçı Pərvin, AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, tənqidçi Əsəd Cahangir çıxış edərək kitabın ideya yükünü və ədəbi dəyərini yüksək qiymətləndiriblər.
Qeyd olunub ki, bu əsər Azərbaycan ədəbiyyatına mühüm töhfələr vermiş iki nəsildən – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun həyat və yaradıcılığından bəhs edir. Anar onların ortaq ideya və estetik dəyərlərini birləşdirərək yeni dövr ədəbiyyatının milli paradiqması kimi təqdim edir. Kitaba akademik Nizami Cəfərovun ön sözü və Anarın şeirləri də daxil edilib.
Təqdimatdan sonra şair İbrahim İlyaslının aparıcılığı ilə poeziya saatı təşkil olunub. Tanınmış şairlər – Abuzər Turan, Bəsti Əlibəyli, Xuraman Muradova və digərləri şeirlərini səsləndirib, bədii qiraətçilər poeziya nümunələrini ifa ediblər.