Paolo Rossi, Mikael Tariverdiyev və Rza “Drakon” - Aydın Canıyev yazır

AYDIN CANIYEV
7346 | 2023-12-21 18:51

Gecənin gec vaxtlarında fb-də ard-arda qarşıma statuslar çıxdı:

“Bu gün Ali Məhkəmə Rza Rzayev haqqında Bakı Apellyasiya Məhkəməsinin çıxardığı ədalətsiz, qanunsuz, qərəzli qərarı (həbs edilmə haqqında) qüvvədə saxladı!”

Rza Rzayev – Rza Drakon... 70-ci illərdə Paolo Rossi italyan futbolunda (eləcə də Eduard Streltsov SSRİ çempionatında) kim idisə... istedadına görə... elə Odur!

Rza Rzayev – Rza Drakon... 60-70-ci illərdə SSRİ bəstəkarları arasında kim idisə... istedadına görə... elə Odur! 
İtaliya Məhkəməsi Paolo Rossini etdiyi (eləcə də sovet məhkəməsi Eduard Streltsovu etmədiyi), Sovet Məhkəməsi Mikael Tariverdiyevi etmədiyi yanlışa görə azadlıqdan məhrum edəndə hansı ağılda olmuşdusa, bizim bugünkü məhkəmə də elə o ağıldadır! YƏNİ: Şəxs(iyyət)in Cəmiyyətdəki Yeri, Nüfuzu, İctimai-Siyasi Mövqeyi, Ailədə və Kollektivdə, İş Yerində GƏRƏKLİLİYİ, MÖVCUDLUĞU, VACİBLİYİ, Professionallığı nəzərə alınmadan... hökm çıxarılmışdı!

Amma, amma, amma, amma... nə italyan, nə də sovet ədalət məhkəməsinin qərarları Paolo Rossini dünya çempionu, Mikael Tariverdiyevi sovet bəstəkarlıq məktəbinin Metri olmaqdan məhrum edə bilmədi!

Dünya 1982-ci ildə bir ay qabaq türmədən çıxmış 26 yaşlı Paolo Rossinin başıyla Braziliyanın qapısına vurduğu qələbə qollarının həzzini 41 ildir yaşayır!

Mikael Tariverdiyevin uzaq 60-cı illərdə məhdudiyyətlər və məhrumiyyətlər yaşaması (sevgilisi Maksakova maşınla vurub piyadanı öldürsə də, görkəmli bəstəkar cinayəti öz boynuna götürmüş və tam iki il məhkəmə qapılarında sürünmüşdür – iki illik cəza təyin ediləndə isə azad olunmuşdur: məhkəmə iki il çəkdiyi üçün!) “Baharın on yeddi anı” filminin musiqisindən zövq almaqdan və ona minnətdar olmaqdan heç kimi məhrum etmir! Heç bir məhdudiyyət olmadan özü də!

Bəli, Rza Drakon iki ilə qədər azadlıqdan məhrum edildi, amma və lakin... bu, Onun İstedadına, Cəmiyyətdəki Yerinə, Nüfuzuna, İctimai-Siyasi, Sosial Mövqeyinə, Ailədə və Kollektivdə, İş yerlərindəki Gərəkliliyinə, Vacibliyinə xələl gətirmir, məhrum etmir Onu Ucaldığı Yüksəkliklərdən! Əksinə, Xarakterini-Xarizmasını (“Mən ölərəm ikimizin yerinə” artıq pafos və populistlik şkalası sayılmır Onun dilindən) Cilalayır, Tərcümeyi-halını Zənginləşdirir!

TƏSƏLLİM(iz) təkcə budur: ölkənin ləyaqətli ziyalıları italyan futbol və sovet mədəniyyət xadimləri kimi, özlərində cəsarət taparaq, Müzəffər ABK cənab Prezident İlham Əliyevə ayrıca müraciət ünvanlayacaq, Rza Drakonun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə əfvini xahiş edəcəklər!

BU, ƏN AZINDAN ona görə lazımdır ki... Rza Rzayev oynadığı ROLun AKTYORU yox, həm də Həyatda Özü olduğunu nümayiş etdirib!

ÇOX istəyərdim ki, AZADLIQDAN MƏHRUM ETMƏ onun üçün cəza olaraq qalsın – hökm şəklində, AMMA Rza Rzayevin ƏFVİ onun Vətən və Dövlət, Mədəniyyət Qarşısında Xidmətlərinə görə MÜKAFATI olsun!

Rza Drakon bu mükafatı haqq edir!

TƏQVİM / ARXİV