adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Fərqli müstəvilərdən seçkin baxış bucaqları - Aydın Canıyev yazır

AYDIN CANIYEV
1564 | 2023-12-21 16:34

və yaxud

Empatidən məhrum kütlənin topluma təsir mexanizmi

Ciddi, məsuliyyət tələb edən çıxışlar, bəyanatlar, araşdırma yazılar, faktiki olaraq, az rast gəlinir, motiv rəsmi mövzular deyilsə.

Cəmiyyətin müəyyən kontingentinin sosial şəbəkə aludəçiliyi informasiya təminatından çox avaragunalığın təzahürünə çevrilib. “Azərbaycan” qəzetinin baş redaktoru, MM-in deputatı Bəxtiyar Sadıqov haqlı olaraq hələ ilyarım əvvəl onları “baltaçılar dəstəsi” kimi təqdim etmişdi. Və... məntiqlə də gözəl izah etmişdi baltanın yaranma tarixiylə ondan istifadə metodlarını. Zamanın müəyyən mərhələləri var ki, ayrıca dönəm kimi təyini olur!

Düşündürən düşüncələr

Məsələn, ötən əsrin 60-cı illərində Tarantinonun çəkdiyi filmlərə baxan italyanlar əməlli-başlı oğurluğa qurşanmışdı! Dediyimizə sübut üçün şahid dalınca İsfahana getməyəcəyik, qısaca iki faktla kifayətlənəcəyik.

İnternet məkanı Rusiyada ümumişlək olanda 11 yaşlı şagird bu sosial şəbəkə resurslarından yararlanaraq, bir çox ölkələrin banklarına müdaxilə edib onların pullarını Rusiya Bankına köçürmüşdü!

Bizdə... hansısa “mavi balina” oyununu öyrənib özlərini asmağa başladı uşaqlar – hətta Göyçayda!

Ən pisi də odur ki, bizdə sosial şəbəkə linçlə məşğuldur – diplomlu-diplomsuz, savadlı-savadsız, meydan sulamaq, haqqı kreditlə bir androidə, aylığı da cüzi bir məbləğə başa gələn İnternet... dönüb olub əllərdə avtomat Kalaşnikov, Steçkin tapançası, “Qrad” qurğusu (trol şəbəkəsinin timsalında), “Bayraktar”.

Və hamı da unudur ki...

2001-ci ildə “Millətin səsi” qəzetində işləyirdim – ölkədə təzə dəb düşmüşdü qıcıqlandırıcı başlıqlarla-manşetlərlə oxucu cəlb etmək! Ki... qəzet alınsın! Onda qəzetin növbəti nömrəsi çapa gedəndə Sabir Rüstəmxanlının gözü təsadüfən manşetə sataşdı: “Filankəs xərçəngdir!”

Həmin filankəs də ölümə layiq biri olsa da, çox böyük bir klanın adamı idi, nəsil-tayfasının qarşısında Azərbaycan zağ-zağ əsirdi, ancaq Sabir Rüstəmxanlı görün nə dedi:

- Siz indi ikicüt-birtək artıq oxucu qazanasınız deyə, bu nə əxlaqsızlıqdır edirsiniz?

Adamın anası var, bacısı var, xanımı var, qohum-qardaşı var, nə psixoloji zərbə vurursunuz adama? Hətta həkimlər adamdan gizlədir xərçəng xəstəsi olmağını, siz niyə aləmə car çəkirsiniz, bəlkə adamı sağalda biləcəklər, bəlkə Allah qoruyacaq adamı? Hansı qardaşımın-bacımın, oğlumun-qızımın xoşuna gələr qəzetlərin hansısa biri yazsa ki, Sabir Rüstəmxanlı xərçəngdir?

Doğrusu, mən Sabir Rüstəmxanlını o cür kükrəyən yalnız meydanda görmüşdüm... azadlıq uğrunda mübarizədə!
Yeri gəlmişkən, elə Sabir Rüstəmxanlıdan başlayım. Hələ çıxışının mətninin mənbəyi bəlli olmadığı halda, hansısa fikri sətiraltı anlamda cəmiyyətə sosial şəbəkə vasitəsiylə
çıxarılıb, linç etməkdən çəkinmirlər!

Anarı da həmçinin!

Siyavuş Novruzovu da eləcə!

Elman Nəsirovu deyiləsi deyil!

Aqil Abbas artıq lağlağıya çevirir Brejnev kimi, özü haqqında danışılanları özü axtartdırır, tapdırır!

Misir Mərdanovun alimliyi, ağsaqqallığı qalıb bir yanda, hardasa kimləsə rəqs etməyi konuya çevrilir!

Akademik İsa Həbibbəyli, dünya şöhrətli Zeynəb Xanlarova, Çingiz Abdullayev sanki bunlar üçün “əl uşağı”dır!

Əslində, bu məqamları gözə alıb, icmallaşdırıb yazmağa məni vadar edən həm də uzun illər şəxsən tanıdığım, haqqında olan hər yazını oxuduğum, təcümeyi-halını kitab və memuar, xatirə və real əməllər şəklində dəqiq bildiyim Hadı Rəcəbli barədə bu yaxınlarda ard-arda qarşıma çıxan müsahibələr, sanballı faktlara malik yazılar oldu!

Ucalarsan pillə-pillə…

Hadı Rəcəbli, şəxsən tanıdığım biri olaraq, onun haqqında yazılmasını istəməyən biridir o şagird ola-ola təməldən işləyən adamdır. Boş-boş sözlər, yazılar onun həyat kredosuna daxil deyil! Jurnalist işləmiş adamdır, 19 yaşından lider olmuş adamdır, 30 il parlamentdə olub, kitablar müəllifidir, pedaqoqdur, bir az daha tünd desək, sıravi jurnalistin yazısı onu çətin
tərpədər – Hadı müəllimin sanbalında, ranqında, rütbəsində olan adamdan, ən azı, danışanda Anar, Nəriman Həsənzadə, nə bilim, daha kimlər söz salsa, deyərsən, hə, bu, yarayar!

Adamın ən azından 3 tələbəsi artıq ali məktəbdə rektordur, onlarca tələbəsi xarici işlər nazirliyi sistemində işləyir, dünyanın gəzmədiyi ölkəsi, görüşmədiyi siyasi xadimi qalmayıb!

Şəki kimi iri bir rayonda birinci katib işləyib, Lənkəran kimi bir rayonda Komsomolun əvvəl ikinci, hərbi xidmətdən qayıtdıqdan sonra birinci katibi seçilib, Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub, Bakı Ali Partiya Məktəbini fərqlənmə diploma ilə bitirib! Ölkənin siyasi bomonduyla dostluq-tay-tuşluq müddəti orta nəslin yaşı qədərdir!

Ölkə Prezidentlərinin şəxsən tanıdığı adamdır və sədaqəti, doğruculluğu ilə etimadı itirməyən biridir!

Komandada olmağın nə demək olduğunu bilməyən qaragüruh üçün bunları anlatmaq qeyri-mümkün: elementar bir səhv siyasi Olimpdən zindan zirzəmisinə aşırdar!

Adam düz 40 il əvvəl Şəki Şəhər Partiya Komitəsinin birinci katibi seçilib!

Ona qədər Lənkəranda komsomolun birinci katibi və Sovet Sədri olub!

Üstəlik də bu uğurlara lap gənc  - 32 yaşında nail olub!

İndi 75-i adlayıb – gördüyü işlərin sayı 50 illik ömrü olanın ömrünün günlərinin sayından çoxdur e!

Elə təkcə sovet dövründə Lənkəranda böyük bazar məscidini təmir etdirib istifadəyə verməsi adamın özünün və sözünün ötkəmliyini bəyan edir!

Şəhərin şimalını cənubuyla, şərqini qərbiylə, məhəllələrini bir-biriylə birləşdirən naviqasiya və kommunikasiya xətlərini qaydaya salması və istifadəyə verməsi nəyə desən dəyər!

Söhbət 80-ci illərdən gedir – İsa Məmmədov Lənkərandan gedəndən sonra dediyi bir fikri səsləndirmək istəyirəm:

- Mən 70-ci illərin əvvəlində bura gələndə qəbula 20 ağsaqqal gəlmişdi. Birindən soruşdum nə istəyirsən, dedi qaloş, ikincisindən soruşdum, dedi qaloş, üçüncüsündən soruşdum dedi qaloş, iyirmincisindən soruşdum, dedi qaloş, amma bu gün maşın növbəsinə durmaq üçün xahişə gəlirlər!

Unutsaq unudularıq

Bəli, biz xidmətimizdə olmuş partiya və dövlət xadimlərinin əməyini unutmamağı bacarmalıyıq: necə unutmaq olar ki, Həzi Aslanov meydanını Hadı Rəcəbli açdırıb, əzəmətli heykəlini qoydurub Şəhər Sovetinin Sədri olanda!

Necə unutmaq olar ki, Lənkəranda kitab bayramlarını təşkil etməyini?

Necə yaddan çıxaraq ki, məhz onun vaxtında komsomol xəttiylə nə qədər Lənkəranlı gəncin Azərbaycan miqyasında tanınmasını!?

Problemlərini həll etməyə nə qədər “kəççi” ürəklənib üz tutub icra hakimiyyətinə ki, bəs Hadı Rəcəbli kənd uşağıdı, bizi nəzərə alar!?

Komsomolun ikinci katibi olanda adamı götürüb hərbi xidmətə aparıblar – icra başçısıyla hərbi komissarın arasında intriqa olub, əvəzini belə çıxıblar! Hətta Heydər Əliyeviçə məruzə olunub – Hadı müəllim 23 yaşında, rayon komsomolunun ikinci katibi olsa da, sıravi əsgər kimi hərbi xidmətə yollanıb!

Adam Moskva Yeyinti Sənayesi İnstitutuna qəbul olunub – ailə vəziyyətinə görə qiyabi oxumalı olub! Buna baxmayaraq, qırmızı diplom alıb:

Ordudan qayıdandan sonra birinci katib seçilib - əlbəttə ki, Heydər Əliyevin xeyir-duası və qayğısıyla! Etimadı qazandığına görə!

Unutmaq lazım deyil axı, hər bir təyinat qazanılan etimada görədir, sərgilənən sədaqət qayğıya çevrilir!

Müəllim ailəsinin övladı başqa neyləmişdi ki, bu qədər üstün tutulurdu - əlbəttə ki işgüzarlığı, çalışqanlığı, doğruculluğu, bacarıqlı lider və səriştəli rəhbərlik keyfiyyətləri!

“Ölülər elə bilir dirilər halva yeyir” məsəlidir e – “İsa Məmmədov gənc kadrlara qayğı göstərirdi”, düzdür, bəs bu gənc kadrların savadı, elmi, intellekti nəzərə alınmırdımı, layiq olub-olmadığı hesabdan deyildimi? Bəs Heydər Əliyev Mərkəzi

Komitəyə məsul vəzifəyə təyin edəndə ölçüsüz-biçisiz götürürdümü?

Anlamağa birinci bundan başlamaq lazımdır: yüksək vəzifəyə təyin olunmaq üçün Heydər Əliyevin rəğbətini, etimadını qazanmaq qədərincə böyük olmalıydın!

İstər sovet dövründə olsun, istərsə də müstəqillik dönəmində!

Xalqa və dövlətçiliyə sadiq siyasətçi

Mən Hadı Rəcəblinin Milli Məclisdəki çıxışlarını həmişə izləmişəm – yeni Bakı-Astara yolunun çəkilməsi təklifini Milli Məclisdə ondan başqa kim qaldırıb ki?

Qanun layihələrində bütün incəliklər barədə kim onun qədər müzakirələrdə aktiv çıxış edib, problemləri nəzərə çatdırıb, uzlaşan və uzlaşmayan məqamlara aydınlıq gətirib müqayisəli şəkildə?

Və... sosial şəbəkələrdə, rus demiş, “komu ne len”, durub ağzına və ağlına gələni yazıb, paylaşıb, ittiham edib!
Adama deyərlər, Hadı Rəcəbli daha sosial siyasət komissiyasının sədri və həm də deputat deyil, bəs hanı o problemlərin həlli ki, onların mövcudluğunda Hadı Rəcəblini ittiham edirdiniz?

Harda deyib Hadı Rəcəbli müəllim daş daşısın, uşaqpulu verilməsin?

Hadı müəlllim Lənkəranın ən xanım-xatın müəllimələrindən birinin – bəy nəslinin qızı Firuzə Bəylərovanın ailəsində dünyaya göz açıb, xanımı, bacıları, qızı, oğlu gəlinləri müəllimədir, özü professordur, dörd övladından ikisi elmlər namizədidir, dövlət imtahan buraxılış komissiyasının sədridir Prezident yanında İdarəçilik Akademiyasında!

Bəs adam haqqında söz deməyə cəsarət edəndə adam durub bir özünə baxar, bir özünün söz deyə bilmək haqqına baxar, bir nəyi necə deməyinə fikir verər də!

Deputat yeganə statusdur ki, rüşvət almaq lüksü yoxdur – ancaq və ancaq üz-göz olmaq üçün şərait var: seçicinin probleminin həlli ilə bağlı məmurlarla qarşıdurmaya getmək!

Hadı Rəcəbli o nüfuzlu simalardandır ki, qarşıdurmaya ehtiyac yaranmayıb: bütün icra və hüquq-mühafizə orqanları nümayəndələri bilir ki, Hadı müəllimdə “volçiy sxvatka” var!

Deməz, ağız açmaz, dedisə, ağız açdısa, əl qoydusa, problemin həllinə nail olmayınca əl çəkməz! Ən yüksək tribunadan və ən ali məclisdən problemi qabardar – kimdənsə gözükölgəli deyil, hansısa qrup və komanda marağını ifadə etmir, Dövlətə və Prezidentinə sadiq, sədaqətli bir xadimdir!

Arada görürəm ki, götürüb yazırlar “Hadı Rəcəblinin obyektləri”-filan, gülməyim gəlir və gülə-gülə də deyirəm, yalançının...
O iddiada olanların hər birini Hadı Rəcəblinin əvəzinə götürüb Lənkəranda qariş-qarış gəzdirərəm və sübut edərəm hansı obyekt kimindir, hansı mağaza, restoran, kafe-bar, yanacaqdoldurma məntəqəsi, torpaq sahəsi, bağ, park kimə məxsusdur!

Böyük və ulu nəslin nümayəndəsi

Hadı Rəcəblinin Lənkəranda şəcərəsinin nümayəndə sayı elə 4500-ə qədərdir – “detdom uşağı” deyil e sizin üçün, əsli-nəsli, şəcərəsi ta Şah İsmayıl zamanının bəylərinə gedib çıxır! İndi neyləsin Hadı Rəcəbli, qohum-əqrəbasına qoymasın mal-mülk yiyəsi olsun?

Bəs 4500 nəfər zirək adam necə yaşasın, nə ilə dolansın?

Nəzərə alaq ki, 26 lənkəranlı tanınmış jurnalist var – içində əməkdar olanı, president sərəncamına layiq görüləni, ev veriləni var! Hansını dindirsən, minnətdarlıq edəcək Hadı müəllimə!

Lənkərandakı olaylardan hətta deyərdim ki, düşməncəsinə yazan tək mənəmsə, mən də indiyə qədər dişə dəyəsi, qələmə alınası bir fakta rast gəlməmişəm! Olsaydı, elə mən yazardım da!

Hadı Rəcəbli icra başçısı olsaydı, o ayrı məsələ!

Düzdür, Hadı Rəcəbli icra başçısı olub, 40 il qabaq!

Mən 38 ildir jurnalistikadayam, Şəkidən də ən azı 38 dəyərli, sözübütöv, Şəkini Azərbaycan, Azərbaycanı Şəki qədər sevən vətənpərvər insan tanıyıram, həmsöhbət olmuşam, Şəkinin özündə, kəndlərində qonaq olmuşam illər qabaq, danışıblar, xatırlayıblar, bircə nəfər də dilinə gətirməyib ki, raykom idi də, alırdı da, pulla vəzifəyə qoyurdu!

Olmayıb elə şey! Deyilməyib! Əzazil “balaca padşah”lardan olmayıb Hadı Rəcəbli! İlk işlərindən biri elə qədim Şəkidə “Rəhil” kitab evini açmaq olub–adam naturaca maarifpərvərdir!

Şəkinin ağsaqqal jurnalistlərindən Akif Salamovun çıxışına rast gəldim, diqqətimi bircə möhür fikir çəkdi: “Elə həmin Hadı Rəcəbli!”

40 il keçib Hadı Rəcəblinin Şəkiyə icra başçısı təyin edilməyindən.

30 il keçib Hadı Rcəəblinin Şəkidən Nazirlər Kabinetinə məsul işə çəkilməyindən!

Aradakı 30 ildən sonra əgər rayonun ağsaqqal jurnalisti (özü də Şəki kimi adama ayama qoşan, həqiqəti qıpqırmızı üzə deyən, yalanla-yaltaqlıqla arası olmayan, qədimdən tarixi xanlıq statusu, təkcə qızlar məktəbində oxuyan qız şagirdlərinin sayı ölkədəki cəmi oxuyan qızların sayından çox olan (ötən əsrin əvvəlində 300!)) deyirsə ki, “elə həmin

Hadı Rəcəbli”, onda gərək Qələm səcdə edə, Söz salam verə!

Şəkidə oxşarı olmayan bir icra başçısı olaraq, Hadı Rəcəblinin izi-imzası məscidlərin bərpasında, mənzillərin tikilməsində, qəbristanlıqların abadlaşdırılmasında unudulmazdır.

Şəkililər heç nəyi, o cümlədən də yaxşılıqları unutmayan insanlardır. Üstündən 40 il keçib, 10 il ərzində görülən işlər bu gün də hörmətlə xatırlanır!

Niyə yazdım:
Mən bu yazını Anar haqqında da,
Çingiz Abdullayev haqqında da,
Aqil Abbas haqqında da,
Siyavuş Novruzov haqqında da,
Misir Mərdanov haqqında da,
Hüseynbala Mirələmov haqqında da
bu şövqlə, bu ürəklə yaza bilərdim!
Hadı Rəcəblidən yazdım – dəpdəqiq tanıdığım üçün!

Yazdım ki, anladım: əzizlərim, empati hissiniz olsun, fərqli müstəvilərdən seçkin baxış bucağına malik olun, İnsanların xidmətlərini nəzərə alın, əməllərinə qiymət verin, sözlərini dəyərləndirin!

Nə edirlərsə, nə deyirlərsə, yüz ölçüb bir biçirlər, onların sizlərdən – qaragüruhun kütlə düşüncəli qaramat adamlardan başqa da dəyərləndirən nəinki dostları, rəhbərləri, üstəlik düşmənləri də var!

Düşmənlər isə heç vaxt yatmır!

Əgər adlarını sadaladıqlarımın, mahiyyətindən asılı olmayaraq, cüzi və kiçicik bir səhvi olsa, həmən onu ölkənin

Prezidentinə çatdırarlar, zindan zirzəmilərində çürüdərlər!

Şəkidə işləmək və şəkililərin dostu olaraq qalmaq... böyük bir erudisiya, qənirsiz bir idarəetmə səriştəsi tələb edir – istənilən bir yanlışı bu gün elə həmin şəkililər ittihama çevirərdilər!

Lənkəran kimi həssas bir yer – kiçikbazarlı-böyükbazarlı, dağlı, “kəççi”-şəhərli kontingenti heç imkan verməzdi iş başqalarının ümidinə qalsın: anındaca, yerindəcə ölüm hökmü çıxarardılar!

Əlbəttə ki, bunlar olmayıb Hadı Rəcəbliyə qarşı! Çünki Hadı Rəcəbli heç vaxt qarşı-qarşıya durmayıb, konfrontasiya yaratmayıb – həmişə adamlarla yan-yanaşı durub!

Əlbəttə ki, Heydər Əliyevə və onun komandasına, İlham Əliyevə və onun komandasına xidmətdə, sədaqətdə!
Bu yazını həm də ona görə yazdım ki, bəlkə nəticə çıxaraq, sağlığında qiymət verək insanlara, Dövlət tərəfindən və o prizmadan yanaşaq, dəyərlər və tələblər məcəlləmiz bayağı və lağlağı sosial şəbəkə statusunda olmasın! “Baltaçı dəstəsi”ndə olmayaq, Dövlət və Vətəndaş, Ölkə və Əxlaq prizmasından performans yapaq!

Empati qarşı tərəfin yerində qoymaqdır özünü – Sabir Rüstəmxanlının 23 il qabaq dediyi möhtəşəm fikrə qayıdıram: hansı birinizin əzizlərinin xoşuna gələr hədyan, böhtan, dezinformasiya yazılsa?

Bu adamlar ölkə və dövlət idarəetməsi tarixinin tam 50 ilini əhatə və təmsil edən dövlət xadimləridir e!

Fəhləlikdən, Müəllimlikdən, Jurnalistlikdən, Yazıçılıqdan, Mühəndislikdən, Siyasi liderliyə mərhələ-mərhələ adlayıb Dövlət Ərkanına Ədəblə yüksəliblər!

Tənqid əlbəttə ki, yaxşıdır, tənqidçilər cəmiyyətin ağacdələnləridir, elə edək ki, “ağacdələn, döy qapımı” desinlər, ağacdələn taqqıltısını bayquş ulartısına çevirməyək!

YAZIYA SÖZARDI: Hadı Rəcəbli ilk qaçqın dəstəsini Şəkidə olanda qarşılayıb yerləşdirib! Nazirlər Kabinetində Qaçqınlarla İş üzrə Şöbənin ilk müdiri olub – qaçqınlar haqqında BMT-nin beynəlxalq qurumları səviyyəsində müzakirələr aparıb, bu mövzuda ən son yazısı bir həftə əvvəl dərc olunub rəsmi mətbuatda, repatriasiya məsələlərini bütün incəliyi ilə çözüb! Sosial siyasət komissiyasının ilk və əvəzolunmaz sədri seçilib 25 il ərzində!

“Vicdan min şahidə bərabərdir”, - deyirdi Stefan Sveyq! İnsanları, illah da ki, Dövlət Ərkanında, Ziyalı Korpusunda, Məmur Arsenalında, Elm Cəbhəsində təmsil olunan İsimləri qoruyaq, onlara qarşı həssas olaq – onlar təkcə bizim deyil, həm də Dövlətin Sifətidir, Sərvətidir, biz onları nə qədər iyrəncliklərə dartsaq da, onlara heç nə olmaz, ancaq Xalqımızın Əxlaq

Kodeksinə ləkə düşər: düşmənlər baxıb, görüb, “qırın bir- birinizi, köpəyuşağı!” deyib, sevinər!

Və... ömür əbədi deyil, əmanətdir, Tanrının Dövlət Ərkanı üçün ayırdıqlarına sağlığında sevgi bəsləyək!

Kim yanlış edərsə, bu Ölkənin, bu Dövlətin nəyi nə vaxt etməyi dəqiq bilən Müzəffər ABK-sı var!

Kim Ona və Dövlətə sədaqətlidir, kim haçan harda olmalıdır, artıq iftixar yerimiz olan Ölkə Başçısı 20 ildir gözəl nümayiş etdirir ki, Özü hamıdan yaxşı bilir!

Biz, sadəcə, Ölkənin Müzəffər Prezidentini Ona sadiq adamlardan məhrum etməyək - öz gic-gic ittihamlarımızla, dezinformativ statuslarımızla çərlətməyək onları!

Elə adamlar var ki, etdikləri unudulur!

Elə adamlar da var ki, nə etdikləri unudulur, nə də unudan adamlar onlara dəyər verir!

Etdikləri unudulmayanlar haqqında, olunan xidmətləri dəyərləndirən, unutmayanların əvəzinə yazdım yazını!

Aydın Can, müstəqil jurnalist
 

TƏQVİM / ARXİV