1937- ci ilin qara repressiyası çox ailələrə fəlakət gətirib, neçə günahsız adam qətlə yetirilib, Sibirin şaxtasında, Orta Asiyanın qızmar çöllü-biyabanlarında məhv edilib. Adları kitablardan, əsərləri teatrların repertuarından çıxarılıb, amma yaxşı ki, ilahi ədalət deyilən bir qüvvə də var. O qüvvə gec də olsa öz sözünü deyir. 1956- cı ildə ellər düşməni olduğu halda " ellər atası" adlandırılan Stalinin ölümündən sonra günahsız qurbanların bəraət alması elə həmin ilahi ədalətin qələbəsi idi.
Repressiya qurbanlarından biri olan Hacıbaba Nəzərlinin 1963- cü ildə Azərnəşr tərəfindən işıq üzü görən "Seçilmiş əsərlər"ini oxuyuram. Açıq yaşıl rəngdə cildi var. Mənə çox tanış gəlir. Çünki illər öncə oxumuşam. Bir tərəfdən də kitabın özünəməxsus qoxusu məni kövrəldir. Bu qoxu da mənə tanışdır. Həyatımızda internet olmadığı o gözəl geçmişdə bu qoxu vardı, kitab qoxusu! Onu dönə- dönə ciyərlərimə çəkirəm. Kitabı vərəq- vərəq oxuduqca müəllifin yazı üslubuna, dilinə valeh oluram, Cəfər Cabbarlının, Seyid Hüseynin hekayələrini xatırlayıram, fikrim məni çox uzaqlara aparır və kədərlənirəm.
1908- ci ildə Şamaxıda açılmış " Ümid" məktəbində böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin gələcəyinə ümid bəslədiyi şagirdlərindən biri olmuş Hacıbaba Nəzərlinin öz ümidləri repressiya zərbələri altında çilik- çilik oldu. Bu ədəbi şəxsiyyət Mehdi Hüseynin təbirincə desək, əgər yaşasaydı, nələr yarada bilərdi?! Amma biz onun adını ancaq repressiya qurbanlarının siyahısında görmüşük, haqqında heç nə bilməmişik. Azərbaycanın ictimai- siyasi, ədəbi, mədəni həyatında danılmaz xidmətləri olan bu insan çox böyük haqsızlığın qurbanı olub. Ona görə haqsızlıq deyirəm ki, ömrü boyu proletar ədəbiyyatının və mədəniyyətinin təbliğatçısı olduğu halda öz silahdaşları tərəfindən xəyanətə məruz qalıb.
Zaman o zaman idi ki, hamı ətrafından şübhələnirdi və olsun ki, həm də Nəzərlinin istedadı, tutduğu mövqe onun cismani məhvinə səbəb olmuşdu. Yazıçı hardan biləydi ki, ətrafı onun Azərbaycan inqilabi hərəkatından bəhs edən
"Satqın" hekayəsindəki satqınlarla doludur.
Ədəbi yaradıcılığa 1915- ci ildə gəlmişdi, " Şalban bəy" imzası ilə " Molla Nəsrəddin" məcmuəsində yazıları dərc olunurdu. V.Şekspirin " Maqbet", M.Qorkinin "Yeqor Buliçov və başqaları" pyesini ana dilimizə tərcümə etmişdi.
Şair, nasir, dramaturq, ədəbiyyat tənqidçisi kimi tanınmış, hətta 1933- 1934- cü illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri olmuşdu.Pedaqoji institutda dünya ədəbiyyatı kafedrasının müdiri olmuş, Qərbi Avropa ədəbiyyatı tarixindən mühazirələr oxumuşdu.
Azərbaycan Dövlət Dram Teatrında ədəbi hissə müdiri, sonradan direktor kimi fəaliyyət göstərmişdi.
Bir sözlə, Azərbaycanda sovet hakimiyyətinin bərqərar olduğu 1920- ci ildən ta qanlı- qadalı 1937- ci ilə kimi bütün varlığı ilə xalqın maariflənməsi və mədəni tərəqqisi uğrunda mübarizə aparmışdı.
Amma nə yazıq ki, xalqına, Vətəninə xidmət edən proletar yazıçısının "mükafat"ı elə təbliğatçısı olduğu proletar hakimiyyəti tərəfindən güllələnmək oldu.
Nəzərlilər ailəsindən olan, repressiya qurbanlarından biri Sara xanım da Azərbaycanın adlı- sanlı həkimlərindən olub. Demək olar ki, o zamanlar respublikada qadın həkimlərinin əksəriyyətinə müəllimlik edib. Repressiyanın amansız dalğası onu da caynağına alıb Vətəndən çox uzaqlara aparlb. Düz on səkkiz ildən sonra qızına qovuşub. İllər sonra 1937- ci ildə tamamladığı elmi işindən qətiyyətlə imtina edib yenidən başqa mövzuda elmi əsər yazıb. Çünki o qara günlərlə- 1937- ci il ilə bağlı olan hər şeyi həyatından silmək istəyib.
Bütün bunları mənə Nəzərli soyadının davamçısı olan, respublikamızın tanınmış ziyalısı, çoxsaylı kitabların müəllifi, dəyərli alim, yorulmaz tədqiqatçı Əzizə xanım danışıb. Əzizə Nəzərli ilə Milli Kitabxanada tanış olmuşam. Söhbətimiz tutdu, soyadı məni cəlb etdi və ensiklopedik biliyi olan bu gözəl xanım oxucumuz o gündən mənim üçün əziz bir adama çevrildi. Elə bildim ki, onunla illərin dostuyam.
Paradoksa baxın, hekayələrində Qızıl Ordunu mədh edən Hacıbaba Nəzərlinin qardaşı nəvəsi Əzizə Nəzərli elə həmin ordunun işğalından, özbaşınalığından bəhs edən kitabların müəllifidir. Bu kitabların birinin titul vərəqində repressiyaya məruz qalan Nəzərlilərin siyahısı verilib:
1.Nəzərli Hacıbaba Hacı Ələsgər oğlu- partiya və dövlət xadimi, yazıçı, jurnalist, Lenin adına APİ- nin ümumi ədəbiyyat kafedrasının müdiri, güllələnib
2. Nəzərli Ağahüseyn Hacı Ələsgər oğlu- iqtisadçı, Stalin zindanlarında həlak olub
3. Nəzərli Zivər xanım- evdar qadın, 8 il Komi muxtar vilayətində həbsdə olub, azad olunduqdan sonra Göyçaya sürgün edilib
4.Nəzərli Sara xanım- tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Qazaxıstana sürgün olunub, müharibədən sonra Bakıya qayıdıb
5. Nəzərli Böyükağa Hacıbaba oğlu - rəssam , 8 il Maqadanda həbsdə olub
6. Nəsərli Adelya Ağahüseyn qızı - tibb elmləri namizədi, həkim-pediatr, müharibənin sonuna qədər Şimali Qazaxıstana sürgün olunub.
Əzizə xanım Nəzərlilərin başına gətirilən müsibətlərdən elə yana- yana danışır ki! Demə, 1928-1936- cı illərdə dərsliklərdə əsərləri tədris olunan Hacıbaba Nəzərli xalq düşməni adı alandan sonra şagirdlərə tapşırılıb ki, əllərinə qələm alıb onun adının üstündən xətt çəksinlər. Onsuz da qara qüvvələr tərəfindən taleyi qara gələnlərin adı bu tərəfdən azmış kimi bir də şagird qələmi ilə qaraya boyanıbmış. Təsadüfə baxın, Hacıbaba Nəzərlinin adını qələmlə qaralayan şagirdlərdən biri- Əzizə xanımın anası sonradan həmin adamın qardaşı oğlu ilə ailə qurub. Əzizə xanım qızına danışıb ki, həyat yoldaşının əmisinin adını kitablardan tapıb qaraladığı üçün ömür boyu vicdan əzabı çəkib. Həm də bu izdivac düz beş il sonra, 1956- cı ildə bəraət məsələsi ortaya çıxandan sonra baş tutub. Təbii ki, o zamana qədər çox adam xalq düşməni ilə qohum olmağa ürək eləməzdi.
Əzizə Nəzərli kitabxanaya, kitablara olan sevgisindən danışır. Vurğulayır ki, hər şeyin- elmin, mədəniyyətin, təhsilin başında kitablar dayanır. Məni də bir psixoloq kimi xarakterizə edir, hətta şübhələnirəm ki, yəqin bu xanımda Tofiq Dadaşov kimi adamları tanımaq qabiliyyəti var. O danışdıqca mən onun qəlbindəki işığı görürəm. Nə yaxşı ki bu işıq sönməyib, bu işıq amansız qatillərin 1937- ci ildə söndürmək istədiyi həmin işıqdır.
El arasında " filankəsə nəzər dəydi " ifadəsi var. Mövhumatçı olmasam da, Nəzərlilərin keşməkeşli taleyinə nəzər saldıqdan sonra düşündüm ki, bəlkə də onların başına gələn müsibətlət həmin soyadla bağlıdır. Bəlkə də, nə bilmək olar?
Bu yazının ərsəyə gəlməsində mənə mənəvi dəstək olan Əzizə xanım Nəzərli, kaş sizə heç vaxt nəzər dəyməsin. Yazın, yaradın, həyata keçirmək istədiklərinizi reallaşdırın, işləriniz sizdən əvvəl yaşayan Nəzərlilər kimi əsla yarımçıq qalmasın!
Sonda belə bir nəticəyə gəldim ki, Hacıbaba Nəzərlinin ötən əsrdə qələmə aldığı əsərlər öz bədii dəyərini hələ də də qoruyub saxlayır, hələ də maraqla oxunur. Çünki həqiqətən, Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir və bu nöqteyi nəzərdən bir zamanlar " sənət sənət üçündür" nəzəriyyəsini mürtəce burjua düşüncəsi hesab edənlər çox yanılıblarmış.