Öz havasına  köklənən ürəyin SEVGİ ÇƏLƏNGİ - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1205 | 2024-05-13 13:38

Mənim inancıma görə hər yeni kitab təzə doğulan övladdır. O kitabın içərisində hansı mövzunun olmasından aslı olmayaraq, mən onu doğrudan- doğruya övlad kimi qəbul edirəm. Əgər bir anlıq kitabı ailə kimi qəbul etsək, deməli biz hər birimiz bu kitabdakı bir mövzuyuq. Yazanımız da müəllifdir. Təbii ki, bizim müəllifimizin timsalında Allahdır. Deməli Yaradan öz missiyasından bir az da valideynlərə veribdir. Onlar da yaradır. Həm övlad, həm də həyatda yaşam üçün zərrə olan hər şey. Bu mənada söz adamı da yaradır. Həm öz iç duyğularını kitaba çevirmək müstəvisində, həm də oxucuya çatdırdığı yeni kitabın özünün ifadə etdiyi çalarların fonunda. Bir az da qısa və konkret desək, yaradılan, çap olunan, oxucuya çatdırılan kitab da cəmiyyətə təqdim olunan övladdır. Sadəcə burada bir nüans var. Övladin qüsurunu və yaxud bütün parametrləriylə öz tamlığını ortaya qoymasıdır.  Kitaba münasibətdə bu o deməkdir ki, oxucu o kitabı qəbul edəcəkmi? Onu axtaracaqmı, ondan yararlanacaqmı? Bir sözlə, təzə söz dünyaya gəlibmi?

Bax bu suallar artıq yeni kitabın təkcə gəlişi yox, həm də nə gətirməsidir. Deməli, mən də öz payımı həmişə təqdimatında iştirak etdiyim, müəllifindən qəbul etdiyim, kitab mağazasından aldığım hər bir ədəbi nümunəyə məhz həmin sualların konteksindən yanaşram. ..

Bu günlərdə köhnə dostum, şeirləri ilə gənclik illərindən tanış olduğum şair Tahir Rza özünün növbəti kitabını avtoqrafla mənə bağışladı. Təbii ki,bu dost hədiyyəsi və bir də mənim kitaba olan sevgimə, marağıma uyğun bir müəllif tərbiyəsi idi. Tahir müəllim hər bir kitaba mənim necə həvəslə yanaşdığımı, necə sevgiylə qarşıladığımı bilən və dəyərləndirən dostdur. Ona görə də hələ kitab çap prosesində olanda o, mənə bu xəbəri vermişdi. Mən də onun “yeni övladını” səbrsizliklə gözləyirdim. Kitabın adını oxuyanda içimdən qəribə bir hiss keçdi. Və məni hər dəfə sorğu- suala tutan həmkarlarımın önündə deməyə bir sözüm də yaranmışdı. Çünki müəllifi olduğum sevgi şeirləri ilə bağlı mənə zarafatla “söz atanların” qarşısında bu ktab həqiqi mənada əlavə bir “silah” idi mənim üçün. Xüsusi ilə ona  görə ki,  kitabın adı “Sevgi əbədidir”. Deməli həqiqətən sevginin yaşa dəxli yoxdur. Bu pak hissi yalnız yaşamaq və onun ağrı- acısını, sevinc- kədərini, həsrət və vesalını dəyərləndirməyi bacarmaq lazımdır. Onda yaş ikinci plana keçəcəkdir. Şair Tahir Rzanın dediyi kimi:

 

Sev, sev qəlbinin istəyi artsın,

Sevgiyə, qayğıya möhtacdı cahan.

Sev ki, sevilənlər  kamına çatsın,

Sevəndə özünü anlayır insan.

Və yaxud

Ay  bəxtəvər, bu  gözəllik səndə  var,

Görənləri inan dərdə salacaq.

Ürəklərdə oyanacaq  duyğular,

Sevənlərin ağlın başdan alacaq.

 

..........................................

Gənclik, ömür ötəridir onu  bil,

Xoş gün üçün gözəllik də  şərt  deyil.

Həyatı duy,  insan kimi sev, sevil,

Ancaq sevgi əbədidir, qalacaq!
 
   Həqiqətən, biz bir balaca narahatlıq hiss edənd özümüzün qarşılaşdığımız problemlərin içində yer tapa bilməyəndə az qala hamımız eyni sözü təkrarlayırıq ki, “dünya dəyişib, zaman dəyişib”. Amma bir az rahat oturub dərin düşünəndə vallah, mən biləni yer kürəsinin həcmi artmayıb. Elə həmin dünyadır. Sadəcə elm və texnika inkişaf edir. İnsanların hərslik hissi artır, tamah gözlərini tutur və ən pisi də əxlaq aşılanır. Bilmirəm, dahilərdən hansısa deyib ki,yüksək inkişaf vəşhiliyi aparır. Görünür, bu həqiqət imiş. Çevrəmizə bir anlıq diqqət yetirsək, harınlaşmışların əməlləri həqiqətən vəşhilikdir. Kimi istəsələr tapdalayırlar, kimi istəsələr haqqını yerirlər, kimi istəsələr…
    Amma unudurlar ki, onları durdurmaq gücündə olan Allah var. Onun iradəsini heç kim qıra bilməyib və qıra da bilməyəcək. Deməli, Tahir müəllimin yazdığı kimi havalanmaq gec- tez iynə batırılmış şar kimi boşalmağa gətirib çıxarır. Bunu unutmaq, insanlığı unutmaq kimi bir şeydir:

 

Aldanıb  dilinə, düşüb felinə,

Ağıllı adamlar getməz  dərinə.

Tahiri qoymusan uşaq yerinə,

Ay  dünya, nə yaman havalanmısan.

     Az-çox oxumaq, yazmaq imkanı , dinləmək, öyrənmək qabliyyətinə malik olan insanlar bilir ki, bizim yaddaşımıza Şeyx Nizaminin müdrik bir kəlamı yazılıb. Şeyx Nizami yazırdı ki, yarımçıq papaqçılıqdansa, kamil bir palançı olmaq yaxşıdır. Bax bu aforizmə, bu müdrik kəlama söykənən şair Tahir Rza da vurğulayır ki, indiki zamanımız  çox adət-ənənələri həm ələyir, həm də üstündən ağır tır- tırları ilə keçib gedir. Fərqinə varmır ki,o tapdalanan bu millətin simvollarından biridir. Azərbaycan kişisinin papağı həmişə başda, həmişə uca yerdə olub. Hətta evin əl çatmayan, göz önündə olan yerindən asılıb. Kimsə toxunub yerə düşəndə çox böyük ehtiramla qaldırıb, tozunu çırpıb yenidən asıblar öz yerindən. İndi isə papğın qiyməti kimi özü də az qala al-verə , bəzən də məsğərə, gülünc yerinə çevrilib. Kişiciklər elə papaqlar qoyurlar ki, onu uşağa da yaraşdırmaq olmur. Papaqçılar elə papaq tikirlər ki, onu palançı da tikmir. Papaq hörmətdən, urvatdan düşəndə, kişilik də zədələnir. Bu mənim qənaətimdir. Ona görə də uca olanın aşağılanması yol verilməzdir mənim üçün.

Deməli

Papağının qiymətini  düşün bir

Hər  yetənə  papaq  satma, papaqçı.

Papaq  qədrin bilənləri  seç, ayır 

Gəl, ayranı  yağa  qatma, papaqçı.

------------------------

Hər  yetənə  papaq  satma, papaqçı

Haqq- hesab  çək barı özün -  özündən.

Yoxsa adsız,  ləyaqətsiz  papaq  tək -

Tez  düşərsən  kişilədin  gözündən.

Tahir Rzanın  bu günlər tez- tez müraciət etdiyi   kitabında nəsihət və o nəsihətin içindəki sevgi işığı o qədər çoxdur ki, oxuduca misralar sənə həm doğma gəlir, həm də təsiredici olur. Şəxsən mən elə bilirəm ki, müəllif mənə özünün yaşadıqlarını nəsihət edir. Deyir ki, oxu, öyrən, bil. Çünki bunlar həyat həqiqətləridir. Sən də qarşılaşacaqsan. Qaçılmaz olanlara indidən hazır ol:

Şirin arzu  kimi, dilək  kimi qal,

Müqəddəs  duz  kimi, çörək  kimi  qal,

Alovlu, ümidli  ürək kimi qal,

Tahirin qəlbində qalası olsan.


Həyatın ən işıqlı, ən diqqəti çəkən və insanı yaşamağa kökləyən tərəfi sevgidir. Həm torpağa, həm insanlara, həm Allaha, həm də özün üçün seçdiyin sənətə, peşəyə. Əgər bunların hər birinə içində sevgi varsa, mütləq nəyəsə nail olacaqsan. Çünki həqiqi sevgi səni inadkar edir, mübariz edir. Çılpaq desəm, sevdiyin qıza qovuşmaq üçün onun uğrunda bütün addımları atırsan. Təbii ki, söhbət kişi addımlarından, ləyaqət və qeyrət addımlarından gedir. Ona görə də sevdiyin sənin üçün mələk olur. Mələklər də göy üzündədir, ona qovuşmağın bircə yolu var, o da sevgidir. Ruhunu, ağlını və ürəyini o sevginin qanadlarında pərvazlandırırsan. Və  cisminlə birlikdə  Uçur sevgi mələyinə doğru:

İstərdim ki, ömrünün 

Baharı , qışı olum.

Ürəyinin sevinci

Gözünün yaşı olum.

Eşqinin göz  muncuğu,

Zəri, daş-qaşı olum..

Arzumsan,istəyimsən,

Sinəmdəki ürəksən,

Doğrudan da mələksən.

 

və yaxud

Çiçəklərin halı məndən də betər,

Nərgizlər  başını yerə  əyibdir.

Sənin gözlərinə qonan qəm - kədər,

Mənim ürəyimdə pöhrələyibdir.


Elə sevgi mələyinin səndə yaratdığı assosiyasiya da səni havalandırır. Deməli sevgi də köhnə kişilrəin dediyi Məcnunluq, yəni dəlilikdir. Dəlilik  də havalanmaq deməkdir. Çox istərdim ki, hamı sevgidən havalansın:

Tahir nəğmə qoşsun, dinlə ahəstə,

Sözü  tükənəndə canını istə.

Yorulsan gəl dincəl  köksümün üstdə,

Ölsək də bir  yerdə ölək beləcə.

və yaxud

Sinəmdə ətirli yaz havası var.

Kaman zümzüməsi, saz  havası  var.

Hər  gülə, çiçəyə naz havası  var,

Tahir  köklənibdir öz  havasına.

Şair Tahir Rzanın iki fəsildən ibarət olan bu kitabında qəzəllər xüsusi yer tutur. O qəzəlləri oxuduqca qocaman xanəndələrimizin avazını da xatıladım. Bu qəzəlllərin onların nəfəsiylə necə üst-üstə düşəcəyini də xəyalıma gətirdim. Və gördüm ki, Tahir Rzanın qəzəlləri həm nəsihətdir, həm də musiqi. Şair elə bilki, həzin bir musiqinin dinləyə- dinləyə pıçıldayır bu qəzəlləri. Ona görə də bu qəzəllərdə muğam ovqatı var:

Daim ucalıb , şöhrətə çatsın Ana Yurdum

Bu, ömrü- günü Tahirə çox  görmə,İlahi!

və yaxud

Eşq  bağında gül tək bitmək, sevənlərə  xidmət etmək,

Xalq  yolunda qurban getmək ,Tahir üçün səadətdir.


Mətbəə qoxusu hələ canından çəkilməmiş “Sevgi əbədiri” kitabı barəsində isiti- isti təəsüratımı sizinlə bölüşərkən onu da demək istəyirəm ki, kitabdakı şeirlərin lirik qəhrəmanı  Torpağımız,Vətənimiz və birdə Sevdiklərimizdir.  Məhz buna görə də şair Tahir Rzaya uğurlar diləyərək ,var olun deyirəm.

TƏQVİM / ARXİV