TƏCRiD OLUNA BiLMƏYƏN RƏŞAD MƏCiDLƏ üzbəüz söhbət

RƏŞAD MƏCİD
72873 | 2011-06-13 19:38
Mənə elə gəlir ki, bütün dünyada, harada insan varsa orda, hamı tərəfindən qəbul olunmuş bir adət, bir vərdiş və yaxud da bir qayda var. Bu da insanların bir-birini arayıb-axtarması, bir-birindən xəbər tutmaq istəyi, eləcə də həmsöhbət olmaq, fikir bölüşmək, qısası, təmas qurmaq istəyidi, adətidi, vərdişidi. Bax, bu mənada mənə görə ən xoşbəxt insan aranıb-axtarılan, yaddaşlarda olan, hər dəfə səsini eşitmək, özünü görmək, həmsöhbət olmaq istədiyin İNSANDI. Özü də bu insan heç də kiməsə özünü təqdim etmir, gözə soxmur, sadəcə, başını aşağı salıb öz işini görür. Bu da görülən işin müqabilində həmin adamı gündəmdə, göz önündə, ürəkdə, yaddaşda saxlayır...
   
   
   
   İndi həmsöhbətimi sizə təqdim etmək istədiyim bu anda öz-özümə fikirləşirəm ki, onun barəsində hansı sözləri yazım, hansı fikirləri deyim ki, onun üçün maraqlı olsun. Çünki özü söz və qəzet adamı olan qonağımız barəsində az qala hər gün mətbuatda bir-birindən təzə, bir-birindən fərqli fikirlərlə qarşılaşırıq - mən də, siz də. Bax, bu mənada Rəşad Məcidi, yəni Azərbaycan Yazıçılar Birliyinin katibini, Mətbuat Şurasının üzvünü, "525-ci qəzet"in baş redaktorunu, şair, yazıçı, publisist və nəhayət cavan, həm də enerjili, hamı ilə təmas qurmağı bacaran qonağımızı söhbətə çəkmək üçün ip ucu axtardığım bir məqamda köməyimə baş redaktorumuz İradə Tuncay çatdı. Necə deyərlər, gözləmədiyim anda gözləmədiyim sual səsləndi:
   
   - Rəşad Məcid, Yazıçılar Birliyinin növbəti qurultayı olacaq, yoxsa yox?
   
   - Təbii ki, inşallah, bütün məruzələr dinlənilib artıq başa çatmaq üzrədi. Qurultay söhbətləri o qədər soruşulur, danışılır ki, hətta bir dəfə ironiya ilə bildirdim ki, (özü də ağlıma gələn ilk tarixi səsləndirdim - R.M.) 2012-ci ilin aprel ayının 9-da saat 14:30-da qurultay öz işinə başlayacaq. Yəqin ki, payızda nümayəndələr seçiləcək, ya bu ilin sonunda, ya da növbəti ilin ilk aylarında çoxlarının arzuladığı və səbirsizliklə gözlədiyi qurultay keçiriləcək. Və onlar da, yəni qurultay arzulayanlar öz istəklərinə, niyyətlərinə qovuşacaqlar.
   
   - Ötən qurultaydan zənnimcə, 8 ilə yaxın vaxt keçib. Bu müddətdə...
   
   - Dəqiq 7-ci ildir ki, qurultay keçirilib və inşallah bu il qurultay keçirilməsə növbəti il siz deyən kimi 8 il olacaqdı.
   
   - 7 il də böyük zaman kəsiyidi. Ancaq bizə elə gəlir ki, bu zaman ərzində ədəbiyyatda o qədər də böyük hadisələr baş verməyib. Düzdur, durğunluq olmasa da, hərəkət hiss edilsə də, amma böyük ədəbiyyat görünməyib. Siz də Yazıçılar Birliyinin önəmli simalarından biri kimi bu məsələyə necə qiymət verirsiniz?
   
   - Əlbəttə ki, müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, ədəbiyyatda da müəyyən bir qarışıqlıq, durğunluq yaşandı. Qaçqınlıq, keçid dövrü, müharibə, bütün bunlar Yazıçılar Birliyinə də təsir etdi. Hətta az qala bir müddət bu birliyin mövcudluğu belə unuduldu, adamların yadına düşmədi. Lakin sabitlik yarandıqdan sonra yenidən ədəbiyyata da, Yazıçılar Birliyinə də maraq bərpa olundu və bu sahə də gündəmə gəldi. Ədəbi orqanlar, qəzetlər yazıçılara, şairlərə böyük yerlər ayırdı. Eləcə də Yazıçılar Birliyinin ədəbi nəşrləri də normal çap edilməyə başladı. Ardınca kitablar, internet saytları yaradıldı, ədəbiyyata maraq bu günün özündə də ötən əsrin 90-cı illərinə nisbətən çox artıb. Ancaq bizim etiraf edəcəyimiz bir yaralı, ağrılı yerimiz var. O da Bakıda, eləcə də respublikamızın digər şəhər və kəndlərində kitab mağazalarının olmamasıdır. Bakıda isə bu mağazalar lap azdı. Lakin 15 il bundan əvvələ baxsaq, indi ədəbiyyata marağın da artdığını, ədəbiyyatın inkişaf etdiyini görməmək mümkün deyil. Təsəvvür edin ki, mən Yazıçılar Birliynə katib seçiləndə ilk günlər orda əməlli-başlı sıxılırdım. Çünki dinamik işləmiş bir adam sakit, səssiz bir yerdə əyləşmişdim. AYB-da olduğum iki saat bəzən mənə bir gün qədər uzun gəlirdi. Otağıma əsasən qonşu otaqlarda əyləşən mərhum Qabil, eləcə də Abbas Abdulla, Fikrət Sadıq və digər yaşlı qələm adamları təşrif buyururdular. Sonra biz AYB-yə gəncləri cəlb etməyə başladıq və yavaş-yavaş burada əvvəlki qaynarlıq, işgüzar mühit bərpa olunmağa başladı. Bu işdə Azərbaycan prezidentinin ədəbiyyat adamlarına təqaüdlərin verilməsi ilə bağlı sərəncamı da çox böyük rol oynadı. Eləcə də Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə yaratdığımız "Gənc qələmlər" məktəbinin fəaliyyətə başlaması da öz sözünü dedi. Düşünürəm ki, indi 7 il əvvəlki durğunluqdan AYB-də əsər-əlamət qalmayıb. Demək olar ki, hər gün burada tədbirlər keçirilir, kitablar təqdim olunur, insanlar İmza günlərinə toplaşırlar. Bir sözlə, artıq qələm adamlarının AYB-yə gəlişi, orda hansısa bir tədbirə qatılması adi, normal hala çevrilib. Bütün bunlar ədəbiyyatımızda bir hərəkət olduğundan xəbər verir. Amma ədəbiyyat elə bir sahədir ki, orada yaxşı əsər yaranması üçün zaman lazımdı. Dinamika ədəbi prosesi sürətləndirsə də, amma yazıçılıq fərdi bir işdi. Heç kim hay-küydə yaxşı bir əsər yarada bilməz. Yaxşı əsərlər özün-özünə çəkiləndə yaranır.
   
   - Təbii ki, bu sizin fikrinizdi, yəni fərdi yanaşmadı. Amma çox maraqlıdı, durğunluq dövründə AYB-nin üzvləri sürətlə artdı. Ədəbiyyat yoxdu, amma ədəbi birliyin üzvləri durmadan artır?! Bax, bu gün AYB-də üzvlüyə qəbulda nələrsə nəzərə alınır?
   
   - Sovet dönəmində bu təşkilata üzv olmaq üçün çox çətin bir prosesdən keçmək lazım olurdu. Yəni səsvermədə bir nəfərin etiraz etməsi kifayət idi ki, katiblik həmin namizədi üzvlüyə qəbul etməsin. Sonra prosedur dəyişdi və üç nəfər AYB üzvünün zəmanəti istənilən namizədin üzvlüyə qəbul olunmasına kifayət edirdi. Bu da bir müddət davam etdi və sonra məlum oldu ki, insanları üzdən salırlar, müxtəlif xahişlərlə, vasitələrlə zəmantələr alırlar. Beləcə, üzvlərin də, namizədlərin də sayı artdı. Mən AYB-yə gələndə 600 nəfərə yaxın namizədin sənədləri hələ baxılmamış qalırdı. İndi biz ildə bir dəfə qəbul keçirməyimizə baxmayaraq, yenə namizədlər çoxdu. Özü də həmin qəbulda 50 nəfərin sənədlərinə baxılır. Özümün də tərəddüd etdiyim bir məqam var: bizim insanlar bu təşkilata üzv olmağa can atırlar və bunu da özləri üçün dövlət təminatı kimi qəbul edirlər. Prezident təqaüdü məsələsi reallaşandan sonra isə adamlar maddi baxımdan da bu təşkilatda üzv olmağa və ehtiyacını ödəməyə cəhd göstərir. Bu arzular onlar üçün bir şans, özünü təsdiqdi. Bəzən buna qarşı getmək olmur.
   
   - Rəşad müəllim, sizin birliyin üzvləri üzvlük haqlarını ödəyirlər? Ümumiyyətlə, AYB-də üzvlük haqqı nə qədərdi?
   
   - Əvvəllər üzvlük haqqı bu günün manatı ilə ifadə etsək 2 manat idi. Ancaq indi 10 manat həcmində müəyyənləşib. Bir il üçün hər bir üzv 10 manat ödəməlidi. Lakin bunun hamısını yığmaq mümkün deyil və çox da tələbkarlıq göstərmək olmur. Ona görə ki, insanların bir qisminin işi, dolanmaq imkanı ya yoxdu, ya da məhduddu. Bu da onları həmin o pulu ödəmək imkanından məhrum edir. Digər tərəfdən tez-tez bir fikir səsləndirilir ki, guya AYB-nın 1500 nəfərdən artıq üzvü var. Amma mən hesab edirəm ki, onların 500 nəfərdən çoxu indi dünyada yoxdu və bir də ki, mənim zənnimcə AYB-nin ən yaxşı halda 200 nəfər istedadlı üzvü var. Hətta Anar müəllim bir dəfə bu fikri məndən də bir az kəskin şəkildə dedi ki, 200 ancaq olar, qalanları isə elə-belə yazanlardı. Təəssüf ki, təqaüd məsələsindən sonra AYB-yə qarşı çıxanlar, hay-küy salanlar bir az çoxalıb. Düşünürəm ki, AYB-nin 300-400 nəfər üzvü olsaydı və yaxud üzvlüyə qəbulu bir az da çətinləşdirsəydik, məncə həmin o hay-küy salanlar, cızma-qaraçılar, şablon yazarlar AYB-dən bir az uzaqlaşardılar.
   
   - Onda siz başqa hansı çıxış yolunu görürsünüz?
   
   - Son illərdə biz daha çox gəncləri AYB-yə üzv qəbul edirik. Amma mənə elə gəlir ki, bu da doğru deyil. Çünki bir-iki əsəri çap olunan kimi onlarda özlərinə vurğunluq baş qaldırır, dahilik iddiası ortaya çıxır. Bu da yaxşı hal deyil. Bütün bunlarla yanaşı, AYB ənənəsi olan bir təşkilatdı, sovet dönəmində ideologiyanın həyata keçirilməsində fəal iştirak edibdi...
   
   - Biz elə gəlir ki, bu gün ideologiya təbliğində yazıçıların, konkret AYB-nin mövqeyi olmalıdı...
   
   - İndi ictimai fikrə yazçıların o qədər də böyük təsiri yoxdu. Bu mənada ki, yazıçılarımızın bir qismi ictimai proseslərə laqeyd yanaşırılar. Onlar jurnalistlər kimi daha fəal olsalar, sizin dediyinizə haqq qazandırmaq olar. Yəni onda yazıçılar öz missiyalarını millət üçün, vətən üçün daha yaxşı yerinə yetirmiş olarlar. Bu gün mili ideologiyasının müzakirələri aparılır, parametrləri müəyyənləşdirilir. Bax, bu mənada yazıçının ideologiyanın həyata keçirilməsində iştirakı çox zəruridi.
   
   - Rəşad müəllim, AYB-də hansısa bir məsələ ilə bağlı açıqlama verməzdən öncə katiblik toplanır, yoxsa hər kəs fərdi qaydada məsələyə münasibət bildirir?
   
   - Yox, elə bir məsələ ola bilər ki, onu AYB yalnız bəyanat şəkildə ictimaiyyətə çatdırır. Bax, onda təbii ki, toplanıb fikir mübadiləsi apardıqdan sonra bəyanat hazırlanır. Amma nəzərə almaq lazımdı ki, Yazıçılar Birliyinin katibi vəzifədi, həmin vəzifədə çalışan isə Azərbaycanın tanınmış yazıçısı, şairidi və onun da fərdi qaydada istənilən məsələyə münasibət bildirmək hüququ var. Bax, buna görə də istənilən məsələyə fərqli münasibətlər ortaya çıxır. Doğrudur, bəzən bunu irad tuturlar, ancaq unutmaq lazım deyil ki, Ədalət Əsgəroğlu AYB-nin mətbuat xidmətinin rəhbəridi. O da bəzən xidmət rəhbəri kimi yox, şair kimi öz emosiyalarını ifadə edir.
   
   - Bax, elə bu fərqlər də bəzən AYB-yə qarşı basqılara səbəb olur. Ağsaqqal, yaşlı nəsillərlə cavanlar arasında mübahisələrə, çəkişmələrə gətirib çıxarır...
   
   - Yox, bu o qədər də böyük problem deyil. Artıq insanların dünyaya baxışı dəyişir, anlayışlar artır. Doğrudu, bütün zamanlarda olduğu kimi, bu gün də dünyanın hər yerində bir-birindən incik olan insanlar var və yaxud da qələm adamları yaşayırlar. Amma bu proses öz axarı ilə gedir. Ona hər hansı təzyiq və təsir göstərməyin mənası yoxdu. Bu baxımdan qəzetlərdə və yaxud digər KİV-lərdə deyilənlər, yazılanlar bir növü polimikadı və fərdi baxışlara hər kəsin öz münasibətidi.
   
   - Rəşad müəllim, istər AYB-nin, istər Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər dövlət və qeyri-hökumət qurumlarının müxtəlif müsabiqələri keçirilir. Siz də həmin müsabiqələrdə münsif kimi iştirak edirsiniz. Təbii ki, bu normal bir haldı. Lakin bütün müsabiqələr həmişə müəyyən bir dilxorçuluqla başa çatır. Bax, elə götürək sonuncu Milli Kitab müsabiqəsini...
   
   - Bu mövzu son bir neçə gündü ki, hər yerdə müzakirə edilir. Mən bununla bağlı bir neçə açıqlama da vermişəm. Mətbuatda, internet saytlarında fikirlərimi bildirmişəm. Yəni mənə elə gəlir ki, məsələ artıq o qədər təkrarlanır ki, o, öz mahiyyətini itirir.
   
   - Hər halda bizim üçün çox maraqlıdı, qarşı tərəf sizi və digər münsifləri, o cümlədən də Çingiz Abdullayevi, Rəbiyyət Aslanovanı və digərlərini də günahlandırırlar. Hətta məsələ iqtidar-müxalifət müstəvisinə çıxarılıb. Ona görə də sizin məsələyə münasibətinizi oxuculara çatdırmaq istəyirik. Təbii ki, qarşı tərəfin son ittihamlarını şərh etmək şərti ilə.
   
   - Öncə onu deyim ki, Milli Kitab müsabiqəsinin Mədəniyyət və Turizm Nazirliyinin aidiyyəti yoxdu. Düzdür, bu müsabiqənin ilk mərhələsində ona Mədəniyyət və Turizm, eləcə də Gənclər və İdman Nazirliyi müəyyən dəstək verdi. Builki münsiflərdə də AYB-nin katibləri, eləcə də Ağsaqqallar Şurasının da sədri iştirak edirdi. Həmçinin millət vəkilləri, tanınmış, nüfuz sahibi olan şəxslər də təmsil olunurdular. Mən düşünürəm ki, bu müsabiqə çox vacib bir proses idi və onun təşəbbüsçüsü Nigar Köçərli çox maraqlı bir layihə ortaya qoymuşdu. Onu da xatırladım ki, ötən ilki müsabiqədə biz Azərbaycanın bölgələrində bu layihəni təqdim etdik və mən onda çox maraqlı məqamlarla qarşılaşdım, ona görə layihənin davamlı olmasını mən də ürəkdən istədim. Çünki bu, ədəbiyyatımıza, ədəbiyyatımızın təbliğinə, oxucu-müəllif təmasına birbaşa təsir etmək imkanı idi. Yəni əyalətlərdə gördüm ki, oxucular kitab üçün, yazıçı üçün, ümumiyyətlə, ədəbiyyat üçün darıxırlar, onlar kitab almağa yer tapa bilmirlər. Vaxtı ilə mədəniyyət mərkəzləri kimi tanınan rayon mərkəzlərimizdə kitab mağazaları yoxdu, internet də hələlik hər kəsin istifadə etmək imkanı daxilində deyil. Bax, bütün bunlara görə mən builki müsabiqənin münsiflərində iştirakıma məmnuniyyətlə razılıq verdim. Lakin çox yaxından dəstək verdiyim ideyanın müəllifi Nigar xanım Köçərli sonra ictimailəşən layihəni siyasiləşdirməyə başladı. Bax, bu da sonda arzu etmədiyimiz söz-söhbətlərin ortaya çıxmasına səbəb oldu. Bir məqamı xüsusilə qeyd etməliyəm. Mən fikirləşirəm ki, məşhur adamların, tanınan simaların münsiflərdə təmsil olunması o qədər də yaxşı nəticəyə gətirib çıxarmır. Çünki onların vaxt problemi var. Məşğul olduqlarından öz vaxtlarından müəyyən bir hissəni təqdim edilmiş kitabları oxumağa ayıra bilmirlər. Nəticədə də oxumadıqları kitablara hansısa təsirlərlə, elə-belə etika xatirinə müəyyən ballar yazırlar, bu isə gerçəkliklə reallığı əks etdirmir. Nəticədə isə bax, bugünkü kimi söhbətlərin yaranmasına səbəb olur. Məsələn, Rüstəm İbrahimbəyov Azərbaycanın çox böyük ziyalılarından biridi. Onun simvolik olaraq münsiflərdə olması məncə heç özünə də lazım deyil. Çünki bu adam böyük yazıçıdı. Boş vaxtı yoxdu ki, bir əsəri oxusun. Onu sadəcə münsiflərin nüfuzlu olması xatirinə seçmək və ondan nəsə ummaq doğru deyil. Və yaxud digər belə tanınmış simalar var ki, onların həmin münsiflərdə olması zənnimcə heç özlərinin də ürəyincə deyil. Həm də görülən dəyərli işə bir faydası yoxdu. Bütün bunlar da sonuncu qiymətləndirməni, yəni münsiflərin son qərarının fikir ayrılığına gəlib çıxmasına, ölkədə iqtidar-müxalifət anlayışının ədəbiyyata da keçməsinə bir növü şərait yaratdı. Nəticədə mən və digər münsiflər öz jüri üzvlüyündən istefa verdilər. Çünki açıq-aşkar göründü ki, burada siyasi bir sifariş var, maraqlı qüvvələr hətta onluğa düşməyə belə mənim rəva bilmədiyim əsəri, yəni "Yad dildə"ni qalib elan etdi. Mən də, Vaqif Səmədoğlu da, Çingiz Abdullayev də və digərləri Milli Kitab müsabiqəsindəki işimizi dayandırdıq. Yenə deyirəm, amma çox istərdim ki, bu layihə öz ilkinliyinə qayıtmaqla davam etdirilsin. Çünki bu ədəbiyyatımıza xidmətdi. Və bir də onun münsiflər heyəti nüfuzlu insanlardan yox, kitab oxuyan, ədəbiyyatı bilən, lap elə götürək universitetlərin filologiya fakültələrinin tanınmış müəllimlərindən ibarət olmalıdır ki, onlara təqdim olunan kitabları oxusunlar.
   
   Zorən pauza və yaxud da gözlənilmədən "Azadlıq" radiosunun canlı yayımının iştirakçısına çevrilmək
   
   Biz Rəşad Məcidlə müsahibəmizi davam etdirdiyimiz məqamda onun mobil telefonuna zəng gəldi. Və məlum oldu ki, "Azadlıq" radiosu məhz Milli Kitab müsabiqəsinin son olayları ilə bağlı canlı diskussiya təşkil edib. Qonaqlar müsabiqəyə kitab təqdim etmiş Etimad Başkeçid, həmçinin münsiflərdən biri olmuş "Qanun" nəşriyyatının sahibi Şahbaz Xuduoğlu və bir də canlı yayıma qoşulan Rəşad Məcid idi. Təbii ki, biz bu fürsəti diqqətdən qaçıra bilməzdik. Ona görə də məmnuniyyətlə həmin canlı yayımı dinləməyə başladıq. Çünki bizim suallar birbaşa artıq sanki efirdən səslənirdi.
   
   - Mətbuatda dərc edilmiş nəticələri əks etdirən ballardan aydın oldu ki, burda bir qrup insan başqa bir qrupa qarşı sözləşiblər. Bu qrupun bir hissəsi insanların haqqlarını obyektiv dəyərləndirməyiblər və bu prosesdə də adı çəkilən bir-iki nəfər varsa, onlardan biri Şahbaz Xuduoğlu, biri də Rəşad Məciddi.
   
   - (Ş.Xuduoğlu) Bu müsabiqədə bizim nəşr etdiyimiz "Yad dildə" əsərinin qalib gəlməsi nədənsə qısqanclıqla qarşılanıb. Ancaq deməliyəm ki, mənim münsif kimi bir səsim olub və mən də o səsi "Yad dildə"nin müəllifi Pərvizə vermişəm. Əgər qruplaşma yaratmış olsaydım, niyə onda müsabiqənin ilk günündən şəffaflıq tələb edirdim. Etimad bəyi yaxşı başa düşürəm. Ancaq mən öz səsimi Pərvizə vermişəm və onun əsərini də birinci yerə layiq bilmişəm. Qruplaşmanı münsifliyi imtina edənlər yaradıbdı.
   
   - (E.Başkeçid) Mənə elə gəlir ki, Şahbaz bəy qeyri-səmimi danışır. Çünki onların fəaliyyəti hər kəsə gün kimi aydın olub və verilən ballar da bu aydınlığın konkret təsdiqidi. Oradan görünür ki, qruplaşmanı kimlər yaradır və məqsəd nə olubdu...
   
   - ( Rəşad Məcid) "Azadlıq" radiosunun araşdırıcıları həqiqətən bu müsabiqədə qruplaşma olduğunu özləri artıq araşdırıblar. Mən çox arzu edərdim ki, həmin o ballara diqqət yetirəsiniz. Onda gözəyarı baxmaq kifayət edəcək ki, Pərviz necə qalib gəlib. Əgər biz qruplaşma yaratsaydıq və əvvəldən də belə bir niyyətimiz olsaydı, mən də, Çingiz Abdullayev də Pərvizə iki bal verərdik və onun əsəri heç birinci onluğa da düşməzdi. Amma görürsünüz ki, biz bütün məkrli niyyətləri, qərəzi bir kənara atıb hər bir əsərə layiq olduğu qiyməti verməyə çalışmışıq. Hətta Pərvizə bu müsabiqədə iştirakını nəzərə alıb ona bir neçə bal da artıq yazdıq. Əslində birinci yerə mənim fikrimcə, Mirmehdi Ağaoğlunun, Məqsəd Nurun, Natiq Rəsulzadənin əsərləri layiq görülməli idi. Amma məhz Şahbaz Xuduoğlunun fəaliyyəti nəticəsində Pərviz qalib elan edildi. Ona görə də Natiq Rəsulzadə mükafatdan imtina etdi, Etimad Başkeçidin haqqı tapdalandı. Və onun narazı qalması çox haqlıdı. Çünki Pərvizin özü də yaxşı bilir ki, onun əsərini heç kim oxumayıb. Çünki yazmaqla oxumaq bir-birindən çox fərqlənir. Bununla da guya obyektivliyi göstərmək istəyirdilər ki, onlar iqtidarı tənqid edən əsərə birinci yeri veriblər. İnanın ki, münsiflərin içərisində yalnız çox hörmətli professorumuz Cəmil Həsənli o əsəri oxumuşdu. Digərləri isə o əsərdən məlumatsız idilər. Hətta bəziləri sonuncu səhifəsinə diqqət yetirmişdilər. Bu da qeyri-obyektivliyə gətirib çıxardı. Bizim isə saf niyyətimiz olub. Əgər biz də qərəzli olsaydıq, orada istəmədiyimiz kiminsə bir bal qazanmasına imkan verməzdik. Hətta o əsəri oxumaq istəyən belə özünə zülm etmiş olar. Çünki son dərəcə ağır yazılıb və onun dili çox qüsurludu. Natiq Rəsulzadənin əsəri su kimi oxunduğu halda, Pərvizin əsərini oxumaq mümkün deyil. Bax, mən də hesab edirəm ki, Şahbaz bəy o əsəri oxumayıb və onun təsiri ilə hörmətli Niyazi Mehdi də Pərvizə 10 bal verib ki, onu birinci yerə çıxarsınlar. Məqsəd Natiqi sıradan çıxarmaq olub. Təəssüf ki, bu planı cızanlar Məqsəd Nuru yaddan çıxarıblar, ona görə də Məqsəd Nur ikinci yerə çıxa bildi. Mən Paşa Qəlbinura əslində 8-9 bal verməli idim, amma onun gözəl ziyalılığını, həkimliyini nəzərə alıb 10 bal verdim. Bunu da açıq etiraf edirəm ki, mənim qeyri-reallığım təkcə budu. Pərvizin əsəri ədəbi dəyər deyil. Mən düşünürəm ki, Mirmehdi Ağaoğlunun əsəri həm yaşına görə, həm də əsərin keyfiyyətinə görə, Pərvizin əsərindən qat-qat üstün idi. Əgər onu dəstəkləsəydilər, mən bununla razılaşardım. Ancaq Şahbaz Xuduoğlu heç bir dəyəri olmayan əsəri önə çıxarmaqla Azərbaycan üçün çox önəmli olan bir layihəni iflasa uğratdı. Bu çox yanlış addım oldu siz tərəfdən, hörmətli Şahbaz Xuduoğlu.
   
   
   
   Biz "Azadlıq" radiosunu sonadək dinlədik
   
   
   
   Lakin bu müzakirələrin əslində hər kəsi yenə öz mövqeyində saxladığını görüb onu bütünlüklə lentə köçürmədik
   
   
   
   - Rəşad müəllim, müsabiqələr, mükafatlar olub və bundan sonra da olacaqdı. Və burada subyektivlik həmişə olubdu. Şəxsən siz bir yazıçı, bir şair, bir qələm adamı kimi niyə görünmürsünüz? Niyə yaradıcılıqdan kənarda qalmısınız?
   
   - Bilirsiniz, yaradıcılıq elə bir işdi ki, cəmiyyətdən, özündən ayrılmalısan, həyatını ona sərf etməlisən. Mən isə bu gün davamlı olaraq müxtəlif tədbirlərdə, müsabiqələrdə, bir sözlə, qaçahaqaçdayam. Beynimdə o qədər fikirlərim var. Hərdən beynimdən o qədər keçir ki, oturub nə isə yazım. Amma bilirəm ki, yazmaq üçün mütləq təcrid olmalıyam. Yazıçılıq həm də vərdişdi, təkrar həm də o vərdişi bərpa etməliyəm. Hərdənbir bu qaçhaqaçın içərisində qəzet üçün nəsə diqtə edəndə bu da çoxlarını təəccübləndirir ki, bunu necə bacardın. Orxan Pamuqu tanıyırsınız. Bu yazıçı 30 ildən artıqdı ki, özünə ayrıca otaq kirayələyib və hər gün səhər işə gedən insanlar kimi həmin otağın qapısın açıb axşama kimi burada işləyir. Axşam da işdən qayıdır evinə...
   
   - Bəli, bəs yazıçı özünü təcrid etməyi bacarmalıdı də. Hətta Məmməd Araz şeirlərinin birində yazırdı ki, "Otuz il oturdum üzü divara". Bax, bu özünü təcrid etməkdi də...
   
   - Bəziləri deyir ki, yazıçı xalqın arasında olmalıdı. Təbii ki, müşahidə lazımdı. Ancaq oturub öz dərinliyinə çəkinməlisən ki, müşahidələrini də, düşündüklərini də yaza biləsən. Yazıçılıq həm də özünə qapılmaq deməkdi. Əvvəllər qələm adamları öz yazılarının üzərində aylarla, illərlə işləyirdilər. Hətta Tolstoy özünün "Hərb və sülh"ünü 11 dəfə üzünü köçürübdü, yəni qaralamadan ağlamaya çeviribdi. Ancaq indi hər kəs öz cızma-qarasını ya kitaba çevirir, ya da saytlara yerləşdirir. Bu da həm ədəbi zövqü korlayır, həm də gənc yaradıcı qüvvələrə öz təsirini göstərir. Bax, bu mənada mən Pərvizdən soruşdum ki, öz əsərini oxumusan, o da cavab verdi ki, yox, yazmışam. Ancaq yazmaqla oxumağın bir-birindən nə qədər fərqləndiyini deyəsən o hələ də bilmir. Mütləq yazılan oxunmalı, redaktə edilməlidi.
   
   - Rəşad müəllim, son olaraq sizdən yaxın bir müddətdə "10 Sentyabr" kimi nə isə bir şey gözləyə bilərikmi?
   
   - Beynimdə bir neçə əsərim var. Ancaq onları yazmaq üçün bir çox şeylərdən təcrid olmalıyam. Yəni asudəlik əldə etməliyəm, rahat bir guşəyə çəkilib onları kağıza köçürməliyəm.
   
   Biz Rəşad Məcidlə səmimi bir şəkildə ədəbiyyatdan və bu günlərin gündəm mövzusu olan müsabiqədən, eləcə də həyatımızdan, qayğılarımızdan, bizi əhatə edən auradan danışdıq. Hətta arada bir ona özünü müəyyən məqamlardan da təcrid etməli olduğunu xatırlatdıq. Çünki yazıçı ədəbi zövqünün ona bağışladığını başqa heç bir yerdən ala bilmir. Rəşad Məcid bunu yaxşı bilir.
  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV