adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

UZUN, LAP UZUN SÖHBƏT - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1512 | 2023-03-31 10:28

Aqil Abbasın yeni povesti haqqında ilk təəssüratım

Heç belə çətinə düşdüyüm olmamışdı.Allah insaf vermiş ürəyim məni çətin bir işə buyurdu. Elə bir işə ki, «yox» deyə bilmədim. Ona görə yox deyə bilmədim ki, əslində bu iş mənim ürəyimcə idi, sadəcə, hələ özümü bu işi görməyə tarazlaya bilməmişdim. Amma istək olanda tarazlanmaq da olur. Axı bizdə belədir də, dost-qardaş, doğma bildiyin birisi haqqında onun istəyincə nəsə bir iş görmək ağlına gələndə iki daşın arasında da olsa düzüb qoşursan. Bax, ona görə də mən də bütün arxada qalan gecəni fikrimdə, xəyalımda özüm-özümlə uzun bir söhbət elədim. Lap dəqiq desəm, öncə «Ədalət»də, sonra da kitab formasında oxuduğum «Çay qırağında bitib, susuz qalan ağacların sağlığına» povestindəki Şakirin həmsöhbəti oldum. O danışdı, mən dinlədim. Arada söhbətə qoşulmaq, sözünə qulp qoymaq istəyəndə Şakir qayıdıb tərsinə baxdı üzümə, bu da o deməkdir ki, yəni sən qarışma.

Özümü elə göstərdim ki, guya qarışmıram, amma qarışmamaq mümkün deyildi, çünki o söhbət həm də mənim barəmdə idi, mənim tanıdığım adamlardan, yerddən-yurddan gedirdi söhbət. Şakirin başına yığışanlar, Şakirin dostluq etdikləri elə mənim də tanıdıqlarım və hətta bir çoxu dostum idi. Ona görə də mən səsimi çıxartmırdım, içimdə söhbət edirdim. O söhbəti indi kağıza köçürürəm…

Bəli, indi deyə bilərəm ki, Ağdam var və mən Ağdama getmişəm, oradan da qalxmışam Abdal-Gülablıya. Oturmuşam bir daşın üstündə, daha doğrusu, Vəlişin Marketinin qarşısında. Heç kim mənə əhəmiyyət vermir. Çünki mən bu gündən, yəni 30 mart 2023-cü ildən qayıdıb getmişəm ora, onlar isə elə ordaydılar. Mən orda olanları, şəhidlərimizin ruhlarını, dağılmış, yandırılmış yurdlarımızı, izlərimizi, xatirələrimizi, bir sözlə, Abdal-Gülablıda nəyimiz qalıbsa hamısını sakit bir şəkildə gözdən keçirirəm. Onların bu otuz ildə hansı haldan-hala düşdüklərini təkrar anlamağa, müqayisə etməyə çalışıram. İlk eşitdiyim səs, ilk duyduğum söz Şakirin səsidi, Lökbatandan qoşulub mənə gəlib bura. İlk dəfə Lökbatanda o səs necə qəribsəmişdisə, necə əvvəlki yatımından, çalarından uzaq düşmüşdüsə, bax eləcə gəlmişdi mənimlə. O da baxırdı ətrafa və baxa-baxa da cilalanırdı, qayıdırdı özünə. Görürdüm ki, gözümün qabağındaca Şakirin səsi əvvəlki biçimini alır. Hə, demək həqiqətən də torpaq güclüymüş.

Mən oxuduğum povestin təsiri iləbir gerçəyi bütünlüklə yenidən dərk elədim. Anladım ki, kökündən uzaq düşmək mümkünsüzdü. Yüz il də, min il də keçsə o kök özünün işartısını hardansa vurub çıxaracaq. Sadəcə olaraq, Ümidli və Dözümlü olmaq lazımdır. İnam insanı istəyinə qovuşduran əsas şərtdir. Bax, Lökbatanda yaşadığı illər, Bakıda gördüyü məclislər, qarmonun diliylə hər kəsə çatdırdığı nəğmələr və bir gün Quzanlıya qayıtmaq qərarı mənə görə, Şakirin daxili inamı idi. O inam hərləyib-fırlayıb Şakiri Abdal-Gülablıya doğru yönəltdi. Onun kuliminasiyası, onun bir az obrazlı desəm, Şakir Möhürü ermənidən miras olan köhnə «Moskviç»i yandırmaqda özünü ifadə etdi, təsdiqlədi...

Bu təkcə Erməni İyini itirmək deyil, bu həm də artıq 44 günlük müharibəyə başlamaq və Şuşaya bayrağı sancmaqdır.

Mən povestdə bir Qarabağ düzəni gördüm, məclisinin-mərəkəsinin iştirakçısı oldum. Elə bildim ki, bütün Qarabağ əhli topalaşıb bir yerə - biri çöməlib oturub, biri daş üstə özünə yer tapıb, biri ayaq üstədi, biri o birinə söykənib... Necə deyərlər, hamı bir-birinin dizinin dibində yer tapıb dərdləşir. Danışan da Şakirdi, elə dinləyən də Şakirdi. Çünki burda Xudu Məmmədovda, Bəxtiyar Vahabzadədə, Aqil Abbasda, Rəmişdə, Arif Babayevdə, bir sözlə, danışmaq haqqı olan hər kəs öz sözünü deyir. Ona görə də həm Şakiri dinləyirlər, həm də Şakir dinləyir. Hamısı da öz dilində, öz üslubunda, öz ləhcəsində danışır. Söhbət o qədər uzundur ki, bitib-tükənmir. Çünki bu söhbət 30 ildir nöqtə-vergülsüz uzanıb. Amma uzanmağına baxmayaraq, ilkinliyindən, kökündən, bünövrəsindən uzaq düşməyib.Yalnızsözə söz , xatirələr əlavə olunub. Özü də elə əvvəlki biçimdə. Ona görə ki, bizim, yəni qaçqının mənzil şəraiti, həyat şəraiti dəyişsə də içi dəyişməyib. Busöhbət həm koloritinə görə, həm də məzmununa görə yormayıb bizi, uzaqlaşdırmayıb bir-birimizdən.

Bax, mən bu povestdə buna görə özümü söhbətin iştirakçısı saydım. Hətta çox yaxşı tanıdığım Aqil Abbasın öz obrazını da söhbətin içində gördüm. Çünki ikilikdə, üçlükdə, onluqda mən Aqil Abbasın o söhbətlərinin həm dinləyicisi, həm də iştirakçısı olmuşam. Və deməli, bu susuz qalan ağacların şərəfinə qaldırılan badənin cingiltisi də mənə tanışdır. Adam da tanıdığı, bələd olduğu yerdə özünü rahat sayır.

Bu gün artıq oxucuya təqdim olunan «Çay qırağında bitib, susuz qalan ağacların sağlığına» kitabı barəsində mən ilk təəssürat, ilk düşüncə kimi özlüyümdə bu qənaətə gəldim: -Bu povest uzun, lap uzun bir söhbətdir!!!

Və bu povestibir nəfər oxumalı, digərləri də qarşısındakı çayı da, barmaqlarının arasındakı siqaret idə unudub o söhbətdə iştirak etməlidir. İnanın ki, bunu tam səmimi deyirəm, elə söhbətin əvvəlindəcə siz özünüz də bilmədən həmin o uzun söhbətin iştirakçısına çevriləcəksiniz. Özünüz öz səsinizi eşidəcəksiniz, öz söhbətinizi yanınızdakılara edəcəksiniz. Bunu isə Aqil Abbasın etdiyi söhbət sizə təlqin edəcək, yaşadacaq.

Onu da xüsusi vurğulayım ki, bu dipdiri söhbəti bir povestdə dinləmək, daha doğrusu, eşitdirmək hər qələm sahibinə nəsib olan iş deyil. Aqil Abbas bunu çox gözəl bacarıb. Bax, elə yazının, daha doğrusu, söhbətimin bu yerində mən özümü yenə də, hətta deyərdim ki, hələ də o söhbətin içində iştirakçı kimi görürəm…

O ki qaldı yeni povestə, onun bədii dəyərini tənqidçilər necə görüb, necə biləcək bu onların öz işidir. Mən oxucu kimi bu povestdə Ağdamı, Abdal-Gülablını, bütün Qarabağı, lap elə öz kəndimizi gördüm. Onları da, öz camaatımızı da dinlədim – öz geyimlərində, öz üslublarında, öz koloritlərində. Bunu mənə Aqil Abbas təqdim etdi.Mən də Sizlərin hər birini o söhbətin iştirakcısı olmağa tələsdirirəm...

TƏQVİM / ARXİV