adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Yaxşı ki, yollarımız kəsişdi - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
995 | 2022-09-05 12:12

Vaqif Cəfərli ilə ruh söhbəti

 

Bir az uzaqdan başlamaq istəyirəm yazımı, lap uzaqdan. Onda hələ Böyük Vətən müharibəmizin   "daş "dövrü idi və mən ancaq imzasından tanıdığım Vaqif Cəfərli bir şeir çap elətdirmişdi mətbuatda. Həmin şeirdə də söhbət mənim kəndimə, daha doğrusu evimdəki telefonuma zəngin çatmamasından bəhs edirdi. Onda Vaqif Cəfərli yazmışdı ki: «Alo, alo, dispeçer, Beyləqana cavab ver». Şair dostum məndən cavab gözləyirdi. Elimdən, evimdən cavab gözləyirdi. Xəbər tutmaq istəyirdi baş verənlərdən. Təbii ki, Qarabağda nələrin baş verdiyindən sonralar hamı kimi Vaqif Cəfərli də xəbər tutdu və mənim ailəmin qaçqın taleyi onu da rahatsız etdi. Elə günlərin bir günü də Beyləqanda qarşılaşdıq, onunla qiyabi tanışlığım reallığa çevrildi. Sonra da dostlaşdıq, ailəvi gediş-gəliş bizi bir az da mehribanlaşdırdı. Bu münasibətlərdə poeziya əvəzsiz rol oynadı. Çünki Vaqif sözün həqiqi mənasında şair idi.

Nə zamandan bəri yazdığım «Bir şairdən bir şeir» layihəsində bu dəfəki yol yoldaşım, həmfikirim Vaqif Cəfərlidir. Onun «Dünyanın burdan beləsi» kitabında diqqətim bir şeir çəkdi. Oxudum, oxuya-oxuya da rəhmətlik Qarabağ sevdalı alim,  şair Ənvər Əhməd düşdü yadıma. Onun Vaqif Cəfərliyə böyük rəğbəti, diqqəti vardı. Xətrini necə deyərlər dünyalar qədər istəyirdim. Vaqifə də «Qara şair» deyə müraciət edirdi. Bax, elə bu şeiri oxuyanda həmin məqamları xatırladım və hələ də Vaqifin yazdıqlarının gerçəkliyə çevrilmədiyinə üzüldüm. Çünki şair duyumu, şair fəhmi zamanı həmişə qabaqlayıb. Görünür, elə Vaqif də həqiqi şair olduğu üçün nə yazdığının, nə dediyinin fərqində olub. Ona görə də yazıb:

 

Qəlbimizdə dözüm gəzir, döz gəzir,

Açılmayıb tale verən göz hələ.

Aramızda həsrət adlı söz gəzir,

Qovuşmaqdan heç düşməyib söz hələ.

                     

Mən istər sevgidən, istər dost münasibətlərdə, istər adi həyatda qaranlıq məqamların həmişə əleyhinə olmuşam. Düşünmüşəm ki, «Hələ» sözü, «hələ» zaman var fikri, «hələ» döz ifadəsi yola vermək üçün işlədilir. Ona görə də hələni oturub gözləmək candan can qoparır. Bax, bu mənada ürəyimizin axtardığı, duyğularımızın söykəndiyi HƏLƏ bəzən incidir bizi. Mən də bu inciklikdən, bu rahatsızlıqdan yorulub əldən, heydən düşəndə öz-özümə pıçıldayıram:

 

Bir az çiskin, bir az qrov, bir az nəm

Kirpiklərin düzümündə olub cəm...

Mənə tərəf bulud kimi enən qəm,

Ürəyimi üşüdürsən hələ də...
 

Gördüyünüz kimi, duyğular, istəklər nə qədər bir sıraya düzülsə də qəm, kədər bulud kimi üstümüzə əyilsə də, içimizdəki həmin o HƏLƏ bizdə bir ümid işığı kimi közərir və biz də o közərtiyə, o işığa baxa-baxa həyatımızı təkcə səmtini yox, həm də axarını da elə nizamlamağa çalışırıq ki, ünvana çata bilək. Yəni əlimiz boşda qalmasın, ürəyimiz ağrıda. Ona görə də girovuna çevrildiyimiz həssas, bəzən də kövrək duyğular bizi qələm, dəftərlə qarşı-qarşıya gətirir. Bax, onda biz, yəni şair Vaqif Cəfərli birmənalı olaraq deyir ki:

 

Qara saçdı ağ-ağ dənəm həyatda,

Çəkilməyən duman, çənəm həyatda.

Nə sən sənsən, nə mən mənəm həyatda,

Qəlbimizi yandıracaq köz hələ.

 

Onun verdiyi qərar, çıxartdığı nəticə təkcə özünə aid deyil, çevrəsində, iç dünyasında, bir sözlə, dəyər verdiyi hər kəsdə o dözüm axtarmaqla yanaşı, bu həyatda özünü də, səni də görmək, özü də olduğu kimi görmək istəyir. Bu elə bir istəkdir ki, onun qarşısında heç nə duruş gətirə bilmir. Ona  görə ki, həmin istək tükənmir, bitmir, meydandan geri çəkilmir. Mən də bu istəyə söykənib sənə deyirəm ki:

 

Yara bilmir buz sərhəddin nəfəsim

Həsrət adlı bir quyudu qəfəsim...

Kallayıbdı, güclə çıxır tay səsim –

Ürəyimi eşidirsən hələ də?..

 

Şeirinin ilk misrasından bir mücərrətliyə, amma həm də gerçəklik içərisindəki mücərrədliyə söykənən Vaqif Cəfərli sonuna qədər o mücərrədin mütləq reallığa çevriləcəyinə inanıb. Özü də bu inam onun ürəyinin səsidi, duyğularının hökmüdü. Bunu yaxşı bilən şair oxucusu ilə son bənddə bir növü qarşılaşıb halallaşır:

 

Bu dünyanın haqq-ədalət taxtı yox,

Bu Vaqifin üzə gülən baxtı yox.

Bu həsrətin göyərməyə vaxtı yox,

Mən bu tayda, sən o tayda döz hələ.

 

Artıq mən də, siz də gördük və bildik ki, həsrətimizin göyərməsi üçün təkcə sevmək kifayət deyil, həm də onun uğrunda mücadilə etmək, çarpışmaq lazımdır. O yerə qədər ki, həmin yerin adı sevginin vüsala çevrildiyi nöqtədi. Bax elə bu tayda da, o tayda da, lap elə dünyanın harasında olur-olsun söykəndiyin sevgi sənə xəyalən də olsa vüsal yaşadır, ümid bəxş edir. Həmin vüsal da, ümid də özü-özlüyündə təsəllidi – xoş bir təsəlli. Mən də bu  təsəlliyə söykənirəm və:

 

Saçlarını daramayan baxışın

Heç bir işə yaramayan baxışın...

İstisindən yanaq yanan yağışın –

 Ürəyini düşünürsən...hələ də!

 

Yaxşı ki, yollarımız kəsişdi...yaxşı ki, ruhlarımız bir-biri ilə çiyindaş oldu və bu gün də dəyərli bir dost, gözəl bir şair kimi xatırladığım Vaqif Cəfərlinin ruhu məni öz söz dünyasına çəkib apardı. O dünyada mən həm Vaqifi gördüm, həm də özümü. Bu isə Vaqif Cəfərlinin yenə öz işində, yəni şairliyində olduğundan xəbər verdi...Ruhun şad olsun, şair Vaqif Cəfərli!

TƏQVİM / ARXİV