Ağlım kəsəndən, evimizi qonaqlı-qaralı görmüşəm. Ailə dostlarımız çox olub, bu gün də həmin insanlarla çox uzun illərdir ailəvi dostluğumuz davam edir.
Atam yeyib-içən adam idi. Evə tox gələndə belə, bir tikə də olsa, evdə də yemək yeyirdi. Çox sonralar bu hərəkətinin mahiyyətini anladım –heç demə, evdə nə bişirildiyini bilmək istəyirmiş, balalarının bu gün nə yediyini.
Yay aynabəndimiz yola baxır. Atam yayda işdən tez qayıdanda orada əyləşərdi, yoldan keçən kənd camaatını yeməyə dəvət edərdi. Heç onu tək yemək yeyən görmədim, elə olurdu ki, nəzərdə tutulmayan qonaqların sayı ev adamlarının sayı üçün bişirilən xörəyə görə çox olurdu.
Qısası, atam çörəkverən kişi idi – əli və ürəyiaçıqdı. Bu günə qədər eləsi qarşıma çıxmadı, qazandığını həmin gündə xərcləyərdi, pul yığmaq söhbəti ona yad idi. Tutduğu vəzifəyə və qazancına görə, çoxları düşünürdü ki, evimizin divarları da qızıldandı…
Mənim isə ən darıxdığım yer süfrə arxasıdır, tələskən adamam, yemək yeyəndə isə daha da tələsirəm, fikrim də yeməkdə olmur, nə yediyimi də bilmirəm…
Bu gün də yeyib-içməklə fəxr edən adamları başa düşmürəm,"Dünya 5 günlükdür…”deyirlər,"…Ye-iç, kef elə!”
Biz yeyib-içməklə arası yaxşı olan millətlərdənik, qafqazlıyıq, ən yaxın qonşularımız da yeyib-içən millətlərdir -gürcülər, ermənilər… Amma onlarla bu məsələdə də fərqimiz var. Onlar süfrə başında da əsas məqsədlərini unutmurlar, çox vaxtı da məqsədli süfrə açırlar, ürəklərini açıb süfrənin üstünə qoymurlar.
Biz isə "yüz vurandan” sonra onsuz da açıq olan ürəyimizi açıb qoyuruq süfrənin ortasına və qalırıq ortalıqda.
Bir sözlə, yeyib-içmək bizim üçün məqsəddir, həm də ən əsas məqsəd.
O bölgələrimizi daha gözəl hesab edirik ki, yeyib-içmək üçün daha "yararlı”dır, harada araq yaxşı gedir, haranın suyu ilə daha çox yemək yeyilə bilər…
Dərdimizi süfrə arxasında unuduruq, bikef olan bir adam görən kimi, onu aparırıq restorana, kafeyə, yedirdib-içirdib dərdini unutdurmağa çalışırıq, çox vaxt da elə həmin gün nail oluruq buna…
Millət olaraq son dövrlər ən böyük dərdimiz Qarabağdır, yalan-doğru, yəni, çoxumuz belə deyirik.
Çoxumuz da Qarabağ həsrətini yeyib-içməkdən ötrü çəkirik, yeyib-içmək üçün Qarabağın yaxşı meşələri, dağları, bulaqları olduğunu söyləyirlər, keçmişdə oranı görənlərdən ancaq bunları eşitmək olar.
Şuşanı ancaq istirahət yeri kimi xatırlayırıq və yaxud Ağdamın Abdalgülablı kəndini.
Nə qədər ki Qarabağı qaytarmaqda məqsədimiz orada yenidən yeyib-içməkdir, Qarabağı qaytara bilməyəcəyik!
Nə qədər ki Qarabağın əvəzolunmaz təbiətindən danışacağıq, Qarabağı qaytara bilməyəcəyik, çünki düşmən Qarabağı almaq üçün bizdən daha yaxşı süfrələr açıb, yeyib-içməkləri bol edib, hətta qonaq qabağına təkcə qadınlarının əl işləri ilə çıxmayıblar…
Çox vaxt düşmən bizi açılan süfrələrdə udub.Bizim başımıza nə gəlirsə, süfrə arxasında gəlir, bilirlər ki, yeyib-içməkdən imtina edəcək adamlar deyilik, süfrə arxasında kəsdiyimiz çörəyin əvəzini yüz qatı ilə qaytaracağıq, süfrə arxasında verdiyimiz hər sözü tutacağıq, süfrə arxasında itirdiklərimizi və verdiklərimizi isə heç vaxt geri istəməyəcəyik, çoxları işini bizə süfrə arxasında keçirir.
Qarabağı o vaxt azad edə biləcəyik ki, məqsədimiz dağlarda, meşələrdə bulaq başlarında balalarımıza anayasamızı oxumaq olacaq. Süfrə başında belə anayasamızı unutmayacağıq, yəni, məqsədlər toplumuzu.
Bölgələrimizi yeməkləri ilə tanıyırıq, məsələn, Şəkini – pitisi, Lənkəranı – ləvəngisi, Gəncəni – plovu, Ordubadı -qayğanağı ilə…
Nə zaman ki biz Gəncəyə Nizaminin məqbərəsini, Şahbuza Məmməd Arazın və Şəkiyə Bəxtiyar Vahabzadənin evini ziyarət etmək üçün gedəcəyik, o vaxt həmin yerləri müqəddəs biləcəyik.
Hər yerdə yemək, içmək olur, amma yeyib-içdiyimiz hər yer vətən olmur.
Son dövrlər çoxu vətəndə başqalarının da payını yeyir, başqalarının payından başqalarına pay verir, çoxu da vətəndən pay dalınca qaçır.
Vətən ölmək istəyənlərin, ac qalanların, bir tikə çörəyə möhtac olanların məkanı olmamalı, vətən məqsədləri, arzuları, istəkləri həyata keçirmək üçün ən uğurlu yer, insanın ayaq üstə dura biləcəyi, söykənə biləcəyi ən böyük dağ olmalıdır.
Vətəndən yaxşısını kimsə bizə təklif edə bilməməlidir, ən yaxşı yer Vətən olmalıdır –vətəni ən yaxşı yerə çevirməliyik!
Dövlətimiz istəklərimizdən, arzularımızdan qat-qat artığını təklif etməlidir, onda fərd özündən çox dövlətini düşünəcək, yiyəsinə sadiq qalacaq, başqasının yalançı vədlərinə şirniklənməyəcək.