adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Yolunu və yönünü təsdiqləmiş şair - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
160 | 2022-05-10 18:17

Hər bir söz adamı öz imzasını oxucu yaddaşına yazdırmaq arzusunu heç vaxt gizlətmir. Təbii ki, bu, onun müstəsna hüququdur. Lakin qarşı tərəfin də, yəni oxucunun da müstəsna hüququ var. O, yəni oxucu, heç vaxt məcburiyyəti qəbul etmir. Gərək söz özü oxucunu ürəyini, ruhunu elə oxşasın ki, oxucu özünü unutsun, sözə tabe olsun. Hətta bir az sərt desəm, sözün girovuna çevrilsin. Bax, onda söz yadaşa köçür. Deməli, yaddaşa köçən söz də oxucu ömrü qazanır. Bu mənada xoşbəxt o SÖZ  adamıdır ki, onun sözünün ömrü oxucu ömrüdür...

Adil Cəfakeşin sözü və özü mənim üçün doğmadı. Yəni biz bir köynək bir-birimizə daha yaxınıq. Bu yaxınlığın səbəbi həm coğrafiyadır, həm də ikimizin 30 ilə yaxın çəkdiyimiz yurd həsrətidi. Adil müəllim sözə Laçında könül verib. Sazın, sözün havası, nəfəsi onun ürəyinə Laçında yol tapıb. Ona görə də Adil müəllim sözün cəfasını çəkməyə könüllü şəkildə könül verib. Bunu ona heç kim məcbur etməyib. Amma mənə elə gəlir ki, bu məcburiyyət olub. Məcbur edən də Laçının şehli çiçəkləri bir-birindən dadlı, bir-birindən ləzzətli bulaqları, şəlaləsi, çayı, gölü, ormanı, qartalların yuvası olan zirvələr, bir sözlə, Laçın adlı dünyanın özəllikləri və gözəllikləri məcbur edib Adili sözün cəfasını çəkməyə. Ona görə də ürəyi atlana-atlana yazıb ki:

 

Salam deyin ay igidlər,

Deyin ki, Laçın, gəlirəm.

Yağıları qovun getsin,

Yolumu açın, gəlirəm.

Gəlirəm Laçın, gəlirəm.

 

Adiləm, çıx mənə yiyə,

Lalıyıram Laçın deyə.

Təbrik yazıb Həkəriyə,

Tərtərlə Xaçın, gəlirəm.

Gəlirəm Laçın, gəlirəm.

 

Bəli, Laçının işğaldan azad olunduğu gün ürəyi atlana-atlana yazdığı bu şeirdə Adil əsgərlərimizə, igidlərimizə qoşulmağa, onlarla bir səngərdə  namərd düşməni qovmağa hazır olduğunu, yuxularından çıxmayan Laçına sarılmağa tələsdiyini şeirləşdiribdi. Poetik sözün işığında , həm də sadə, hər kəsin oxuyub dinləmək imkanının müstəvisində yazılmış bu şeir dərhal adamın yaddaşına köçür. Çünki ürək çırpıntısıdı, ürək səsidi. Və yaxud yazır ki:

 

Qurdtək içimdən yeyir, məni darıxmaq andır,

Burda nə gecəm gecə, nə də ki, dannım dandır.

Bütün başdan-başa şəhər darıxdırandır,

Sıxılıram şəhərdə, məni kəndə qaytarın!

 

... Çox darıxır dumandan, çəndən ötrü ürəyim,

Su arxına vurulan bənddən ötrü ürəyim.

Cəfakeşəm, göynəyir kənddən ötrü ürəyim,

Sıxılıram şəhərdə, məni kəndə qaytarın!

Məni kəndə qaytarın!

 

Bəli, bu təkcə Adilin öz istəyi, öz düşüncəsi, öz arzusu deyil, həm də onunla birlikdə yurd həsrəti çəkən, qaçqınlıq həyatı yaşayan minlərlə insanın istəyidi, arzusudu. Hətta hardasa yalvarışıdı. Elə mənim özüm də bu şeirin içərisində Adillə üzü kəndə boylanmışam. Xatirimdədir  mən də özümün bir  şerimdə   yazmışdım ki, «Yönümü kəndimə tərəf çevirin!» . Bax, bu ruha qoşulmadı, eyni dərdi yaşamaqdır. O dərdin də adı vətəndə vətənsizlik idi. Ona görə də Adil yazıb ki:

 

Hər addımda bir şəhidin qəbri var,

Şəhid-şəhid yeriyirsən, ay Vətən!

Şəhid-şəhid axıdırsan göz yaşı,

Şəhid-şəhid kiriyirsən, ay Vətən!

 

Şəhid-şəhid bütövləşir torpağın,

Şəhid-şəhid mətin olur hər dağın.

Şəhid-şəhid gerçəkləşir novrağın,

Ağrıları kürüyürsən, ay Vətən!

 

Hər bir kəndi şəhid-şəhid anırsan,

Hər bir gözdən şəhid-şəhid damırsan.

Qovrulursan, şəhid-şəhid yanırsan,

Şəhid-şəhid əriyirsən, ay Vətən!

 

Şəhid-şəhid min dərd yığdım beyninə,

Şəhid-şəhid yük götürdün çiyninə.

Bayrağını şəhidlərin əyninə,

Şəhid-şəhid bürüyürsən, ay Vətən!

 

Mənə elə gəlir ki, təkcə  bu şeirin oxucuya təqdimatı, çatdırılması Adil Cəfakeşin sözünün həm gücünü, həm də imkanlarını göstərmiş olar. Təbii ki, bu, mənim bir oxucu fikrimdi.Onu  da qeyd edim ki, şəhidlərimizə olan böyük ehtiramı, sevgini, mən bu şeirin hər bir misrasında duydum, yaşadım. Adilin yurdla, el-oba ilə, torpaqla bağlı şeirlərini demək olar ki, əksəriyyətində YAŞAM hakimdir. Yəni Adil yaşadığını varlığında olanları sözə çevirib. O, bu şeirlərində bir vətəndaş, bir söz duyumlu övlad  kimi  Laçına, bütövlükdə Vətənə olan hislərini daşın, ağacın, quşun, suyun, havanın fonunda, simasında elə tərənnüm edir ki, oxucu ona qoşulub həmin yerlərə, xüsusi ilə Laçına gedir. Bu yol isə onun şeir yoludur. Mən birmənalı şəkildə özüm üçün yəqinləşdirmişəm ki, Adil  Cəfakeş ürəyindən Laçına Şeir Yolu çəkibdi. Və bu yol onun üçün çox müqəddəsdir. 

Bu gün oxuculara təqdim etdiyimiz «Bir misra yolam» kitabı  Adil Cəfakeşin son dövrdə yazdığı və sosial şəbəkədə bir qisminin artıq yayımladığı şeirlərdən ibarətdir. Diqqətli oxucu yəqin ki, həmin şeirlərə sosial şəbəkələrdə rast gəlib. Amma toplum halında bu gün ortalığa qoyulan kitab göstərir ki, Adil həqiqətən sözün cəfasını çəkə-çəkə oxucuya halal söz süfrəsi açır. Mən də onun oxucularından biri kimi səmimi şəkildə deyirəm: 

- Süfrən bərəkətli olsun, Adil Cəfakeş!

Və bir də demək istəyirəm ki, ürəyinin istisində isidib, gözünün nurunda böyütdüyün şeirlərin yolu bir misralıq deyil. Bu yol sən darıxsan da, darıxmasan da, desən də, deməsən də artıq oxucu üçün ürəyindən Laçına gedən yol boydadır. Və bir də fikrimi elə sənin öz misralarınla tamamlayıram. 

 

Gör kim qalıb söz deyəsi,

Yox cavabı, yox niyəsi.

Di durr get ay ev yiyəsi,

Qapında kilid kişnəyir!

TƏQVİM / ARXİV