Yurdum-yuvam deyən şair - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
315 | 2024-10-29 13:16

Elə söz adamları var ki, onlar həmişə arxa planda qalırlar. Çünki iddialı deyillər və bir də onların sözü, duyğuları heç kimdən izin almadan özü-özünü göstərir, tanıdır və bir də bu adamlardakı səmimiyyət, əxlaq və bir də ən vacibi özünə və sözünə dəyər vermək qabiliyyəti o qədər orijinal və təbiidir ki, bu da qapılar döyməyə, adamları bezdirməyə və yaxud kimlərəsə yarınmağa imkan vermir. Çünki daxili mən, daxili qürur onu həmişə uca tutur…

Çoxdandır səsi ilə, sözü ilə qarşılaşmadığım və yenə də özünə çəkilən dəyərli ziyalımız, neftçi alim, diplomat, fövqəladə və səlahiyyətli səfir vəzifəsində işləmiş Hacan müəllimin mənə bağışladığı kitabla yenə baş-başayıq. Adətimə uyğun kitabxanamın bu dəfəki həmsöhbəti məhz yurdum-yuvam deyən şairdi. Onunla çörək də kəsmişəm, dəfələrlə həmsöhbət də olmuşam, sözə münasibətini də, sözdən yararlanmaq imkanını da bilirəm, xəbərdaram onun dünyasından. Xüsusilə ədəbiyyata, gündəmdə olan söz mühitinə, onun ağsaqqal, həm də bir klassik baxışı var. Bu baxışı o öz sözlərində də, öz misralarında da müəyyən ştrixlərlə oxucuya çatdırır. Şeirlərini oxuduqca hiss edirsən ki, müəllif səninlə yol-yoldaşlığı edir. İstəyir ki,  həmsöhbətin olsun, fikirlərini, duyğularını cilalasın. Elə bu istəklə də yazır:

 

Görüşdük yenə də,

Dəyişdi halın.

Başladın sözünə aram-aram sən.

Birinci bu oldu sorğu, sualın

De görüm sən məndən nə istəyirsən?

 

Həsrətdi qəlbimi göynədən gülüm,

Eşqinlə hər zaman ürək yanacaq.

Heç nə istəmirəm mən səndən gülüm,

Səni istəyirəm, tək səni ancaq!

 

Bəli, istəyi, sevgini bu qədər sadə, anlayışlı və birbaşa söyləmək yəqin ki, o böyük sevginin ürəkdə oyatdığı, üsyankara çevirdiyi gücün, cəsarətin diktəsidi. Yəni, bu fikirləri söyləmək üçün dil dolaşmır, əminlik hissi ilə ürəyi ifadə edir. Ürəyin səsi dildən pərvazlanır. Ona görə də şeiri oxuyanda şəxsən mən həmin o hissin hərarətini canımda hiss etdim. Və yaxud:

 

Məni düşündürməz nə zər, nə zinət,

Etdim qəm çəkməyi özümə sənət.

Qismətim sənsizlik, payım sükunət,

Yanımda yoxluğun məni yandırır.

 

Dərdi tapmaq asan, sağalmaq çətin,

Bilməm getmək çətin, ya qalmaq çətin.

Dilindən bir kəlmə söz almaq çətin,

Yad ilə şuxluğun məni yandırır.

 

Qoyma vüsalına namuraz məni,

Amandır həsrətə öyrət az məni.

Nə alov, nə atəş yandırmaz məni,

Sənin soyuqluğun məni yandırır.

 

Düşünürəm ki, bu şeiri oxuyan və az-çox sevgini, həyatı, vüsalı, həsrəti dəyərləndirməyi bacaran oxucu dərhal özünə doğma bir mənzərə ilə qarşılaşacaq. Elə bil ki, müəllif müəllif özünün timsalında mənim də sənin də düşündüklərini, yaşadıqlarını sözə çevirib. Yaratdığı tablo, çəkdiyi rəsm hamımızın həyatının bir anıdır. Bu da onu bir daha sübut edir ki, Hacan müəllim yaşanmış hissləri ustalıqla cilalayır. O sevgidəki istiliyi də, ağrı-acını da, şirinliyi də, necə var, necə yaşayır o cür tərənnüm edir, o cür göstərir oxucuya. Belə olduğu halda da könüldən-könülə gedən yol nə qədər çətin, dolanbac olsa da keçilir. Çünki mayasında sevgi və ona qovuşmaq inadı var.

Mən Hacan müəllimin kitabını oxuyarkən şahidi olduğum məqamlardan biri də onun Allahla, Tanrı ilə bağlılığı, ona həm qəlbən, həm ruhən hər zaman doğma olduğunu da müşahidə etdim və hətta gördüm ki, müəllif şeirlərinin birində xüsusi olaraq vurğulayır ki, o sevginin günaha yazılmamasını Allahdan diləyir. Və:

 

Bunu kim bəslədi, becərdi belə,

Birdən pöhrələndi, cücərdi belə.

Hazıram çəkməyə bu dərdi belə,

Allah, bu sevgini günaha yazma.

 

…Bütün ucaların ucası budur,

Dilimin kəlməsi, hecası budur.

Könlümün yeganə ricası budur,

Allah, bu sevgini günaha yazma.

 

Ümumiyyətlə, Hacan Hacısoyun «Yurdum-yuvam…» kitabındakı şeirlərin böyük əksəriyyəti müəllifin özünün özü ilə üz-üzə oturub dərdləşməsi təsirini də sərgiləyir. Yəni, mən bu kitabı oxuduqca anladım ki, müəllif başqa bir kimsəylə yox, özüylə həmsöhbətdir. Sevgisini də, həsrətini də, kədərini də, yaşadığı problemləri də özü-özünə söyləyir, özü-özündən onlara bir açar, bir kömək yolu axtarır və ən vacibi bir də, onun üçün Azərbaycan, doğulduğu bölgə, kənd dünyanın cənnətidi. O, məhz Azərbaycandan, Borçalıdan, Qaraçöpdən bəhrələnir. Soyuna, kökünə bağlılığı ilə, səcdəsi ilə özünü daha da qürurlu, daha da dəyanətli görür. Məsələn, yazır ki:

 

Gözümün qarası, ağı,

Vətənimin bir budağı.

Başımın qeyrət papağı,

Ömrümün tacı, Borçalı.

 

Və yaxud:

 

Çinarların düzülübdür qatar-qatar yol boyunca,

Bu Süleyman bulağıdır, saf suyundan iç doyunca.

Girəcəkdə şəhid oğlun heykəlləşib dönüb tunca,

Çox-çox ağır sınaqlara meydan mahalım, Qaraçöp.

İgidlərə, ərənlərə ünvan mahalım, Qaraçöp.

 

Mən bilərəkdən şairin öncə doğulduğu mahala və kəndə sevgisini, övlad sayqısından nümunəni sizə təqdim etdim. Və bunun ardınca Azərbaycana üz tutub deyəndə:

 

Biz hamımız amalı bir, sözü birik,

O üç rəngli bayrağına and içirik!

Düzlənmişik, hər əmrinə müntəzirik,

Bizim üçün sənsən hər şey Azərbaycan.

 

«Azərbaycan» şeirinin sonuncu bəndi olan misraları oxuyanda yəqin ki, siz də mənimlə həmfikir olacaqsınız. Biz birlikdə , həqiqətən şairin də dediyi kimi, güclüyük, qalibik. Ona görə də yurdun-yuvanın həm keşikçisi, həm də onu şərəfləndirən övlad kimi borcumuz bütün meydanlarda qalib olmaqdır. Və bir də sözümüzün səmimiyyəti və saflığı da, kəsəri də, dürüstlüyü də həmişə Azərbaycanın adına, sanına həm layiq olmalı, həm də şərəf gətirməlidi.

Düşünürəm ki, Hacan Hacısoyun fikirləri sizin üçün də ibrətamizdir, dəyərlidir.

  • Noyabr:
  • 1

TƏQVİM / ARXİV