18 Mart 2025 11:14
88
SAĞLAMLIQ

Bu günlərdə insanların qidalanma vərdişlərinə xüsusi diqqət yetirməsi vacibdir

“Bu il Ramazan ayı və Novruz bayramı eyni aya təsadüf etdiyi üçün insanların qidalanma vərdişlərinə xüsusi diqqət yetirməsi vacibdir”. 

Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev səsləndirib. 

Onun sözlərinə görə, xüsusilə şəkərli diabet, hipertoniyadan əziyyət çəkənlər, ürək-damar və mədə-bağırsaq problemləri olanlar bayram süfrələrində və oruc tutarkən sağlam qidalanma prinsiplərinə əməl etməlidirlər:

“Şəkərli diabet xəstələri bayram şirniyyatlarını minimuma endirməli, əsasən təbii şəkər mənbələrinə (məsələn, qoz, badam, xurma) üstünlük verməlidirlər. Səhhətlərində ciddi problem yaranmaması üçün oruc tutmazdan əvvəl mütləq həkim məsləhəti almalıdırlar. İftarda və imsakda kompleks karbohidratlar (tam taxıllı çörək, qəhvəyi düyü) qəbul etməlidirlər ki, qan şəkəri stabil qalsın. Hipertoniya və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər duzlu, yağlı və qızardılmış qidalardan uzaq durmalıdırlar. Bayram süfrəsində az yağlı yeməklərə və qızartma deyil, sobada və ya buxarda bişmiş qidalara üstünlük verilməlidir. Oruc tutarkən kifayət qədər su içmək vacibdir, çünki susuzluq qan təzyiqinin dəyişməsinə səbəb ola bilər. İmsakda kaliumla zəngin qidalara (banan, xurma, yaşıl tərəvəzlər) üstünlük vermək təzyiqin tənzimlənməsinə kömək edə bilər. Mədə-bağırsaq problemləri olanlar turşuluğu artıran qidalardan (turşular, qazlı içkilər, çox şirin və ya yağlı yeməklər) uzaq durmalıdırlar. İftarda çox yeməkdən çəkinməli, yeməyi az porsiyalarla qəbul etməlidirlər. İmsakda lifli və yumşaq qidalara üstünlük vermək (yulaf, qatıq, banan) mədə üçün daha faydalıdır”.

Mütəxəssis-ekspert qeyd edib ki, bayram süfrəsində çox yeməkdən çəkinmək və yeməkləri kiçik porsiyalarla qəbul etmək vacibdir:

“Oruc tutanlar iftarda birdən-birə çox yemək yeməməli, yeməyə su və yüngül qidalarla başlamalıdırlar. İmsakda protein və liflə zəngin qidalar qəbul etmək gün ərzində aclıq hissini azalda bilər. Şirniyyat seçimində şəkər tərkibi az olan, qoz-fındıq və meyvələrlə hazırlanan alternativlərə üstünlük vermək daha faydalıdır”.

Z.Quliyev sonda bildirib ki, xroniki xəstəliyi olan şəxslər bayram günlərində və Ramazan ayında qidalanmalarını diqqətlə tənzimləməli, özlərini narahat hiss etdikləri halda dərhal həkimə müraciət etməlidirlər.