27 Noyabr 2024 10:14
773
ƏDƏBİYYAT

Əbülfət Mədətoğlu: Sevəcəm səni...

Məni özüm qədər tanıyan tək sən,
Xəyalda, yuxuda, dünyada təksən!
Nə qədər özünü kənara çəksən -
Qədərdən,  daha çox sevəcəm, səni!..

Gileyli  dursa da daşım , daş üstə,
Hər an söyləyəcək sən "Baş üstə"!
Hətta  doğrayanda  yaşı yaş üstə -
Qədərdən daha  çox sevəcəm, səni!

Səmtin ha  dəyişsin  bu  meh, ya  külək
Görəcək işini "iynəgöz" ələk...
Səssiz  xəncərini  çəkəndə  fələk -
Betərdən də  betər sevəcəm, Səni!

Ömrümə Haqq  yazan Səfa  deyərək,
Adına Su, həm də Hava  deyərək ...
Sevgimi  yaşadan  VƏFA!- deyərək -
Sevdiyim qədər də, Sevəcəm SƏNİ!