25 Noyabr 2024 10:10
878
ƏDƏBİYYAT

İsmayıllı lövhələri... - Əlisəfa Azayev yazır

İsmayıllı rayonu, ərazisi sanki bir cənnətdi. Elə bütün fəsillərdə, günlərdə. Sadəcə bu qapını açıb içəri girmək, insanlarla tanış olmaq lazımdı. Mən də bir işıqlı oktyabr günündə bu gözəl məkanın qonağı oldum. Həmişə olduğu kimi bu səfərim də könül açan, yadda qalan oldu.

İstər-istəməz keçmiş günlər yada düşdü, həzin, şirin xatirələr xəyalımda canlandı. İlk növbədə səksən üçüncü ildə Partiya məktəbində kursda olmağımız. Bir gün də üç "İkarus" avtobusu ilə bu gözəl təbiətli rayona gəlməyimiz, qarşılanmağımız, bizə göstərilən gözəl xidmət. O iri, nəhəng palıd ağacının altında...

O vaxt rayon rəhbəri Qəşəm müəllim idi. Fəallığı ilə seçilirdi. Gözəl süfrə açdırıb, İsmayıllı nemətlərinə bizi qonaq elədi. Sonra da çal-çağır, mədəniyyət işçilərinin gözəl çıxışları, oynaq rəqs havası... Birinci katib başda olmaqla hamı hərəkətdə, rəqs etməkdə, oynamaqda idi.

Oradan yolumuz Tarix-Diyarşünaslıq Muzeyinə düşdü. Sonra da Lahıc qəsəbəsinə. Burada da bizi qəsəbə Soveti İcraiyyə Komitəsinin sədri Ruhi Ələsgərova qarşıladı. Hələ onda Lahıca, onun gözəlliklərinə, təmizliyinə, saflığına vuruldum. İnsanları necə də qayğıkeş, mədəni, səmimi idilər. Hər yanda "can" sözü eşidirdin.

Elə oldu ki, həmin səfərdən bir müddət sonra Moskva, Millətlər Sovetinə seçkilər başladı. Bizim rayon daxil olmaqla üç rayondan bir namizəd verilməli idi. O vaxt bu məqsədlə dairənin yerləşdiyi Göyçay rayonuna gedəsi olduq. Namizədlər bu adamlar idi: Göyçay rayonundan gözəl-göyçək bir pambıqçı qız, bir də Lahıc qəsəbə Soveti İcraiyyə Komitəsinin sədri Ruhi Ələsgərova.

Tədbir Maarif şöbəsinin zalında keçirilirdi. İçəridə xeyli adam vardı. Biz də rəyasət heyətində  əyləşmişdik. Yerindən duran pambıqçı qızı tərifləməkdə idi.  İsmayıllıdan gələnlər bir tərəfdə  əyləşmiş, bir söz demirdilər. On-on beş nəfər olardılar. Bu münasibətə dözməyib, mənimlə yanaşı əyləşmiş Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin sədri Telman İslamova dedim:

- Ə, vallahi ki, durub İsmayıllı nümayəndəsi bu xanımı müdafiə edəcəyəm.

Telman müəllim narahat olmuş kimi dedi:

- Əlisəfa müəllim, sakit... Heç nədən bizi işə salarsan.

Həqiqətən də, birtərəfli olsa da, çox ciddi müzakirə, söz-söhbət gedirdi. Ancaq göyçaylılar lap ağ etmişdilər. İsmayıllıdan gələnlərə söz verən yox idi. Heç kim onların namizədi barədə bir söz demirdi. Beləcə təsirlənmiş halda söz alıb, çıxış edəsi oldum:

- Əziz tədbir iştirakçıları! Mən də hər iki namizədi salamlayır, uğurlar arzulayıram. Sizin namizədi – pambıqçı qızı tanımasam da, Lahıc qəsəbə XDS İcraiyyə Komitəsinin sədri Ruhi Ələsgərovanı az-çox yaxşı tanıyıram...

Sonra da başladı bir vaxtlar Partiya məktəbindən İsmayıllıya, Lahıc qəsəbəsinə gəlişlərindən, orada gördüklərindən söhbət açmağa. Xüsusilə o vaxt Lahıc orta məktəbində çay süfrəsi arxasında əyləşərək məktəblilərin onlara xidmət etməsi çox ürəkaçan, yaddaqalan olmuşdu. Onlarla məktəblinin birinin səsi çıxmır, xoş münasibətdə, hərəkətdə idilər.

Tədbirin sonunda Ruhi xanım başda olmaqla ona tərəf yaxınlaşıb, görüşdülər,əlini sıxdılar, hədsiz minnətdarlıq elədilər. Təsirlənmiş halda dedi:

- Mən olanı, gördüklərimi, söhbət açıb dedim də.

Bir daha minnətdarıq elədilər:

- Çox sağ olun!

- Allah saxlasın sizi!

- Bizi sevindirdiniz!

Bax beləcə bu gün İsmayıllıda, bu gözəl məkanda olanda istər-istəməz xəyalən o anları yaşadı, yada saldı. Yolu notariat kontoruna idi. Orada notariusla görüşüb, "Notariat sirri", "Notariusun qeydləri" kitablarını ona vermədən sonra Mədəniyyət şöbəsinə tərəf gəlməyə başladı. Bu şəxs notariusu əvəz edirdi. Doğrusu, əvvəlki notariusun dünyasını dəyişməsini eşidib çox təsirlənmişdi. Gözəl bir insan idi.

Mədəniyyət şöbəsində isə nümayəndənin ləng görünməsi onu təsirləndirən kimi oldu. Görünəndə isə dedi:

- Heç bu qarşılanma ismayıllılara yaraşmır. Siz yerli adamsız?

- Bəli...

- İnandırıcı olana oxşamır.

Üzrxahlıq elədi:

- Müəllim, tapşırıq var. Onunla məşğul idim.

- Bəs görüşmək?..

- Bağışlayın...

Tanış olandan sonra yalan-gerçək söz verdi ki, onunla rayon sakinlərinin görüşünü təşkil edəcək. Hətta telefon nömrəsini də aldı.

Mərkəzi Kitabxanada isə direktorun yanında kimsə vardı. Yalan olmasın onun çıxması xeyli çəkdi. Qapını döyüb, içəri girəndə orta yaşlı bir kişi gördü. Kitabxana müdiri səmimiyyətlə dedi:

- Salam müəllim, xoş gəlmisiniz.

- Salam... Çox sağ olun.

- Qazi, veterandı...

Kişi otaqdan çıxmaq istəyəndə razı olmadı. Söhbətlərini davam etdirməyi xahiş etdi. Kitabxanada, oxu zalında olacağını dedi... Burada isə  əsl mənada köhnə tanışlarının əhatəsinə düşdü. Bir neçə il əvvəl burada onunla görüş keçirilmişdi. Rəhbərlik təzələnmiş, köhnələrdən çoxu təqaüdə getmişdi. Gözə dəymirdilər.

Bir azdan Kitabxananın direktoru gəldi, onu otağına apardı. Xeyli söhbət etdilər. Az sonra da görüş başladı. İçəridə xeyli işçi, oxucu vardı. MKS-in direktoru Orxan Ağayev onun haqqında danışdı, keçdiyi yoldan, əsərlərindən bəhs elədi. Sonra da sözü elə onun özünə verdi.

Həmişə olduğu kimi gəlişinin məqsədindən, kitabxanaçıların qarşılarında duran məqsəd və vəzifələrdən söhbət açdı. Oxucu fəallığını yüksək qiymətləndirdi. Sərgilənən kitablardan da bunu görmək olurdu. Oxumaqdan xeyli hissəsi yararsız hala düşmüş, didilmiş, üz qabıqları tanınmaz hala düşmüşdü.

Çıxış edənlər arasında MKS-in Multimedia mütəxəssisi Aytəkin Dəmirova, MKS-in Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırma şöbəsinin müdiri Vüsalə Məsimova, Oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı Kifayət Bağırova, Metodika şöbəsinin müdiri Nərgiz Əbilova və başqaları da vardı.

Keçirilən görüşdən təsirlənmiş halda MKS-in direktoru Orxan Ağayev dedi:

- Müəllim, biz sizinlə daha geniş, əhatəli görüş təşkil edib keçirəcəyik.

Bu məqsədlə ondan telefon nömrəsi də aldılar. Belə bir görüşün təşkil edilib-edilməyəcəyini bilmir. Ancaq Orxan müəllim bir insan kimi çox xoşuna gəldi. Əsl ziyalı, görüb-götürmüş bir ailənin övladına oxşayırdı. Olduqca səmimi, qayğıkeş, alicənab idi. Ayrılanda istər-istəməz təsirləndi, onun əlini sıxası oldu:

- Hələlik. İnşallah, görüşərik.

- Əlbəttə ki...

İsmayıllının küçələrini addımladıqca yenə də Lahıc, Lahıc xatirələri yadına düşdü. Ruhi xanım doxsanıncı ildə onun Ali Sovetə deputatlığa namizəd olduğunu eşidən kimi Kürdəmirə – rayonlarına gəlmişdi. Özü dəəliboş yox, bir iri qutu sayılıb-seçilən qıpqırmızı Qızıl Əhməd alması ilə. Dilləndi:

- Bu nədi... Nə zəhmət çəkmisiniz.

- Sizin üçündü...

- Çox sağ olun... Minnətdaram.

- İsmayıllı nemətidi də.

- Gözəl...

- Lahıc bağlarından...

Həmin gün onunla Şilyan kənd sakinlərinin görüşü olduğunu biləndə dedi:

- Mən də iştirak edəcəyəm.

O, qəti etiraz etdi:

- Yox, çox sağ olun. Uzaq yol gəlmisiniz.

- Heç nə olmaz...

Onunla bir neçə adam gəlmişdi. "Niva" maşınında idilər. Onlar da səsləndilər:

- Əlbəttə, lazımdı...

- Xoş olar...

- Gedəcəyik...

Yaxşı deyirlər ki, hörmət qızıl pul kimidir. Heç vaxt dəyərini itirmir. Onlarla həmin gün Şilyan kəndinə yola düşdülər. Ruhi xanımın bu səmimiyyəti, hərəkəti hətta birinci katib Tofiq Kərimovu da heyrətləndirmişdi.

Şilyanda, kənd sakinləri ilə keçirilən görüş çox yaddaqalan oldu. Ruhi xanımın da gəlişini eşidib xeyli adam gəlmişdi. Mən əvvəl onun haqqında bəhs edib, qonaqlara "xoş gəlmisiniz" dedim. Sözü Ruhi xanıma verdim. O məndən Göyçay görüşündən söhbət açdı, bir insan kimi ünvanıma xeyli tərifli, şirin sözlər dedi:

- İnşallah yaxşı olar. Mən Əlisəfa müəllimə inanıram. O, çox səmimi, alicənab adamdı...

Mən onun bu xoş sözlərindən təsirlənmiş halda tədbirin tez yekunlaşmasını istəyirdim. Nə vaxtdan bəri ayaq üstə idilər.

Əlbəttə, bütün bunlar artıq xoş xatirəyə çevrilib. O ağır səksən-doxsanıncı illərdə Ruhi xanımın Moskvaya, Ali Sovetin iclaslarına gedib-gəlməsini eşidərdi... Sonra da ədliyyə işinə dəyişdi, Siyəzənə dövlət notariusu təyin olundu. Orada İsmayıllının nümayəndəsi, əslən Lahıc qəsəbəsindən olan Cəfər Bağırovla tanış oldu. Cəfər müəllim təhsil şöbəsinin inspektoru idi. Rayonda böyük hörmət sahibi idi. Seçkilərdə həmişə rayon dairə komissiyasının sədri olardı.

Onunla vaxtaşırı Ruhi xanım barədə söhbətləri olardı. Hətta bir gün qərarlaşdırdılar ki, İsmayıllıya – Lahıca ona baş çəkməyə getsinlər. Ancaq bu görüş onlara qismət olmadı. Ruhi xanım gözləmədikləri halda dünyasını dəyişdi. Allah rəhmət eləsin. Yeri cənnətlik olsun.

Onun barədə istər-istəməz o vaxtlar akademik, Moskva deputatı olan Püstəxanım Əzizbəyovanın sözləri yadıma düşür. Ruhi xanım barədə bəhs edəndə dedi:

- Rus dilində bir o qədər yaxşı bilməsə də, çox fəal idi. Dağlıq Qarabağ barədə bir kəlmə eşidən kimi, tez yanıma tələsər, məlumat verər, hər kəlmənin aydınlaşdırılmasını istərdi.

Bəli, Ruhi xanım belə bir insan idi. Həyat onu əsl mənada qaynar qazanında "bişirmiş", zəmanəsi üçün olduqca yararlı, təmiz qəlbli, işgüzar, alicənab, səmimi bir qadın – insan etmişdi. Mən onun haqqında bəhs edəndə istər-istəməz təsirlənir, kövrəlirəm... Axı o həyatda rahatlıq nə olduğunu bilməzdi. O vaxtkı Lahıc səliqə-sahmanına, təmizliyinə, abadlığına görə ona çox borclu idi.

Axı bu gözəl qəsəbə heç də adi qəsəbə deyildi. Bir vaxtlar ilk Cümhuriyyətimizin başqanı Məmməd Əmin Rəsulzadə də müəyyən müddət bolşeviklərdən qaçaraq burada gizlənmiş, yaşamışdır. Vaxtında Cavanşiri, Babəki, Nəbini yaxalayan xəyanət, onu da burada yaxalamış, ələ keçirmişdi. Özü də bir tüfəng əvəzində. Ona görə də lahıclılar kənar adamların burada məskunlaşmasından ehtiyatlanarlar. Əsl lahıclı belə hərəkət etməzdi! Bu onlarda qanla keçən bir göstərici, yaddaşdı. Məsələ, mübahisəli olsa da, əslində belədi. Xəyanət Lahıc adına yaraşmır axı!.. Necə ki, qanqaraldıcı İsmayıllı hadisələrində bir nadanın, gəlmənin təqsiri səbəbindən əzab-əziyyət çəkdilər...

O ağır hadisələri xatırlamaq, yada salmaq günah olsa da, həm də bir yaddaşdı. Gərək elə oturub-durasan ki, acı, yersiz dil, söz səbəbindən şapalaqlanmayasan, döyülməyəsən, ağzın cırılmasın... Belə cəzalandırmalar bu günə yaraşmasa, qadağan olunsa da, tarix boyu olub. Kütlə nifrəti həddini aşanda!.. "Meyvənin yaxşısını qurd yeyər" ifadəsinə bənzər sözlər deyilsə də, bir xanım, onun həyat yoldaşı barədə bu ifadəni işlədəndə ikrah doğurur. Deyilənə görə, necə ki, onda nifrət doğurmuş, heç nədən beləcə qalmaqal düşüb... Neçə adam, ailə bədbəxt olmuşdu...

Bəli, sakit adamların nifrəti, qəzəbi daha güclü olur. Ona görə də nahaq deyilmir ki, gizli, haqsız işlər həmişə partlayış doğurur. Aşkarlıq, sözün deyilməsi nə qədər xoş olmasa da, həm də insanlara, qəlblərə bir sakitlik, rahatlıq gətirir. Ona görə də münasibətlərdə bir o qədər qapalılıq çox xeyir gətirmir. Dərd bilinə ki, dərmanın tapılması üçün səy göstərəsən...