03 May 2025 10:13
168
KRİMİNAL

Sabiq məmurun nəvəsi keçmiş sevgilisinin evinə hücum edib? - DİN-dən açıqlama - VİDEO

Bakıda qadın keçmiş sevgilisi tərəfindən bıçaqlı hücuma məruz qalıb.

Adalet.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında, Şərafət Babayevanın mənzilində baş verib.

Zərərçəkənin bildirdiyinə görə, 3-4 gün əvvəl ayrıldığı sevgilisi Murad Əhmədov onun yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilinə dəhlizdə yerləşən pəncərədən daxil olub.

Ş.Babayevanın verdiyi məlumata əsasən, M.Əhmədov əvvəlcə 2 saat ərzində mənzilin qapısını döyüb, qapını aça bilməyəndən sonra isə binanın dəhlizindəki pəncərədən dırmaşaraq evə daxil olub. O, zərərçəkənin telefonunu əlindən almağa çalışıb və mətbəxdən götürdüyü bıçaqla onu hədələyib. Müqavimət zamanı isə qadının əli bıçaqla yaralanıb.

Zərərçəkən bildirib ki, M.Əhmədov babası Oqtay Atakişiyevin Müdafiə Sənayesi Nazirliyində sabiq vəzifəli şəxs olması ilə öyünərək, ona qarşı hər hansı tədbirin görülməyəcəyini iddia edib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır və ictimaiyyətə əlavə məlumat veriləcək.