ASTARA ŞƏHİDLƏRİ

KAMALƏ ABİYEVA
226705 | 2021-02-05 11:11

Ürəyi Vətən dolu KAMRAN Seyfullazadə

“22 yaşını yanvarın 14 – də qeyd elədi o dünyada” – ananın ağrılı səsi minamyotun qəlpələri kimi Kamranla birlikdə mənim də canıma doldu elə bil. Kamran Seyfullazadə Cəlal oğlu 1999 – cu il yanvarın 14 - də Astarada doğulub.Orta təhsilini F. Əliyarov adına 6 nömrəli məktəbdə alıb. Uşaqlıqdan sevimlisi olub hamının gözəlgözlü Kamran: ailənin, qohum – qonşuların, məktəbin, böyüyün, kiçiyin.

“ Gözümün qabağında böyüyən uşaqdı. 12 – 13 yaşı olardı. 26 fevralda Xocalı faciəsi ilə bağlı kadrlara baxırdıq. Kamranın gözləri dolmuşdu. “Mən bunun qisasını alacam” dedi. Ona baxdım. Gözlərində qəzəb, nifrət vardı. Elə hey deyərdi ki, erməni kimdi, bizim torpaqlarımızı alsın, kimdi? O qədər həyacanlanır, fikir edirdi ki. Ona ürək-dirək verirdim, sakitləşdirirdim. Onun ürəyi Vətən azadlığı arzusuyla döyünürdü. Bütün oğullarımız, bütün Şəhidlərimiz mərddi, igiddi hamısı. Amma 100 nəfər seçməli olsaq, onlardan biri mütləq Kamran olar. Sözlə ifadə edə bilməyəcəyim qədər qeyrətli, cəsarətli uşaq idi.- bunları Kamranın ən yaxın dostlarından biri olan Fuadın atası Adil söylədi.

Novruzlu Fuad isə Kamrannan saatlarla danışmaq istəyirdi: Ondan nə qədər danışsam, nə desəm az olar. Deyə bilmərəm. Heç ayrılmazdıq. Ondan ayrılmaq olmurdu. Bütün uşaqlığımız bir yerdə keçib.Məndən kiçik olsa da, çox ağıllı idi. Onunla məsləhətləşərdim. Lazım gəlsə, dostuna görə canını verərdi, o ki qala Vətən. O, hərbi xidmətdə olmuşdu. Polad Həşimov öləndə çox sarsıldı. Adını o vaxtdan yazdırmışdı. Müharibə başlayanda o saat könüllü cəbhəyə yollanıb. Axırıncı

söhbətlərimizdən birində dedim ki, özünü qoru. Dedi ki, burda hamı Vətəni qoruyur. Burda elə oğlanlar var ki! Burda hamı birdi. Əsas odu düşmən qabağımızda dayana bilmir. Son nəfəsəcən döyüşüb. Şəhid olan döyüş yoldaşının da silahını götürüb iki silahla döyüşüb. İtkisi bizim üçün çox ağırdı. Amma hamımızın başını uca elədi.

“Çox yaxın 4 dost olmuşuq – Mən, Fuad, Orxan, bir də ən kiçiyimiz Kamran. Ən şirin, ən qiymətli xatirələrimdi Kamran. Doğmam idi. Onun kimi mərd oğullar hələm-hələm gəlmir dünyaya. Mərdliklə də döyüşüb.Tez-tez əlaqə saxlayırdıq. Son döyüşdə 8 nəfər olublar. Sona qədər döyüşüb.Sona qədər. Bilib ki, öləcək, amma postunu tərk etməyib”. Bunları da dostu Məlikzadə Elbrus söylədi. Orxansa deyir ki, Kamran əlindəki bir tikəni dostuna, ya ehtiyacı olan birinə verə bilərdi. Mən də dostlarımı sevirəm, amma həmişə mənə elə gəlib ki, Kamrana çata bilmərəm. Müharibə başlayanda ayrı düşmüşük. Eynullazadə Orxan da igid döyüşçülərimizdəndi. Fizuli, Xocavənd, Cəbrayıl uğrunda döyüşlərdə olub. Döyüşlər haqqında danışmaqda çətinlik çəkir: Yadıma düşür, ağrıyıram. Müharibədi, meşədə qalmışıq, ac-susuz olmuşuq, amma bunlara fikir vermirdik. Ən ağırı yanındakı döyüş yoldaşlarının şəhid olması idi. Snayperlər izləyirdi, bilirdilər ki, şəhidləri, yaralıları döyüş yerindən mütləq çıxaracayıq. Kamran da şəhid dostlarını qoyub gedə bilməyib. Elə oğul idi. Sonu ölüm olsa belə, kimsəni darda qoymazdı...

Uşaqlıq və döyüş dostlarını, onu tanıyanları dinlədikcə qorxmaz, mərd, sözünə bütöv, yaraşıqlı Kamranı görürdüm elə bil. Gözlərim önündə Kamran canlanırdı: ürəyi Vətənlə dolu Kamran.

“Boy-buxunluydu Kamranım. Onunla birlikdə özümü də, ürəyimi də dəfn eləmişəm elə bil. 12 yaşından ailənin yükünü çəkib, oxuyub, həm də işləyib”- deyir ana.-Onu hamı çox istəyirdi. Hamı. Döyüşçülər də o qədər tərifləyir, deyirlər “siz ona canavar südü, şir südü vermişdizmi belə qorxmaz idi?” Bir dənəm idi. Qəhramanımız Polad şəhid olan gündən bu uşaq özünə yer tapmırdı.”Gedəcəm” deyirdi. Torpağını sevirdi. Medal üçün döyüşməyib mənim balam, amma o qədər medal verdilər oğluma”.

Cəbrayılın, Fizulinin, Xocavəndin azadlığına görə medalları ilə təltif olunub Kamran Seyfullazadə.

Gənc yaşının qocaman hörməti vardı. Onu həm də mərdliyinə görə sevirdilər. Cəsarətinə görə döyüş yoldaşları ona “Əjdaha” deyirdilər. Neçə - neçə yaralını xilas edib, şəhid olanları güllə altından çıxarıb “əjdaha Kamran”.

Xüsusi Təyinatlıların könüllüsü olan Kamran Seyfullazadə Fizuli, Hadrud, Cəbrayıl, Xocəvəndin azadlığı uğrunda döyüşlərdə iştirak edib. Xüsusi Təyinatlılarla birlikdə Şuşaya daxil olub.

Şuşa uğrunda döyüşlərdə də noyabrın 5-də qəhrəmancasına həlak olub 21 yaşlı qəhrəmanımız.

“Oğluma ən gözəl sözləri yazın” – dedi bir də Ana. Təsəlli verə bilmədim. “Ağlayan səsinin başına dönüm” – dedim sadəcə. Deyə bilmədim ki, ən gözəl sözləri, əsrlərlə yaza bilmədiyimiz sözləri sənin Kamranın yazıb “Qələbə! Bizi utancdan qurtarıb. Azərbaycanın tarixinə elə sözlər yazıb ki! Kamranlar nələr edib bilirsənmi ana?” – deyə bilmədim.

“Özü getdi. Mən ona heç “getmə” də demədim. Bilirdim ki, gedəcək. Bilirdim ki, Vətəni sevir. Ölümü gözə alıb gedib” –sözlərini tez-tez təkrarlayan anaya nə deyəydim ki?

Kamran bütün şəkillərində gülümsəyir. “Ana, ağlamazsan. Mən ermənilərdən qisas almağa, Vətən üçün ölməyə, Şəhid olmağa gedirəm” – deyən gözəl gözlü, gülümsər üzlü gəncə nə deyə bilərəm ki?... Bir də “Vətən uğrunda” medalı verilib ona. Vətən uğrunda ölməyə hazır olana nə demək olar?..

Kamalə Abiyeva

TƏQVİM / ARXİV