BU DÜNYADAN ORXAN GETDİ…

VAQİF YUSİFLİ
27640 | 2019-06-07 17:36
Onu yaxşı tanıyırdım. Çünki atası Adil Cəmil dostumdur, onun həyat yolu və yaradıcılığı barədə kitab da yazmışam («Adil Cəmilin sənət yolu». «Elm və təhsil», 2014).Oğlu Orxanın şeir yazdığını, mənə 2013-cü ildə öz dəst-xətti ilə yazıb bağışladığı «Ünvanlı sətirlər» şeirlər kitabına qədər beş şeirlər kitabı çap etdirdiyindən də xəbərim var idi. Bir gün Adil Cəmilə sual verdim ki, sən Orxanı şair kimi qəbul edirsənmi? Dedi ki, ali məktəb bitirib, işləyir və şeir yazmağının heç bir qorxusu yoxdur, hər halda ürəyinin səsinə qulaq asır.Qoy yazsın, Adil Cəmil olmasa da, Orxan Cəmil olar, özünü təsdiq edər. Əlbəttə, Orxan Cəmilin haçansa yaradıcılıqda Adil Cəmil olacağı məni düşündürmürdü, onsuz da bu şeir aləmində hərə öz sözünü deyir. Amma Orxanın «Ünvanlı sətirlər»ini oxuyandan sonra tam əmin oldum ki, bəlkə də öz yaşıdları arasında bu qədər səmimi, ürəyi açıq ikinci bir şair tapmaq çətindir.Kitabdakı bütün şeirlər ayrı-ayrı insanlara həsr olunub və o səmimiyyət şirinliyi hər bir şeirin bəzəyi idi. O şeirlər barədə sözümü deyəcəyəm. Amma günlərin bir günü dünyanın ən xoşbəxt adamlarından (hətta şairlərindən) biri hesab etdiyim Adil Cəmil Xoşqədəm Hidayətqızının «Səni axtarıram» verilişində çox kədərli, tutqun bir görünüşdə əyləşmişdi. Və orda Adil Cəmil nikbinliyinə yaraşmayan bir tərzdə söylədi ki, oğlu Orxan ağır xəstədir, səhv eləmirəmsə, qara ciyəri zədələnib, implant yolu ilə kimsə (qohum-qardaş daha münasib) kömək etməlidir. Doğrusu, bu xəbərdən mən də bərk həyəcanlandım, mənim oğlum Vidadi də üç-dörd dəfə ağır əməliyyatdan keçib, mən özüm altı dəfə əməliyyat olunmuşam və ağır xəstəliklərin cəngində qovrulmuşuq. Və bu illər ərzində həmişə fikirləşmişəm ki, Adil Cəmilin oğlu bu ağır xəstəlikdən xilas olacaqmı? Doğrusu, Adillə neçə dəfə onun işlədiyi «Ədəbiyyat qəzeti»ndə və «Natəvan» klubundakı tədbirlərdə rastlaşmışam, hiss edirdim ki, Adil Cəmil sanki ağır bir sınaq qarşısındadır. Mən bu halı özüm də keçirmişəm, həmişə oğlum üçün veriləcək sualdan qorxmuşam, çəkinmişəm.Və Orxanın ölüm xəbərini də elə Xoşqədəm Hidayətqızının verilişində eşitdim.

Orxanın «Ünvanlı sətirlər» kitabının üz qabığında bu dünyanın sanki ən xoşbəxt bir adamının gülərüzlü şəkli həkk olunub.O şəkil həmişə öz görkəmində qalacaq, Orxan o şəkildə həmişə bizə baxıb güləcək. Amma sən demə, gülüşün də ölümü olurmuş. Orxan o gülüşü həmişəlik özüynən apardı. Mən oğulları dünyadan vaxtsız köçən ataların əzablarını hiss etmişəm. Hüseyn Arif illər boyu bu ağrının əzablarını yaşadı, bir «ArifnaməY meydana gəldi. Xəlil Rza Ulutürkün Təbriz ağrısı onun kədərli gözlərində yuva salmışdı, şair özünü nə qədər qürurlu,nikbin tutsa belə, o ağrı gözlərin və ürəyinin dərinliyində idi. Qaçay Köçərlinin oğlu Elcan da döyüşlərdə həlak oldu, o ağrını Qaçay müəllim neçə il həyatında yaşadı, o ağrıdan xilas olmaq üçün hətta öz kəndinə köçdü, sonra özü bu dünyadan köçdü. Ataların əzabları daha ağır olur və mən bu saat dostum Adil Cəmilin nələr çəkdiyini dərindən hiss edirəm. 34 yaşında oğul itirmək (bu, Rafiq Səməndərin də başına gəlib, gözəl aktyor və rejissor Elxan Qasımovun da oğlu Samiri itirəndə o kədəri mən də öz içimdən keçirmişəm. Seyid Əzim Şirvaninin bir qəzəlindən bu misranı xatırlayıram: «Dünyaya gəlmək getmək üçündürp, bu nə qəmdir?». Amma vaxtsız, qəfil ölümlərəmi aiddir bu misra?

«Ünvanlı sətirlər» kitabındakı ilk şeiri Orxan özanasına həsr edib:

Sən mənim qəlbimin şah damarısan,
Axır ürəyindən al qanın, ana.
Ömrümü ömrünə calasan sənin,
Yenə yerin verməz bir anın, ana.

Anası Elza xanımın ad gününə həsr etdiyi bu şeir indi səslənərsə, o ananın hönkürtüsünü eşitmək nə qədər ağırdır.

Orxan anasına bağlı olduğu qədər də, atası Adil Cəmilin vurğunuydu.
Vətənimin təəssüğkeşi
Düz baxışı, düz yerişi
Adil Cəmil.

Vətənimin şair oğlu, Adil oğlu,
Sənətimin püxtələşmiş qadir oğlu
Adil Cəmil.

Xariqələr yaratmısan öz səsinlə
Şeirlərə ruh vermisən nəfəsinlə
Adil Cəmil.

Bu, Adil Cəmilə həsr olunan şeirlər varsa, onların ən təmizidir, çünki oğulların öz atalarını tanıdığı qədər bir kimsə tanımaz,-deyirəm. «Vətənimin düz baxışı, düz yerişi Adil Cəmil»-doğrudan da, mən də Adil Cəmili elə onun oğlunun tanıdığı qədər tanıyıram. Orxanın «Ünvanlı sətirlər»ində «Xəyalə bacıma», «Xumar bacıma», bacısı qızı Fidana həsr etdiyi şeirlərdəki səmimiyyət o qədər şirindi ki, dadından doya bilmirsən. Və bu şeirlərdə Orxanın böyük ürəyinin döyüntülərini hiss edirsən, onun bir ailə çevrəsindəki bacı-qardaq sevgiləri də gözəldir. Təkcə bacı-qardaşlarınamı? Mən bilmirəm, Orxanın Məryəm nənəsi sağdı ya sağ deyil, amma 2012-ci ildə Məryəm nənəsinə həsr elədiyi şeir ululuğa hörmətin təzahürüdür. Orxan bu şeirdə heç bir Amerika kəşf eləmir, sadəcə, Məryəm nənəsinin canlı portretini yaradır:

Ağızı dualı, qəlbi diləkli,
Süfrəni görmüşük duzlu, çörəkli,
Əzəldən olmusan kövrək ürəkli,
Ömrün uzun olsun, a Məryəm nənəm.

Başqa bir nənəsi də varmış: «Maral nənəm». Və bu şeirdə onun Maral nənəsi qüssəlidir, kədərlidir, çünki Adil Cəmil, Məryəm nənə, Orxanın özü Kəlbəcər ağrısını ürəklərində əsil Vətən ağrısı kimi yaşadırlar.

Yaşın səksən üçdür, qoy yüzə çatsın,
Qara gecələrin gündüzə çatsın,
İşıqlı günlərə yol kəsə çatsın,
Kədərli, qüssəli, ay Maral nənəm.

Hələ Savalan babasına həsr elədimyi şeiri demirəm. «Dağın dağlar dağıdır, Mənim Savalan babam». «Dağın dağlar dağıdır»-elə bu misraya görə Orxanın şeirlərində obrazlılığın, sözü ehya etməyinin gücünü görürəm.Orxanın hansı müəllimisə vəfat edib və Orxan onun ölümündən təəssüflənib: «Haqqın dərgahına köç edən günü, Orxanın çiynində getdin, müəllim». Və bu şeirlər adi ithaf şeirləri deyil, həm də Orxanın necə həssas bir cavan olduğundan söz açır.
Orxan əsl vətənpərvər idi, Adil Cəmin ocağında böyüyən bir cavan oğlan məhz Vətənini, elini sevməliydi.

Mənim yurdum Kəlbəcər, Kəlbəcər,
Cığırın üstündən bir atlı keçər,
Hanı qoç Koroğlu, ismətli Həcər?!
Dəlidağdan əsən külək,
O yerlərə nə vaxt dönək?

Amma Orxanın özü yox, ruhu dönəcək Kəlbəcərə.

Mən bu yazını Orxan Adiloğlu Cəmilin gülərüzlü şəklinə kədərlə baxıb yazdım. Adil Cəmilə başsağlığı verirəm. O, gözəl bir oğul böyütdü. O oğulun rühü qarşısında mən də baş əyirəm! Adil Cəmil, əziz dostum, sənin itkimmn hamımızın itkisidir.Başqını dik tut!






TƏQVİM / ARXİV