İlham Qəhrəmanın“Ədəbi antologiya”sı - Vaqif Yusifli yazır

VAQİF YUSİFLİ
1348 | 2024-09-24 11:38

Şair İlhnam Qəhrəman müasir şeirimizin istedadlı nümayəndələrindən biridir. Özünəməxsus fərdi poetik nəfəsi, dəsti-xətti oxuculara yaxşı tanışdır. O həm də araşdırıcıdır, doğulduğu, boya-başa çatdığı Laçın rayonunda dünyaya göz açan söz ustalarının təbliği və tədqiqində, onların əsərlərinin nəşrində xeyli işlər görüb, bu sahədə birincidir. “Laçın folkloru”, “Laçın lətifələri”, “Sarı Aşıq”, “Gül dəftəri”, “Aşıq Alı”, “Nə qaldı”  folklor kitabları onun tərtibi ilə çap olunub. Bu yaxınlarda isə daha möhtəşəm bir kitab “Laçın - 100” Ədəbi antologiya toplusu işıq üzü gördü. Bu topluda 100-ə yaxın Laçınlının şeirlərindən və nəsr əsərlərindən seçmə nümunələr toplanıb.

Mən Azərbaycanımızın nadir gözəllik və təbiət sərgisi olan Laçında bircə kərə də olmamışam. Amma Laçının yetirmələri olan insanlarla dostluğum var (elə İlham Qəhrə­manla), söz ustalarına gəlincə, onların yaradıcılığı haqqında mətbuatda məqalələrim, resenziyalarım dərc edilib. Hüseyn Kürdoğlu, Ağa Laçınlı, Nazim Əhmədli, İlham Qəhrəman, Vəliş Qaragöl, Nadir Azayoğlu, Rəşad Məcid, Sevinc Qərib, Səddam Laçın,  Polad İlyas, Adil Şirin, Rəfail Laçınlı (bu şair haqqında bir kitab da şap etdirmişəm), Fəxri Uğurlu, Şərif Ağayar, Təranə Vahid, Zeynəb Əliqızı... bu şair və nasirlər necə deyərlər, mənim ədəbi qəhrəmanlarımdır. Bir sözlə, mən Laçını bu gözəl söz ustalarının əsərləri ilə tanımışam. Və burada tələbəlik illərində dostluq etdiyim, mərhum deməyə dilim gəlmədiyi Malik Fərruxu və sözün həqiqi mənasında böyük ədəbiyyatşünas Şirindil Alışanlını da unutmuram. Allah onların ruhunu şad eləsin.

Əlbəttə, 100-ə yaxın Laçınlı şair və nasirlərin  şeir və hekayələri haqqında geniş söz açmaq qeyri mümkündür. Yalnız bəzi məqamları nəzərə çarpdırmaq istərdim. Antologiya Laçın şairlərinin babası hesab olunan Sarı Aşığın bayatıları ilə açılır. Onun bayatıları Azərbaycan poeziyasının qızıldan qiymətli sərvətidir və mən deyərdim Sarı Aşıqdan sonra heç bir şair bayatı sənətkarlığının zirvəsini fəth edə bilmədi.

Mən Aşığam, yüz qandı,

Əlli qandı, yüz qandı.

Kəbə yıxmaq bir evdi,

Könül yıxmaq yüz qandı.

 

Mən Aşıq, qara baxtım,

Ağ baxtım, qara baxtım.

Sinən yadıma düşdü,

Dağlarda qara baxtım.

 

Mən aşıq gülüstana,

Yar gəlir gülüstana.

Qorxuram yağış yağa,

Qoynunda gül islana.

Azərbaycan təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Nigari haqqında çox az deyilib, az yazılıb. Halbuki,  onun həm əruzda, həm də xalq şeiri formalarında qələmə aldığı şeirlər tədqiqat üçün geniş söz açmağa imkan verər. Aşıq Alı, Aşıq Abbas, Qara Kərim, Aşıq Cəfərqulu – Xalq şeirinin laçınlı ustadları – onların qoşmaları, gəraylıları bizə aşıq şeirlərinin gözəlliklərinə çəkib aparır. Bu klassiklərdən sonra XX əsrin tanınmış söz ustaları gəlir.  Hüseyn Kürdoğlu müasir şeirimizdə ənənə ilə çağdaşlığı birləşdirən bir canlı körpü idi. O, heca şeirinin yeni, mükəmməl bir zirvəsini yaratdı.

 Şəmənlər qoynunda yatmaq istərəm,

Saçımı çiçəyə qatmaq istərəm.

Körpə yuxusuna batmaq istərəm,

Bulaqlar  öyrədib laylaya məni.

 

Eşqimi tyğyanlı bir söz eylədin,

Könlümü coğdurub Araz eylədin.

Dürdanə tap dedin, qəvvas eylədin,

Bu sənət deyilən dəryaya məni.

Ağa Laşınlı... Gözəl şair, gözəl insan, gözəl dost. Onun haqqında yazdığım bir yazıda qeyd etmişdim ki, Ağa Laçınlı sanki bir qaya parçasıdır şəhərdə addımlayır. Ağa Laçınlı şeirlərində də son dərəcə təbii idi, xalqın adət-ənənələrini, dilinin saflığını yaşadırdı şeirlərində. Heyf ki, Malik Fərrux – tələbəlik illərindən yaxşı tanıdığım bu gğzəl şair ömrünü əlli yaşında bitirdi (1948-1998). Şairlik istedadının ancaq az bir hissəsini sərf elədi. O Vətən haqqında – “Doğma yollar” şeirində necə də təzə söz deyə bildi.

Gözümü gözündən yığa bilmirəm,

Yollarda saçıma külək olursan.

Gah dağsan – zirvənə çıxa bilmirəm,

Gah dönüb əlimdə çiçək olursan.

 

Ayaq izlərimlə bəzəyim səni,

Yoldayam, hardasa yol gözləyən var.

Niyə qarış-qarış gəzməyim səni,

Bir ovuc torpağa “Vətən” deyən var.

Mən Nazim Əhmədlinin şeirləri haqqında da söz aça bilərəm. Bizim müasir poeziyamızda  onu  da öz səsi, nəfəsi, özünəməxsusluğu haqqında bir yazımda da ürəyimcə danışmışam. Birdə ki,  görünən kəndə nə bələdçi? Eyni fikri mən Rəşad Məcid və Adil Şirin  haqqında da söyləyirəm.

Müasir poeziyamızın yeni nəsli sırasında Sevinc Qərib, Roma Xosrov, Səddam Laçın kimi bu günün şeirini yaradan şairlərin də şeirlərini təqdir edirəm.

Gözümün rəngidir bəxtimə çıxan,

Bəxtimə gözümün qarası dəyib.

Hər gün ürəyimdən üzümə baxan,

Allahın mənimlə arası dəyib.

 

Böyüdüm elə pis yıxıldım ki, mən,

Uşaqvaxtı belə yıxılmamışdım.

Böyük dediyimiz bu dünya qədər,

Anamın bətnində sıxılmamışdım.(Roma  Xosrov)

İlham Qəhrəmanlı laçınlı şəhid və qazilərin yaradıcılığına da biganə qalmayıb.  Füzuli rayonunun Əbdülrəhmanlı kəndi yaxınlığında gedən döyüçlərdə şəhid olan Şahgündüz Cabbarovun, qazilərdən Daşqın Laçınlının şeirlərinə ilk dəfə bu antologiyada rast gəldim. Onların şeirlərindəki vətənpərvərlik ruhunu duydum.

Antologiyada müasir Azərbaycan nəsrinin Fəxri Uğurlu, Şərif Ağayar, Təranə Vahid, Zeynəb Əliqızı kimi tanınan, srvilən yazarlarının (burada Həcərin, Şöhrət Namazovanın, Müşfiq Şükürlünün də maraqlı hekayələri diqqəti cəlb edir) nəsri ilə tanışlığım çoxdan başlayıb. Hər birinə uğurlar arzulayıram.

Əlbəttə, belə bir antologiya zəhmətsiz başa gəlməyib və İlham Qəhrəmanın bu fədakarlığı əsil qəhrəmanlıqdır deyirəm və sözümü onun “Şəhidlər xiyabanında” bitirirəm:

Harda adları tutulsa

Ruhları əyan oğullar.

Başdaşları keçikçitək,

Vətənə həyan oğullar.

 

Qəbirlər sətir düzümü,

Duaya əydim dizimi.

Ülgüc dəyməyən üzünü

Torpağa qoyan oğullar.

 

Qeyrətin şəkli mərmərmi,

Üstündə gülləri tərmi?!

Top yerinə güllə, mərmi,

Topnan oynayan oğullar.

 

Bir yol gedir bu arayla,

Yol qırağı gül sırayla.

Qəbirdən dərin yarayla,

Səssiz uyuyan oğullar.

TƏQVİM / ARXİV