«YA ALLAH, ATDIĞIMIZ BOMBALAR UŞAQLARA VƏ QADINLARA  DƏYMƏSİN» - Aqil ABBAS yazır

AQİL ABBAS
2412 | 2024-08-24 09:00

Azərbaycanın Milli Qəhrəmanı Fred Asif hər dəfə ermənilərlə döyüşdən  qabaq əllərini göyə qaldırıb Allaha belə yalvarırdı.

Ümumiyyətlə, türklər  heç vaxt müharibələrdə  uşaqlara, qadınlara  və qocalara əl qaldırmayıblar. Yalnız əllərində silah olanlarla vuruşublar.  Bu, türklərin  böyüklüyüdür. 

Bir məşhur bolqar filmi var, bolqarların Osmanlılara qarşı  üsyanına həsr olunub. Osmanlının bir əyaləti olan  Bolqarıstan kralı  oğlunu türk Sultanına  girov  verir ki,  heç vaxt  sənin əleyhinə  üsyan qaldırmayacam, əgər  qaldırsam oğlumun  başını  kəsmək sənin haqqındır.  Vaxt keçir, kral  üsyan qaldırır. Qoşunlar üzbəüz dayanıb, bolqar kralının 14-15 yaşlı oğlu türk Sultanının yanında at belindədir. Sultan  bir sözünü  tutmayan  bolqar kralının qoşununa  baxır, bir çevrilib öz qoşunlarına baxır, bir də kralın  girov oğluna. Gülümsəyir, qamçı ilə  kral oğlunun  mindiyi atın  arxasına vurub deyir:

- Get atanın yanına. 

Hətta həmişə türklərə düşmənçilik  bəsləyən bolqarlar da bu tarixi hadisəni təhrif etmirlər. 

Mənim «Dolu» əsərimdə və eləcə də «Dolu» filmində Drakon əsir götürülmüş  erməni qızına baxıb  döyüşçülərinə deyir ki,  bunu buraxın. 

Döyüşçülər  pərt halda  soruşur ki, necə yəni buraxaq. 

Drakon:

- Biz arvad davası eləmirik, torpaq davası edirik.

Və əsir erməni qızını buraxır.

O vaxt məni tənqid eləmişdilər ki,  Drakon niyə əsir erməni  qızını buraxır.  Bəs, Drakon nə etməli idi? Əsir erməni qızını zorlamalıydı, sonra döyüşçülərinə zorlatmalıydı, sonra da güllələməliydi?

Bu bir türk əsgərinə, özü də Drakon kimi  bir döyüşçüyə yaraşardı? 

«Dolu» əsərimdə Fred Asifin   filosofcasına dediyi çox məsələlərdən istifadə etmişəm. 

Qarabağ qazisi  Elməddin Sərdar 16-17 yaşında  Fred Asifin batalyonunda  vuruşub.  

Deyir:

- Bir gün hazırlaşıb iki «Qrad» maşınını da götürüb gedirik Mərzilinin  başı üstündən erməni kəndləri olan Çartazı və Tağı  raket atəşinə tutmağa.

Hazırlıq işlərimizi  görəndən sonra uşaqlar dedi ki, Komandir, başlayaq? Fred Asif dedi, yox, gözləyin. Sonra  əllərini  göyə qaldırıb həmişə olduğu kimi Allaha yalvardı: «Ya Allah,  bizim atdığımız qradlar erməni uşaqlarına və qadınlarına dəyməsin». 

Əməliyyatı yerinə yetirib qayıdanda Fred dedi ki, ə, bir tikə  pendir-çörək olsaydı… Aşağıda bir çoban qoyun  otarırdı, döyüşə başlayandan da  bizi  izləyirdi. Maşınları  onun yanında  saxlayıb soruşduq ki,  bəlkə pendir-çörəyin ola? Tez boxçasını  açıb  pendir-çörək çıxartdı, verdi bizə, sonra da qaçdı bir erkəyi  yaxalayıb  yıxdı  yerə ki, başını  kəssin, Fred qoymadı ki, lazım deyil.  Çoban dedi, döyüşdən  çıxmısınız, istəyirəm sizə bir kabab verim.  Fred qalxıb onun  əlindəki  bıçağı  aldı ki, çox sağ ol.  Çoban Fredi tanımır, amma döyüşçülərin  qırımından  görür ki, bu kimdirsə, deyəsən  Komandirdi.  Pendir-çörəyimizi yeyib ayrılanda yalvardı ki, neçə qoyun istəyirsiz götürüb  aparın, kəsib yeyərsiz. Fred güldü, dedi ki, sağ ol, lazım deyil. Çoban sonra dedi ki, Komandir, yüz qoyun verirəm o maşının birini  verin mənə.  Ermənilər  tez-tez  bizə hücum edir.

Fred də qayıtdı ki, yox, maşını  sənə verə bilmərik, amma arxayın ol, ermənilər  nə vaxt bu kəndlərə  hücum  eləsə biz yanınızda olacağıq. 

Fred Asif o Fred  Asifdir ki, Milli Qəhrəman adını götürməmişdi ki, analarımız-bacılarımız nə qədər erməni əsirliyindədir mən bu adı daşıya bilmərəm. 
Ölümündən sonra Milli Qəhrəman vəsiqəsini  və ordenini anasına  vermişdilər. 

P.S. Yeri gəlmişkən, Ağdamda könüllü batalyonların  birinin komandiri olan General Ərşad (Ərşad Nadirov) 8 nömrəli  məktəbin həyətindəki qərargahında ermənilərin atdığı raketlər nəticəsində şəhid olmuşdu. Çox qəribədir ki, uzun müddət döyüşən və sonda şəhid olan General Ərşada (Ərşad Nadirova) bu günədək şəhidlik statusu  verilməyib. General Ərşad məşhur futbolçu, vaxtilə milli komandanın futbolçusu  Vüqar  Nadirovun atasıdır, özü də vaxtilə «Qarabağ» komandasının oyunçusu olmuşdu.  

Bu da belə…

TƏQVİM / ARXİV