adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Sentyabr 2021 10:11
1571
ƏDƏBİYYAT
A- A+

BAKIDAN ŞUŞAYA UZANAN YOLLAR

(Cənnətim, sərvətim Qarabağdır, Şuşadır...)

 

Sizlərə təqdim etdiyim bu yazıda Azərbaycan xalqına, dünya azərbaycanlılarına və bütün türk dünyasına milli mənəvi dəyərlərimizin alınmaz qala simvolu kimi müqəddəslik qədər əzizi olan Şuşa şəhərindən, 30-31 avqust 2021-ci il tarixdə bu şəhərdə keçirilmiş Vaqif Poeziya Günləri ilə bağlı xatirələrimi danışacağam.

 

Dahilər söyləyiblər tərifin bizdən əzəl,

Gecələr ulduzların qoynunda yatan Şuşanın!

Həqiqətən də:

Yoxdur yer üzündə belə təbiət,

Allah yaradıbdır bu yeri cənnət.

Böyük Azərbaycan yurduna zinət,

Şairə, rəssama ilhamdı Şuşa!

Şuşa mənim üçün Məkkə qədər əziz, arının çiçəklərdən topladığı bal kimi şirin, başını göylərin dərinliklərində mələklərin sinəsinə söykəmiş şahanə bir şəhərdir.

Bəri başdan deyək ki, bir ölkənin böyüklüyü o ölkənin ərazisi ilə deyil, insanlarının mədəni səviyyəsi ilə qiymətləndirilir. Qürur hissi ilə deməliyik ki, belə şəhərlərdən biri də Azərbaycanın Mədəniyyət Paytaxtı sayılan Şuşadır.

 

Elə bil göylərdən enibdir yerə,

Pəridi, hürüdü, loğmandı Şuşa.

Sığmır dahilərin əsərlərinə,

Pənahdan bizlərə dastandı Şuşa!

 

Bu yazıda yana-yana od içində qovrulan, lakin öz tarixi adını itirməyən, məğrurluğunu və ruhunu qoruyub saxlayan, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgərlərin, şəhidlərin, qazilərin, zabitlərin, bütünlükdə Azərbaycan xalqının və qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin işğalından (08 noyabr 2020-ci il) azad edilmiş bir şəhərdən söz açacağam.

 

Bu şəhər şəhərlər şahənşahıdır,

Bu şəhər Günəşlə, Ayla qoşadır.

Bu şəhər dünyanı heyrətə salıb,

Adı Pənahabad, adı Şuşadır!

 

Bu şəhər yenilməz bir Komandanın,

“Dəmir yumruğu”nun təntənəsidir!

Bu şəhər Şəhidin, həm də Qazinin,

Bizə gəlib çatan şah əsəridir!!!

Bəli, 44 günlük Vətən müharibəsində canını və qanını qurban vermiş əsgərlərimizin əfsanəvi qəhrəmanlıqları sayəsində Şuşa həsrətinə son qoyulmuşdur. Müzəffər Azərbaycan əsgəri əsrlərlə su kimi axıtdığımız qanımıza, dağlar kimi yığdığımız sümüklərimizə sahib çıxmağı bacardı, “yenilməz”lik xülyasına qapılan Ermənistan ordusunun bel sütununu qırdı...

Bu yazı mənim Şuşaya ikinci səfərimlə bağlıdır. Birinci səfərim 2021-ci il mayın 12-13-də Şuşanın məşhur Cıdır düzündə keçirilmiş “Xarıbülbül” Musiqi Festivalı ilə, ikinci səfərim isə 30-31 avqustda yenə Şuşada keçirilmiş Vaqif Poeziya Günləri ilə əlaqədar olmuşdur.

Hər iki tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə çox möhtəşəm və yüksək səviyyədə keçirilmişdir.

Tədbirlərdə məqsəd Azərbaycan xalqının və ölkə başçısının dünya xalqlarına sülh və əminamanlıq çağırışları və mədəniyyətin mesajları olmuşdur. Tədbirlərdə iştirakıma və doğulduğum torpağı ziyarət etdiyimə görə Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığımı çatdırıram.

Onu da deyim ki, Şuşaya səfərimlə bağlı təəssüratlarımı bir neçə mətbu orqanlarda oxuculara çatdırmışam. Harda olmağımdan asılı olmayaraq cənnətim və sərvətim saydığım Qarabağın, onun başının zümrüd tacı Şuşanın tarixindən, mədəniyyətindən, toponimlərindən, Qarabağın türksoyların qədim və tarixi vətənləri olmasından, bu diyarın memarlıq və incəsənət abidələrindən, görkəmli şəxsiyyətlərindən, Şuşanın əsasının qoyulmasında, Bayat, Şahbulaq, Şuşa və Əsgəran qalalarının tikilməsində Pənahəli xanın, Şuşanın şəhər səviyyəsinə çatdırılmasında İbrahimxəlil xanın və onların nəsillərinin davamçılarından fəxrlə söz açmışam.

Yeri gəlmişkən özümə borc bilirəm deyim ki, bir çox şəhərlər, məsələn: Roma miladdan əvvəl 754-cü ildə, Kiyev miladın 480-ci ilində, Moskva 1147-ci ildə, Şuşa isə 1752-ci ildə salınmışdır. Bu şəhərlərin kimlər tərəfindən tikildiyi də məlumdur. Pənahəli xan Cavanşir Şuşanın bünövrəsinin ilk daşlarını öz əlləri ilə qoyub, qurbanlar kəsib, sənətkarlara hədiyyələr veribdir.

Onu da qeyd edək ki, Asiya və Avropanın bir sıra şəhərləri, məsələn: Yeni Korfagen, Riqa, Sankt- Peterburq, Şuşa, Abbasabad hərbi-strateji baxımdan hökmdarlar və sərkərdələr tərəfindən salınmış, onların əsasının qoyulması da dəqiq şəkildə tarixə düşmüşdür. Göstərilən bu faktlar dünya tarixçiləri tərəfindən təsdiq edilmiş mənbələrdən götürülmüşdür. 2022-ci ildə Şuşanın 270 illiyi xalqımız tərəfindən qeyd olunacaqdır. Belə bir şəhərin övladı olmağımla fəxr edirəm.

Təəssüf hissi ilə qeyd etməliyik ki, belə bir tarixi şəhərin yadelli-vətənsiz, vəhşi, işğalçı, sözün əsl mənasında abırsız, tarixdə heç bir mədəni rol oynamağı bacarmayan vandal ermənilər tərəfindən viranəyə çevrilməsi dünyanın “sülh”dən, “ədalət”dən və “demokratiya”dan dəm vuran ölkələrinin gözlərinin qarşısında baş vermişdir.

...Sizlərdən nə gizlədim, Şuşaya ilk dəfə ayaq basanda mənə elə gəldi ki, şəhər kiçilibdir. Dizlərim üstə yerə çökdüm, torpağı doyunca öpdüm, həsrətində olduğum havanı ciyərlərimə çəkdim, hətta bir az da torpaq uddum...

Şəhəri başdan ayağa gəzib qurtardıqdan sonra gördüm ki, Şuşa işğalçı ermənilər tərəfindən sökülüb dağıldığı və viranəyə çevrildiyi üçün kiçik görünürmüş. Onu da gördüm ki, vandallar Şuşanı yandırıb külə döndərsələr də onun müsəlman dünyasına və azərbaycanlılara məxsus olan ruhunu sındıra bilməyiblər, əzəmətli və möhtəşəm Gövhər ağa məscidinin üstündəki -Allaha yaxınlıq rəmzi sayılan qoşa minarələrin ayaqları altında qalaraq istək və arzularına çata bilməyiblər. Allahın evinə atdıqları mərmərlər qayıdıb onların öz başlarına tökülübdür...

... Füzulidən Şuşaya uzanan “Zəfər yolu”...

Deyirlər ki, yolların da dili-ağzı var, adam kimi danışırlar. Adam yola çıxmayanda çox işlərdən xəbərsiz olur. “Zəfər yolu” arzu və istəklərimizi bir-birinə qovuşduran yoldur.

...2021-ci il 28-29 avqustda dünyanı cənginə alan Covidlə bağlı test yoxlamasından keçdikdən sonra Filarmoniyanın arxasındakı bağdan Şuşaya gedəcək avtobus karvanı yola düşdü. Sərnişinlərin əksəriyyəti bir-birlərini yaxından tanıdıqları üçün iki bir, üç bir həmsöhbət oldular. Sürücünün yanındakı boş yerdə əyləşdim. Səfər yoldaşlarımızın çoxusunu tanıyırdım. Əksəriyyəti şair, yazıçı, ayrı-ayrı mətbuat orqanlarının əməkdaşları, müəllimlər və sadə peşə sahibləri idilər. Şuşaya ilk dəfə gedənlər daha çox həyəcanlı görünürdülər. Heç kəs sevincini gizlədə bilmirdi. Yarı zarafat, yarı gerçək yollara bələdçilik edəcəyimi bildirdim. İlk dəqiqələrdən sürücü ilə aramızda xoş münasibət yarandı. Adı Elçin, soyadı Binnətov idi. Yaxından tanış olduq, tanışlığımız dostluğa çevrildi. Elçin xoşxasiyyət, təvazökar, həm də poeziyaya pərəstiş edən bir kişidir.

Yollara bələdçilik edəcəyimi ciddi qəbul edənlər tez-tez mənə maraqlı suallar verir, şeir deməyimi xahiş edir və hansı yolla gedəcəyimizi soruşurdular. Sürücü arzu və istəklərimizi birləşdirəcək “Zəfər yolu” ilə gedəcəyimizi bildirdi...

May ayında “Xarıbülbül” Musiqi Festivalına gedəndə “Zəfər yolu” tam hazır olmadığı üçün Tuğ kəndinin içindən, Azıx mağarasının yaxınlığından keçib getmişdik. İndi isə “Zəfər yolu” istifadəyə verilmişdir. İki saatdan sonra İmişli şəhərinə çatdıq. Hava çox isti idi. Maşın karvanı şəhərin mərkəzində yaraşıqlı bir restoranın qarşısında dayandı. Restoranın işçiləri bizi mehribanlıqla qarşıladılar, çay və sərin su içmək üçün içəri dəvət etdilər. Bir az dincəldikdən sonra restoran sahiblərinə təşəkkürümüzü bildirib yolumuza davam etdik.

Az vaxtda Füzuli şəhərindən Şuşaya uzanan -“Zəfər yolu”na çatdıq.

... Erməni vandalları tərəfindən xarabalığa çevrilmiş, daşı daş üstündə almayan Füzuli şəhəri və onun onlarla kəndləri “Zəfər yolu”nun sağında və solunda yerləşir. Viranəyə çevrilmiş mənzərələr adamın ürəyin ağrıdır, heç nəyə biganə qalmaq olmur... Sevindirici haldır ki, işğaldan azad olmuş dədə-baba yollarımızın əksəriyyətinin köksündə bitən “tikan”lar, “cəngəl”lər, “alaq otları” qəhrəman ordumuz tərəfindən təmizlənilmişdir...

“Zəfər yolu”nun yaxınlığındakı darmadağın edilmiş qəsəbələr, kəndlər xəyalımı 30 il bundan əvvəlki günlərə qaytardı. Bu 30 ildə yollarımızın çoxusu gedimsiz-gəlimsiz qalmışdı. Bu yolların çoxunun üstündə faşizm və işğalçılıq xəstəliyinə tutulmuş vətənsiz, mədəniyyətsiz, vəhşi, insana və insanlığa qiymət verməyi bacarmayan, sözün əsl mənasında buyruq quluna çevrilən erməni vandalları, onların əqidə və məslək dostları-havadarları dayanırdılar, özü də əllərində silahlar... Bu silahlar mənim, sənin, onun, bir sözlə, doğma el-obalarımızdan zorla qovulub didərgin salınmış soydaşlarımızın köksünə, qayıdış yollarına, məscidlərimizə, məzarlarımıza tuşlanmışdı. Etiraf etməliyik ki, erməni terrorçuları və havadarları hələ də bir çox el-obalarımızın yollarının üstündə qara tikan təki bitiblər. Lakin həmin qara tikanlar da tezliklə misilsiz qələbələrə imza atmış Azərbaycan əsgərinin qarşısında tab gətirə bilməyib yollarımızdan çıxıb gedəcəklər...

Ölkəmizin uğurlarına sevinməyənlərə, erməni havadarlarına, paxıllara, bədniyyətlərə deyirəm:

 

...Yolda bitən kol olma,

Yolu zay edərsən, yolçunu zinhar.

Gözəl arzuları, saf əməlləri,

Özünlə birlikdə mənzilə apar!...

 

Hörmətli oxucular, qürur hissi ilə qeyd etməliyik ki, az vaxtda tikilib istifadəyə verilmiş “Zəfər yolu” keyfiyyəti , rahatlığı və qovuşduğu gözəl mənzərələri ilə də adamı valeh edir. Əsl söz adamı – Vətən və torpaq sevgisini hər şeydən üstün tutan insan, şair, yazıçı, bəstəkar, rəssam lal duyğuları ehtiraza gətirən bu yola heyran olmaya bilməz. Hətta ömründə bir misra şeir yazmağı bacarmayan insan da bu yolun mənzərələrinə baxıb şeir yazar.

Qarşılaşdığım mənzərələri acgözlüklə telefonun yaddaşına köçürürdüm... Çünki bunlar gələcəkdə yazacağım yazılar üçün gərəkli mövzu olacaqdır.

Qənşərlərdən Şuşanın belinə kəmər kimi qurşanmış sıldırım qayalar görünəndə uşaq sevincəkliyi ilə Şuşaya ilk dəfə gedənlərə dedim: “Şuşa o sıldırım qayaların üstündə yerləşir, tezliklə ora çatacağıq”.

Bir azdan Şuşanın Daşaltı kəndinə çatdıq. 1992-ci ilin yanvarında Şuşadakı bir neçə yüksək çinli hərbiçilərin qurduqları uğursuz əməliyyat nəticəsində bu kiçik kənddə verdiyimiz şəhidlər gözlərimin qarşısından kino lenti kimi gəlib keçdilər...

Şuşanın belinə kəmər kimi qurşanmış sıldırım qayaları əlləri ilə dırmanıb şəhəri işğalçı ermənilərdən azad edən, bayrağımızı Şuşamızda dalğalandıran əsgərlərimizə, qazilərimizə və zabitlərimizə cansağlığı arzuladıq, əfsanəvi qəhrəmanlıqlar göstərən şəhidlərimizə isə Allahdan rəhmət dilədik...

Nəhayət bir neçə dəqiqədən sonra neçə-neçə qanlı hadisələrin şahidi olan Şuşa -Laçın yoluna çatdıq. Şuşadan Laçına gedən yolda sülhməramlılar dayanırlar. Onların dayandıqları buraxılış məntəqəsi mənə 1988-1992-ci illərdə Volski hökumətinin “sülhməramlı”ları tərəfindən Xankəndi-Xocalı-Ağdam-Şuşa arasında qurduqları buraxılış məntəqələrini xatırlatdı...

...Şuşa televiziya stansiyasının qurulduğu “Qızıl qaya”nın altından keçəndə bir anlığa uşaqlıq xatirələrim yadıma düşdü. Qayanın aşağısında dayanıb bir ağızdan qışqırardıq: “Qızıl qaya”, qızılın var?... “Qızıl qaya” da əks səda ilə cavabında deyərdi: “var, var”... Bu cavabı eşidəndə sevincimizdən yerə-göyə sığmazdıq...

Şəhərin su anbarına çatanda Şuşa nəvazişli ana kimi qollarını açıb bizi bağrına basdı. Uşaq sevinci ilə yol boyu xəyalımda dolaşan misralarla həsrətin çəkdiyim anamın - Şuşanın qucağına sığındım və dedim:

 

Anam Şuşa, nəhayət, ayrılıq sona çatdı,

Gözlərindən öpməyə-görüşməyə gəlmişəm!

“Dəmir yumruq” sahibi - Ali Baş Komandanla,

Qəhrəmanlıq tarixin yazan ər oğullarla,

Canını səndən ötrü verən şəhidlərinlə,

Düşmənin qabağında əyilməz qazilərlə,...

Duyğumu, sevincimi bölüşməyə gəlmişəm!

 

İnsanı ovsunlayan füsunkar yaylaqlardan,

Buzdan köynək geyinən nəğməkar bulaqlardan,

Buludlarla öpüşən əlçatmaz zirvələrdən,

Məcrasına sığmayan nəhrli dərələrdən,

Düşmənin ürəyinə ox olan Qarabağdan,

Pənahdan bizə qalan möhtəşəm qalalardan,

Anamız Natəvanı soruşmağa gəlmişəm!

 

Daş üstə daş qalmayan -kül olmuş sarayıma,

Dünyanı yuxusundan oyadan harayıma,

Oğuzdan üzübəri gəlib çatan boyuma,

Cıdırda nəvəm üçün edəcəyim toyuma,

“Qırxqız”a, Xocalıya, Qarğar adlı çayıma,...

Müqəddəs torpağıma-daşıdığım soyuma,

Atamın ocağına qovuşmağa gəlmişəm!!!

 

Maşınlar “Xarıbülbül” otelinin qarşısında dayandı. Otel işçiləri bizi çox mehribanlıqla qarşıladılar. Qalacağımız otaqların açarlarını bizə payladılar. Birinci mərtəbədəki yeməkxanada nahar etdik. Otaq yoldaşım yaxından tanıdığım gözəl insan, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı oldu. Yorğun olmağıma baxmayaraq gənclik illərimdəki xatirələrimi axtarmaq üçün şəhərə çıxdım. Təhsil aldığım məktəbimizə, şəhidlərimizi dəfn etdiyimiz qəbristanlığa, Gövhər ağa məscidinə, uzun illər işlədiyim təhsil şöbəsinin binasına, daşı daş üstə qalmayan, kol-kos basmış evimizin həyətinə, qohumlarımızın evlərinə, Cıdır düzündə əbədiyyətə qovuşmuş atamın yerlə yeksan olmuş məzarın tapmağa, tarix və memarlıq abidələrimizi görməyə getdim. Qazaxlı balası Valeh qardaş maşınla məni istədiyim yerlərə apardı. Çox ləyaqətli inşandı.

...1992-ci ildə erməni vandalları tərəfindən güllələnmiş və tanınmaz hala salınmış Natəvanın, Üzeyir bəyin və Bülbülün büstlərinin qarşısında dayandıq. Bu büstlər ölkə başçısı tərəfindən erməni vandallarının əlindən alınaraq Bakıya qaytarılmış və Azərbaycan İncəsənət Muzeyinin həyətində saxlanılmışdır. Büstlər Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən bərpa olunmuş və öz doğma şəhərlərinə - Şuşaya gətirilərək əvvəlki yerlərində ucaldılmışdılar. Bu büstləri Bakıda Azərbaycan İncəsənət Muzeyinin həyətində görəndən sonra “Güllələnmiş heykəllərin sualları” adlı əsər yazmışdım. Mənim təşəbbüsüm və rəhbərliyimlə həmin vaxtlarda X.B. Natəvanın əziz xatirəsinə hörmət əlaməti olaraq “Məclisi-üns” – “Söz gülüstanı” adlı ədəbi birlik yaratdıq, həm də “Vaqif çeşməsi” ədəbi birliyini qoruyub saxladıq. Ədəbi birliyin keçirdiyi tədbirlərlə bağlı mətbuat səhifələrində istənilən qədər yazılar vardır.

Heç şübhəsiz ki, “Vaqif çeşməsi” ədəbi birliyi yenidən öz fəaliyyətini Şuşada davam etdirəcəkdir.

...Gecəni səhərə qədər yata bilmədim. Məhərrəm Qasımlıya dəfələrlə Şuşanın başına gətirilmiş müsibətlərdən, bu şəhərin tarix və memarlıq abidələrindən, poeziya və mədəniyyət beşiyi olmasından, dünyaya bəxş etdiyi görkəmli şəxsiyyətlərindən, Heydər Əliyev Fondunun Şuşa ilə bağlı gördüyü uğurlu işlərindən, ölkə başçısının Şuşaya xüsusi diqqət və qayğısından, Qarabağla və Şuşa ilə bağlı yazdığım şeirlərdən, kitablardan, məqalələrdən hərtərəfli məlumat verdim. Öz növbəsində Məhərrəm müəllim də Şuşaya həsr etdiyi şeirlərindən oxudu. Bir sözlə, səhəri şeirlə qarşıladıq. Səhər gəzintisi zamanı dostumuz yazıçı Mustafa Çəmənli ilə Şuşadakı yer-yurd adları ilə bağlı fikirlərimizi bölüşdük. Şair dostum əməkdar jurnalist Əbülfət Mədətoğlu ilə 70-80-ci illərdə Şuşadakı tanışlığımızdan, “Qönçələr” ədəbi birliyindəki yazılarımızda söhbət açdıq...

30 avqust 2021-ci il. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzünün yaxınlığında xalqımızın klassik şairi Molla Pənah Vaqifin adına ucaldılmış məqbərənin qarşısında çoxsaylı şair və yazıçıların alqışları altında möhtəşəm tədbirə qatıldılar. Onu da deyim ki, Vaqifin möhtəşəm məqbərəsi Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa edilmişdir.

Ölkə başçısı məqbərənin dəhlizindən poeziya iştirakçılarını salamladı və tədbiri açıq elan etdi. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Prezident İlham Əliyev bir neçə dəfə Ulu Öndər Heydər Əliyevlə birlikdə Şuşada olduğundan, 1982-ci ildə M.P. Vaqifin məqbərəsinin açılışında və poeziya bayramında iştirak etdiyindən, Şuşaya sonsuz məhəbbətindən, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə son on ayda Şuşada görülmüş bərpa və quruculuq işlərindən, xüsusilə Vaqifin məqbərəsinin bərpa edilərək yenidən ucaldılmasından, şuşalıların doğma yurdlarını ziyarət etmələrinə göstərilən qayğıdan, şəhərin Baş Planının hazır olmasından, şəhər əhalisinin dədə-baba mülklərinə həssaslıqla yanaşılmadan, əhalinin tezliklə evlərinə qayıdacaqlarına böyük inamdan, Şuşanın dünyanın ən unikal şəhərlərdən birinə çevriləcəyindən qürur hissi ilə danışdı.

Sonra xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq yazıçısı Elçin Əfəndiyev, yazıçı İlqar Fəhmi ürək sözlərini söylədilər. Ölkə başçısı məqbərənin qapısını açdı və Vaqifin məzarı ziyarət olundu. Sonra Prezident və ölkənin birinci xanımı şuşalılarla xatirə şəkli çəkdirdilər. Tədbir 31 avqustda da davam etdi. Xalq şairi Sabir Rüstəmxanlı, şair Vaqif Bəhmənli, AYB-nin Mətbuat Xidmətinin katibi, şair Xəyal Rza, gənc şair Şəhriyar və b. şeirlər oxudular.

...Tədbirdən sonra yaxın dostum, yazıçı-jurnalist Aqil Abbas, “525-ci qəzet”in redaktoru Yusif Rzayev, mən Əyyub Şırlanlı, bizi Şuşaya gətirən avtobus sürücüləri: Valeh İbrahimov, Nəhmət Əhmədov Şuşa Rayon Polis İdarəsinin əməkdaşlarının bizə mənəvi köməklikləri sayəsində həsrətində olduğumuz İsa bulağın ziyarət elədik. Bulaqda xidməti tapşırıqları yerinə yetirən əsgərlərimizi bağrımıza basdıq. Bulağın üstünə vurulmuş bayrağımızı öpdük. 30 ilə yaxın ayrılıq nə İsa bulağının ruhun, nə suyunun dadın, nə də meşənin gözəlliyin dəyişdirə bilməmişdi. Suyu dizlərimiz üstə əyilərək ovuclarımızda içdik. Mənə elə gəldi ki, xeyli cavanlaşdım. Özümdən asılı olmayaraq cingənə və zil səslə “Qarabağ şikəstəsi”n oxudum. Təbiət bizi ovsunlamışdı. Sərvətim və cənnətim olan Qarabağdan, Şuşadan yazdığım şeirlərdən, tarixi yzılarımdan nümunələr söylədim. Sanki dünyaya təzədən gəlmişdim. Ağaclarda, çiçəklərdə, güllərdə, sularda, yaylaqlarda qalan xatirələrimi dostlarla bölüşdüm:

 

Dostlar, qınamayın şairləri siz,

Xəyalın dağlara uçan vaxtıdır.

İndi “Topxana”da, Cıdır düzündə,

Lalənin, nərgizin açan vaxtıdır.

 

Üzümü Aqil Abbasa tutub dedim:

 

Məndən Qarabağı soruşan qardaş,

Gəl Şuşanın qucağında görüşək.

Üzeyirə layla çalan şəhərdə,

Pənah xanın ocağında görüşək!

 

Qazaxlı balası Valehə isə dedim:

 

Gör gözünlə Şahbulağın qalasın,

Ud doyunca Cıdır düzü havasın.

Eşit Xanın, “Şahnazı”nın sədasın,

Gəl Natəvan bulağında görüşək!

 

Yusif müəllimə dedim:

 

Gəz doyunca Daşaltının dərəsin,

İç moruğun, böyürtkənin şirəsin,

Yığ “Üçmıx”ın, kəklikotun, zirəsin,

“Şəfahətin yaylağı”nda görüşək!

 

Nəhmətə dedim:

 

Ovsunlasın səni “Qırxqız” yaylağı,

Zarıslının, Quşçuların qaymağı.

Kosaların kəklik, turac oylağı,

“Topxana”da, Kirs dağında görüşək!

 

Mən şeiri qurtaranda Aqil müəllim əllərini Şahbulaq səmtinə uzadaraq Qarabağa sonsuz sevgisindən, yazdığı “Batman qılınc” və “Dolu” romanlarından, Şuşada olduğu günlərədən ürək açan xatirələr söylədi. Bulağın suyundan götürüb: “Allah, bu müqəddəs suyu və torpağı bizə çox görmə,” – deyərək təşnəsini söndürdü...

Hamımız bulağın üstündəki bayrağımızı təkrar öpərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şuşanı və digər ərazilərimizi işğaldan azad edən əsgər və zabitlərimizə, qazilərimizə can sağlığı, şəhidlərimizə Allahdan rəhmət dilədik.

Yusif müəllimin İsa bulağının zümrüd meşəsinə dəlicəsinə vurğunluğun hiss edib dedim:

 

Qardaş, gözəlliyin vurğunusansa,

Dolan Qarabağı, dayan Şuşada.

Yat zümrüd meşədə, bulaq başında,

Şəlalə səsinə oyan Şuşada.

 

 

Bu misralar gözlərimiz qarşısında meşənin o tayında görünən Xəlfəli kəndindən mənim doğulduğum və ədəbi təxəllüsüm qəbul etdiyim, insanı heyrətə gətirən mənzərələrindən doymadığım, maraqlı yazılar və şeirlər həsr etdiyim Şırlan kəndinə uzanan yolları xəyalımda canlandırdı. Dostlarıma dedim ki, görün mən Şuşanın hansı kəndində dünyaya göz açmışam?!

 

Beçə balı – can dərmanı, buz bulaq,

Dərələrdə yarpız, qıjı, quzqulaq.

Nə gizlədim: hər addımda yüz bulaq...

Yazı, yayı sazlı - sözlü Şırlanım,

A dağları geniş düzlü Şırlanım!

 

Kəkliyinin nəğməsindən doymaram,

Turacıyın şən səsindən doymaram,

Moruğuyun şirəsindən doymaram,

Meşələri cüyür izli Şırlanım,

Bulaqları zümrüd gözlü Şırlanım!

 

Şəlalər dərələrdə kaman, tar,

“Gəlin qaya” əsrlərdən yadigar.

Nə vaxt gəlsən gədiklərdə qar olar...

Zirvələri qarlı - buzlu Şırlanım,

Gecələri Ay, ulduzlu Şırlanım!

 

Yolun düşsə bu yerlərdə yaylağa,

Qonaq edər hər kəs səni qaymağa.

Qəlbin gülər, səmtin düşsə oylağa...

Qonağına gülərüzlü Şırlanım,

Qocaların yaşı yüzdü, Şırlanım!

 

Uzundərə, “Sarıbaba” yaylağım,

Qarlı “Qırxqız” at belində oylağım.

Kaş olaydım hər gün sənin qonağın,

Qız-gəlini qara gözlü Şırlanım,

Oğulları Babək dizli Şırlanım!

 

 

İsa bulağından ayrılanda Aqil müəllim dedi ki, Əyyub müəllim, səfərlə bağlı təəssüratlarını və bir neçə şeirlərini “Ədalət” qəzetinə təqdim etməyinizi gözləyəcəm... Sonda deyək ki, istər Vaqifin məqbərəsinin qarşısında, istər İsa bulağında, istərsə də Cıdır düzünün gəzməli və görməli mənzərələrində şair və yazıçı dostlarımızla çəkdirdiyimiz xatirə şəkilləri (30-31 avqust 2021-ci il) gələcəkdə balalarımızın, nəvə-nəticələrimizin, tədqiqatçıların yazacaqları yazıların mövzuları olacaq. Bu ziyarət uşaqlıq və gənclik illərimdəki xatirələri mənə qaytardı.

Hansı elin-obanın, hansı dağın dərənin, hansı gülün çiçəyin adı çıxıbsa yaddan, bəs, onda necə deyim: məni bağışla, Vətən?!... Hər şey yaddan çıxsa da Vətən yaddan çıxmaz!

 

Əzizim, Vətən yaxşıdır,

Köynək, kətan yaxşıdır.

Gəzməyə də Vətən yaxşıdır,

Ölməyə də Vətən yaxşıdır!

 

Nəhayət uzun illərdən bəri qəlbimizdə yaşatdığımız bir arzunu bildirmək istəyirəm: Şuşa şəhərində Qarabağ xanlığının qurucusu, Şuşanın banisi Pənahəli xanın heykəlinin ucaldılması xalqımıza, Qarabağla bağlı tariximizə, keçmişimizə, soy kökümüzə, ulu babalarımıza böyük hədiyyə olardı!!!

 

 

Əyyub Şırlanlı, şair -publisist,

Azərbaycan Yazıcılar Birliyinin üzvü,

əməkdar müəllim, “Qızıl qələm” mükafatı laureatı,

birinci Qarabağ müharibəsinin veteranı