adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Aprel 2015 13:45
52244
RUBRİKA
A- A+

"Ədalət"in vaxtı: Firuz Mustafa ilə

İnsan və zaman – yaranışından bu yana bir-birinə hökm etməyə can atan iki qüvvə... Həmsöhbətimin dediyi kimi "tarixi və zamanı insan yaradır. Əgər insan yoxsa tarix də, zaman da yoxdur”. Amma o da var ki özünə lazım olan insanı elə zaman yetişdirir, "zaman özü öz qəhrəmanlarını səhnənin önünə çıxarır”. Bu dəfə zamana sırf fəlsəfi prizmadan yanaşdıq. Amma əvvəlcə qonağımızı tanıyaq:

Yazıçı, filosof  Firuz Mustafa – 1952-ci ildə Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlub. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirib, 1978-80-ci illərdə АzTv-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, «Аzərbаycаn gəncləri» qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərib. Uzun illər Az.Tv-də "İlğım” və "İdrak” verilişlərinin müəllifi və aparıcısı olub.1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil alıb, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, müхtəlif illərdə «Mааrifçi» və «Mədəniyyət» qəzеtlərinin Bаş rеdакtоru vəzifəsində çаlışıb. Fəlsəfə üzrə еlmlər dокtоrudur. İlk bədii kitabı 1985-ci ildə "Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə "Elm” nəşriyyatında işıq üzü görüb. Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilib, ssеnаriləri əsаsındа bir çox filimlər çəkilib. Əsərləri хаrici dillərə tərcümə еdilib. Firuz Mustаfа 40-dan çox kitabin müəllifidir. Onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа tаmаşаyа qоyulub. Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələyiblər. Cəfər Cаbbаrlı, "Humay”, habelə, Bеynəlхаlq Аvrаsiyа Fоndunun və Tеаtr Хаdimləri İttifаqının müкаfаtlаrı lаurеаtıdır. Azərbaycan Fəlsəfə Cəmiyyətinin və Jurnalistlər Birliyinin üzvüdür.

 

...Və Firuz Mustafa ilə zaman yolçuluğu:

 

– Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Zaman mənim üçün hər şeydir, eləcə də hər şey zamandır. Zaman haqqında fiziklərin, filosofların, ədəbiyyatçıların, bioloqların özünəməxsus baxışları var. Hərə özünə münasib şəkildə  belə deyək, zamanı tənzimləyir. Mənim, dolayısı şəkildə  zamanla bağlı bir kitabım var: "Mədəniyyət və qloballaşma”.  Burada zaman anlayışı adi adamların təsəvvür elədiyindən tamamilə başqa bir formada – fəlsəfi aspektdə nəzərdən keçirilir. Çoxları bilmir, fəlsəfədə "sosial zaman” deyilən bir anlayış var. Sosial zamanın digər zamandan fərqi odur ki, burada baxış fərqlidir. Adi adamın təsəvvüründə dahi ilə cahilin eyni məkanda yaşayır. Amma əslində onların eyni zamanda yaşaması qeyri-mümkündür. Onların hərəsinin "öz” tarixi”, "öz zamanı” , "öz vaxtı” var.  Yəni mahiyyətcə, insanlar eyni zamanda yaşayır, amma müxtəlif zamanların daxilində mövcuddurlar.

 

– Paralel zamanların?

– Bu elə paralel zamana yaxındır, amma bir az fərqlidir. Hərdən soruşurlar ki, məsələn, hansısa  ailə niyə yola gedə bilmədi, ayrıldı? Cavab verirəm ki, onlar ayrı-ayrı zamanlarda yaşayırdılar. Onların təfəkkür tərzi tamamilə fərqlidir: biri qalıb, məsələn, 12-ci əsrdə, digəri isə 22-ci əsrə keçib – daha irəli gedib. Yəni zamanın özü bu mənada nisbi səciyyə daşıyır. Zaman, əslinə baxanda zahirən sırf təbiətlə bağlıdır. Amma, düşünürəm ki, biz zaman məfhumunu bu qədər işləyib dərk etməsəydik, yəqin ki, ona başqa cür yanaşardıq. Hər halda ibtidai icma cəmiyyətində zamana bu qədər dəqiqliklə yanaşmamışdılar, bu şəkildə qavranılmamışdı. Zaman anlayışı təkcə təbiətlə yox, həm də cəmiyyətlə bağlıdır, lap elə insan təfəkkürü ilə əlaqədardır.  Son vaxtlar belə qənaətə gəlmişəm ki, təbiətdə mövcud olan relyeflər cəmiyyətdə də mövcuddur. Hətta təfəkkürümüzdə də belə relyeflər var, təbii ki, məcazi mənada. Bizim beynimizdə də uçurumlar, eniş-yoxuşlar, dağlar, dərələr var. Bəzən insan öz beynindəki uçurumdan yıxılır və özünə gələ bilmir.     

 

"Tarixi və zamanı da insan yaradır”

 

– Belə çıxır ki, insan zamanı özü qurandırsa, onu həm də idarə edəndir...

– Zaman obyektiv gerçəklikdir. Bizim iradəmizdən asılı deyil. Az öncə qeyd etdiyim kimi, hərə öz zamanını qurur, yəni əslində zamanın içində də bir zaman mövcuddur. Başqa sözlə, qlobal zamanın içində bir lokal zaman da var. İnsanın seçdiyi yol birbaşa tarixdən keçir. Tarixi və zamanı da insan yaradır. İnsan yoxsa tarix də, zaman da yoxdur. Və onu da qeyd etmək lazımdır ki, bizə məlum olan "rəsmi” tarixdən başqa, yazılması mümkün olmayan bir tarix də var. O tarix ... hər kəsin içində yaşayır. Və yaxud, belə deyək, hər bir fərdin öz təfəkkürü ilə bağlı bir tarix də mövcuddur. Bu mənada yer üzündə yaşayan insan nəslinin hər bir üzvü "tarixçilərin” qərarlaşdığı "ümumi” tarixdən başqa, həm də "xüsusi” bir tarixi zonada yaşayırlar. Hər iki "tarix” paralel yaşayır. Amma bu "tarixlər”  heç vaxt kəsişmir.

 

– Amma zamana təsir edən, hətta onu yönləndirən insanlar da var...

– Adi şüurla yanaşanda bəli, zamanın axarını dəyişən insanlar var. Ümumiyyətlə, insansız zaman ola bilməz. Zamanın ölçülərindən biri də elə insanın özüdür. Bəli, zamana, eləcə də insanların həyatına, təfəkkürünə təsir edən insanlar olub və əlbəttə ki, yenə də olacaq.

 

"Zaman özü öz qəhrəmanlarını tarixin önünə doğru irəli itələyir”

 

– O insanları zaman özü seçir?

– Burda obyektiv və subyektiv amillər var. Bəzən zaman özünün insanlarını yetişdirir. Məşhur alman filosofu Heygel yazırdı ki, Yuli Sezarı, Makedoniyalı İskəndəri onların içində yaşadığı zaman və cəmiyyəti yetişdirdi, eləcə də bu şəxsiyyətlər özləri yeni zamanı və cəmiyyəti yetişdirə bildilər. Gördüyünüz kimi, insan və zaman, insan və cəmiyyət bir-biri ilə sıx bağlıdır. Ona görə də nəhəng simaları, elmin və ədəbiyyatın bütün sahələrində qeyri-adi istedad sahiblərini zaman və cəmiyyət yetişdirir. Zamanın müəyyən situasiyalarında, kəsiyində bu cür adamların cəmiyyətə təsir etmək imkanı yaranır və elə həmin an həmin şəxslər üzə çıxa bilirlər. Zaman özü öz qəhrəmanlarını irəli itələyir, səhnənin önünə çıxarır. Zamanın və tarixin hökmü belə dahi şəxsiyyətləri yetişdirir, onlar da məhz zamanın yönünü dəyişə bilirlər. Cəmiyyətdə olduğu kimi, zamanın da öz istiqamət göstərənləri olur – mən buna "durna yolu” deyirəm. Nəzəri biologiya elmi  artıq çoxdan sübut edib ki, durna köçünün sonunda uçan hər bir durna, öndə uçan durnanın uçuş dalğasından yaranan ən az müqavimət zonasında, əgər obrazlı deməyə çalışsaq, "azad zonada” uçur. Yəni yaranan müqaviməti həmişə köçün önündə uçan durna qırır və ya zəiflədir. Bu, təbiətdə də belədir, cəmiyyətdə də. Yəni böyük köçlərin önündə uçan durna yol göstərir. Əslində bu "durna yolu” tarixin düz içindən keçir. Bu "marşrutu” seçmək və keçmək çox çətin olur. Bu, həm də elmin məşəqqətli yoludur.

Amma bir məsələ də var ki, tarix boyu – zamanın bütün dönəmlərində qeyri-adi düşüncə sahibləri, fərqli insanlar öz cəmiyyətləri tərəfindən başa düşülməyib, qəbul edilməyib. Məsələn "Ölülər”dəki Kefli İskəndəri götürək: bu adamı yaşadığı cəmiyyət ona görə "kefli” adlandırırdı ki, onun irəli baxışlarını qavraya, qəbul edə bilmirdi. Bu təkcə əsərdə deyil, adi, konkret həyatda da belədir. Belə adamlar mühitin gülüş hədəfinə çevrilirlər. Bir az qeyri-təvazökarlıq olsa da deyim ki, mənim dram və nəsr əsərlərimin əksər qəhrəmanlarını da cəmiyyət "həzm edə” bilmir. Onlar yaşadıqları mühitdə  mariginal tiplər kimi özlərinə yer tapmaqda çətinlik çəkirlər.

 

– Bəlkə də onlar öz zamanlarında doğulmamış insanlardılar. Belə insanlara tez-tez rast gəlirik: ya özləri dərk edirlər ki, yaşadıqları zamana aid deyillər, ya da kənardan açıq-aydın hiss olunur ki, onlar başqa zamanın insanlarıdırlar. Bu nədən qaynaqlanır?

– Əlbəttə belə insanlar həmişə olub. Amma bu təkcə zamanla əlaqədar deyil, burda həm də məkan anlayışı var. Bəzən kiminsə haqqında deyirik ki, "bu adam Avropada doğulub yaşasaydı, tamam başqa cür olardı, heç buranın adamı deyil”. Təbii ki, orda zaman anlayışı da, şəxsiyyətə münasibət də ayrı cürdür. Mənim belə bir kitabım, elmi-fəlsəfi traktatım var: "Sərhədsiz dünya”.  Orada mən Şərq-Qərb məsələsini qabardıram. Təbii ki Qərbin zamana yanaşması başqadır. Qərbin və Şərqin özünəməxsus sakrallaşmış qayda-qanunları, əxlaq normaları var. Bununla belə, Şərq və Qərb arasında əvvəlki dərin fərq artıq tədricən götürülməkdədir. Çünki informasiya-texnologiya dövründə yaşayırıq, kitablarını oxuyur, filmlərinə baxırıq, getdikcə mədəniyyətlərin bir-birinə qarşılıqlı inteqrasiyası artır.  Yəni azərbaycanlı ilə ingilisin təfəkkürü arasında yüz il bundan qabaqkı fərq artıq götürülməkdədir. Mövcud prinsiplər təfəkkürə də öz təsini göstərir.

 

– Siz hansısa başqa bir zamanda yaşamaq istəmisiniz?

– Mənə elə gəlir ki, mən elə məhz bu zamanın insanıyam. Bəlkə də, bir az da qabağa getmişəm. Ətraf mühitdə, lap elə zamanın özündə çox şeylər məni təmin eləmir. 


"Zaman təkcə «köhnənin» üstündən хətt çəkmir; о, özü ilə «yеnilik» gətirir”

 

 – İki ayrı-ayrı zamanda, daha doğrusu, iki epoxada yaşamısınız. Bu zamanlar bir-birindən xeyli fərqlənir, hərəsinin öz qayda-qanunu, tələbləri var idi. Hansında yaşamaq daha rahatdı?

– Buna əlbəttə ki, subyektiv cavab verə bilərəm. Mənə elə gəlir ki, bütün dünyada inkişaf həmişə yaxşılığa, irəliyə doğru gedir. Təkcə bizdə yox, ümumiyyətlə dünyanın istiqaməti xilasa doğru dəyişməlidir. Dünya statik deyil, dinamikdir. Dünyada hər şey hər an dəyişmədədir. Qlоbаllаşаn dünyаdа insаnın özü və həyаtı ilə bаğlı olan bütün nəsnələr, dəyərlər və münаsibətlər də anbaan dəyişir. Qlоbаllаşmаnın ağır dаlğaları çох şеyin üstündən ötüb kеçir, Ammа zaman təkcə «köhnənin» üstündən хətt çəkmir; о, özü ilə «yеnilik» də gətirir. Düzdür, insanların çoxu indi  pessimistdilər. Bəzən bu cür hallar məndə də olur. Fikir vermisinizsə, adamlar tez-tez bu ifadəni işlədirlər: "Ötən günə gün çatmaz, calasan günü-günə”. Hətta indi yaxşı vəzifədə olan birisi də keçmişin çətin, şəraitsiz vaxtlarını arzulayır.  Əslində, insanlar keçmiş zaman üçün ona görə xiffət edirlər ki, orada onların gəncliyi qalıb. Gəncliyin nostalgiyası onlara ötənləri yada saldırır. Hərdən mənə deyirlər ki, "Yataqxanada yenə yaşamaq istəyərsənmi?” Cavab verirəm ki, "18 yaşımı qaytarın, gedim yaşayım”. 

 

– Siz necə,  zamandan şikayətlənirsiz?

– Zamandan şikayətlənməyə nə ehtiyac var? O gəlir-gedir, öz axarındadır. Biz böyük zaman içində öz "kiçik” zamanımızı yaşayırıq. Mənim əlimdə olsaydı, zamanı saxlayardım, onun qapısının ağzını qıfıllayardım.  Amma əldən nə gəlir?! Zaman geriyə dönməzdir, düzxətlidir,  bir istiqamətlidir. 

 

– Zamanla bağlı təəssüfləriniz olubmu, məsələn deyək ki, vaxt itkisi ilə bağlı?

– Nə keçmişi, nə də gələcəyi redaktə etmək mümkündür. İnsan keçmiş səhvlərindən nəticə çıxarda bilər, amma yenidən səhv etməyə bilməz. Yalnız ölülər və dəlilər səhv etməzlər. İnsan öz səhvləri ilə həyatı öyrənir. Uşaqlıqdan anlayır ki, əlini oda vursan yandırar, bıçaq kəsər. Yəni hər kəs  bununla ağrını, pisi dərk edir. Heç olmasa, şəxsi təcrübəsini görməsə də, oxuduğu kitablarda, baxdığı filmlərdə o, səhv qorxusunu anlamalıdır. Adi insan çalışır ki, öz səhvlərindən, aqil insan isə başqalarının səhvlərindən nəticə çıxarsın.

 

– Zamanın sizdən aldıqları çox olub, ya verdikləri?

– Məncə, hesab bərabərdir.

 

– Kimdən soruşsan, vaxt azlığından gileylənir. Vaxtınızı necə bölürsüz, necə çatdırırsız?

– İstirahətdəki və iş prosesindəki zaman arasında böyük fərq var. Əlbəttə, zahirən nəzərdə tuturam, belə baxanda eyni sutka, eyni saatlardır. Amma gərgin işdə adamın başı qarışır deyə, vaxt sürətlə, həm də ildırım sürəti ilə uçur. Həyatın ritmi o qədər sürətlə keçir ki, necə gəlib-getdiyini hiss etmirsən. Yeri gəlmişkən, bir bioloji zaman anlayışı da var. Yəni içimizdəki vaxt – zaman saatı. Daxilimizdəki o saat əqrəbi işləkdir: bizi səhər oyandırır, işə tələsdirir, gün ərzində işimizi vaxt içində ölçüb-biçir və s.

 

– Əsasən, nəyə gedir vaxtınız?

– Düzünü deyim ki, əsas boş vaxtım düşüncəyə gedir. Daha sonra mütaliəyə, nəhayət yazı-pozuya çox vaxt ayırıram. Bundan başqa, bütün insanlar kimi, həyati qayğılar, iş-güc, tədbirlər... Bunlar da zaman tələb edir...

 

– Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

–  Hər kəs çalışsın öz vaxtını yaşasın.

 

Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.

 

Şəfiqə Şəfa