adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Iyun 2015 13:28
50994
RUBRİKA
A- A+

"Ədalət"in vaxtı: Söhrab Tahirlə

"Zaman dəyişikliyi daha çox qələm adamları üçün çətin olur”, - dedi budəfəki həmsöhbətim. Həqiqətən də, zamanla ən çox çarpışan yaradıcı insanlardır: həm özləri, həm də başqaları üçün bu mübarizəni təsvir etməyə çalışırlar...  Özlərinə nə qədər çətin olsa da, hər yeni zamanın təfəkkürünə, ideallarına, marağına işıq tuturlar. "Ədalət”in vaxtı”nda bu dəfə zaman yolçuluğuna illərin sınağından keçmiş qocaman şairlə çıxdıq:


Azərbaycanın xalq şairi, nasir, publisist Söhrab Tahir  - 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olub.  Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. Bakıda əvvəlcə Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası alıb, sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuyub, Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, redaktor, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini olub. Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.

 

... Və Söhrab Tahirin zamanla çək-çeviri:

 

– Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Zamanın mənası çox dərindir. Zamana çox məna verib, istənilən şəkildə şərh etmək olar. Məhz mənim üçün zaman dövranla, siyasi dünya, ictimai həyatla bağlıdır. Zaman var idi biz başqa ideologiya ilə yaşayırdıq. Başqa təfəkkürlə düşünürdük, qələm adamları o dövrün ideologiyasını tərənnüm edirdi. O zəmanə ilə nəfəs alırdıq və hesab edirdik dövran belə də davam edəcək. Amma zaman dəyişdi və biz düşüncəmizi, ideologiyamızı dəyişənə, yeni dövrün siyasi, ictimai çağırışlarına uyğunlaşana qədər 10-15 il keçdi. Bu müddətdən sonra yeni çağla, başqa zamanın ab-havasına uyğunlaşdıq.

 

– Bu proses sizcə, asan oldu?

– Yox, çətin keçdi. Xüsusilə də qələm adamlarına, siyasi-ictimai şəxslərə. Bəlkə də, sıravi fəhlə, mühəndis, müəllim, həkim üçün asan oldu, çünki onlar həmişə gördükləri işi yenidən davam etdirirdilər. Amma ictimai təfəkkürü olan şəxslərə, ədiblərə ümumiyyətlə, dəyişikliklərə uyğunlaşmaq çətin olur. Çünki bütün təfəkkür kökündən dəyişilməlidir. Sovet rejimi ilə, müstəqil Azərbaycan ideologiyası bir-birinə tamamilə zidd olan, bir-birini rədd edən sistemlərdir. Zamanın ağırlığı, bax, burda özünü göstərir.

 

"Zaman, siyasi rejim bir-birini əvəzləyəndə olan ədəbiyyata olur


– Bəs bir-birindən kəskin fərqlənən bu zamanların hansında yaşayıb-yaratmaq bir qələm adamı üçün rahat idi, hansında daha münbit şərait olub?

– O dövrdə ədiblər, xüsusilə şairlər öz qələmi ilə dolanardılar. Şeir qəzetdə çıxanda qonorar verilirdi, radioda, televiziyada səslənirdi, ona da qonorar ayrılırdı. Üstəlik, tərcümə şöbəsində rus dilinə tərcümə edilirdi, onun üçün də ayrı bir qonorar ödəyirdilər. Yəni bir şeirdən 4 dəfə gəlir götürülürdü. Amma o dövrdə tematik cəhətdən çox böyük məhdudiyyətlər vardı. Şair kitabı çapa verəndə başda mütləq Lenini tərənnüm etməliydi. Bu tələbi həyata keçirib, senzuradan keçdikdən sonra, o biri mövzular – ana, sevgi, təbiət və s. haqqında rahatca yazmaq olardı. Amma müstəqillik dövründə o məhdudiyyətlərin, senzuranın hamısı qaldırıldı, mövzu genişliyi yarandı. Amma qonorar məsələsi, ədiblərin öz qələmi ilə qazanmağı da getdi, indi bir şair öz kitabı ilə dolana bilmir. Hər iki dövrün, əlbəttə ki, üstün tərəfləri var. Düzü, Sovet dövrünü heç vaxt pisləməmişəm. Çünki o dövrün həqiqətən də yaxşı cəhətləri var idi. Xüsusilə ədəbiyyata, kitaba, elmə maraq aşılayırdı, insanların maariflənməsi ön plandaydı. Təbii ki, hər bir rejimin çatışmazlıqları olur. Amma zaman, siyasi rejim bir-birini əvəzləyəndə olan elə ədəbiyyata olur. Nə üçün 90-cı illərdə Yazıçılar Birliyinin fəaliyyəti zəiflədi? Çünki siyazi zaman dəyişmişdi. Qələm adamları arasında çaşqınlıq yaranmışdı. Bu da öz növbəsində ədəbiyyata marağı azaltmışdı.

 

– Azərbaycan ədəbiyyatının ən tanınmış simaları ilə – Mirzə İbrahimov, Məmməd Araz, İsmayıl Şıxlı kimi şəxslərlə çiyin-çiyinə işləyib, dostluq etmisiniz. İndiki dövrün ədəbi nümunələri ilə, təbii ki, tanışsınız. Ədəbiyyat bir nöqtədə dayanmır, o da zaman selində öz axarı ilə davam edir. Zaman ədəbiyyatda nəyi dəyişdi? Sizin dövrün ədibləri ilə bu dövr arasında hansı fərqi, yeniliyi görürsünüz?

– Ən əsası keyfiyyət fərqini hiss edirəm. Daha böyük fərq mövzuda özünü göstərir. Dediyim kimi o dövrün ədibi Soveti tərənnüm edirdi. Fikir azadlığı yox idi, dar mövzularda yazırdılar. Amma bu günün yazıçı və şairləri üçün mövzu sərbəstdir, düşüncə daha genişdir, qələmi, iradəsi azaddır. Bu günün yazıçısı Qabriel Markes kimi dahi yazıçının mövzusuna rahatlıqla müraciət edə bilir, ondan bəhrələnib Azərbaycan təfəkkürünə, adət-ənənəsinə uyğun əsərlər yarada bilir. Bu da yerli oxucu ilə yanaşı, xarici ölkələr üçün də maraqlıdır. Hansı ki Sovet mövzuları, yaradıcılığı kapitalist ölkələrin oxucuları və ya yazarlarına xoş gəlmirdi. Görürdülər ki, yalnız bir mövzu ətrafında yazılır, sanki bir heykəl qurub ətrafına toplaşıblar, ona görə də qəbul etmirdilər. Amma bu dövrün həm oxucularının, həm ədiblərinin fikri artıq dünya düşüncəsinə uyğun gəlir. Belə olanda da, mən şəxsən üstünlüyü indiki ədiblərə verirəm.

 


"Gənc ədiblərin yaşlı qələmdaşlarını bəyənməməsi bütün zamanlarda olub”

 

– İndiki qələm adamları, xüsusən də gənc yazarların əksəriyyəti əvvəlki dövr yazarlarını, əsasən 60-cıları çox vaxt qəbul etmirlər, hətta müəyyən dərəcədə aqressiya da var. Sizcə, bu, nə ilə əlaqədardır: nəsillərarası savaş, ya həddindən artıq sərbəstlikdəndir?

– Bu məsələyə toxunmağınız yaxşı oldu, çünki bu mövzuda həmişə fikir qarışıqlığı var, onu açmaq lazımdır. Mənim fikrimcə, bu, nəsillərarası qarşıdurmadır, ondan qaynaqlanır. Gənc ədiblərin yaşlı qələmdaşlarını bəyənməməsi bütün zamanlarda olub. Sovet dövründə də beləydi: özündən yuxarıda olan, tanınmış yazıçı və ya şairin əsərlərini yeni nəsil bəyənməzdi. Sizə deyim ki, o vaxt Məmməd Arazla bir yerdə Moskvada oxuyurduq, həm də yaxın dost idik. Təxminən 1953-54-cü illər idi. Səməd Vurğunun yeni kitabı çıxmışdı. Zəng elədim Məmməd Araza ki, təzə kitabı oxumusan? Dedi hə, oxumuşam. Fikrimi soruşdu. Cavab verdim, o şair deyil ki! Elə Məmməd Araz da təsdiqlədi ki, hə yaza bilmir. Təsəvvür edin: Səməd Vurğunu bəyənmirdik! Bizim öz aləmimiz vardı. Az qala, yuxuda özümüzə heykəl qoyurduq. Oyanan kimi heykəlimiz dağılırdı (gülür). Qayıtdıq Bakıya, doğma mühitə, öz adət-ənənələrimizə. Azərbaycandan başqa heç bir ölkədə bacı qardaşa "Can, qardaş” deməz, ana balasına "ayağının altında ölüm, ay bala” deməz. Bu əziz, şirin mühit bizi özümüzə qaytardı. Oxuduğumuz rus ədəbiyyatı, öyrəşdiyimiz rus mühiti bizim üçün uçub getdi. Bir gün yenə də Səməd Vurğunun yeni kitabını oxuyurduq. Zəng elədim Məmməd Araza ki, gəl bir bu kitabı müzakirə edək, dedi ehtiyac yoxdur. Səməd Vurğun böyük şair imiş, biz onu başa düşməmişik. Yəni biz hələ Səməd Vurğunu qavramaq üçün yetişməmişdik.

 

– Vaxt keçdikcə insan zamana bir az həssas olur, hardasa küskünləşir. Öz əsərlərinizdə zamanı nə dərəcədə əks elətdirmisiniz? Başqa cür desək, zamanla çək-çeviriniz olubmu?

– Bir həqiqət var ki, insan yaşlaşdıqca, hər şeyə başqa cür yanaşır, asan qəbul etmir, bəyənmir. Mənim yaşıma, yəni 89-a çatanda isə daha həssaslaşır. Baxmayaraq ki, yaşıdlarımla nisbətdə daha nikbinəm, amma yenə də bir çox şeyi bəyənə bilmirəm. Bəzən hər şey mənə gülməli, bəzən təkrar gəlir. Müşahidə edirəm ki, bu gün oğlumun başına gələnlər, 40 il bundan öncə mənim başıma gəlib. Amma çox şeyi demirəm, içimə atıram, heç kəsə bildirmirəm. Əlbəttə, zaman keçdikcə insanın xarakteri də dəyişir. Gözəlliyə, poeziyaya, kitaba münasibət, zövq dəyişir. Vaxt vardı gözələ baxıb heyran qalardım, indi gözələ baxıb deyirəm ki, görəsən bu deyingəndir, ya yox... İçimdə saxladığım narazılıqları da vərəqlərə köçürürəm. Fəlsəfi şeirlər də elə bu zaman yaranır. Sevginin özündən çox, onun fəlsəfəsi adamı narahat edir.

 

nsanı məhrumiyyətlər, həsrət, ağrı-acı şair edir

 

– Bu 89 ildə zaman sizə daha çox verdi, yoxsa aldı?

– Mən həyatımdan razıyam. Hərdən mənə deyirlər ki, başına bu qədər hadisələr gəldi, 12 il sürgündə yaşadın. Ayaqqabın olmadı, qışda sürgündə corabla məktəbə getdin. Təsəvvür edin, anamın ayaqqabısı yox idi, atamın 45 ölçülü ayaqqabısının burnuna pambıq təpib geyinərdi. 36-37 ölçülü ayağında o ağır çəkmələri güclə sürüyüb bazara gedərdi. Düşmənlərin içində, ağır şəraitdə yaşamışıq. Türk olduğum üçün farslar məni həmişə təhqir ediblər. Mən də onları cavabsız qoymamışam, söymüşəm, döymüşəm. Atama şikayət ediblər, axşam o da məni döyüb. Bu çətin həyatdan sonra Bakıya qayıtmışıq. 1946-cı ildə Bakıda müharibə təzə qurtarmış bir vaxtda, böhranlı günlər idi. Qara çörək üçün camaat saatlarla növbədə durardı. Özüm həftələrlə ac qaldığım günlər olub. Yataqxanada gecə ac yatanda kağız yazıb qoyurdum ki, mən ölsəm, bilin ki, aclıqdan ölmüşəm. Amma səhər yenə sağ-salamat, qıvraq oyanardım, yazdığıma gülərdim. Əlimə pul çatana qədər, işə düzələnə qədər belə çətin şəraitdə yaşamışam. Amma yenə də dözmüşəm. Yenə də həyatımdan razı qalmışam. Çünki heç bir dövlətli uşağı şair ola bilməz, insanı məhrumiyyətlər, həsrət, ağrı-acı şair edir. Varlı nə istəyir qabağına gəlir, kasıb isə quru çörəyi yeyib ləziz yeməkləri xəyal edir. Zəngin adam istədiyi qızı ala bilir, yoxsulun isə əli sevgisinə çatmır, başqası ilə evlənsə də ilk məhəbbətini unuda bilmir. Həsrət, kədər bu cür yaranır. Beləcə onun təxəyyülü güclənir, hər şeyi xəyalında təsvir edir, gücü qələmə verir. Ona görə kasıbdan dahi şair, yazıçı çıxır. Düşünürəm ki, nə yaxşı ki kasıb olmuşam, məhrumiyyətlər görmüşəm, xalqı tanımışam. İndinin özündə də avtobusa minirəm, halbuki oğlumun maşını var, hara istəsəm aparar. Bunu heç kəsə deməmişdim, sizə deyirəm. Niyə belə edirəm? Xalqın içində olmaq üçün... İctimai nəqliyyatda insanlar bir-biri ilə xalq dilində danışır, dava edəndə bu dildə edir., sevinəndə də bu dildə sevinir. Bunlar mənə ilham verir, belə şeyləri görməsəm, yaza bilmərəm.

 

"Dostlarım ömürlərini mənə bağışlayıb getdilər

 

– Vaxtınızı necə keçirirsiniz? Daha çox nəyə həsr edirsiniz?

– Dostlarımla görüşürəm, oturub söhbətləşir, müzakirələr edirik. Düzdür, dostlarımın çoxu – Məmməd Araz, Cabir Novruz, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə yoxdu indi. Onlar ömürlərini mənə bağışlayıb getdilər... Gözəl xatirələrim var onlarla. Bir-birimizin evinə gedib-gələrdik. Dostluğumuzun qədrini bilmişik. Qələm dostlarım mənim haqqımda çox şeirlər, poemalar yazıblar. İndi dostlarım azdı, amma sağ olsunlar, evə gəlib mənə dəyirlər. Məmməd Arazla zamanın sınağından keçmiş möhkəm, 40 ilin dostluğu olub aramızda. İradə Tuncay gözümün önündə böyüyüb. Tez-tez bizim evə gələrdi. Aqil Abbas da tez-tez deyir, əmi niyə bizə qonaq gəlmirsən? Xətrimi çox istəyir. Oğlu Tuncayın toyunda ağsaqqal kimi çıxış edib dedim ki, dostum Məmməd Araz həmişə istəyib ki, oğlu olsun. Deyərdi ki, oğlum olsa, adını Bahadır qoyacam. Çıxışımda bunu xatırlayıb dedim ki, Məmmədin oğlu oldu, amma adı Bahadır yox, Aqildir...  

 

– Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

– Əgər insan ömrünü mərhələlərə bölsək – yeniyetməliyə, gəncliyə, qocalığa, ahıllığa hər biri üçün ayrıca tövsiyə etmək olar. İndiki gəncliyin fəaliyyəti, yaşaması üçün gözəl şərait var. Üstəlik, daha çox yeni texnologiyalardan, ixtiralardan baş çıxarırlar, bizdən daha informasiyalı, dünyagörüşlüdürlər. Bunlardan faydalansınlar, öyrənməyə həmişə meyilli olsunlar. Yetkin yaşda, qocalıqda daha çox güzəştə getsinlər, həyata, ailəyə, hadisələrə daha müdrik, məntiqli yanaşsınlar. Bu günün qadını daha təhsilli, fəaldır. Kişiləri demək olar ki, hər sahədə üstələyiblər, xanımların qədrini bilsinlər. Həmişə zarafatca demişəm ki, kişinin gərək bir ayağı, qadının da bir qulağı olmasın. Yəni kişi çox gəzməsin, qadın da çox qeybət eşitməsin. Allah hər kəsə can sağlığı versin. 


Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik. 


Şəfiqə Şəfa