SON DƏQİQƏ:

Sirli ədəbiyyat: "Dənizin övladları"

  107299   |  
Şriftin ölçüsü  

Dünya ədəbiyyatının istər antik, istərsə də müasir olsun, əhəmiyyətli hissəsi dənizlərlə, sularla bağlıdır. Ta qədimdən həyatın ayrılmaz hissəsi olan su insanları ilhamlandırıb, şəninə şeirlər, mahnılar qoşulub, nağıllar, əfsanələr uydurulub. Bəzən  dənizlər, dəryalar tanrı kimi, bəzən düşmən, bəzən ana kimi təqdim olunub. Hələ dənizin övladları – su pəriləri, atlantlar, piratlar sanki ədəbiyyata xidmət etmək üçün üstlərinə çəkdiyi sirr pərdəsindən boylanıblar. Çağdaş dünyamızda – XXI əsrdə belə dənizlərdə rastlanan müəmmalar, sirr dolu dəryalar təkcə ədəbiyyatın deyil, elmin də əsas "qida mənbəyi”dir. Odur ki, "Sirli ədəbiyyat" rubrikamızda bu dəfə dənizin övladlarından bəhs edəcəyik.

Dəniz qəhrəman anadır, yəni övladı çoxdur. Dəfələrlə su pərilərindən, digər sualtı varlıqlardan, bizdən öncəki sivilizasiyanın "toxumluq” saxlanılmış azsaylı atlantlarından danışmışıq. Bu dəfə isə elə bizim kimi doğulmuş, amma özlərinə məskən olaraq dənizləri seçmiş bəni-insanlar – dəniz quldurları qələmimizə tuş gəldi. Yəqin ki, Hollivud istehsalı olan "Karib dənizinin quldurları” filmlər silsiləsinə baxmısınız. Bəs 2003-cü ildən bu yana kiçikli-böyüklü hər kəsi ekranlara kilidləyən, Hollivud ulduzlarının bu şousunun bir vaxtlar gerçək hadisələr olduğunu bilirdinizmi? Narahat olmayın, bunu heç Hollivud film istehsalçıları da bilmirdilər. Çünki onlar da filmin ssenarisini "Uolt Disney” animasiya şirkətinin bir cizgi filmindən götürmüşdülər. Disneyi isə dəniz quldurları haqqında olan silsilə əfsanələr ilhamlandırıb. Amma rus və ingilis araşdırmaçılarının, tarixçilərinin uzun illlik tədqiqatlarından sonra Karib dənizində cövlan edən bu quldurların gerçək qəhrəmanlar olduğu üzə çıxıb. Həm də "at oynatdıqları” dövran çox da qədim sayılmaz, hər halda XVIII əsr tarix üçün "srağagün” hesab olunur. Təqvimi yüz-yüz, min-min illərlə vərəqləyən tarix üçün 3 əsr nədir ki?..

Əvvəlcə elə son illərdə ədəbiyyatın özünə də yamanmış pirat sözünün etimologiyasına nəzər salaq. Madam ki, bu söz ədəbiyyatı ətəyindən aşağı dartır, görək dənizin qırçınlı ətəkləri bu quldurların əlinə necə keçib. Pirat – latın sözü olub bizim dilə elə sadəcə "dəniz qulduru” kimi tərcümə edilir. Amma eyni söz yunanca bir az poetik şəkil alır: "pirates”  - uğuru sınaqdan keçirmək, fələyi dişinə vurmaq anlamına gəlir. Ruslar boş yerə piratları "uğur centlmenləri” adlandırmayıblar. Əlbəttə, rus təfəkkürü çoxşaxəli fəaliyyət göstərir. Ədəbiyyata bu sözü ilk dəfə antik yunan ədibi Homer gətirib. Onun "Odisseya” poemasında Finikiya piratlarından bəhs olunur. Ondan başqa, Dionisin poemalarında etrussk piratlarından danışılır. Eradan əvvəl Qara Dəniz əsas ticarət yolu hesab edildiyi üçün ilk əfsanəvi piratlar da məhz bu dənizdə baş qaldırıblar. Tarixdə həm eradan əvvəl, həm də bizim erada bir çox hökmdarlar piratlarla müqavilə bağlayaraq, onların qəddarlığı və qənimətləri sayəsində ordularını gücləndiriblər – Yuli Sezardan, ta kral Artura kimi. Piratların gəmisindəki "gülərüz” skelet kəllə və çarpaz qoyulmuş iki bazu sümüyü təsvir olunmuş bayraq ("Şən Rocer” adlanır) XV əsrdən dalğalanıb. Bu, insanlara psixoloji təsir üçün yaradılıb, ticarət gəmilərinin ekipajları istər-istəməz həmin qara bayrağı görəndə əl-ayağa düşürdülər.



Tarixdə müxtəlif su bölgələrini əhatə edən piratların öz adları olub:

Tevkrlər – e.ə XV-XI əsrlərdə cövlan ediblər. Troya müharibəsi zamanı darmadağın olunublar.

Dolopiylər – antik yunan piratları əsasən Egey sularının nəzarətə götürmüşdülər. E.ə 476-cı ildə Afina hakimi Simon onlara qalib gələrək bütün heyət üzvlərini əsir alıb.

Uşkuyniklər – XV əsrdə, əsasən Volqa çayında ağalıq edən bu piratlar indiki Rusiya imperiyasına qan uddururmuşlar. Əsas bazaları Həştərxanda yerləşib.

Berberlər və ya qara piratlar – Afrikalı qoçaqlar Aralıq dənizini nəzarətə götürmüşdülər. Bazaları Əlcəzair və Mərakeşdə yerləşib.

Bukanirlər – XVII əsrə aid olan bu quldurlar o qədər qarşısıalınmaz olublar ki, ingilislər hətta bukanir sözünü pirat sözünə sinonim kimi işlədiblər. Bütöv Sakit Okean onların əlində olub.

Həmin əsrdə flibustlar, korsarlar, kaperlər, kleftlər, privatirlər də mövcud olub ki, tez dizə gəliblər, daha doğrusu, ingilis və fransız kralları ilə müqavilə bağlayıb sularda soyğunçuluq etmək üçün hətta rəsmi lisenziya da alıblar. Hərəsi bir düşmən ölkəyə yönəldilirdi. Məsələn, kleftlər əsasən Osmanlı gəmilərinin qənimi idi.

Asiyalılar da quldurluqda geri qalmırdılar. Yaponların məşhur Vokou piratları avropalılar tərəfindən "cırtdan piratlar” adlandırılırdı. Avropalılara nisbətən bəstəboy olan bu quldurlar "cırtdan” sözünü köhnə qitənin tacirlərinin burnundan gətirirdilər.

Piratlar XX və XXI əsrdə də olublar. Təkcə Somali piratlarını xatırlatmaq yerinə düşər ki, bu quldurların hələ də mövcud olduğu, dəniz analarını çılğın övladsız qoymadıqları təsdiqlənsin.

Amma müasirləri bir kənara qoyub bu qədər piratların içində özündən ən çox danışdıran, rəvayətlər yazdıran Karib dənizinin quldurları və onların başçısı "Qarasaqqal”dan danışaq. Hələ yaşadığı XVII əsrin sonu XVIII əsrin əvvəlindən adına əfsanələr uydurulan bu adamın əsl adı Edvard Tiç olub. Bu günə qədər dəniz quldurları arsında ən güclü heyət və hərbi gəmilər ona məxsus olub və 10 il müddətində Qəraib dənizinin qəribəliklərindən bəhrələnib. Yeri gəlmişkən, uşaq vaxtı hesab edirdim ki, Karib, Qəraib dənizi biz türklərindir, "qərib” sözündən götürülüb. Uşaq məntiqim öz təsdiqini tapdı. Məsələ burasındadır ki, indiki Cənubi Amerika sakinlərindən öncə o ərazilərdə yaşamış yerli qəbilələr Qəraib dənizinin sahillərini, öz qayıqlarının saxlandığı sahil zolağını Qarib Laman adlandırırdılar ki, bu da "Qəraib dənizinin limanı" kimi anlaşıla bilər. Bu fikir də öz təsdiqini tapıb ki, Cənubi Amerika qəbilələrinin dillərində türk sözləri mövcuddur. Güman ki, Amerikanı Kolumbdan öncə kəşf etmiş Osmanlı səyyahı və kartoqrafı Piri Rəis bu ərazilər haqqında o zamankı sultan Qanuni Süleymana xəbər vermişdi. Çünki Osmanlı donanmasının kapitanı sultanın sağ əli, ən etibarlı adamı idi. Belə düşünülür ki, həmin dövrdə sultanın qəzəbinə tuş gəlmiş, amma edam olunmaqdan canını qurtarmış türklər Amerikaya sürgün olunurmuş. Orada ömürlərini başa vurmuş türklərin yerli qəbilələrinin dilinə yeni sözlər qatdığı da şübhəsizdir. (Piri Rəis xəritələri haqqında "Dünyanın qara üzü” rubrikasının növbəti buraxılışında oxuya bilərsiniz).

Qayıdaq "Qarasaqqal”a. Özündən əvvəl ki dəniz ağası – "Kürən” ləqəbli Henri Morqandan sükanı təhvil alan "Qarasaqqal” piratlığı elə inkişaf etdirir ki, onun zamanı "Qızıl dövr” adlandırılır. Edvard Tiç o qədər qəddar, eyni zamanda ağıllı adam olub ki, sadə insanlar ondan qorxmaqla yanaşı, onun adıyla fəxr edirdilər. Bu da öz növbəsində Tiçin hələ sağlığında haqqında rəvayətlər dolaşmasına səbəb oldu. Hətta Robert Stivensonun "Dəfinələr adası” romanı da Edvar Tiçə və onun quldurlarına həsr olunub. Həmin dövrdə bütün qəzetlər ondan yazardı. Haqqındakı ilk qəzet informasiyası 1717-ci ildə Boston Nyus Letter qəzetində verilib. Onun idarə etdiyi gəminin adı da özünəməxsusdur: "Kraliça Annanın intiqamı”. Gəminin belə adlandırılmasının səbəbi isə Edvardın vaxtilə kral donanmasının tərkibində matros kimi çalışarkən, kraliça Annanın başlatdığı müharibədə qəhrəmancasına iştirakı ilə bağlıdır. Gəminin bayrağı da digər piratlardakından fərqlənirdi. Bir əlində qum saatı, digər əlində nizə tutmuş skelet silahı ürəyə tuşlayıb.



Filmdə gördüyünüz səhnələr, bölümlər, görüntülər əfsanə əsasında yaradılıb, amma həqiqətdir. Belə ki, "Qarasaqqal” həqiqətən də qorxunc cazibəyə malik kişi olub. Yeri gəlmişkən, 26 dəfə evlənib. Üstəlik, özü də insanları görünüşü ilə qorxutmağı sevib. Döyüş zamanı o gur, qara saqqalının ucuna yanan fitillər bağlayırmış. Qara kömürlə gözlərini sürmələyirmiş, bu da qarşısındakı rəqibini istər-istəməz qorxudurmuş. Bundan başqa, filmin "Ölünün sandığı”, "Qara mirvarinini qarğışı”, "Qəribə sahillərdə”  bölmələrinin 2011-ci ildə qalıqları tapılmış  "Kraliça Annanın intiqamı” gəmisindəki dəlillərə əsasən gerçək olduğu bildirilir. Halbuki bu bölümlər artıq 2011-ci ilə qədər ekranlaşdırılmışdı.



"Qarasaqqal”ın özündən çox onun xəzinəsi haqqında əfsanələr dolaşırdı ki, onları da gerçək olduğu üzə çıxıb. Tapılmış bəzi köhnə xəritələr və təsadüfi tapıntılar vasitəsilə xəzinənin yeri də bəlli olub. Bu, Karib dənizinin sahillərinin birində yerləşən gözdənuzaq Amiliya adasındadır. Bu günə qədər həmin ərazidəki qəribə şaxtalar vasitəsilə çox axtarışlar aparılıb. Amma çifayda… Sonralar kompyuter qrafikası ilə Edvard Tiçin düzəltdirdiyi bu şaxtaların quruluşu öyrənildi və məlum oldu ki, xəzinələr həqiqətən də mövcuddur. Sadəcə, Tiç onları elə müəmmalı üsulla və dəqiq riyazi hesablamalarla yerləşdirib ki, xəzinəyə yetişmək mümkün deyil. Belə ki, lağımların bir ucu sahil xətti vasitəsilə dənizə birləşdirilir. Günün müəyyən saatlarında (hətta naməlum) lağımların klapanları açılır və ora su dolur. Belə olduqda isə xəzinə yer dəyişir, yəni onun yerini nə qədər dəqiq təyin edirsən et, su vasitəsilə uzaqlaşıb əlçatmaz olur. Bəli… haqqında əfsanələrin dolaşmağına layiq olan Tiç 1719-cu ildə döyüşlərin birində öldürüldükdən sonra özünə qismət olmayan xəzinəsini heç kəsə də yedirmir. Onun müasirlərin olan bir pirat sonralar deyirmiş ki, bir gün "Qarasaqqal"dan soruşdum: "Ölüb-eləsən, heç olmasa xəzinələrinin necə əldə olunmasını arvadına demisən?" O isə belə cavab verib: "Onların necə əldə olunacağını bir mən, bir də ki mənə yardım etmiş şeytan bilir. Mən öləndən sonra da ona çatacaq. Şeytanla belə şərtləşmişdik. Adəm övladı nə qədər cəhd edir-etsin əlinə bir şey keçməyəcək"...       


Şəfiqə ŞƏFA     

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK