Nəriman Həsənzadə

24492 | 2015-12-12 00:26
Durur ayrıldığım kölgəli çinar,
Durur Gəncədəki bizim institut.
Xəyalım bir yerdə tutmadı qərar,
İlləri andırdı bir anlıq sükut.

Neyləyim, unutmur insan ürəyi,
Yaşadım dünyadan könlü yanıqlı.
Düz dörd il geyindim köhnə pencəyi,
Qolu gödək oldu, boynu yamaqlı.

O pencək saxladı məni soyuqdan,
Doğru danışmağı çoxu ar bilir.
Əynindən çıxardıb vermişdi atan,
Heç kim bilməsə də qonşular bilir.

Bəzən ac da qaldım daha nə danmaq,
Danışıb gülməyə könlüm olmadı.
Şerim qəzetə çap oldu, ancaq
Bir qəzet almağa pulum olmadı.

Lakin bu dərdimi bilmədi heç kim,
Mən bildim qədrini sevincin qəmin.
Arabir xəlvəti baxıb sevindim,
Təzə yamağına köhnə çəkməmin.

Gülmə, görməmisən o sevinci sən,
Xoşbəxt böyümüsən, xoşbəxt ol, anam.
Bir də bilirsənmi mən o sevincdən
Dünyada heç kəsə arzulamıram.

Oldu sevincim də, oldu qəmim də.
Bir tələbə qıza könlümü verdim.
Onun hər sözünü öz aləmimdə
Seminar dərsitək əzbərləyirdim.

Deyirdim, nə qədər baha olsa da,
Gərək üzük alım, bu bir adətdir.
Ancaq avtobusun keçib yanından,
Piyada gedirdim dərsə arabir.

Qoy indi ağrısın vicdanın varsa -
Girdi aramıza onda bir nəfər.
Bir gəncin taleyi alt-üst olursa,
Ağırdır dağılan ailə qədər.

Fikir ver hökmünə sən misalların,
Deyir su quyunun dibində olur.
Hayıf ki, ürəyi bəzi qızların
Başqa oğlanların cibində olur.

Qoy bir sözdə deyim, çıxarma yaddan,
Bu da, necə deyər, bir məsləhətdi.
Çalış ki, əvvəlcə yanılmayasan,
Təəssüf ikinci məğlubiyyətdi.

Ömrün yolları da pilləkan kimi
Gendən ucalara lap çox baxmışam.
Mən o pillələrlə bir insan kimi
Gör ki, necə gəlib, necə qalxmışam.

Qızlardan Oğlanlara

Oğlanlar, qızlara hörmət eyləyin,
Ya sevin qızları, ya rədd eyləyin.
Aldadıb atmayın, günahdı qızlar,
Sabahkı ən əziz anadı qızlar.

Səsində həya var, gözündə ovsun,
Evdə dilavərdi, çöldə lal olur.
Gözünüz qızların gözündə olsun,
O gözdə daimi bir sual olur.

Qızlar anadılar, oğlanlar ata,
Kim deyir, bu işi bir əyən olmur?!
Qızların qız baxtı gözəl olsa da,
Gəlinlik baxtları müəyyən olmur.

Fikirə öyrəşir, qəmə qatlaşır,
Qəlbində yaşadır, sirrini təkcə.
Öz ata evində qızlar yadlaşır,
Yad oğlan evinə meyl elədikcə.

Qəlbini sevdiyi oğlana deyir,
Ancaq rəfiqəsi soruşsa, danar.
Özgə anasına qız ana deyir,
Özgə atasına qız olan qızlar.

Qızlar aldanandı, siz aldatmayın,
Aldanıb yananın qanı buz qalar.
Qolları üstündə gedib yatmayın,
Yazıqdı, əbədi yuxusuz qalar.

Görüşə getməyin ürək sevməsə,
Sözümü, a qızlar, ucuz tutmayın.
Ürəkdən çəkirik, nə çəkiriksə,
Bunu da həyatda siz unutmayın.


Ölsün birdəfəlik bu adətiniz

Toyda oynadılar, ürək açdılar,
Sonra gecəyarı dağılışdılar.
Yolda gileyləndi biri əlbəəl;

-Qız çörək yeyirdi.
-Mən ölüm?
-Sən öl!
-Oğlanı görmüşdüm neçə il əvvəl,-
Gəzənin biriydi.
-Mən ölüm?
-Sən öl!
-Onlar evlənsə də yaşayan deyil.
Qız on yaş böyükdü.
-Mən ölüm?
-Sən öl!

Ölməyin, ölməyin, yazıqsınınz siz,
Ölsün birdəfəlik bu adətiniz.


Qadına məktub

Sizin qızınızla görüşürük biz,
Gedirik gah yolla, gah kənar izlə.
Bunu mən bilirəm, siz bilmirsiniz,
O gəlir sizin öz icazənizlə.

Tələbə yoldaşı, rəfiqəsi var,
İşi də çox olur, bəzən dərsi də
Mənəm qızınızın, necə deyərlər -
"tələbə yoldaşı", "rəfiqəsi" də

Mən başa düşürəm siz anasınız
Ürəyə sığışmır adi həyəcan
O, evə dönüncə nigaransınız
Evdə olanda da mənəm nigaran.

Bir ömür mənzili uzun, ya qısa...
Məhəbbət, doğmalıq-hansı qədimdir?
O sızin adicə qızınızdısa,
O mənim yeganə səadətimdir.

Siz də heyransınız, mən də bir qıza
Kimin qapısından o girməlidir?
Dünya elədir ki, biri tapırsa,
Biri... təbiidir itirməlidir.


Duruluq rəmzidir sizin qızınız
Gözündən oxunur qəlbi, istəyi
Sizin bu sevdada uduzmağınız
Sizin borcunuzdur, mənim qismətim.

Sizin adınıza hörmət, ehtiram
Qadın qarşısında baş əyir aləm
Mən də baş əyirəm, vidalaşıram -
Qızınız gələcək, mən getməliyəm.

***
Tək çəkə bilmirəm can əzabını,
sənsiz ürəyimi əzir ayrılıq.
Mən zəngi basanda, sən aç qapını,
bəxtimə çıxıbsan, qarşıma sən çıx!
Qayıt adamları təzədən tanıt,
səhvimin üstündə danla xəlvəti.
"Mənsiz nə olacaq sənin axırın"
bir də təkrar elə bu həqiqəti...

İlhamım, qələmim danışan deyil,
qayıt, öz gözümdə itirəm sənsiz.
Ünvan mənimkidir,
ancaq elə bil,
özgənin evinə gedirəm sənsiz...

Gülüm...

Mən səni bilmədim, bənzətdim Aya,
nə sənə əl çatır, nə ona, gülüm.
Ayağın düşəcək hansı qapıya,
taleyin de, hansı ünvana, gülüm.


Biz qəmə şərikik, sevincə şərik.
Biz hey düşünürük, fikirləşirik.
Biz nə ayrılırıq, nə birləşirik,
Ünümüz çatmayır bir yana, gülüm...


Kimin eyhamını sən duyacaqsan,
Kimin şərəfini qoruyacaqsan,
Kimin yastığına baş qoyacaqsan,
Kim ata olacaq, sən ana, gülüm...?

Qaldı ürəyində əbədi bir xal,
neyləyim xəbisin dünyası dardı.
Ağırdı gözündə gördüyüm sual,
Dilinlə desəydin yüngül olardı...

TƏQVİM / ARXİV