
Çadıra da, Qarabağa da,
Bu qar.
...Havalanmış qaçqınlar
Çıxıb çadırlardan
Qaçırlar hara gəldi.
Ağ xalatlıları görmüş
Dəli kimi...
***
...Sən məni bələyə qaytar, ilahi,
Anamı diriltmək mənim
boynuma...
***
Görüşməsək yaxşıdı,
Yüz araq,
Bir siqaret ovundurursa
Sənin həsrətini...
***
... Səni tapmaq ümidi
Qatdı başımı,
Qocalmağa imkanım olmadı...
***
Qürbət yerin işıqları,
Şüşə sınığına oxşayır.
Baxanda gözlərim qıyılır,
Dabanım göynəyir...
***
... Bu şəhərin nəyi var içində,
Dağılıb üzünə...
***
Qocalığın üzünə
Eynəksiz baxmaq olmur...
***
Keçən günlər,
Keçən günlər-
Ortasına daş atılmış
Göl kimidi...
***
Başımda,
Gözlərimi yummağa qoymayan
Ömrümün "qara qutu"su var.
Kimə göstərirsən göstər,
Hara aparırsan apar,
O lentlərdə sənin adın yoxdu...
***
Dənizin dibində
Yosunların arasında,
Batmış balıqçının əlləri
Kompas əqrəbləri kimi
Uzanıb sahilə tərəf...
***
Tufanlı dənizdə,
Balıqçı qayığı ada deyil.
Özünü asmaq istəyən
Tənha adamın ayaqları altındakı
Sınıq-sınıq kətildi...
***
Dağlardan düzə köçənlər,
Minarədən enimş azançılarda,
bəlkə də...
***
Anam yuxuma girir,
92-də torpağa tapşırdığım anam,
Qırmızı paltarda.
Yəqin evimizi yandırıblar...
***
Köçəcəyik Haramıya,
Daş evlərə.
Əkdiyimiz ağaclar qalacaq.
Bircə qızlarımın on il yüyürləndiyi
Yüyürüyün kəndirini açıb
aparacağam...
***
Mədəniyyət nazirimiz söz verdi ki,
Bir maşın nağara göndərəcək...
***
Bakıda, şadlıq evində
Müğənni Qarabağdan oxudu
Bəyin əmisi qalxdı ayağa:
- Qanımızı qaraltma,
ayrı şey oxu - dedi...
***
Təzə yurddan kəndimiz görünür,
İyirmi beş yaşımda çəkilmiş
Pasportdakı şəklim kimi...
***
Məmləkətimizin
Hər qarışı vətəndi.
Amma hər qarışı Qarabağ deyil.
***
Bizim udacağımız hava,
İçəcəyimiz su Qarabağda qaldı.
Bu on ildə nə odumuz söndü,
Nə havamız çatdı...
***
Adına cəhənnəm tikilmiş millətə,
Bu dünyada cənnət bağışladıq.
***
Mənim ailəmin namusu mənimdi,
Topağın namusu
Təkcə mənim adıma yazılmır.