37 illik qanlı tarix: Qarabağın ilk şəhidləri, Əli və Bəxtiyar....

Bu gün Azərbaycanın Qarabağda verdiyi ilk şəhidlərinin anım günüdür.
Adalet.az xəbər verir ki, ilk şəhidlərimizin Qarabağın Əsgəran bölgəsində Əli Hacıyev və Bəxtiyar Quliyevin şəhid olmasından 37 il ötür. İlk igidlərimizin can qurban etdiyi Qarabağ hadisələrinin ilk başlanğıc tarixi belə başlanmışdı. Beləki, 1988-ci il fevralın 20-də DQMV xalq deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi.
Haqqı tapdanan ,əli konstitusiyadan və ədalət prinsiplərindən çıxmış Azərbaycan xalqı anlayırdı ki, Qorbacova ümid edib problemin həllinə nail olmaq artıq gecdir. Odur ki, fevralın 19-da Bakıda nümayiş keçirilir. Amma bu mitinq azərbaycanlıları sakitləşdirmir. Eyni zamanda fevralın 19-da Ağdamda da mitinqlər başlayır. Mitinq 3 gün davam edir. Fevralın 21-də Sov.İKP MK Siyasi Bürosunda Qarabağ məsələsinə
baxılacağı barədə məlumat gəldi.
22 fevral, saat 8-dək Moskvadan heç bir xəbər gəlmədiyini görən azərbaycanlılar birbaşa Xankəndinə doğru yürüşə çıxdılar. Əsgəran yaxınlığında ermənilərin açdığı atəş nəticəsində Əli (1966-cı il təvəllüd) və Bəxtiyar (1959-cu il təvəllüd) adlı iki azərbaycanlı gənc həlak oldu.
1985-1991-ci illərdə SSRİ DTK sədrinin birinci müavini işləmiş Filip Bobkov özünün “DTK və hakimiyyət” adlı əsərində bu barədə yazır: "Fakt faktlığında qalır. İlk qurbanlar azərbaycanlılar oldu. Münaqişənin başlanmasında ilk qanı məhz ermənilər tökdülər". Qeyd etmək lazımdır ki, ermənilərin iddia etdiyi kimi yox məhz azərbaycanlılar münaqişənin ilk qurbanları idi. Həmin gün 2 şəhidlə bərabər 17 Ağdamlı gənc də yaralandı.
O vaxt hadisə şahidlərindən biri olmuş Təhmasib Novruzov xatirələrini ”Vətən səsi” qəzetində bölüşərək yazır:” 1988-ci il 16 fevral. “Hayastan” deyə bağıran ermənilərə ilk dəfə Ağdamda bildirildi ki, bu xalq yaşayır və öz Vətənini qorumağa qadirdir. Fevralın 19-da Ağdamda başlanan mitinq 3 gün davam etdi.
Fevralın 21-də Sov.İKP MK Siyasi Bürosunda Qarabağ məsələsinə baxılacağı barədə məlumat gəldi. 22 fevral, saat 8-dək Moskvadan heç bir xəbər gəlmədiyini görən ağdamlılar birbaşa Xankəndinə doğru yürüşə çıxdılar... Həmin gün 2 şəhid, 17 yaralı verən Ağdam gənclərinə bundan sonrakı münasibət barədə 2 epizodu yada salmaq kifayətdir:
Fevralın 24-də “Bakıdan gələn şura hökuməti”nin nümayəndəsi (Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini –red Əntiqə Rəşid) Telman Orucov yığıncaq keçirirdi. İki gün əvvəlki hadisədə yaralanmış bir neçə gənci xəstəxanadan iclas zalına gətirdilər. Telman Orucov üzünü yaralılara tutaraq dedi ki, “gərək o güllə sizin alnınıza dəyəydi...”
Torpaq uğrunda canından keçməyə hazır olan gənclərin “mükafat”ı belə oldu! Daha sonra rayon milisi “fəaliyyətə” başladı. Yürüş iştirakçıları şöbəyə çağırılıb qorxudulur, pul müqabilində “məsuliyyət”dən azad edilirdilər. Və beləcə, adamların mübarizə ruhu “söndürülürdü. 21 sentyabr 1988-ci il. Moskva bacarıqsız respublika rəhbərlərindən istifadə edərək güclü bir gedişə əl atdı. Kemiş Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) və Ağdamda xüsusi vəziyyət elan edildi. Ermənilərin ən çox ehtiyat etdikləri Ağdamı Moskva nəzarətə aldı.”...
Faciənin içindən “Qarabağ” sayıqlaması
Münaqişə günü –gündən daha dəhşətli həddə düşür, azərbaycanlıları yaxıb-yıxıb keçirdi. Bu yerdə oxucularımıza bir nüansı da xatırlatmaq yerinə düşərdi: 1988-ci ilin noyabrın 1-də erməni silahlı dəstələri azərbaycanlı əhalinin evlərinə basqın edərək 40-dan çox azərbaycanlını vəhşicəsinə qətlə yetirdi, yüzlərlə ailə ev-eşiyindən çölə atılaraq evlərini tərk etməyə məcbur edildi.
1988-ci il dekabrın 7-də yerli vaxtla səhər saat 11:41-də Ermənistanda 7,2 bal gücündə zəlzələ baş verdi. Zəlzələ baş verən gün Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçov Amerika Birləşmiş Ştatlarında səfərdə olub. Bu səfərdən sonra onun Kubaya da səfəri planlaşdırılıb. Qorbaçov rəsmi səfərini yarımçıq qoyaraq Moskvaya, oradan isə Ermənistana səfər edib. Zəlzələdən zərərçəkənlərlə görüş zamanı Qorbaçov dünya dövlətlərinə yardım üçün müraciət edib.
Baş katibin imzaladığı sərəncamla 10 dekabr 1988-ci ildə SSRİ-də matəm günü elan olunub.Baş katiblə zərəçəkmiş ermənilərin görüşü zamanı ən maraqlı məqamlardan biri o olub ki, bu görüşdə Qorbaçova daha çox Qarabağ məsələsi ilə bağlı sual ünvanlayıblar. Sözsüz ki, bu suallar Qorbaçovu təəccübləndirib.Yeri gəlmişkən, 1988-ci il dekabrın 5-də Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq etdilər. Borunu hündür uçurumdan tullayaraq fidanları qətlə yetirdilər.Elə həmin ilin noyabrında Quqarkda da bu cür hadisə həyata keçirilmişdi. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açaraq dəhşətə gəlmişdilər.
Ermənistan belə vəhşilikləri şkala üzrə yüksəldə-yüksəldə münaqişəni artıq 1990-cı ildə böyük bir müharibəyə dönüşdürə bildi.
P.S. Həmin günlərdə azərbaycanlılara atəş açan ermənilər dövləti və xalqı tərəfindən qəhrəman kimi qəbul edilərkən Azərbaycanda bunun tam əksi idi. Çünki mitinqə gedənlər o vaxt milis idarələrinə çağrılır ,"ekstimis" hərəkətlərinə görə, döyülür, təhqir edilir, cərimələnir və yaxud təcridxanaya salınırdı. Həbs edilənlərin yaxınları günlərlər milis idarələrinin qarşısında qalır, son anda milislərin tələb etdiyi pulu (cəriməni) verib övladlarını milisdən qurtarırdılar. Mübarizənin ilk günündən Vətən təəssübü çəkən vətəndaşlara qarşı müxtəlif "şərləmə" kampaniyaları da başladıldı. Yadımdadır ki, Ağdam rayon Qərvənd kəndində kolxozçulara veriləcək taxıl mənimsəməsinə etiraz edən və camaatın da etiraz edib haqqını almasına şərait yaradan siyasətçi (Qərvənd) Camal Əhmədov həmin günlərdə kolxoz sədri Sosialist əməyi qəhrəmanı Ali Sovetin deputatı, üç dəfə SSRİ-nin yüksək mükafatı olan Lenin ordeni, Oktyabr İnqilabı və Şərəf Nişanı ordenlərinin sahibi Xuraman Abbasova tərəfindən şərlənərək həbs edildi. Həbs səbəb isə guya C. Əhmədovun əhalini silahlandırması idi. Halbuki o vaxt çox az evdə ov tüfəngi vardı. Bu iddiadan sonra dağılan Sovet İttifaqının Stepanakertdə yerləşən 366-cı polku kəndi nəzarətə götürdü. Dişinə qədər silahlanmış polkun xüsusi təyinatlı əsgər və zabitləri evlərə girir, insanlarda qorxu - təşviş yaradır, evi ələk-vələk edilir, həyəti, pəyəsi, əl damı, ot tayası, tualeti belə axtarılırdı.
Rusiyaya, sovet hökümətinə canla-başla qulluq etməkdən zövq alan azərbaycanlıların, yaltaqlığı, satqınlığı, xəyanaəti Qarabağa faciələrinə yol açdı. 10 minlərlə igidimiz şəhid oldu, torpağlarımız iğğala , insanlarımız deportasiyaya məruz qaldı. 33 torpağımızın işğalda qalmasının səbəbi tək silah , qüvvə, komandan çatışmağlığı deyildi!Həm də xəyanət idi, rusun ayağını yalamaq, sovetlərə sadiqlik , yadellilərin verdiyi tapşırıqları yerinə yetirmək, sadə insanları əzərək, qorxudaraq müti hala çevrilməsini təmin etmək idi.
Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Əntiqə Rəşid
(Yazarın arxivi -2022-ci il )
Digər Xəbərlər

"Görünməyənlər qabağa keçsinlər" - Prezidentin fabrik işçiləri ilə səmimi söhbəti - VİDEO

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sədri işdən çıxarıldı

Ali xüsusi rütbə verilən Emil Qarayev kimdir? - DOSYE

Prezident Emil Qarayevə ali xüsusi rütbə verdi

Baş nazirdən Dövlət Əməyin Mühafizəsi Fondu ilə bağlı QƏRAR

Səhiyyə naziri ÜST-nin Avropa Regional Bürosunun videokonfransında çıxış edib

DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO+FOTOLAR
