20 Noyabr 2024 10:10
625
GÜNDƏM

20 noyabr: Ağlayan və gülən gözümüz...

Bu gün Azərbaycan tarixində 2 elə hadisə baş verib ki, bu heç vaxt Azərbaycan xalqının unudacağı , yaddan çıxaracağı bir təqvim günü olmayacaq. Bu hadisələrin birində xalqımız sonsuz həddə göz yaşına, sarsıntıya, mənən yıxılmaya, arxasızlıq, köməksizlik , çarəsizlik girdabına düçar olmuş qəhrəman ruhu məğlubiyyətə, ölümə məhkum olmuşdu.

Xalqımız bu böyük zərbədən sonra uzun müddət özünə gələ bilmədi. Bəli, söhbət yaddaşlarımıza qapqara kösövlə yazılan Qarakənd faciəsi və ya 20 noyabr hadisəsindən gedir. Çoxunun yadındadır o müdhiş, o dəhşətli gün!
1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vuruldu. Azərbaycanın qanı bahasına qazandığı müstəqilliyin 32-ci günü, o müstəqilliyi həzm edə bilməyən şər imperiyasının həyata keçirdiyi qanlı plan əvvəlcə başqa adla tirajlandı. Guya vertalyot qayaya çırpılıb və partlayış baş verir. Tələsik tirajlanan bu yalan Qarakəndi tanıyanları, o yerlərin relyefini dəqiq bilənlərin qəzəbinə səbəb oldu! Vertalyot üçün nəzərdə tutulan uçuş hündürlüyünə çatası qaya , dağ, zirvə yox idi.

Bu yalanını çox sürdürə bilməyən imperiya bu dəfə hadisəni 200 ildir əllərinin “maşa”sı kimi istifadə etdikləri, 1828-ci ildən etibarən Qafqaza köçüürdüyü, xislətçə vəhşi çaqqaldan geri qalmayan ermənilərin üzərinə yıxdı. Təbii ki, hadisədə ermənilərin əli vardı, amma qanlı ssenari də, onun həyata keçirilmə detalları da Kremldə hazırlanmışdı. Bunun bir sübutu da vardı: 20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Amma Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki, həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda olublar. 3-cü bir sübut isə bir az gec üzə çıxdı: Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndərdilər. Ancaq qara qutudan heç bir səs-soraq çıxmadı…
İmperiya planın daha bir göstərgəsi isə bütün şübhələrimizə nöqtə qoydu: Bəli, indiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan “Mi-8”i silahlı mühafizə vertolyotu müşayiət etmirdi?
Niyə onların hamısı bir vertolyotda idi?

.


Bütün bunlar mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına zidd idi.


Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi;
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror;
Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri;
Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini;
Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili;
Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili;
Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri;
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini;
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi;
Alı Mustafa oğlu Mustafayev – telejurnalist;
Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı;
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator;

Ölüsü-dirisi tapılmayan " şəhidlər"

İqor Aleksandiroviç Plaviski – DQMB-nin prokuroru;
Vladimir Vladimiroviç Kovalyov - DQMB-nin Daxili İşlər İdarəsinin rəisi;
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi;
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı;
Sanlal Dasumoviç Serikov – Qazaxıstan daxili işlər nazirinin müavini;
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru;
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant;
Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri;
Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü;
Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü.


Bu hadisənin bu günə qədər ağır təsiri hələ də canımızda qalıb. Hələ də düşünürük ki, şəklini, bəzəyini dəyişən imperiya hər an, hər dəqiqə belə bir qanlı cinayətə imza atıb, bizi yenidən dərindən yaralaya, sarsıda bilər.

30 il sonra, yenə noyabr ayında

2021-ci il 30 noyabr tarixində saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin Azərbaycanın şərqində yerləşən Səngəçal aerodromundan qalxan Mi-17 hərbi vertolyotunun müəmmalı partlayışı qorxumuzun, həyəcanımızın əbəs yerə olmadığını sübut etdi. 14 hərbi qulluqçunun –zabitin həlak olduğu o dəhşətli hadisə 1991-ci ilin açısını bir daha bizə yaşatdı. Məhz buna görə noyabr yaddaşımızda "qanlı noyabr" olaraq  həkk olundu.O dəhşətli gündən 33 il keçir...Amma o ağır dərd elə ağır olaraq da qalır.

 

"Qanlı noyabr"ın  dərd yükünü yüngülləşdirən böyük olay

Bu gün Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 3 il ötür.
Bunu bilməyən yoxdur ki, Ağdam 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olundu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də birinci, dünyada ikinci olan Çörək Muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.
Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib. Hazırda Ağdamın 204 000-dən çox əhalisi var. Onlardan 160 000-ə yaxını məcburi köçkündür.


Deməli Azərbaycan Ordusunun möhtəşəm qələbəsindən sonra məğlubiyyətə düçar olmuş ermənilər Ağdamın və bir neçə rayonu, eləcə də 30 ildir işğal etdikləri kəndlərin böyük bir hissəsini qeyri-şərtsiz tərk etmək məcburiyyətində qaldılar!
Həmin vaxt cəbhə bölgəsində idim. 20 noyabr saat 10 radələrində "4 yol" deyilən ərazidə sevinc nümayişi olacağını bilib ora getməyə hazırlaşırdım. Çünki evinə, elinə, Ağdamına 30 ildir tamarzı qalan ağdamlıları anlamaq mümkündür. Həmin gün bir də müharibənin bitdiyinə sevindiyim qədər sevinirəm.


Bəli, bu gün bir gözümüzün ağlayıb, bir gözümüzün gülən günüdür!


20 noyabr vertolyot faciəsində şəhid olan Azərbaycanın qeyrətli oğullarının simasında bütün şəhidlərimizin ruhu şad olsun! Ruhları qarşısında baş əyirik!
20 noyabr Ağdamın minlərlə şəhid qanı süzülmüş torpaqları işğaldan azad olub! Gözünüz aydın Azərbaycan xalqı, gözünüz aydın ağdamlılar!


Əntiqə Rəşid